Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI
Prezidentin Sərəncamı ilə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı tərtib edilib və qurumlar arasında iş bölgüsü aparılıb.
Tədbirlər planına əsasən, işlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərişıq ASC arasında bölüşdürülüb.
Sənədə əsasən, Fövqəladə Hallar Nazirliyi sel nəticəsində zərər görmüş ərazilərdə ümumilikdə 52 fərdi yaşayış evinin yenidən tikilməsi işi tapşırılıb. Bu işlər əsasən Xaçmaz, Quba, Şabran, Siyəzən, Qusar və Xızı rayonlarını, eləcə də Bakı şəhərini əhatə edir.
Paytaxt üzrə sosial dəstək tədbirləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. Keşlə qəsəbəsində çirkab suların təsirinə məruz qalmış 61 evin təmiri, sakinlərə maddi yardım göstərilməsi, həmçinin onların 3 aylıq kirayə xərclərinin ödənilməsi planlaşdırılır. Bununla yanaşı, sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik kompensasiya veriləcək.
Su infrastrukturu ilə bağlı əsas işlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə olunub. Agentlik tərəfindən kanal və kollektorların təmizlənməsi, çökmüş xətlərin bərpası, mühafizə bəndlərinin tikintisi, eləcə də nasos stansiyalarının və digər avadanlıqların yenilənməsi həyata keçiriləcək.
Yol infrastrukturunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılacaq. Müxtəlif rayonlarda yolların çökmüş və sürüşmə baş vermiş hissələri bərpa olunacaq, körpü və borular yenidən tikiləcək, yol örtüyü yenilənəcək.
Elektrik təchizatı sahəsində yaranmış problemlərin aradan qaldırılması isə “Azərişıq” ASC-yə tapşırılıb. Qurum tərəfindən zədələnmiş elektrik xətləri, yarımstansiyalar və transformator məntəqələri bərpa olunacaq, enerji təchizatı sabitləşdiriləcək.











