Ölkədə nə qədər adam işləyir, nə qədər işsizdir?
Rəsmi statistika deyir ki, 2021-ci ilin altı ayı ərzində ölkədə 30,9 min yeni iş yeri açılıb, amma...
Azərbaycanda məşğul əhalinin sayı artsa da, bu, muzdla işləyənlərin sayında yetərincə əksini tapmır. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər göstərir ki, 2021-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 288,8 min nəfər olub ki, onlardan 4 milyon 947,7 min nəfərini məşğul əhali təşkil edib. Cari il iyulun 1-i vəziyyətinə ölkə üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 690,6 min nəfər olub. Bu, ümumi məşğul əhalinin 39,6 faizi deməkdir.
2021-ci ilin 1 yanvarına Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 252,5 min nəfər, məşğul insanların sayı 4 milyon 876,6 min nəfər, muzdlu işçi sayı isə 1 milyon 691,8 min nəfər olub. Bu isə o deməkdir ki, yeddi ayda iqtisadi fəal əhalinin sayı 7 faiz artsa da, məşğul əhalinin sayında cəmi 1,5 faizlik artım baş verib. Muzdlu işçi sayında isə ilin birinci yarısında 1,2 min nəfər, yaxud 0,1 faiz bəndi azalma qeydə alınıb.
Avqustun 1-i vəziyyətinə muzdla işçilərin 908,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 782,5 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. İqtisadiyyatın neft-qaz sektorunda 32 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 658,6 min nəfər çalışıb. Cari ilin 1 yanvarına olan rəqəmlərə nəzər yetirsək, aydın olar ki, dövlət sektorunda muzdla çalışanların sayı yeddi ayda 2,7 min nəfər azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 1,5 min nəfər artıb. Maraqlı bir göstərici də budur ki, yeddi ayda neft-qaz sektorunda çalışanların sayında 1,8 min nəfərlik azalma baş verib. Qeyri-neft-qaz sektorunda isə 600 nəfərlik cüzi artım olub.
Bu ilin ikinci rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3478 nəfər təşkil edib.
Rəsmi statistika deyir ki, 2021-ci ilin altı ayı ərzində ölkədə 30,9 min yeni iş yeri açılıb. Bu, həmin dövrdə iqtisadi fəal əhalinin artım sayından(27,4 min nəfər) çoxdur. Birinci yarımildə yaradılmış iş yerlərinin 89,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,6 faizi digər regionların, o cümlədən 4,6 faizi Gəncə-Daşkəsən, 4,0 faizi Abşeron-Xızı, 3,2 faizi Lənkəran-Astara, 2,8 faizi Quba-Xaçmaz, 2,1 faizi Şəki-Zaqatala, 1,9 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şirvan-Salyan, 0,9 faizi Qarabağ, 0,7 faizi Dağlıq Şirvan, 0,7 faizi Mil-Muğan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Bununla yanaşı, 2021-ci ilin birinci yarımili ərzində ölkədə 3,9 min iş yeri bağlanıb. Onların 40 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 38,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 61,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Xatırladaq ki, pandemiya ili olan 2020-ci il ərzində ölkədə 129 min yeni iş yeri açılıb, 20 mini bağlanmışdı.
Qeyd edək ki, hökumət əmək bazarında leqallaşmanı təmin etmək üçün son illərdə əlaqədar qurumlar xətti ilə bir sıra tədbirlər həyata keçirib. Xüsusilə əmək münasibətlərinin uçota alınması sahəsində xeyli nəticələrin əldə olunduğu rəsmi statistikada əksini tapıb. İqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, məşğulluğun leqallaşdırılması istiqamətində xüsusən 2019-cu ildə ölkədə həyata keçirilən islahatları yüksək qiymətləndirmək lazımdır: “Məhz həmin ildə həyata keçirilən bir sıra vergi və sair dəyişiklikləri sayəsində gizli məşğulluğun əhəmiyyətli dərəcədə üzə çıxarılmasına nail olundu və çoxlu sayda əmək müqavilələləri bağlandı. Bu proses sonra da davam etdi və indinin özündə də gizli məşğulluq üçün artıq əvvəlkitək münbit şərait və zəmin qalmayıb. Yəni bu gün işəgötürülənlər özləri onlarla əmək müqavilələrinin bağlanmasında maraqlıdırlar və bunu tələb edirlər. Bu, inqilabi dəyişiklikdir”.
