"İlham Əliyev iki dəfə mənim xahişimi edib, ikisi də ..." - Yubilyar Prezidentin tələbə yoldaşı

23 dekabr, 2021 17:52

Editor.az Jurnalist Azər Niftiyevin Prezident İlham Əliyevin tələbəlik dostu, Masallı rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayevlə müsahibəsini təqdim edir: 

Teymur Yəhyayev müstəqil Azərbaycan Respublikasının Masallı rayonunun ilk icra başçısıdır. Özü də bu vəzifədə ayrı-ayrı vaxtlarda iki dəfə çalışıb. Rayona birinci rəhbərlik dövrünün müddəti yeddi ay, ikinci başçılıq müddəti isə yeddi il davam edib.

O, bir çox ilklərə imza atıb. SSRİ-nin “yenidənqurma” dövründə ittifaqın nüfuzlu “TASS” agentliyində şöbə müdiri vəzifəsini daşıyıb. Azərbaycanın gələcək prezidenti İlham Əliyevlə tələbəlik dostu olub. Onunla söhbətimiz də elə qədim dostunun 60 illik yubileyi ərəfəsinə təsadüf etdi.

Teymur müəllim, Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Siz onu hələ tələbəlik illərindən tanıyırsınız. Necə oldu ki, dostluğunuz yaranmağa başladı?

– İlham Əliyevlə ilk tanışlığımız 44 il öncəyə təsadüf edir. O zaman hər ikimiz artıq tələbə idik və Moskva Beynəlxalq Münasibətlər İnsitutuna daxil olmuşduq. Dövrün qaydası belə idi ki, insituta qəbul olunan tələbələrin adları xüsusi lövhədə yerləşdirilirdi. Biz ilk dəfə bu lövhənin qarşısında tanış olduq. O, mənə dedi ki, elə bilirdim sən Daşkənddən gəlmisən. Çünki həmin dövrdə Özbəkistanın Daxili İşlər naziri Yəhyayev soyadlı bir general idi. Bu xüsusda müzakirələrimiz başladı və SSRİ MK Siyasi Bürosunun üzvü Viktor Qrişin tərəfindən təqdimat aldığımı diqqətinə çatdırdım. Hansı ki, bu o zamanlar idi ki, aparıcı insitutlara yalnız göndəriş verən dövlətinin rəhbərinin təqdimatı ilə daxil olmaq mümkün idi. Məni Moskvadan göndərmişdilər. İlham Əliyevin onda cəmi 16 yaşı vardı, ucaboy və sarışın oğlandı. Avropa üslubunda və səliqəli geyim tərzi var idi. Mənim isə yaşım ondan çoxdur. Eyni vaxtı ali məktəbə sənəd verməyimizə səbəb mənim hərbi xidməti başa vurmağım və iki il “Moskva ZİL zavodu”nda işləməyimlə bağlı idi. O dövrdən bizim aramızda dostluq münasibətləri yaranmağa başladı. Sonradan isə o, məni Ulu Öndər Heydər Əliyevlə tanış etdi.

Bu məqamda qeyd edim ki, mənim həyatda qazandığım bütün uğurların kökündə Heydər və İlham Əliyev dayanıblar. O zamanlar Rusiyanın nüfuzlu informasiya agentliklərindən sayılan “TASS” agentliyinə də məni Ulu Öndər Heydər Əliyev göndərmişdi. İkinci dəfə Masallıya icra başçısı təyinatımı da Heydər Əliyev verdi. Hər ikisində də mənim xahişimi ondan İlham Əliyev etmişdi. Bu gün əziz dostumun 60 yaşı tamam olur. Fəxr edirəm ki, əziz dostum Azərbaycana tarixi Zəfər qazandırdı. İnanın 44 günlük Vətən müharibəsi dövründə yatmırdıq, bütün günü cəbhədən gələn xəbərləri gözləyirdik. İlham Əliyev bütün cəbhələrdə döyüşürdü. Həm hərbi cəbhədə uğurlu əməliyyatlara rəhbərlik edir, həm də informasiya və diaspor cəbhəsində mübarizə aparırdı. Tam səmimi deyirəm ki, İlham Əliyev dünyada çox az liderə məxsus zəruri diplomatik və peşəkar keyfiyyətləri özündə birləşdirən bir liderdir. Onu bu gün Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Angela Merkel, Nursultan Nazarbayev kimi nəhəng liderlərlə müqayisə edirlər. Ulu Öndər Heydər Əliyevin özündən sonra Azərbaycana ən böyük hədiyyəsi İlham Əliyevi hakimiyyətə gətirmək idi. Zəngin idarəetmə təcrübəsinə malik, beynəlxalq münasibətlər sistemindən dərin anlayışlı, praqmatik və rasional yanaşma tərzi olan İlham Əliyev bu gün Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövlətlərdən birinə çevirib. Tarixi həsrətimizə son qoyulub və biz doğma torpaqlarımızı işğaldan azad etmişik. Mən hər dəfə bu misalı çəkirəm. Zamanında peyğəmbərimiz Həzrəti Məhəmməd hakimiyyəti Həzrəti Əliyə ötürsəydi, dini parçalanmalar baş verməz, İslam müxtəlif məzhəblərə bölünməzdi. Bəzən liderdən qətiyyətli qərarlar tələb olunur və İlham Əliyev öz cəsarətli addımları ilə Azərbaycanı tərəqqiyə qovuşdurdu.

Fürsətdən istifadə edib, əziz dostumu yubileyi münasibətilə təbrik edirəm. Ona cansağlığı, yoruldum demədən Azərbaycanımızın tərəqqisi naminə müqəddəs fəaliyyətində bundan sonra da böyük uğurlar arzu edirəm! Əminəm ki, Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gələcəyi parlaqdır və çox xoşbəxt xalqıq ki, belə bir liderimiz var.

44 günlük Vətən müharibəsi dövründə Solovyov və digər rusiyalı jurnalistlər ölkəmizin əleyhinə açıq fəaliyyət göstərdilər. Rusiyanın “media mətbəxi”nə yaxından bələdsiniz. Bəlkə biraz bu barədə danışaq?

– Məsələyə münasibət bildirərkən iki vacib amili diqqətdən kənarda qoymaq olmaz. Birinci məqam erməni lobbisinin Rusiyada güclü olması, əksər media resurslarında erməni jurnalistlərin təmsil olunması ilə bağlıdır. Burada haşiyəyə çıxaraq bir məqamı qeyd edim ki, hələ o zaman mən “TASS” agentliyində fəaliyyətə başlayarkən burada bir azərbaycanlı belə çalışmırdı. Ermənilərin sayı isə həddindən artıq çox idi. Təəssüf ki, bu gün də belədir. Demək olar ki, elə bir televiziya kanalı, mətbuat orqanı yoxdur ki, orada erməni jurnalistlər çalışmasın. Bu təkcə KİV-lərdə belə deyil, həkimlər, vəkillər, məmurlar, biznesmenlər arasında da ermənilərin sayı çoxdur. Onlar bir-birinə dəstək olur, irəli çəkirlər. İstənilən fürsətdə özlərini gözə soxmağa, ağıllı xalq olaraq göstərməyə çalışırlar. Guya ermənilər azərbaycanlılardan daha təhsilli və istedadlı xalqdır. Əslində isə bu qətiyyən belə deyil.
Rusiyada da digər dövlətlərdə olduğu kimi, lobbiçilik fəaliyyəti üçün münbit şərait mövcuddur. Nəzərə alsaq ki, hazırda kapitalizm dövründə yaşayırıq və pulun gücünə bir çox məsələləri həll etmək mümkündür, bu əsnada Solovyov və digər rusiyalı jurnalistlərin də şirnikləndirilməsi anlaşılandır. Digər vacib məqam isə xaricdə yaşayan soydaşlarımız arasında kordinasiyanın yüksək səviyyədə təşkil olunmaması ilə bağlıdır. Bunun da qeyd etdiyim kimi, öz növbəsində obyektiv və subyektiv səbəbləri var. Biz başa düşməliyik ki, müharibədə Zəfər qazansaq da, müharibənin ikinci mərhələsi hələ indi başlayır. Bu mərhələ informasiya və diaspor sahəsində aktiv fəaliyyəti qaçılmaz edir. Yaxşı olardı ki, media mənsublarımız həm Rusiyada, həm də digər dövlətlərdə yeni media subyektləri təsis etsinlər, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırsınlar.

Bütün bunlar Azərbaycan diasporunun uğurlu fəaliyyət göstərmədiyini söyləməyə əsas verirmi? Azərbaycanlılar niyə birləşə bilmirlər?

– Ermənilər özlərini xristian dini qrupuna aid etsələr də, əslində onlar heç xristian da deyillər. Əsl xristianlar iddia edir ki, onlar Qriqoryan məzhəbinə aiddirlər. Bu isə öz növbəsində xristian din qrupuna aid deyil. Çar dövründən üzübəri ermənilər saxta tarix uydurub, bütün dünyanı bu tarixin dəstəkçisinə çevirməyə çalışıblar. Guya ki, dənizdən dənizə “Böyük Ermənistan” ideyasını həyata keçirəcəklər. Təsəvvür edin elə bir sahə yoxdur ki, orada ermənilər təmsil olunmasın. Həmişə də onlara “yaşıl işıq” yandırıblar. Səbəbi onları xristian hesab etmələri və erməni lobbisinin gərgin səyləridir. Bu artıq onların xarakterinə çevrilib. Onlar hər yerə öz uzun burunlarını soxmaq, vəziyyətdən ustalıqla çıxmaq vərdişlərinə sahibdirlər. Bəlkə də, bu onların heç zaman yekdil xalq olmaması, öz ölkəsində nicat görməməsi və digər dövlətlərdə hüzur tapması ilə bağlıdır. Bizim xalqımız isə çox təvazökar, dindirməsən danışmayan, ləyaqətli bir xalqdır.
O ki qaldı Azərbaycan diasporunun fəaliyyətinə, son illər bu istiqamətdə ciddi dönüş müşahidə olunur. Təsəvvür edin, 44 günlük Vətən müharibəsində xaricdə yaşayan soydaşlarımız ən yüksək səviyyədə birlik nümayiş etdirdilər. Həm müxtəlif aksiyalar keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır, həm də ordumuza, şəhid və qazi ailələrinə dəstək olurdular. Bu tarixi qələbə üzərimizdə olan 30 illik ləkəni sildi. Artıq qürurla, fəxrlə söyləyə bilirik ki, biz qalib xalqıq. Son məğlubiyyət erməni lobbisi üçün də faciəvi sonluq deməkdir. İnanıram ki, biz bundan sonra səylərimizi daha da artıracaq, diaspor qurucluğu istiqamətində də fəaliyyətimizi gücləndirəcəyik. Bu gün Azərbaycanda kifayət qədər istedadlı və peşəkar insanlar var ki, xaricdə ölkəmizi ləyaqətlə təmsil edə bilərlər. Çalışmalıyıq ki, bu peşəkarları üzə çıxaraq, onlara dəstək olaq. Unutmayaq ki, onların qazandığı uğurlar həm də Azərbaycanın uğurudur.

Azərbaycan tarixində iki dəfə ayrı-ayrı zamanlarda eyni rayona rəhbərlik etmiş ilk icra başçısı kimi tarixə düşmüsünüz. Ötən əsrin 91-ci ilində “TASS”dan Masallıya yol uzandı və siz doğulub boya-başa çatdığınız rayona rəhbər təyin edildiniz. Necə baş verdi bu?

