Rusiya və İran Azərbaycan üzərindən enerji körpüsü salır - Qazancımız nə olacaq?
Azərbaycan ortamüddətli perspektivdə alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və yaşıl enerjinin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Əsas ixrac coğrafiyası olaraq Gürcüstan, Türkiyə və Avropa nəzərdə tutulur. Bu məsələ 2023-cü ilin iyulunda Bakıda Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji memorandumunda da əksini tapıb.
Memorandumda nəzərdə tutulan müddəaların icrası istiqamətində ilk real addım dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.
Məlumat üçün bildirək ki, Prezidentin haqqında bəhs etdiyi sonuncu memorandum Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Onu da bildirək ki, Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Komissiyanın Prezidenti Ursula fon der Lyayen hesab edir ki, Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regiona təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.
Artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır. Bunlardan biri Serbiyadır. Bu ölkənin Prezidenti Aleksandr Vuçiç Bakıda olarkın ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq niyyətində olduğunu deyib: “Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək”.
Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.
Qara dənizin dibi ilə kabelin çəkilməsi başa çatana qədər Azərbaycan lazımi enerji istehsalını təmin etməlidir. Bu baxımdan, böyük investorların layihəyə maraq göstərməsi mühüm amildir. Belə ki, bir neçə gün əvvəl Azərbaycanda olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan -Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib ki, ölkəsi bu layihəyə qoşulmaq istəyir: “Bildiyiniz kimi ”Acwa Power" şirkəti 240 meqavatlıq enerji layihəsi Azərbaycanda icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enejisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".
Dekabrın 22-də Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində ilkin olaraq “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
Azərbaycan həm enerji ixracatçısı, həm də enerji tranziti ölkəsi olmağı hədəfləyir. Belə ki, Rusiya ilə İran öz enerji şəbəkələrini Azərbaycan vasitəsilə əlaqələndirməyə hazırlaşırlar. Bu günlərdə Rusiyanın energetika naziri Nikolay Şulqinov İranın energetika naziri Əli Əkbər Mehrabianla görüşündə bəyan edib ki, Rusiya, Azərbaycan və İran enerji sistemlərinin birləşdirilməsi istiqamətində işi gücləndirməlidir: “Layihənin həyata keçirilməsində nəzərə alınmalı olan prioritet məsələlərdən biri Rusiya və İranın enerji sistemlərinin etibarlılığının və onların paralel işləməsinin sabitliyinin təmin edilməsidir”.
Azərbaycan hər iki ölkə ilə öz elektrik şəbəkəsini xeyli müddət əvvəldən əlaqələndirib, zəruri hallarda enerji mübadiləsi həyata keçirir. Rəsmi statistikaya əsasən bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 milyard 717,7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu,əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 11 ayda Azərbaycan xaricə 826 milyon 762.09 min kilovatt/saat elektrik enerjisi ixrac edərək bundan 64 milyon 859.45 min dollar gəlir əldə edib. Ötən ilin eyni dövründə ixrac 1 milyard 233 milyon 438.56 min kvt/saat olmuşdu ki, bundan da 51 milyon 165.74 min dollar gəlir götürülmüşdü. Göründüyü kimi, keçən ilə nisbətən bu il ixrac həcmi 33 faiz azalsa da, əldə olunan gəlir keçən ilkindən 26,8 faiz yüksək olub. Bu isə enerji ixracının getdikcə daha yüksək gəlir əldə etməyə imkan verdiyini göstərir.
Statistikadan bəlli olur ki, 2021-ci ildə Rusiyadan 103 milyon 668,53 min kvt/saat enerji alıb, 103 milyon 576,36 min kvtsaat satmışıq. Gürcüstana 757 milyon 170,39 kvtsaat enerji satıb, 24 milyon 702,42 min kvtsaat almışıq. İrana 210 milyon 703,56 min kvt/saat satıb, 36 milyon 229,28 min kvt/saat almışıq. Türkiyəyə isə 516 milyon 961,75 min kvt/saat elektrik enerjisi satmışıq.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Rusiya və İran Azərbaycan vasitəsilə enerji şəbəkələrini əlaqələndirmək barədə razılaşmanı çoxdan əldə ediblər: “Bu layihəyə elektrik enerjisi körpüsü adını qoymuşdular. Azərbaycanla İran öz şəbəkələrini birləşdirmək üçün iki yüksək gərginlikli elektrik ötürücü xəttini inşa etdilər. İndi enerji mübadiləsi aparırlar. Rusiya elektrik enerjisi ixracına görə bütün regionda və postsovet məkanında ən böyük oyunçudur. İndinin özündə də milyardlarla kvt/saat elektrik enerjisi ixrac edir - Çindən tutmuş Avropaya qədər. İranın isə öz şimal ərazilərini qış aylarında enerji ilə təmin etmək üçün əlavə idxala ehtiyac duyur. Rusiya ilə İranın elektrik şəbəkələrini əlaqələndirmək üçün Dağıstan ərazisindən Azərbaycana iki magistral xəttin çəkilməsi nəzərdə tutulurdu, lakin indiyədək reallaşmayıb. İndi əgər reallaşdırmaq istəyirlərsə, buyursunlar. Azərbaycan tranzit ölkə kimi bundan qazanc əldə edəcək”.
Rusiya yaxın perspektivdə elektrik enerjisi ixracını daha da artırmağı planlaşdırır. Avropanın almaqdan imtina etdiyi qazın mühüm hissəsini daxildə enerji istehsalına yönəldib, onu satmaq daha əlverişli hala gəlməkdədir. Belə ki, Avropa Rusiyadan elektrik enerjisinin idxalına qadağa qoymayıb, belə plan ortada mövcud deyil. Evrostatın məlumatına əsasən yanvar-oktyabrda Latviya, Litva və Finlandiya(iyun ayından idxalı tam dayandırıb) Rusiyadan 968,5 milyon dollarlıq elektrik enerjisi alıblar ki, bu da keçən ilin eyni dövründəkindən 87,5 faiz çoxdur.
Eyni dövrdə Rusiya Çinə elektrik enerjisi ixracını 4 dəfə artırıb. Lakin Moskvanın niyyəti yaxın müddətli dövrdə elektrik enerjisi ixracını əlavə ölkələr hesabına dəfələrlə artırmaqdır. Buna görə də İrana enerji ixracının təmin olunması üçün Azərbaycan üzərindən xəttlərin çəkilməsi prosesinin sürətləndirilməsi gözləniləndir.
Azərbaycan tranzitdən gəlir əldə etsə də, Rusiyanın regiona enerji həmləsi bizim ixracımızın azalmasına gətirib çıxara bilər. Belə ki, Rusiya ucuz qazdan əldə olunan enerjini regiondakı alıcılara daha əlverişli qiymətə təklif etməklə Azərbaycanın İran, Gürcüstan bazarlarındakı mövqeyini ciddi şəkildə zəiflətmək imkanındadır. Artıq Gürcüstanda biz bunun şahidi olmaqdayıq: bu ilin ötən dövründə həm elektrik enerjisi, həm neft məhsulları idxalında gürcülər ağırlığı Rusiyaya salıblar... Gürcüstan bu ilin 10 ayında Rusiyadan 21 milyon dollarlıq, Azərbaycandan isə cəmi 9,7 milyon dollarlıq enerji alıb (musavat.com).