Azərbaycanda ilk dəfə: bayram gəlib keçdi, amma ət bahalaşmadı, ucuzlaşdı: "Toy yox, yas yox, camaatda pul da yox"

24 mart, 2021 12:47

Azərbaycanda son illərdə  ilk dəfədir ki, Novruz  bayramı ərəfəsi ətin ucuzlaşması haqda xəbərlər eşitdik.  Belə ki, hazırda Bakı bazarlarında mal əti 9-11 manata, qoyun əti 9-10 manata, quzu əti 13 manata satılır. Bu, təxminən 1-1.5 manat ucuzlaşma deməkdir.

Virtualaz.org bayramqabağı ətin ucuzlaşmasının səbəblərini araşdırmağa çalışıb. Qəssablarla, fermerlərlə və ekspertlərlə söhbətləşib. Belə qənaət ortaya çıxıb ki,  pandemiya səbəbindən turizm sektorunun zəifləməsi, bir ildir toy və yas məclislərinin qadağan edilməsi, digər tərəfdən, gündəlik təlabat mallarının bahalaşması ətə təlabatı azaldıb. Halbuki pandemiyadan əvvəl yas məclislərində 150-200, hətta rayonlarda, kəndlərdə 300 kiloqramdan çox  ət istifadə edilərdi. İndi isə alver zəiflədiyindən kökəltmə təsərrüfatı ilə məşğul olan fermerlərin əksəriyyəti ziyana düşüb,  bordaq təsərrüfatlarında çox sayda kəsimə hazır heyvan qalıb. Mal-qara çəkidən düşməsin deyə fermerlər heyvanları ucuz satmalı olurlar.

Ətin ucuzlaşması səbəblərindən biri də ot və yemin bahalaşmasıdır. Hazırda otun bağlaması 4 manat 50 qəpik-5 manat, arpa isə 49 qəpikdən təklif edilir. Heyvan saxlaması xərc tələb etdiyindən fermerlərin əksəriyyəti mal-qaranı dəyər-dəyməzə satır.

 Rayon bazarlarında da heyvan ucuzlaşıb

 Xətai rayonu, Gəncə prospektində ət satışı ilə məşğul olan Çingiz Cəfərov deyir ki, heyvanları Bərdə, Beyləqan və İmişli bazarından gətirir. Qoyun əti  ona diri çəkidə 4 manat 20 qəpik, dana əti 5 manat 50 qəpiyə başa gəlib.

Qəssab bildirir ki, illərdir ət kəsib satmaqla məşğuldur, yalnız bu il bayram ərəfəsi  ucuzlaşmanın şahidi olub. Amma bu dəfə də əhalinin alıcılıq qabiliyyəti azalıb: “Bayram günləri  3 qoyun, 1 dana kəsmib satmışıq. Əvvəl 5-10 kilo ət alanlar olurdu, indi maksimum 2-3 kilo ət alırlar. Daimi müştərilərim var, nisyə götürüb maaş alanda ödəyirlər”.

Ç.Cəfərov qeyd edir ki, ətin qiymətinin 9.50 qəpik-10 manata düşməsi sərfəlidir, çünki alver gedir, nəticədə qazancları da olur: “Heyvanın içalatı da qalır, quzu içalatın 8 manata satırıq, müştəri də çoxdur. Hələ üstəlik dərisini qapıdan götürürlər”.

Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən qəssablar isə deyiblər ki, rayon bazarlarında mal-qara ucuzlaşsa da, az çəkili heyvanlar alırlar, ona görə ki, xərci borcunu ödəsin. “Bayramdır, ətə təlabat artıb, amma yenə də ötən illərə baxanda alver zəifdir. Yeni ildən bu yana elə gün olurdu ki, ancaq yer puluna işləyirdik. İndi qiymət enib, ucuz olanda ət də alınır. Heyvan satışa çıxaranlar da çoxdur, hamı çalışır ki, münasib qiymətə versin ki, alver olsun”-satıcılardan biri bildirib.

“Bayramdan sonra da bahalaşma olmayacaq...”

