Diasporun içindən qələbəmizin təqdimatına qədər - Ukraynada gördüklərim... - FOTOLAR
Ukraynaya – Azərbaycanın dostu olan ölkəyə səfərimiz “Ərazi bütövlüyü təhlükəsizliyin və stabilliyin əsasıdır” adlı beynəlxalq konfransda iştirak məqsədi daşıyırdı. Paytaxt Kiyevdə yerləşən Dünya Diasporlar Assambleyası, Ukrayna Millətlər Assambleyası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən konfrans dünyada, xüsusilə postsovet məkanında münaqişələrdən əziyyət çəkən ölkələrin ərazi bütövlüyünün bərpasına dəstək, o cümlədən, həm beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün toxunulmazlığı məsələsinin bir daha gündəmə gətirilməsi və təcrübənin bölüşdürülməsi məqsədi daşıyır.
Azərbaycan diaspor təşkilatlarının belə bir konfransı təşkil etməsi təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsində 30 illik münaqişəyə son qoyan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan postsovet məkanında ərazi bütövlüyü pozulan ölkələr üçün sözün həqiqi mənasında örnəkdir.
Azərbaycan münaqişənin həllinə necə nail oldu?
Yerinə yetirilməyən beynəlxalq hüququ, eləcə də BMT qətnamələrini necə icra etdi?
Qələbə ilə nəticələnən müharibə və postmüharibə dövrünün reallıqları nədən ibarətdir?
Bu və ya bu kimi suallar münaqişədən əziyyət çəkən ölkələrin cavab tapmaq istədiyi məqamlardır və Azərbaycan həm dövlət, həm diaspor səviyyəsində bu prosesə dəstək olmağa hazırdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü, Zelenskinin İlham Əliyevdən Rusiyada saxlanılan ukraynalıların azad edilməsi məsələsində kömək istəyi, ardınca Kiyevdə Azərbaycan diasporunun belə bir tədbirin təşkilində aktiv iştirakı bunu sübut edir.
Bu tədbirin təşkilində əhəmiyyətli rol oynayanlar arasında Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, AAK-nin vitse-prezidenti İlham İsmayılov kimi Azərbaycanın diaspor təşkilatları rəhbərlərinin adını çəkmək olar.
Onu da qeyd edim ki, Azərbaycan diasporunun son dövrlər yüksələn xətt üzrə inkişafı diqqət çəkir və bu prosesdə adıçəkilən şəxslərin rolu danılmazdır.
Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımov "köhnə qitə"də azərbaycanlıların vahid platformada, vahid hədəflər uğrunda birləşməsi istiqamətində mühüm işlərə imza atıb. Təsadüfi deyil ki, Avropada erməni diasporu və lobbisinin anti-Azərbaycan fəaliyyətinə qarşı diasporumuz ciddi nəticələr verən fəaliyyət göstərir.
Sahil Qasımovla söhbətimizdə məlum oldu ki, gələn ilin fevral ayında Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin yubileyi keçiriləcək. Hazırda yubileyə hazırlıq işləri həyata keçirilir. Bu yubiley mərasiminin həm indiyə qədər görülən işlərin hesabatının təqdim edilməsi, həm diasporumuzun fəaliyyətinin daha mütəşəkkil formada təşkili, həm də növbəti hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacağı gözlənilir.
Səfərimizdə Ukraynadakı Azərbaycan diasporunun yenidən dirçəlməsinin də şahidi olduq. Sirr deyil ki, bu ölkədə diasporumuzun parçalanması cəhdləri edilib və hələ də belə təşəbbüslər qalmaqdadır. Buna baxmayaraq, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin səyləri artıq bəhrəsini verməkdədir. Ukraynadakı diasporumuzun yenidən ayağa qaldırılması istiqamətində mühüm addımlar atılır və bu prosesdə Rövşən Tağıyevlə yanaşı, AAK prezidenti Sahil Qasımovun da əməyi var.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi 20 ildən çoxdur ki, Avropada legitim diaspor təşkilatıdır. Kifayət qədər böyük icmanı özündə birləşdirən Konqres təbii şəkildə formalaşıb və Rövşən Tağıyevin sədrliyi ilə Azərbaycanın milli maraqlarının qorunması, ölkəmizin təbliği, eləcə də diasporumuzun vahidləşməsi ilə bağlı uğurlu fəaliyyət göstərir. Vətən sevgisindən qaynaqlanan belə fəaliyyət fonunda təəssüf ki, təşkilata qarşı süni əngəllər də var. Xüsusilə qrup maraqları naminə təşkilatı və təşkilat üzərindən Ukraynadakı diasporumuzu parçalamağa hesablanmış cəhdlər edilir. Lakin Rövən Tağıyevlə söhbətimiz belə cəhdlərin nəticə verməyəcəyinə əminlik yaradır. Çünki onun rəhbərlik etdiyi Konqresin əsas qayəsi Vətənə xidmət, milli maraqlarımızın müdafiəsidir və necə deyərlər, ədalət həmişə zəfər çalır.
ATXƏM sədri, AAK-nin vitse-prezidenti İlham İsmayılovla söhbətimizdə də buna əmin oluruq. İlham İsmayılov bildirir ki, AAK-ın və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin məqsədi diasporumuzun inkişafı, milli maraqlarımızın müdafiə edilməsi və ölkəmizin təbliğidir, bu müqəddəs məqsədə qarşı çıxanlar istəklərinə nail ola bilməyəcəklər.
