Sanksiyalar Rusiya iqtisadiyyatını necə sarsıda bilər? - "The Economist"
Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını təhlükə altına qoyub. Sanksiyalar ölkədə maliyyə xaosuna səbəb ola bilər. Lakin Avropanın Rusiyaya “sarsıdıcı zərbə” vurmaq üçün nə qədər əzmkar olacağı hələ bəlli deyil. 2014-cü ildə Krımdan sonra Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyaya ciddi ziyan vura bilmədi. Vəziyyət fevralın 26-dan sonra, Amerika, Aİ və onların müttəfiqləri Rusiyanın maliyyə sisteminə qarşı yeni tədbirlər elan etdikdən sonra isə bir az dəyişdi. Baxmayaraq ki, sanksiyalar çox gec tətbiq olundu və Rusiyanın Ukraynaya qarşı xüsusi əməliyyatının qarşısını ala bilmədi. Lakin bu cür tədbirlər Rusiyada maliyyə xaosuna səbəb ola bilər. Çünki sanksiyaların bir qismi Mərkəzi Banka qarşı yönəlib və onun 630 milyard dollar həcmində valyuta ehtiyatlarının dondurulmasına gətirib çıxara bilər.
Rusiya banklarından vəsaitlərin, o cümlədən, xarici valyutanın kütləvi çıxarılması başlaya bilər ki, bu da dünya bazarlarında təlatüm yaradacaq və enerji qiymətlərinin daha da artmasına səbəb olacaq. Bu həm də Rusiyanın qarşı tərəfdən qisas almasına səbəb ola bilər. Fevralın 27-də Moskva sanksiyaları qeyri-qanuni adlandırıb və onlara cavab olaraq Rusiyanın nüvə qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb. Qərbin bu güclü tədbirlərini 3,4 trilyon dollar ehtiyata malik Çin də heyrətlə izlədi. İndi o, Tayvan üzərində müharibə olacağı təqdirdə Qərbin təzyiqinə necə müqavimət göstərəcəyi barədə ciddi düşünür. İndiyə qədər Qərbin sanksiyaları real məzmundan çox Rusiyanı necə əzəcəkləri ilə bağlı daha məşum çağırışlar kimi səslənib.
Məsələn, oliqarxlara və onların ofşor hesablarına qarşı sanksiyalar bəzi maqnatları narahat etdi. Onlar Kremlə öz narazılıqlarını bildirdilər. Lakin bu narazılıqlar Kremlin davranışını və qərarlarını dəyişmək üçün heç nə etmədi. Bu arada Qərb texnologiyalarının və sənaye məhsullarının Rusiyaya ixracına qoyulan məhdudiyyətlərin qüvvəyə minməsi üçün aylar və hətta illər lazım olacaq. Hətta ABŞ-ın fevralın 24-də Rusiya bank sənayesinin aktivlərinin 75%-nin saxlandığı Sberbank və VTB-yə qarşı elan etdiyi sanksiyalar, qismən enerji ödənişlərinin sanksiyalardan çıxarılması ilə bağlı ciddi zərbə idi. Lakin heç bir halda ölümcül deyildi . Bu da onu göstərir ki, Rusiyanın möhkəmləndirilmiş maliyyə sistemi Qərbin istifadə etdiyi iqtisadi silahların zərbələrinə tab gətirmək iqtidarındadır. Ən azından indilik…
Müttəfiqlərin fevralın 26-da Rusiyaya atdığı yaylım atəşi daha güclü oldu. Bir çox Amerika və Avropa mediası öz materiallarını bir sıra Rusiya banklarının, ehtimal ki, Sberbank və VTB-nin beynəlxalq SWIFT banklararası ödəniş sistemindən çıxarılması qərarına həsr edib. Əslində, SWIFT ilə bağlı qərar öz effektini dərhal deyil, tədricən verəcək. Nəinki Qərb, demək olar ki, bütün kontingentlər bu banklarla əməliyyatlar aparmaqdan çəkinəcəklər. Əgər onlar sövdələşmələr etmək qərarına gəlsələr, hökmən elektron poçt və telefona müraciət etməli olacaqlar. Bu isə əlavə əngəldir. Bu addımın əhəmiyyəti ondan ibarətdir ki, sözügedən cəza tədbiri mühasirədə olan Rusiya iqtisadiyyatının tam ürəyinə- Mərkəzi Banka yönəlib. Onun valyuta ehtiyatları 630 milyard dollar təşkil edir ki, bu da 2021-ci ildə Rusiyanın ÜDM-nin 38%-nə bərabərdir (sanksiyalar həm də hökumət fondlarını hədəf ala bilər).