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ət kəsim məntəqələrində dana əti 8-10  manata, inək əti 7 manat 50 qəpiyə, yaşlı qoyun əti 8 manata satılır. Qəssablardan biri deyib ki, heyvanları Salyan, Ağcabədi və Ağdamdan gətirib.  Bayramdan sonra da ətin bahalaşması gözlənmir, çünki bolluqdur. “Hamı bayramı gözləyirdi ki, əlindəki heyvanları sata bilsin. Marketlərdə ət bahadır, amma biz özümüz gətiririrk, həkim nəzarətindən də keçirilir. Hər kiloda 2-3 manat qalanda bizə  sərf edir”,-qəssablardan biri deyir.

Mal və qoyun ətindən fərqli olaraq quzu ətində ciddi ucuzlaşma yoxdur. Qəssablar deyirlər ki, quzu əti rayon bazarlarında da  ucuzlaşmayıb: “Əsas ucuzlaşma mal ətindədir. Amma heç kim deyə bilməz ki, kiloqramı 7-8 manat 50 qəpiyə  satılan ət yaşlı heyvandır, yaxud at ətidir. Hardadır bu qədər at? Sadəcə, ətin qiyməti elə 10 manata yaxındır,  əlavə xərclərə görə 13-14 manata satılırdı”.

Fermer: “Otun bağlamasını 5 manata alıram”

 Beyləqanlı fermer Hacı Əliyev isə deyir ki, pandemiyadan əvvəl satışa çıxarılan hər  heyvanda çəkisindən asılı olaraq 200-300 manat qazanc götürürdüsə, indi uzağı 100-150 manat qalır. Yəni gəliri ikiqat azalıb. Toy və yas məclislərinin qadağan edilməsi alveri zəiflədib.

“Hazırda 16 danam var. Bizim bölgədə otun bağlaması 6 manatdır, Şamaxı tərəfdə bir az ucuzdur. Mən Şamaxıdan 5 manatdan aldım. Nəzərə alın ki, 1 heyvan günə bir bağlama yeyir. Heyvan saxlanılmasında əsas xərc yemə çıxır. Yem ucuzlaşanda qiymət də düşür. Pandemiyadan əvvəl toy, yas üçün çəkili heyvan alırdılar. İndi qəssablar azçəkili heyvan axtarırlar. Malın çəkisi artdıqca, qiyməti də düşür”,-fermer deyir.

Fermer hesab edir ki, növbəti aylarda da ət bahalaşmayacaq. Ancaq yas və toy məclislərinə icazə veriləndən sonra vəziyyət düzələcək, ət bazarı canlanacaq. Hələlik isə pandemiyanın tez bir zamanda bitməsini arzulamaqdan başqa əlacları yoxdur...

Qəssab Həsən isə deyir ki...

Bakının Ramanı qəsəbəsində xırda ət dükanı işlədən qəssab Həsən də deyir ki, əhalinin alıcılıq qabiliyyəti azalıb və nəticədə onun alveri də ciddi zəifləyib. Amma o, dana ətinin kəskin ucuzlaşdığı haqda söz-söhbətlərə inanmamağı məsləhət görür. “Yaxşı heyvan yenə bahadır, bax bu 110 kiloluq dananı Şəmkir tərəfdən dünən gətirmişəm, ətin bir kilosunun mayası 9 manat 50 qəpiyə başa gəlib. Mən bu əti necə 8 manata sata bilərəm? Bəli, bu tərəflərdə bəzi qəssablar vardı, bir-birləri ilə rəqabətə girib oyun qurmuşdular, əti 8 manata endirmişdilər. Amma yığışıb getdik, dedik belə oyun qurub camaatı aldatmaq lazım deyil”,-o deyir.

Ekspertlər isə belə hesab edirlər ki, mal və qoyun ətinin indiki nisbi ucuzlaşması müvəqqəti ola bilər. Çünki kiçik və orta fermerlər əllərindəki heyvanları dəyər-dəyməzə satandan sonra bazarda diri heyvan azalacaq, bu da qiymətin yenidən qalxmasına səbəb olacaq. Çünki yemin bahalaşması ətin maya dəyərini artırır və belə vəziyyətdə ucuzlaşma üçün iqtisadi əsaslar yetərli olmur.  

 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR