Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!
ABŞ-nin Ukrayna ilə danışıqlarda Kiyevdən Donbasın nəzarətdə qalan hissələrindən qoşunlarını çıxarmağı tələb etdiyi iddia olunur.
Bu barədə “Ukrainska Pravda” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında son danışıqlar martın 21-22-də keçirilib. Mənbənin sözlərinə görə, Ukrayna tərəfi ABŞ və Rusiya arasında Alyaskanın Ankoric şəhərində əldə olunan razılaşmalar fonunda müəyyən təzyiqlərlə üzləşir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin komandasından anonim danışan şəxs qeyd edib ki, müzakirələr zamanı əsas mövzu daim Donbas məsələsinə yönəlir. Onun sözlərinə görə, ABŞ tərəfi bu ərazilərdən geri çəkilmə qarşılığında Ukraynaya təhlükəsizlik zəmanətləri vəd edir.
Mənbə bildirib ki, Vaşinqton əsas məsələlər üzrə razılıq əldə olunmasa, danışıqlardan çəkilə və diqqətini İran, Konqresə aralıq seçkilər və digər prioritetlərə yönəldə bilər.
Eyni zamanda qeyd olunub ki, Ukrayna üçün belə bir geri çəkilmənin praktik icrası olduqca mürəkkəb və mübahisəli məsələ olaraq qalır.











