"Laçın yolu işğaldan azad edildikdən sonra ermənilər tam diz çökəcək" - "Quldurbaşı Tonayan Laçında məhv edilməlidir!"
Oqtay Qasımov: “Dağlıq Qarabağa siyasi status verilməsindən söhbət gedə bilməz. Qarabağda olan əli silahlı yaramaz terrorçuların hamısı məhv ediləcək!”
“Ermənistana silah-sursatın hansı ölkələrdən daşınmasına dair sualın cavabı yaxşı məlumdur”
Azərbaycan Ordusunun işğal olunan ərazilərimizin azad edilməsi əməliyyatı davam edir. Sözsüz ki, müharibə ağır kampaniyadır və onun siyasi, diplomatik tərəfləri var. Buna görə, ciddi təzyiqlər olur, adını vasitəçi qoyan ölkələrin faktiki birtərəfli mövqe tutması baş verir. Bu kimi hallar hazırda ölkəmizə qarşı müşahidə olumaqdadır.
Azsiyasət.com xəbər verir ki, azpolitika.info bu mövzunu siyasi şərhçi Oqtay Qasımovla müzakirə edib:
- Oqtay bəy, Prezident İlham Əliyevin oktyabrın 26-da xalqa müraciəti bir sıra məqamlarına görə, əvvəlkilərindən fərqləndi. Prezidentin son çıxışını qısaca necə qiymətləndirmək olar, Sizcə ölkə başçısının verdiyi əsas mesajlar hansılar idi?
- Ölkə prezidentinin xalqa müraciətində bu gün real olaraq yaranan vəziyyətə, ordumuzun bir ay müddətində gördüyü işlərə, münaqişə ətrafındakı beynəlxalq məsələlərə toxunuldu, o cümlədən problemin tarixi və siyasi aspektləri təhlil olundu.
İlk olaraq, torpaqlarımızı işğalda saxlayan Ermənistana verilən beynəlxalq dəstək, onun silahlandırılması və problemin həllinə maneçilik törədilməsi haqqında yetərli qədər məlumat verildi. Hesab edirəm ki, prezidentin çıxışı zamanı qoyduğu suallar da düzgün və yerində verilmiş suallar idi. Düşmənin məhv edilən texnikası və götürülən hərbi qənimətin siyahısı oxunanda prezidentin konkret sualı oldu. Hansı ki, bu sualı ölkə başçısı əksər çıxışlarında qoyur. Bu suallara cavab verilməlidir. Əslində, yuxarı-aşağı həm ölkə prezidentinə, həm də Azərbaycan xalqına bu sualların cavabı bəllidir. Bu silah-sursatın hansı ölkələrdən, kimlərin vasitəsilə Ermənistana daşınmasına dair sualın cavabı yaxşı məlumdur. Prezident haqlı olaraq vurğuladı ki, bu işi görənlər həmin sualların cavabını verməli və bundan sonra məsələyə münasibət bildirməlidirlər.
Təəssüf ki, bu prosesin önündə gələn ölkələr ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdir. Xüsusilə, Fransa dövlətinin Dağlıq Qarabağ məsələsinə dair son bir aydakı mövqeyi qətiyyən qəbuledilməzdir.Prezident əslində adını çəkməsə də buna işarə vurdu.
Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində Fransa bitərəfliyini itirib. Təbii ki, rəsmi qurumlarımızın mövqeyi ayrıdır, amma cəmiyyət olaraq biz Fransanın dərhal və qeyri-şərtsiz Minsk Qrupundan getməsini tələb etməliyik. Bu ölkə konkret olaraq Cənubi Qafqazda ədalətin və sabitliyin bərpa olunmasında maraqlı deyil. İşğalçı ölkəni silahlandırmaqla, dəstəkləməklə və beynəlxalq hüququ pozmaqla proseslərə müdaxilə etməyə çalışır.
Hərçənd Fransanın bu arzuları gözündə qalacaq. Onun bu fəaliyyətlərinin cavabını Azərbaycan əsgəri döyüş meydanlarında verir. Bu bir ay ərzində də kifayət qədər yetərli cavablar verilib, işğal altında olan 5 rayonun mərkəzi və ərazilərinin əhəmiyyətli hissəsi işğaldan azad edilib.
Başqa bir məqam beynəlxalq miqyasda Türkiyənin bu prosesdə iştirakı ilə bağlı qərəzli münasibətdir. Prezident bu məsələyə aydınlıq gətirdi, o cümlədən Azərbaycandakı Türkiyə F-16 qırıcıları ilə bağlı məsələyə toxundu. Fikrimcə, bu məsələyə aidiyyatı olmayan bəzi dövlətlərin prosesə müdaxilə etməsi ilə bağlı prezident ortaya açıq və net mövqe qoydu. İndiyə qədər guya Türkiyənin Suriya və digər yerlərdən buraya hansısa qruplar gətirməsinə dair məsələyə də münasibət bildirdi. Son dövrlər xüsusilə bu feyk məlumatlar əsasında manipulyasiyalar etmək istəyən qüvvələrə də net mesajlar verdi.
Prezident həmçinin bildirdi ki, üçüncü tərəf Azərbaycana qarşı aqressiya nümayiş etdirmək niyyətinə düşəcəksə, həmin F-16-ları qarşısında görəcək. Bu, əslində çox düzgün və yerində verilmiş mesaj idi. Elə Türkiyənin mövqeyi də bundan ibarətdir.
Qeyd edim ki, bir neçə gün əvvəl Türkiyənin vitse-prezidenti Fuad Oqtay da bu mövzuda suallara cavab verərkən açıq dedi ki, Azərbaycan nə zaman ehtiyac hiss etsə, bizim qoşun göndərməklə bağlı heç bir tərəddüdümüz olmayacaq. İlham Əliyev də bir daha lazım olan ünvanlara bu mesajı verdi. Qeyd edim ki, Türkiyə prezidentinin çıxışları zamanı da Fransa prezidentinin bu məsələdəki yaramaz və neqativ mövqeyinə münasibət bildirilib.
- Gəlin dəqiqləşdirək. Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərində anti-terror əməliyyatı aparır. Buna kim və ya hansı dövlətlər müdaxilə edə bilər?
- Fransanın belə imkanı yoxdur və müdaxilə etsə də burnu sındırılacaq. Yəni buna cəhd edəcəyi təqdirdə cavabı qəti şəkildə veriləcək. Burada təbii ki, Ermənistanın hər cəhdlə prosesə qoşmaq istədiyi dövlət Rusiyadır. Rusiya ilə Ermənistan arasındakı ikitərəli hərbi əməkdaşlıq haqqında müqaviləyə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki müqaviləyə əsaslanan İrəvan çalışır ki, Moskvanı prosesə cəlb etsin. Təəssüflər olsun ki, Rusiyanın bəzi şovinist və imperialist dairələrin, Zatulin kimi yaramazların timsalında Rusiyanı proseslərə cəlb etməyə çalışırlar.
Prezident də bu baxımdan münasibətini konkret ortaya qoydu və bildirdi ki, artıq Azərbaycanı belə təzyiqləri və ərazi itkisinə hesablanan pressinqləri heç bir halda qəbul etməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır. Prezident doğru olaraq vurğuladı ki, Dağlıq Qarabağda yaşayan ermənilər bu əraziyə son 200 ildə köçürülən ermənilərdir və onlar Azərbaycan dövlətinin qanunlarını qəbul edib burada yaşamaq istəyirlərsə, heç bir problem yoxdur. Azərbaycan dövləti həm onların təhlükəsizliyi, həm də yaşaması, işləməsi üçün imkanlar yaradacaq.
- Prezident qeyd etdi ki, artıq vəziyyət dəyişib və bu reallığı qəbul etmək lazımdır. Sizcə, bu reallığı qəbul etmək istəməyənlər kimlərdir?
- Burada söhbət həm ATƏT-in Minsk Qrupuna üzv dövlətlərdən, həm də bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurasında baş verən müzakirələrdən gedir. Təhlükəsizlik Şurasında müzakirələr aparılan zaman çox maraqlı nüans baş verib. Məlum sənədi irəli sürən həmsədr dövlətlər qərəzli şəkildə 1993-cü ildə Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməni görməzdən gələrək, onun tələblərini sənədə daxil etməyiblər. Azərbaycan da bunun qarşısını ala bilib.
Bu saat onların dərdi-azarı odur ki, atəşkəs olsun. Bəs bu atəşkəs nə üçün lazımdır? Ermənistana vaxt qazandırmaq, onu silahlandırmaq, dəstək vermək, ayağa qaldırmaq və indi yaranan şərtləri dəyişmək üçün. Belə bir niyyət var. Sözsüz ki, Azərbaycan heç bir halda buna getməyəcək. Hesab edirəm ki, Azərbaycan həm də köhnə formulanı qəbul etməyəcək. Çünki bu formula 1993-cü ildə məhz ATƏT-in Minsk Qrupunda həmsədr olan iki dövlətin fəal iştirakı sayəsində yaranan status-kvonun nəticəsi idi.
Bu status-kvo yaranan zaman Azərbaycan ərazilərini itirmişdi və irəli sürülən təkliflər də məhz o dövrün hərbi meydanında yaranan reallıqlarla bağlı idi. Bəli, bu gün artıq son 27 ildə mövcud olan status-kvo yoxdur, pozulub və bir daha bərpa olunmayacaq. Çünki bu status-kvonu Azərbaycan əsgəri öz qanı və canı ilə pozub. Onun yenidən bərpasına heç bir halda imkan verilməyəcək. Azərbaycan Ordusu artıq Laçın rayonu istiqamətində əməliyyatlar aparır. Hamımız da səbrsizliklə gözləyirik ki, Laçın rayon ərazisində Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz Azərbaycanın nəzarətinə keçsin və Dağlıq Qarabağdakı işğalçılar, separatçılar və canilər öz qanlarında boğulsunlar. Yəni, Azərbaycan Ordusunun amansız zərbələri nəticəsində məhv edilsinlər. Bunun başqa yolu yoxdur. Bu saat bizim diqqətimiz bütün təzyiqlərə, atəşkəs nağıllarına baxmayaraq ordumuzdadır. Düşünürəm ki, bu cinayətkarlardan ibarət toplum və onun təmsilçisi olan İrəvan hakimiyyəti sadəcə atəşkəs təşəbbüsü ilə vaxt qazanmaq niyyətindədir. Beləcə xaricdən mülki təyyarələrlə daşınan silahları bir formada döyüş meydanlarına cəlb etməyə və vəziyyəti dəyişməyə cəhd göstərirlər. Bizim də buna cavabımız coğrafi relyefin nə qədər əlverişsiz olmasına baxmayaraq Azərbaycan əsgərinin dəhlizi bağlaması olacaq.
Mən inanıram ki, ordumuz buna nail olacaq. Laçın dəhlizi bağlandıqdan sonra Ermənistanın tam diz çökməsinə bir şey qalmayacaq. Laçın ərazisində olan quldurbaşı Tonayan, bir neçə ay əvvəl “yeni ərazilər üçün yeni müharibələr” istəyən bu qatil Laçında məhv edilməlidir. Bu yol bağlandıqdan sonra inanıram ki, ermənilər diz üstə çökəcək. Təzyiqlərə baxmayaraq biz yolumuza davam etməliyik. Sonda yaratdığımız reallıqları hamı qəbul etməli olacaq. Buna inanmaq lazımdır.
- Sizcə, müharibə hansı nöqtəyə qədər davam edəcək?
- Prezident son müraciətində açıq şəkildə dedi ki, Azərbaycanın tələbləri var, bu tələblər qısa və netdir. Ermənistan işğalçı ordusunu Azərbaycan ərazilərindən konkret nə zaman çıxarmasını özündə ehtiva edən cədvəl təqdim etməlidir. Bu anda Azərbaycan atəşkəsə hazırdır. Bunun üçün bizə konkret qrafik və təminatlar verilməlidir. Prezident çox doğru olaraq bu şərti qoyur.
Hələ 1993-cü ildə Ermənistan Kəlbəcərdən ordusunu çıxarmaqla bağlı qrafik təqdim etməli idi. Hesab edirəm ki, bu dəfə də Ermənistan tərəfi bizə belə bir qrafik təqdim etməyəcək. Ermənistan belə qrafiki bizə o zaman verəcək ki, Laçın dəhlizini işğaldan azad edəcəyik, bu yol bağlanacaq. Və Qarabağda olan əli silahlı yaramaz terrorçuların hamısı məhv ediləcək. Azərbaycanın dinc əhalisinə qarşı döyüşən hərbi canilər məhv edildikdən sonra bu işlər bitəcək. Prezident əslində bu məsələnin bütün variantlarda həllinin tərəfdarı olduğunu ifadə edib. Qeyd edib ki, tələblər eynidir: ərazilərimizin boşaldılması, bununla bağlı qrafik təqdim edilməsi və müvafiq təminatların verilməsi. Bu halda Azərbaycan masaya oturmağa hazırdır. Bu olmayacağı təqdirdə biz davam edəcəyik və torpaqları işğalçılardan təmizləyəcəyik. Bir sözlə, prezidentin mesajı açıq və netdir.
- Bəs müharibə bitdikdən sonra Dağlıq Qarabağ münaqişəsi necə tənzimlənməlidir?
- Dağlıq Qarabağla bağlı Azərbaycan tərəfi son dövrlərə qədər ciddi güzəştlərə hazır idi. Məqsəd problemin qansız həllinə nail olmaq idi. Onlara kifayət qədər ciddi güzəştlər edilirdi. Amma qarşı tərəf həyasızlığın ən yüksək formasını nümayiş etdirərək müstəqillik nağılları danışmağa başladı. Prezident Yaponiya qəzetinə verdiyi müsahibə zamanı bu məqama toxundu. Açıq bildirdi ki, ermənilərin Dağlıq Qarabağda yaşaması üçün heç bir problem yoxdur, onların mədəni hüquqlarının qorunacağını qeyd etdi, bildirdi ki, öz müqəddaratını təyinetmənin yöntəmlərindən biri də budur. Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların hüquqları ilə bağlı 1993-cü ilin sentyabr ayında imzalanan prezident fərmanı var. Bu fərmana əsasən Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar və etnik qrupların mədəni hüquqları mövcuddur. Onların öz mədəniyyətini yaşatmaq, teatr və kitabxanalarından istifadə etmək və digər bu kimi haqları var. Ermənilər də bu hüquqdan yararlana bilərlər.
Onu da qeyd edim ki, artıq sentyabrın 27-dən bu yana status-kvo dəyişib və buna görə ermənilərə heç bir siyasi status verilməməlidir. Bu gün Azərbaycan müstəqilliyinin 30 ilində, dünyada öz dəsti-xətti olan dövlət kimi niyə razılaşmalıdır ki, 100 mindən az sayı olan hansısa etnik qrupa siyasi status versin? Siyasi statusdan heç bir söhbət gedə bilməz. Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu 1991-ci ildə ləğv edilib. Artıq belə bir qurum yoxdur. Belə bir qurumun olması Azərbaycan Konstitusiyasında da öz təsdiqini tapmayıb. İşğaldan azad edilən rayonların hamısı ayrıca rayon kimi fəaliyyət göstərə bilər. Məsələn, Şuşa rayonu, Xocavənd rayonu, Ağdərə rayonu və ya Əsgəran inzibati rayonu kimi. Bunların hamısı inzibati ərazi kimi götürülə bilər. Mən belə görürəm. Heç bir siyasi statusdan söhbət gedə bilməz. İndi bunu həm siyasi, həm də savaş meydanında olan reallıqlar təkzib edir.
- Dağlıq Qarabağda yaşayan ermənilərə hər hansı status verilməsi 30-50 ildən sonra yeni problemlər ortaya çıxara bilərmi?
- Məsələnin köklü həll yolu var. Çiban necə müalicə edilir? Onu kökündən çıxarırsan, nəticədə çirkab axır və yara yeri müalicə olunur. Ermənilərə Dağlıq Qarabağda statusun verilməsi əslində bu çibanın qalmasıdır, hansı ki, bir müddətdən sonra yenidən çirk edəcək. Ona görə də, düşünürəm ki, Azərbaycan əsgərinin bu ana qədər apardığı uğurlu döyüş əməliyyatları davam etməli, bu məsələ köklü şəkildə həll edilməlidir. Burada Azərbaycanın qanunlarına hörmət edən, normal Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlər yaşamalıdır. Biz ermənilərin burada yaşamasının əleyhinə deyilik. O şərtlə ki, 1988-ci ilə qədər Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da ora qayıtmalıdır. Nəzərə alın ki, orada onlarla azərbaycanlı yaşayış məntəqələri olub. Xocalı, Malıbəyli, Şuşa, Kərkicahan, Quşçular və s. Bunun başqa yolu yoxdur. Ermənilər üçün orada əlahiddə müstəsna hüquqlar və imtiyazlar verilməməlidir. Onlar Azərbaycan vətəndaşları kimi dövlətin verdiyi hüquqlara malik olmalıdılar. Onların təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə müdafiə olunacaq. Məncə, problemin həllinə baxış belə olmalıdır.