Əli Kərimli hansı maddə ilə ittiham edilir?
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin nədə ittiham edildiyi məlum olub.
O, Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.
AXCP sədrinin ifadəsi alınıb və böyük ehtimalla o, bu gün təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunacaq.
Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.