Bayden administrasiyasının rəsmiləri deyirlər ki, onlar Avropa ilə işləyəcəklər. Rusiya özünün mühasirə strategiyasının bir hissəsi olaraq valyuta ehtiyatlarının tərkibini dəyişərək, dollardan uzaqlaşmaq istəyir. 2021-ci ilin iyun ayına olan məlumata görə, o, ehtiyatlarının yalnız 16%-ni dollarda, 32%-ni avroda, 22%-ni qızılda və 13%-ni yuanda saxlayır. Amma çox güman ki, qiymətli kağızlar, bank depozitləri və digər alətlər şəklində olan holdinqlərin əksəriyyəti, hansı valyutada ifadə olunmasından asılı olmayaraq, həmin maliyyə institutlarında və Qərbin sanksiyalarını tətbiq edəcək yurisdiksiyalarda, hesablarda saxlanılır.
Bu o deməkdir ki, Rusiya iqtisadiyyatının bir hissəsi, hətta bütün fövqəladə ehtiyatı dondurula bilər. Mərkəzi Bank yeni tədbirlərə cavab olaraq fevralın 27-də bildirib ki, maliyyə sabitliyini qorumaq üçün bütün lazımi resurs və alətlərə malikdir. Amma nəticələri çox ağır olacaq. Əgər Mərkəzi Bank dərhal ehtiyatlara çıxış əldə etməsə, son bir neçə gündə olduğu kimi ucuzlaşan rublu dəstəkləmək üçün valyuta bazarına müdaxilə etmək çətinləşəcək. Mərkəzi Bank sanksiyalar tətbiq olunan banklara xarici valyutada likvidlik təklif edə bilməyəcək. Bu baxımdan, onların qarşı tərəflər qarşısında xarici valyutada olan öhdəliklərini yerinə yetirə bilməyəcəkləri ehtimalı artır. Mərkəzi Bank bu cür banklar üçün vasitəçi kimi çıxış edə, onların adından ödənişlər həyata keçirə və ya ala bilməyəcək. Bu da nəzəri cəhətdən sanksiyalardan yayınmağın yollarından biridir.
Bütün bunlar Rusiya maliyyə sistemində çaxnaşmanın artdığını göstərir. Rublun məzənnəsi illik müqayisədə 10%, fond bazarı 35%, ən böyük bankların səhmlərinin qiyməti isə 50%-dən çox ucuzlaşıb. Fevralın 25-nə olan məlumata görə, Rusiya hökumətinin defoltundan sığortanın dəyəri Türkiyədəki ilə eyni olub. İndi təzyiq mütləq artacaq. Sadə rusiyalılar bank sisteminə inamını itirə bilər.Baxmayaraq ki, vəsaitlərin çıxarılması rublla aparılacağından Mərkəzi Bank banklara rubl kreditləri təklif etməklə itkiləri kompensasiya edə biləcək. Neft gəlirləri sayəsində Rusiya hazırda müsbət cari balansa malikdir və xaricdə oradan aldığından daha çox gəlir əldə edir. Amma çaxnaşma və kapital qaçışı olarsa, ehtiyatlarına çıxış imkanından məhrum olan Rusiya valyutasının çökməsinin qarşısını almaq üçün sərt kapital nəzarəti tətbiq etmək məcburiyyətində qalacaq. O həmçinin maliyyə bazarlarını müvəqqəti bağlaya bilər (səhmlərin qısa müddətli satışı artıq qadağandır).
Artıq Çin banklarının Rusiya firmaları ilə dollarla əməliyyatlardan çəkindiyinə dair işarələr var. Lakin Çin və bir çox digər Asiya ölkələri çətin ki, Qərbin sanksiyalarına əməl etsin. Ancaq indi Rusiya bankları, firmaları tərəfindən yerinə yetirilməməsi riski və xarici valyutada öhdəliklərin vəziyyəti artdığından, təkcə Qərb deyil, bütün kontingentlər və tərəfdaşlar onlardan daha ehtiyatlı olacaqlar. Yeni tədbirlər o qədər sərtdir ki, Rusiya onları hərbi müdaxiləyə yaxın bir şey kimi görə bilər. Fevralın 27-də Moskva öz nüvə qüvvələrini “xüsusi həyəcan rejiminə” keçirdiyini, yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqladı. Beləliklə, Kreml iqtisadi və adi müharibə arasında aydın sərhəd görmədiyinə dair siqnal göndərmiş oldu. Qərb buna cavab olaraq öz nüvə qüvvələrinin hazırlığını artıra bilər. Rusiyanın başqa cavab yolları var. Bu, Qərb institutlarına qarşı kiberhücumları artıra bilər. Yaxud Avropaya qaz tədarükünü məhdudlaşdırar. “Bloomberg”-in məlumatına görə, fevralın 25-dək Qazprom qazının Ukrayna ərazisindən nəqli normal həcmdə həyata keçirilirdi. Amma indi Rusiya onları tədricən azalda bilər. Bu, ona yalnız məhdud maliyyə təsiri göstərəcək (neft ixracı onun iqtisadiyyatı üçün daha vacibdir). Lakin bütün hallarda enerji qiymətlərinin artması Avropanın istilik və elektrik enerjisi sahəsində xərclərin artmasına səbəb olacaq. Belə bir vəziyyətdə isə Qərb başqa bir senari tətbiq edə bilər.
“The Economist”, Böyük Britaniya.
Tərcümə etdi: Surxay Atakişiyev (konkret.az).