Ekspertə görə, pandemiya bu sahədə işlərə mənfi təsir göstərib: “Keçən ildən başlanan pandemiya bütün sahələrə olduğu kimi bu sahəyə də ciddi zərbə vurub. Bir çox şirkətlər yaranan iqtisadi məhdudiyyətlərlə əlaqədar bir sıra işçi heyəti ilə istər-istəməz ”vidalaşmalı" oldular. Üstəgəl, yeni iş yerlərinin açılması tendensiyası zəiflədi. Bu, özünü həm müvəqqəti iş yerlərinin açılmasında göstərdi, həm də daimi iş yerlərinin... Bunu bir neçə dəfə qeyd etmişəm ki, hər il əmək bazarına çoxlu sayda yeni işçi qüvvəsi daxil olur, hansı ki bu, təqribən 100 min nəfər təşkil edir. Odur ki, ildə gərək bunun azı 60-70 min nəfəri yerləşdirilsin, yəni işlə təmin olunsun... Söhbət həm daimi iş yerlərindən gedir, həm müvəqqəti. Pandemiya şəraitində bu mümkündürmü? Xeyr. İqtisadiyyat hələ yenicə tənəzzüldən çıxıb. İş yerlərinin yaranması üçün iqtisadi artım olmalıdır. Hələ yaxşı ki, azad olunan ərazilərimizdə yenidənqurma, tikint və bərpa işləri məhz bu dönəmə düşdü. Bu, müəyyən dərəcədə katalizator rolu oynamağa başladı və oynamaqda da davam edir. Lakin bütövlükdə məşğulluğun genişləndirilməsi ilə əlaqədar hazırda böyük çətinliklər və maneələr var ki, bunlar əsas etibarilə obyektiv xarakterlidir. Bununla belə, hökumətin sözügedən istiqamətdə səyləri davam edir və müxtəlif proqramlar, o cümlədən addımlar atılır. Bunlardan məsələn, özünüməşğulluğun təmin olunmasını xüsusən qeyd edə bilərəm. Amma yenə qeyd edim ki, məşğulluq səviyyəsinin ciddi artması üçün iqtisadiyyat bərpa olmalıdır və artım tempi sürətlənməlidir".
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Azərbaycanda əmək bazarı ilə bağlı açıqlanan rəsmi statistika həmişə mübahisələr doğurur: “Çünki bu statistika reallığı əks etdirə bilmir. Ölkədə mövcud əmək bazarının ən yaxşı halda 35-40 faizi leqaldır. Onun əhəmiyyətli hissəsi illeqal olduğu üçün açıqlanan statistika da real mənzərəni tam əks etdirə bilmir. Hökumət statistikanı muzdlu əmək bazarı üzərində qurur. Burada da dövlət seqmentinin payı böyükdür - əksər hallarda 60-65 faiz olur, bəzənsə 70 faizə qədər yüksəlir. Dövlət sektorunda statistik vəziyyət adətən stabil olur: pandemiya, böhranlar zamanı dövlət qurumları ixtisarlara getmir, yaxud minimum səviyyədə gedir. Bu isə ümumi nəticələrdə aşınmaya səbəb olur, rəsmi statistikanın real vəziyyəti əks etdirməməsinə gətirib çıxarır. Bu aspektdən yanaşdıqda, yeni açıqlanan rəqəmlər də real vəziyyəti tam əks etdirə bilməz. Məsələn, 6 ayda 3,9 min iş yerinin bağlanmasına dair məlumatın reallıqla əlaqəsi çox zəifdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı uçota əsaslanaraq bunu qeyd edirlər. Həmin uçot ləğv olunan əmək müqavilələrini qeydə alır. Halbuki əmək bazarının cəmi 35-40 faizi əmək müqaviləsi əsasında işləyənlərdən ibarətdir. Buna görə də bağlanan iş yerlərinə dair rəsmi statistika əmək bazarının qalan 55-60 faizini əhat etmir. Halbuki bu hissədə olan dəyişikliklər çox ciddidir. Bu günün özündə də sahibkarlar müəssisənin ən vacib işçilərini - mühasib, direktor, bir sürücü və sairi leqal əmək müqaviləsi ilə işlədirlər. Qalan işçilər isə əmək müqaviləsi imzalanmadan çalışdırılır. Bu, tikinti, ticarət, nəqliyyatın təmiri, nəqliyyat və anbar təsərrüfatında daha geniş yayılıb. Belə vəziyyətdə bir sıra ziddiyyətli rəqəmlərin ortaya çıxmasına da rast gəlirik. Məsələn, pandemiya ili olan 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4 faiz kiçilib, amma əmək müqavilələrinin sayı ciddi şəkildə artıb”.
Ekspertin fikrincə, son illərdə əmək bazarının leqallaşması istiqamətində müəyyən nəticələr əldə olunub: “2017-ci illə 2021-ci ilin göstəricilərini müqayisə etsək, görərik ki, 5 il ərzində 170-ə yaxın muzdla çalışanın uçotu aparılıb. Bu, 11 faizə yaxın artım deməkdir. Lakin bu, əlbəttə, əmək bazarının həcmi baxımından ciddi nəticə də sayıla bilməz. Çünki hələ də illeqal hissənin payı yüksək olaraq qalır. Ötən il pandemiya dövründə baş verənlər də bunu göstərdi. Əmək bazarında şəffaflaşma iki istiqamətdə aparılmalıdır: birincisi, işçilərlə əmək müqaviləsinin bağlanması, ikincisi isə bağlanan müqavilələrdə əmək haqqının düzgün əks olunmasıdır. Hələlik bizdə birinci istiqamətə - əmək müaviləsinin bağlanmasına daha çox diqqət yetirirlər. Əmək haqqının leqallaşması ilə bağlı hələ ki sərt addımlar atılmır. Düzdür, 2019-cu ildə minimum əmək haqqının artırılması işəgötürənlərin xərclərini artırdı. Lakin qeyd etdiyim kimi, əldə olunanları yetərli hesab etmək mümkün deyil. Yeni iş yerlərinin açılmasına gəlincə, 2020-ci ildə iqtisadiyyat bloklanmışdı, amma bağlanan iş yerlərinin düzgün uçotu aparılmadı. Eyni zamanda atılan bəzi addımlar nəticəsində açılan yeni iş yerlərinin sayında ciddi artım baş verdi. Maraqlıdır ki, iqtisadiyyatın açıq olmasına baxmayaraq, 2021-ci ildə açılan yeni iş yerlərinin sayı əvvəlki ildəkindən xeyli azdır. Halbuki cari ildə ölkədə daha çox iş yeri açılıb, sadəcə, uçota alınmadığından rəsmi statistikada əksini tapmır”.
R.Həsənov onu da qeyd edir ki, işğaldan azad olunmuş ərazilərdə başlanan bərpa işlərinin məşğulluğa müsbət təsirinin az olması təbiidir: “Hələlik ərazilərdə bərpa işləri kütləviləşməyib, ilkin infrastruktur qurulması prosesi gedir. Digər tərəfdən, mövcud bərpa işlərinə rəsmi uçota alınandan daha çox sayda işçi cəlb olunub. Nəzərə alsaq ki, əsas işlər tikinti işləridir və bu sahədə əmək münasibətlərinin uçotdan yayındırılması daha yüksəkdir, o zaman bərpa prosesinin məşğulluğa təsirinin rəsmi statistikanın əks etdirdiyindən daha yüksək olduğunu söyləyə bilərik. Lakin düşünürəm ki, bu, müvəqqətidir, ərazilərdə məskunlaşma aparılıb, iqtisadi fəaliyyətlər qurulduqca, əmək bazarında daha yüksək göstəricilərin şahidi olacağıq”(musavat.com).