Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi?
10-12 aprel tarixlərində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində dəyirmi masa təşkil olunub. Dəyirmi masa iştirakçıları dövlət rəsmləri ilə görüşlər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Təxminən iki saat müddətində Ermənistan nümayəndələrinin çoxsaylı suallarına cavab verilib.
Maraqlıdır, görüşlə bağlı tərəflərin təəssüratları necə olub? Hansısa məsələlər ətrafında razılıq əldə edilib?
"Sülh körpüsü" təşəbbüsünün kuratoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad
Məmmədov bildirib ki, erməni nümayəndə heyəti Qəbələyə qədər Azərbaycanın bir sıra rayonlarını görmə imkanı əldə edib:
“Sülh danışığı çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin artıq dördünücü görüşü Qəbələdə keçirildi. Erməni nümayəndə heyəti ölkəmizə Qazaxdan daxil olmuşdu. Avtobusla Qazax-Ağstafa-Tovuz-Şəmkir rayonlarını keçərək Gəncə şəhərinə gəldik. Gəncədən də dəmir you ilə Qəbələyə yola düşdük. Bu marşrut imkan verdi ki, erməni nümayəndə heyəti Azərbaycanın həmin hissəsini tam olaraq görsün. Görüş dördsessiyalı oldu, ilk iki sessiya daha çox politoloji xarakter daşıyırdı. Regionda və ən əsası regiondankənar qonşuluqda baş verən proseslər ciddi şəkildə Cənubi Qafqaza təsir etdiyindən, bu istiqamətdə fikir mübadiləsi aparıldı. Ssonrakı iki sessiyada daha çox vətəndaş cəmiyyətinin sülh prosesi ilə bağlı mövqeyi, "Sülh körpüsü" təşəbbüsünə üzv olan milli qüvvələrin öz ölkələrində keçirilən görüşlərində səslənən fikirlər bir-birimizə çatdırıldı, eyni zamanda gələcək fəaliyyətlə bağlı təkliflər irəli sürüldü. Prezidetntin köməkçisi Hikmət Hacıyevlə də görüş baş tutdu. Erməni nümayəndə heyətindən demək olar ki, hamı öz suallarını Hikmət Hacıyevə ünvanladı. Görüş çox səmimi şəraitdə keçdi. Sülh prosesi yeni formalaşıb, onun çərçivələri müəyyən edilib. Bu çərçivələrdə nə mümkündürsə, o da həyata keçirilir. Burada həm təhlükəsizlik məsələləri, həm iqtisadi münasibətlər, həm də cəmiyyətlərin sülh gündəliyinə hazırlıq dərəcəsi var. Bütün bunlar ətrafında müzakirələr aparıldı”.
Fərhad Məmmədov vurğulayıb ki, hazırda əsas məsələ Ermənistanda hökumətin yenidən legitimlik qazanıb-qazanmayacağı ilə bağlıdır:
“Azərbaycan və Ermənistan hökumətləri tərəflər sülh gündəliyinə başlayanda legitim olublar. İndi də hər iki hökumət legitimdir. Lakin hazırda yaxın prespektivdə Ermənistanda bu legitimliyin yenidən təsdiq edilib-edilməməsi məsələsi aktualdır. Ona görə də, biz sülh prosesinə mərhələli yanaşsaq, bu mərhələ iyunda demək olar ki, bitir. İyun ayında sülh prosesinə ən böyük çağırış olacaq ki, bu da Ermənistandakı parlament seçkiləridir. Seçkilərdən sonra tam əminliklə deyə bilərik ki, sülh prosesi dayanıb tranformasiyaya uğrayacaq, ya da inkişaf edib yeni çalarlar qazanacaq”(modern.az).