Burada haşiyəyə çıxaraq qeyd edim ki, İlham İsmayılov o şəxslərdəndir ki, bu gün Azərbaycan və Türkiyənin, ümumilikdə Türk dünyasının birləşmək istiqamətində atdığı addımlar uğrunda hələ 20 il öncə mübarizəyə başlayıb. Hələ 20 il öncə Azərbaycanda Nuru Paşanın abidəsinin qoyulması, TürkPA-nın, Türk birliyinin yaradılmasının təşəbbüskarı kimi çıxış edib və bu gün mövqeyindən, bu istiqamətdə apardığı mübarizədən bir addım belə geri dayanmır.
Türk dünyasının bütövləşməsi istiqamətində hazırda gəldiyi nöqtədə, əldə etdiyi nəticələrdə onun da payı var. Təbii ki, belə milli şəxslərlərin əzmi, mübarizəsi ilə diasporumuz daha da inkişaf edəcək, böyüyəcək.
Səfər boyu apardığımız müşahidələr, görülən işlərlə tanışlıq bu inamı daha da artırır.
Konfrans iştirakçıları ilə ziyarət etdiyimiz yerlərdən böyük təəssüratla ayrıldıq. Kiyevdə Ulu Öndər Heydər Əliyevin abidəsinə əklil qoyduq, tarixi şəxsiyyəti bir daha rəhmətlə andıq.
O cümlədən, Kiyevdəki Qolodomor Ukrayna Soyqrımı abidəsini, İrpen şəhərində isə akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkı və məktəbi ziyarət etdik.
Mərhum Zərifə Əliyevanın adını daşıyan məktəb Ukraynada həyata keçirdiyimiz ən uğurlu layihələrdən biridir. Bu məktəbdə 12 xarici dil tədris olunur. Məktəbin direktoru, Azərbaycan sevdalısı olan Valentina Antonenko deyir ki, növbəti tədris ilində türk dilinin tədrisinə də başlanılacaq.
Valentina Antonenkoyanın Azərbaycana olan sevgisi diqqətimizi çəkir. Bildirir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki böyük qələbəsinə öz Vətəninin zəfəri qədər sevinib. Tez-tez Azərbaycana səfər edən Valentina Antonenko yaxın dövrdə yenidən ölkəmizə gələcək və bunu səbirsizliklə gözlədiyini deyir.
Məktəbdə akademik Zərifə Əliyevanın adını daşıyan muzey də fəaliyyət göstərir. Muzeydə Zərifə xanım Əliyevanın həyatı, yaradıcılığı və əsərləri nümayiş olunur.
Bununla yanaşı, muzeydə Azərbaycan tarixi və görkəmli şəxsiyyətlərinə aid güşələr də yer alıb.
Bu məktəb və muzey ölkəmizin Ukraynada təbliği baxımından əhəmiyyətli layihələrdəndir. Erməni diasporunun belə bir layihəsinin olmamasını da xüsusi qeyd etmək lazımdır.
Növbəti ünvanımız Azərbaycanın Ukraynadakı səfirliyi oldu. Səfir Elmira Axundova səhhəti ilə əlaqədar görüşdə iştirak edə bilməsə də, ancaq müşaviri Ukraynada həyata keçirilən işlər, o cümlədən, diasporumuzun fəaliyyəti haqqında da bizə geniş məlumat verdi. Əsas diqqətçəkən məqam səfirimizin bu ölkədəki diasporumuza verdiyi dəstək, peşəkar davranışla bütün təşkilatlarla ayrı-seçkilik etmədən işləməsi və diasporumuzun birləşməsi istiqamətində atdığı addımlar idi. Təbii ki, səfirliyimizin dəstəyi diasporumuzun fəaliyyətinin inkişafı baxımından əhəmiyyətlidir.
Səfərimizin məqsədi olan konfrans isə Azərbaycan diasporu adına beynəlxalq uğurlardan biri hesab edilə bilər. Çünki konfransda Avropanın bir sıra ölkələrindən, Türkiyədən, Azərbaycandan, Gürcüstandan və Moldovadan ekspertlər, diplomatik koprusun nümayəndələri, o cümlədən, diaspor təşkilatlarının rəhbərləri iştirak edirdi.
Olduqca genişçaplı keçirilən konfrans iki amil baxımından xüsusilə önəmli idi:
Birincisi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi, münaqişənin bitdiyi reallığının növbəti dəfə beynəlxalq platformada gündəmə gətirilməsi;
İkincisi, Azərbaycanın ərazi bütövlüyünün bərpası təcrübəsinin bölüşdürülməsi.
Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Ukraynadakı səfiriliyimizin nümayəndələri və Azərbaycandan gedən qonaqlar Vətən müharibəsində qazandığımız qələbə və bu qələbənin təcrübəsini geniş şəkildə konfrans iştirakçılarına çatdırdı.
Beləliklə, Ukraynaya – dost ölkəmizə səfər ölkəmiz adına qürurverici anlarla zəngin idi...
Vasif Həsənli
Demokrat.az
Bakı-Kiyev-Bakı