Zəfərə aparan yol - Tarixi qələbəni niyə və necə qazandıq?
Zəfər yolu. Bu, təkcə Prezident İlham Əliyevin açılışını etdiyi yol deyil, bu, 30 il ərzində Azərbaycanın addım-adım gəldiyi, Azərbaycan Prezidentinin ilmə-ilmə hördüyü yoldur və bu yol bizi Zəfərə doğru apardı.
30 il sonra məhz bu gün – 8 noyabrda Zəfər Gününü qeyd edirik. Bu təqvim iki əsrdən çoxdur davam edən məğlubiyyət tarixinin qələbəyə çevrilməsi, bizi təqib edən məğlubiyyət sindromunun sındırılması, başımızın ucalmasının qızıl hərflərlə həkk olunduğu gündür.
Ermənilərin 200 ildir Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti ötən əsrin əvvəlində aktiv mərhələyə keçdi. İrəvanı, Göyçəni, Zəngəzuru itirdik, on minlərlə azərbaycanlıya qarşı soyqırımı aktı törədildi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi və SSRİ-nin dəmir barmaqlığında erməni düşmənçiliyə bizə qarşı yenə davam etdi. Sərhədlərin dəyişməsi, Azərbaycan torpaqlarının müxtəlif adlar altında Ermənistan SSR-yə verilməsi kimi tarixi zərbələr aldıq. Ötən əsrin sonlarında SSRİ-nin dağılması ərəfəsində erməni işğalı yenidən baş qaldırdı və Azərbaycan torpaqlarının 20 faizi – Qarabağ və ətraf 7 rayon işğal edildi. Buna səbəb həm Azərbaycanın o vaxtı rəhbərliyinin səriştəsizliyi, həm də ermənilərin havadarlarının siyasəti idi.
30 ilə qədər müddətdə Azərbaycan "Qarabağ" adlı böyük yaranı daşıdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Zəfərə doğu addım-addım irəlilədi.
Prezident İlham Əliyevin bütün fəaliyyətində torpaqlarımızın azad edilməsi əsas prioritet idi. Dövlət başçısı bütün istiqamətlər üzrə düşünülmüş siyasət həyata keçirdi.
Uğurlu diplomatiya
Münaqişənin mövcud olduğu müddətdə Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, problemin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib.
Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsasların güclənməsi ilə nəticələndi. Uzun illər aparılan təbliğat nəticəsində erməni yalanları ifşa edildi və beynəlxalq ictimaiyyətə sübut olundu ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.
İqtisadi inkişaf
Azərbaycan iqtisadiyyatının sürətli inkişafına nail olundu və Bakı qlobal layihələrin mərkəzinə çevrildi. Bunun fonunda Ermənistan bütün layihələrdən təcrid olunmuş vəziyyətə düşdü.
Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən bu layihələrin həm də region və dünya ölkələrinin maraqlarını təmin etməsi Azərbaycanın qlobal nüfuzunun artması ilə nəticələndi.
Güclü ordu
Prezident İlham Əliyevin Azərbaycan Ordusunun qüdrətlənməsi istiqamətində atdığı addımlar, ordumuzu regionun ən öncül Silahlı Qüvvələrinə çevirdi. Həm peşəkar zabit heyətinin hazırlanması, həm hərbi arsenalın ən müasir silahlarla təchiz edilməsi istiqamətində mühüm addımlar atıldı.
Prezident İlham Əliyev Azərbaycanı Qələbəyə tam şəkildə hazırlamışdı. Hərçənd, sülh danışıqları gedirdi və Bakı sülhə sadiq idi. Lakin işğalçı Ermənistan beynəlxalq hüquqa, BMT qətnamələrinə məhəl qoymur, əksinə, yeni işğal planları hazırlayırdı. 27 sentyabr, 2020-ci il tarixində mülki əhaliyə qarşı terror hücumu səbr kasasını daşıran sonuncu damla oldu.
Nəhayət, böyük gün gəlmişdi. “İrəli” əmrini səbrlə gözləyən rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Dörd ilə işğal edilmiş torpaqlarımız cəmi 44 günə azad edildi. Bu, dünyanın hərb tarixində nadir müharibələrdən hesab olunur. Xüsusilə, döyüşlərin getdiyi ərazinin relyefi işğalçılar üçün təbii istehkam yaradırdı və Ermənistan işğal müddətində demək olar ki, o torpaqları viran qoymaqla yanaşı, həm də yalnız ciddi maneələr qurmaqla keçilməz sədd yaratmışdı.
Buna baxmayaraq, Ordumuz Ermənistanın “məğlubedilməz ordu” mifini müharibənin ilk ongünlüyündə tamamilə alt-üst etdi.
Tarixi günlərə yenidən qayıtmaq, Ordumuzun azad etdiyi ərazilərin xronologiyasına yenidən baxmaq mütləqdir. Çünki bu tarixdir, Azərbaycanın Zəfər tarixi.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək, cəmi 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edildi.
Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
27 sentyabr: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər.
3 oktyabr: Tərtər rayonunun Suqovuşan və Talış kəndləri. Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi.
4 oktyabr: Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri.
5 oktyabr: Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri.
9 oktyabr: Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri, Tərtər rayonunun Çaylı kəndi.
14 oktyabr: Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri.
15 oktyabr: Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzuli rayonunun Arış kəndi, Cəbrayıl rayonunun Doşulu kəndi.
16 oktyabr: Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri.
17 oktyabr: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri.
18 oktyabr: Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.
19 oktyabr: Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri.
20 oktyabr: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri.
21 oktyabr: Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri. Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri. Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.
22 oktyabr: Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi. Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri. Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri.
23 oktyabr: Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri. Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri. Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri. Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri.
25-26 oktyabr: Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri. Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri. Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
28 oktyabr: Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri. Füzuli rayonunun Mandılı kəndi. Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri. Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
30 oktyabr: Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri. Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri. Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
2 noyabr: Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri. Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri. Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
4 noyabr: Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri. Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri. Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.
7 noyabr: Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri. Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri. Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri. Zəngilan rayonunun Beşdəli kəndi. Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri. Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri.
8 noyabr: Şuşa şəhəri.
9 noyabr: Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri. Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri. Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri. Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri. Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri. Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi. Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri düşmən əsarətindən azad olunub.
10 noyabr: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən, münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.
Noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atıb. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.
44 günlük müharibənin hər günü bir tarixdir və hər kəndin, hər qəsəbənin, hər qarış torpağın azad edilməsində şəhidlərimizin qanı var.
Bu Zəfər şəhidlərimizin, Ordumuzun, xalqımızın və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan tarixinə yazdığı qızıl təqvimdir. Zəfər Günün mübarək, Azərbaycan!
Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru