"Azərbaycanda Rusiyanın Baş Konsulluğu açıla bilər" - Polad Bülbüloğlu
“Azərbaycanda Rusiyanın Baş Konsulluğu açıla bilər, hazırda bu məsələ müzakirə mərhələsindədir”.
Bunu Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində bildirib.
“Rusiya konsulluq açmaq istəyini ifadə edib, çünki bizim Rusiyada iki baş konsulluğumuz var – Yekaterinburqda və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkənizdəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Amma Azərbaycanın özündə konsulluqların fəaliyyət sahəsi daha məhduddur. Lakin buna baxmayaraq, bu istiqamətdə işlər gedir, müxtəlif variantlar təklif olunur. Hazırda bu məsələ müzakirə mərhələsindədir”, - deyə Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bəyan etmişdi ki, Rusiyanın Xankəndində baş konsulluğunun açılmasına hazırlıq tezliklə başlaya bilər.