– 90-cı ilin qanlı yanvar faciəsi, Ümummilli Lider Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması bizi çox ruhdan saldı. Bundan sonra mən Azərbaycana qayıtdım. Tam səmimi söyləmək istəyirəm ki, yenidən Moskvaya dönmək istəmirdim. Halbuki həmin dövrdə “TASS”da çalışırdım və məni Meksikaya göndərmək istəyirdilər. Məlum səbəbdən bu təklifdən də imtina etdim. İki aya yaxın Azərbaycanda yaşadım. Sonradan mənim o zaman dövlət başçısı olan Ayaz Mütəllibovla görüşüm oldu. Mən onu əvvəldən tanıyırdım və bu tanışlıq jurnalist kimi Azərbaycana səfərlərim zamanı yaranmışdı. Ondan müsahibələr götürmüşdüm. Mütəllibov mənə Xarici İşlər Nazirliyində, “Azərinform”da və digər qurumlarda yüksək vəzifələr təklif etsə də, mən Masallıda işləmək istəyimi onun diqqətinə çatdırdım. Baxmayaraq ki, mənə paytaxtda daha yüksək vəzifələr təklif etdi, bundan imtina etdim. O da məni Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin etdi. Yeddi ay bu rayona rəhbərlik etdim.

İkinci dəfə daha uzun müddətə – yeddi il müddətinə yenidən Masallıya rəhbər təyinatı aldınız. O dövrdə Heydər Əliyevlə Ayaz Mütəllibovun münasibətləri yaxşı deyildi. Necə oldu ki, Heydər Əliyev Mütəllibovun kadrına yüksək etimad göstərdi?

– Qeyd etdiyim kimi, mənim Heydər və İlham Əliyevlərlə münasibətlərimin kökü çox-çox əvvələ, ötən əsrin 70-ci illərinin sonlarına təsadüf edir. Heydər Əliyev məni tanıyırdı, çünki oğlu İlham Əliyevlə dost idim, tələbə yoldaşı olmuşduq. Mənim “TASS”a təqdimatımı o zaman Siyasi Büronun üzvü olan Heydər Əliyev irəli sürmüşdü. Bu məqamda qeyd edim ki, AXC iqtidarı dövründə məni başqa işə keçməyimlə əlaqədar vəzifədən azad etdilər. Rəsmi sərəncamda bu öz əksini tapıb. Mənim AXC hakimiyyətinin rəhbərliyində təmsil olunan Əblüfəz Elçibəylə, İsa Qəmbərlə görüşüm oldu. Əbülfəz Elçibəy təklif edirdi ki, gəl Bakıda işlə. Hətta “Nə görmüsən o palçıqda, gəl Bakıda işlə, bizim paytaxtda sənə ehtiyacımız var” söyləyirdi. Ulu Öndər yenidən hakimiyyətə gələndən sonra İlham Əliyevdən xahiş etdim ki, yenidən məni Masallıya qaytarsınlar. O, məni Heydər Əliyevlə görüşdürdü və Ulu Öndər məni yenidən Masallı rayon İcra Hakimiyyətinin başçısı təyin etdi.

Sizin ikinci başçılıq dövrünüz daha çox müzakirə olunur. Bəziləri fəaliyyətinizi təqdir etsələr də, narazı qalanlar, uğurlu fəaliyyət göstərmədiyinizi iddia edənlər də var. Xüsusən İldırım Allahyarovun birinci müavin təyinatı daha çox tənqid olunur…

– Unutmaq lazım deyil ki, hər bir dövrün öz tələbləri var. Mənim birinci icra başçılığı dövrüm SSRİ-nin yeni dağıldığı dövrə təsadüf edirdisə, ikinci başçılıq müddətim isə islahatların qaçılmaz olduğu zamana aid idi. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Hansı ki, bu iki sistem arasında ümumiyyətlə əlaqə yox idi və bir-birinə tamamilə zidd idi. Bu səbəbdən idarəetməyə yanaşma fəlsəfəsi dəyişməli idi. Liberal bazar iqtisadiyyatına keçid yeni transformasiyanı qaçılmaz edirdi və məhz müasir dövrün incəliklərindən xəbərdar olan bir kadr bu vəzifəyə təyin edilməli idi. Mən o zaman heç İldırım Allahyarovu tanımırdım da. Sadəcə rayonun rəsmi qəzetində kadr elanı yerləşdirdik. Bundan sonra İ.Allahyarov mənimlə görüşdü və rayon Bankının müdiri olmaq istəyini diqqətə çatdırdı. Buna razılıq vermədim. Mən onu daha yüksək vəzifəyə təyin etdikdən sonra gördüm ki, kifayət qədər uğurlu kadrdır. Bazar iqtisadiyyatının incəliklərinə bələd, biznes mühitindən xəbərdar olan, hər kəsi razı salan, peşəkar idarəçilik xüsusiyyətlərinə malik, eyni zamanda sadiq bir kadr idi. Məhz onunla birlikdə Masallının inkişafı istiqamətində çox böyük işlər görə bildik.

