27 sentyabr, 2020 - Tarixi Günün xronikası
Bu gün Azərbaycanda Anım Günü, canını Vətən uğrunda qurban verənlərin xatirəsinin anım günüdür. Düz bir il əvvəl, sentyabrın 27-də Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxındır düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Bu savaş haqda hələ çox danışılacaq, yazılacaq.
Müharibə necə başladı, həmin gün nələr yaşandı, virtualaz.org bunları xatırlatmaq üçün həmin günün xronikasına qayıdır.
Əslində müharibənin başlamasını qəfil adlandırmaq olmazdı, çünki Ermənistan ordusunun 2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, strateji neft-qaz kəmərlərinin keçdiyi dəhlizə nəzarət edə bilmək üçün yeni mövqelər tutmaq cəhdi, bu zaman dörd günə yaxın davam edən şiddətli döyüşlərdən sonra bütün cəbhə boyu gərginlik hökm sürməkdəydi. Eləcə də Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla bir neçə yüksək rütbəli zabitimizin şəhid olması cəmiyyətdə düşmənə qarşı kəskin nifrət və hiddət alovlandırmışdı. Azərbaycan dünyada bəlkə də yeganə ölkə idi ki, xalq müharibənin bir an öncə başladılması üçün hökumətə çağırışlar edirdi. Danışıqlar çoxdan dayanmışdı və Azərbaycan üçün torpaqlarını azad etmək üçün hərb yolu yeganə yol kimi görünürdü. Müharibə qaçılmaz görünürdü və məsələ ancaq onun nə vaxt başlayacağında idi.
2020-ci ilin avqust ayından etibarən ölkə müharibə ab-havasına girmişdi, cəbhəboyu yaşayış məntəqələrində sığınacaqların, sakinlərin mümkün artilleriya zərbələrindən qorunması üçün bunkerlərin qazılması haqda xəbərlər gəlirdi. Azərbaycan ordusunun Türkiyə ordusu ilə başlatdığı növbəti birgə irimiqyaslı hərbi təlimlər daha əvvəl keçirilən təlimlərə nisbətən daha uzun çəkmişdi. Sentyabrın ortalarında isə ehtiyatda olan hərbi qulluqçuların orduya çağırılması başladı, bu müharibənin yaxınlaşdığına dair söz-söhbətləri daha da artırdı.
Nəhayət sentyabrın 27-də, səhər saat 07.30-da Azərbaycan Müdafiə Nazirliyinin yaydığı təcili məlumat. Həmin məlumatda deyilirdi:
-Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Bu məlumat artıq irimiqyaslı müharibənin başlamasından xəbər verirdi, hansı ki, düşmən tərəf də az sonra “Azərbaycan ordusunun bütün cəbhə boyu irimiqyaslı hücuma başladığını” elan etmişdi.
Müdafiə Nazirliyinin növbəti məlumatı saat 08.35-də yayıldı:
-Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.
Saat 09.10-da isə Müdafiə Nazirliyi rəsmən elan etdi ki, Azərbaycan ordusu bütün cəbhə boyu irimiqyaslı əks-hücuma keçib:
-Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.
Saat 12 radələrində isə Ali Baş komandan İlham Əliyevin xalqa müraciəti elan olundu. Prezident çıxışında müharibənin başlamasına aparan səbəbləri, Ermənistanın yeni ərazilər işğal etmək planlarını xatırlatdı, düşmənin növbəti təxribatına cavab olaraq ordumuzun əks-hücuma başladığını elan etdi. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”,-prezident müraciətini bu sözlərlə yekunlaşdırdı.
Müdafiə Nazirliyinin saat 12.11-də yayılan məlumatında deyilir:
-Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.
Nəhayət nazirlik saat 14.00-da yayılan növbəti məlumatında işğaldan azad edilən ilk yaşayış məntəqələrini açıqlayır:
-Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib.
Hazırkı məlumata görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Döyüş əməliyyatları davam edir.
Saat 15.00-də Müdafiə Nazirliyi döyüşlərdən ilk kadrları yayır. Bunlar pilotsuz uçan aparatlardan çəkilmiş və Azərbaycan ordusunun düşmənə müharibənin ilk saatlarında endirdiyi dəqiq zərbələri əks etdirən görüntülər idi.
Saat 15.50 radələrində isə rəsmi KİV-lər Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasından reportajı yaydılar. İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışına bu sözlərlə başlayırdı:
- Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.
Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.
Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar...
Həmin iclasda müdafiə naziri Zakir Həsənov Ali Baş komandana döyüşlərin gedişi və azad olunan ilk yaşayış məntəqələri haqda raport verirdi:
-Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilir.
Məruzə etdi Müdafiə naziri general-polkovnik Həsənov.
Həm müharibənin ilk saatlarının gedişi, həm prezidentin xalqa müraciəti və düşmənin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttinin cənub istiqamətində qoşunlarımız tərəfindən yarılması qələbəyə inam formalaşdırdı.
Sentyabrın 27-də, saat 16.29-da Müdafiə Nazirliyinin yaydığı növbəti məlumatda isə düşmənin Ağdərədəki hərbi hissəsinin komandanlığına təslim olmaq çağırışı edilirdi:
-Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.
Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki şəxslərlə davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq humanitar hüquqa əsasən həyata keçiriləcək. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.
Sonradan aydın olacaqdı ki, müharibənin ilk saatlarında Azərbaycan ordusunun igid xüsusi təyinatlıları Murov silsiləsində bir neçə strateji yüksəkliyi düşməndən azad edərək Ermənistanın Vardenis (Basarkeçər) vilayətindən Kəlbəcərə, oradan isə Ağdərəyə gedən yolu vizual nəzarətə götürüb. Paralel olaraq Ağdamın Papravənd kəndi istiqamətindən Ağdərə-Xankəndi yolu nəzarətə götürülüb və düşmənin iri birləşməsi faktiki mühasirə vəziyyətinə düşüb. Müharibənin sonrakı gedişatında bu mühasirə həlqəsini daraltmaq mümkün olmasa da hər halda düşmənin şimal istiqamətindəki iri qruplaşması ilk sarsıdıcı zərbəni almışdı.
Sentyabrın 27-də saat 18.18-də Müdafiə Nazirliyi düşmənin döyüş texnikasını ataraq qaçdığını əks etdirən ilk görüntüləri yaydı. Bu görüntülər “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin yüksək dəqiqlikli kameraları tərəfindən çəkilmişdi, sonradan düşmənin qaçması üçün bu PUA-ların adını belə eşitmək kifayət edəcəkdi...
Saat 18.28-də Müdafiə Nazirliyi Murov silsiləsindəki Murov yüksəkliyinin düşməndən azad edildiyini elan etdi. Bundan bir qədər sonra isə prezidentin bütün ölkə ərazisində hərbi vəziyyətin elan olunması barədə fərmanı açıqlandı.
Saat 20.15-də isə Müdafiə Nazirliyi düşmənin silah-sursat anbarının məhv edildiyinə dair görüntüləri paylaşdı. Nazirliyin xəsisliklə də olsa yaydığı bu müharibə kadrları onu göstərirdi ki, dünya tamamilə yeni nəsil döyüş əməliyyatları təcrübəsinin şahidi olur. Bu, adi müharibə deyildi, yüksək texnologiyalı silahların və dəqiq atəş sistemlərinin, geniş çeşiddə PUA-ların ilk dəfə bu cür geniş miqyasda tətbiq edildiyi ilk müharibə idi(virtualaz.org)