DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri
Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Prezidentin ailəsini şantaj edən şəxs ifşa olunub. Məhkəmə hökmü olmadığından adı açıqlamayan və üzü göstərilməyən şəxs feyk video və şəkilləri kimlərdən əldə etdiyini etiraf edib. O, xaricdə yaşayan bloger Mehman Hüseynovla əlaqə saxladığını, daha sonra ona yaxın olan Elman Məmmədov və Məmmədzəki Səlimovdan həmin foto və videoları əldə etdiyini deyib.
Şəkillərin təhlili zamanı görüntülərin Amber Lulu adlı qadına məxsus olduğu aşkarlanıb.
Baş verənlərə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a deyib ki, hərb meydanında məğlub olanların azğın fəaliyyəti indi kiberməkanda açıq-aşkar görünür:
"DTX professional bir qurum kimi terror və şantajla məşğul olan qrupu ifşa edib. Terror mediası süni intellekt və xarici qüvvələrin köməyilə uzun illərdir dövlətimizə, ali rəhbərliyə qarşı hibrid hücumda şantaj texnologiyası kimi istifadə olunur. İndi xalqımız görür ki, hərbi meydanda məğlub olanlar kiberməkanda hansı azğın fəaliyyət aparır.
Hazırda dünyada deepfake texnologiyaları vasitəsilə insanların üzləri, səsləri və davranışları sürətlə köçürülür, klonlaşdırılır, nəticədə tamamilə saxta video və audio materiallar kütləvi hal alır. 2019-2025-ci illərdə internet, digər informasiya ehtiyatlarında deepfake videoların və kontentlərin sayı 900 faiz artıb.
Deepfake hücumların əsas qurbanları sosial media aktivləri - xüsusilə jurnalistlər, ictimai fəallar və tanınmış şəxslərdir. Materialların təxminən 98 faizi qeyri-əxlaqi məzmundan ibarətdir və 79 faizində qurban qadınlardır. Siyasətçilər və dövlət adamları ilə bağlı deepfake məzmunlarında təxminən 76 faizi nüfuz itkisinə məruz qoymaq və antitəbliğat məqsədi daşıyır.
Deepfake kontentinin yayılması ən çox video və sosial media platformalarında müşahidə olunur: YouTube platformasında təxminən 30 faiz, Instagram-da 26 faiz, Facebook-da 19 faiz və Tik-Tok platformasında 18 faiz yayılır.
Sorğular göstərir ki, istifadəçilərin təxminən 49 faizi deepfake videolarla məhz YouTube platformasında qarşılaşdığını bildirir.
Xüsusilə, qlobal müharibələr fonunda son 20 gündə ölkəmiz əleyhinə koordinasiyalı informasiya kampaniyalarında süni zəka texnologiyalarından istifadə halları artıb.
Süni intellekt alətləri vasitəsilə bir dəqiqəlik deepfake video 25 dəqiqədən az müddətdə və demək olar ki, heç bir xərc olmadan hazırlana bilir. Azərbaycan dövlətinin Vətən müharibəsində qələbəsini həzm etməyən qüvvələr, hərbi meydanda məğlub olan dairələr fake və deepfake texnologiyaları vasitəsilə ölkəmizə qarşı hibrid savaş aparırlar.
Real olmayan audio, video və fotoların böyük əksəriyyəti xarici ölkələrdə hazırlanır və yayılır. "Made in Azerbaycan", "Azerfreedom", "Azad söz" və onlarla xain kanallar antimmili şər texnologiyalarıdır".
Komitə sədri əlavə edib ki, Azərbaycan məhkəmə orqanları haqlı olaraq, həmin diversiya platformaları haqqında müvafiq hökmlər çıxarıblar. Lakin terror transmilli xarakter daşıdığı kimi, süni intellekt əsaslı belə beynəlxaq cinayətlərin də qarşısının alınması üçün dövlətlərarası əməkdaşlıq zəruridir:
"Azərbaycan dövləti insanlara, dövlətlərə və cəmiyyətlərə qarşı çevrilən süni zəka məhsullarına sədd çəkmək üçün müvafiq beynəlxalq konvensiyaların hazırlanmasının təşəbbüsçüsü ola bilər.
Sonda bir daha qeyd edək ki, süni intellektlə bağlı ayrıca Məcəlləyə ehtiyac var. Avropa Birliyi model sənədlər hazırlayıb və riskləri dərəcələyib.
Layihədə göstərilən “real olmayan” ifadəsi “feyk” və “deepfeyk” termininin tam mənasını özündə ehtiva etdiyinə də diqqət etməliyik. Belə beynəlxalq terminlərinin hüquqi aktlarımıza gətirilməsi dilimizin təmizliyinə və suverenliiynə xələl gətirmir".











