Azərbaycan təyyarəsi İrəvana getdi - Nə baş verir?

Ötən gün "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə Ermənistanın paytaxtı İrəvana yola düşüb.
Təyyarənin Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıdığı bildirilir.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, AZAL təyyarəsi uzun fasilədən sonra İrəvan hava limanına enib.
Erməni mətbuatı isə yazıb ki, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib.
Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb.
Müzakirələr zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.