Birinci müavinlərdən söz düşmüşkən. Birinci başçılığınız dövründə birinci müavininiz olan mərhum Həsənağa Abıyevi vəzifədən azad etdiniz. O, uzun müddət işsiz qaldı. Məhkəmə onun xeyrinə qətnamə qəbul etsə də, icra etmirdiniz. Nə baş vermişdi aranızda?

– Allah Rəhmət Eləsin! Açığını desəm, onun vəfat etməsi barədə məlumatsız idim. İkinci icra başçılığı dövründə rayona yeni düşüncəli, yeni mövqeyi olan, müasir dövrün çağırışlarına cavab verən, idarəetməyə yeni nəfəs gətirəcək məmurlara daha çox ehtiyac var idi. Həsənağa Abıyev isə əsasən partiya dövründə vəzifələrdə çalışmışdı və qeyd etdiyim xüsusiyyətləri özündə daşımırdı. İnsaf naminə qeyd etmək lazımdır ki, oz dövrü üçün yaxşı bir mütəxəssis idi. Söhbət islahatlardan gedəndə, sovxozların, kolxozların ləğvi məsələsi gündəmə gələndə, mülkiyyətin əhaliyə paylanması zərurəti ortaya çıxanda bir daha başa düşdüm ki, idarəetməyə yeni nəfəs gəlməlidir. Məhz elə bu səbəbdən mən onu vəzifədən azad etdim. Ona başqa vəzifədə işləmək təklifi etdim. Bu məqamda qeyd edim ki, bizim münasibətlərimiz yaxşı idi və heç vaxt aramızda narazılıq olmayıb. Kənardan baxanda tənqid etmək asandır. Lakin reallıq tamam ayrı şeydir. Bəzən rəhbərlər elə qərar verir ki, bunun əhəmiyyətini cəmiyyət illər sonra anlayır.

Əhəd Abıyevlə də münasibətləriniz yaxşı deyildi. Hətta Milli Məclisin tribunasından sizi kəskin tənqid edirdi. Deyilənlərə görə, sizin işdən azad olunmağınızda onun xüsusi rolu olub. Bu barədə nə deyə bilərsiniz?

– Onun da qardaşları rayonda müxtəlif vəzifələrdə çalışırdı. Bir qardaşı rayonda “Aqrokombinat”ın direktoru idi, digər qardaşı sovxoz direktoru idi. Təbii ki, qeyd etdiyim kimi, həyata keçirilən instusional islahatlar bir sistemdən digər sistemə keçidi təmin etmək məqsədi daşıyırdı. Burada müəyyən ixtisarlar da olurdu, yeni sistem formalaşırdı. Təbii ki, bəziləri bundan narazı qalırdılar və məsələni şəxsi münasibətlər səviyyəsinə daşımaq istəyirdilər. Onlar yeni reallığın diqtə etdiyi şəraitlə barışmaq istəmirdilər. Onun bir qardaşı da var idi, Nadir Abıyev. Uzun illər müxtəlif vəzifələrdə çalışmışdı. O deyirdi ki, biz Teymur Yəhyayevi 20 il sonra başa düşəcəyik. Bu gün Masallı ona görə inkişaf edib, xüsusi mülkiyyətçilik ona görə geniş vüsət alıb ki, bunun əsası məhz o dövrdə qoyulub. Hansı ki, bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçilirdi və yerlərdə onun nümayəndələri olaraq bu siyasəti davam etdirirdik. Sizə bir fakt deyim. O dövrdə “Azərenerji”nin sədri Müslüm İmanovun yarıtmaz idarəçiliyi nəticəsində regionlarda elektrik yox dərəcəsində idi. Amma Masallı barmaqla sayılacaq rayonlardan idi ki, burada işıqlar yanırdı. Səbəb çox sadə idi: Biz əhali arasında işıq pulunu ödəmək üçün təşviqat aparırdıq. Hətta əlimdə xüsusi şüar özüm kənbə-kənd gəzib, bu təbliğatda fəal iştirak edirdim. Məhz bu səbəbdən rayonu işıq böhranından xilas etdik. O ki qaldı Abıyevlərə, onlar mənim vəzifədən azad olunmağım üçün ciddi səy göstərirdilər. Cəmiyyətdə belə adamlar da olmalıdır. Tənqid olmayan yerdə inkişaf ola bilməz.

Şirəli Əhədov da sizin kadrınız idi. Onu Masallı şəhərinə icra nümayəndəsi təyin etmişdiniz. Sizdən sonrakı icra başçısı Təhsil şöbəsinin müdiri vəzifəsinə irəli çəkdi və sonradan yenidən uzun müddət sizinlə işlədi. Onun başçı təyinatını necə qarşıladınız?

– Açığını desəm, icra başçısı vəzifəsindən azad ediləcəyimi gözləmirdim. Çünki o dövrdə mənim fəaliyyətim, Masallıda həyata keçirilən islahatlar ölkə rəhbərliyi tərəfindən təqdir olunurdu. Mən özüm də işdən getmək istəmirdim. Düşünürdüm ki, rayonun inkişafı üçün görəcəyimiz işlər hələ qabaqdadır. Lakin bütün hallarda bu rəhbərliyin qərarı idi. Şirəli Əhədovu ilk dəfə olaraq orta məktəb direktoru, ardınca Masallı şəhəri üzrə öz nümayəndəm təyin etmişəm. Bütün bunlar mənim rayona birinci rəhbərliyim dövründə baş verib. İkinci rəhbərliyim dövründə isə uzun müddət rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Kifayət qədər yaxın münasibətimiz olub. Qeyd edim ki, insan kimi pis adam deyildi. Onu rayona rəhbər təyin edərkən buna etiraz etmədim. Sadəcə bildirdim ki, Şirəli Əhədov bu vəzifəni idarə edə bilməcəyək, yəni, bacarmayacaq. Bəlkə də indi bu mümkündür, çünki güclü və dayanıqlı sistem formalaşıb, lakin o dövrdə bu mümkün deyildi. Təcrübə göstərdi ki, yanılmamışam.

Hazırda nə işlə məşğulsunuz? Yenidən Azərbaycana qayıtmaq və burada hər hansı vəzifə daşımaq kimi niyyətiniz varmı?

– Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıram. Azərbaycan diasporunun fəal nümayəndəsi, Azərbaycan Cəmiyyətinin aktiv üzvüyəm. Kifayət qədər sağlam və gümraham. Əsasən Azərbaycan həqiqətlərinin dünyaya yayılması, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artırılması istiqamətində politoloq kimi fəaliyyətimi davam etdirirəm. Rusiya KİV-ləri ilə fəal əməkdaşlıq edirəm. Təbii ki, etimad göstərilərsə, öz doğma vətənimdə dövlətimizin güclənməsi işinə yenidən öz töhfəmi verməyə hazıram. Buradan əziz dostum, Cənab Prezident İlham Əliyevə müraciət edirəm ki, mənim yenidən Azərbaycana qayıdıb, ölkəmizin tərəqqisi istiqamətində peşəkar fəaliyyətimə şərait yaratsın. Buna inanıram. Fürsətdən istifadə edib, bir daha Cənab Prezident İlham Əliyevi 60 yaşının tamam olması münasibətilə təbrik edir, ona ölkəmizin tərəqqisi uğurunda gələcək fəaliyyətində misilsiz uğurlar arzu edirəm!

Azər Niftiyev,

Editor.az

23 dekabr

13:04 - Prezident din xadimlərinə müraciət etdi - MƏTN13:02 - NATO baş katibi müdafiə xərclərinin artırılmasına çağırdı12:59 - Hansı ərzaq məhsulları ilə özümüzü təmin edə bilmirik? - SİYAHI

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?