Azərbaycan 3 milyard borc alır - SƏBƏBLƏR
Gələn il Azərbaycanın dövlət büdcəsinin 3 milyard 51,6 milyon manat kəsirlə icra olunması proqnozlaşdırılır. Maliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir ki, hökumət bu kəsirin mühüm hissəsini daxili borclanma hesabına maliyyələşdirmək niyyətindədir.
Məlumata görə, borclanma 2 milyard 672,3 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 87,6 faizini təşkil edəcək. Bundan başqa, kəsirin 250 milyon manatı 2025-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına, 110 milyon manatı özəlləşdirmədən daxilolmalar hesabına, 19,3 milyon manatı isə məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına bağlanacaq.
Maliyyə Nazirliyi bildirir ki, Azərbaycan Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə Azərbaycan Prezidentinin 4 avqust 2023-cü il tarixli 4021 nömrəli Sərəncamı ilə dəyişikliklər edilərək dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun məcmu məbləğinin 10,0 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib: “2024-cü il I yarımilin sonuna dövlət borcunun ÜDM-ə nisbəti 21,2 faiz təşkil edib ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 8,8 faiz bənd az olub. Bununla da strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin 30,0 faizlik yuxarı həddi gözlənilib”.
Sənədə əsasən ortamüddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə qeyri-neft sektorundan əldə olunan gəlirlərin dövlət büdcəsi kəsirini tam təmin etməyə kifayət edəcəyi müddətədək daxili bazarda dövlət qiymətli kağızlardan aktiv istifadə edilməsi davam etdirilir. Bununla yanaşı, müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılmışdır. 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 30,0 milyard manat səviyyəsinədək və ya ÜDM-in 23,0 faizinə çatacağı proqnozlaşdırılır. Həmin dövrdə xarici dövlət borcunun 9,0 milyard manat və ya ÜDM-in 7,0 faizi həcmində, daxili dövlət borcunun isə 21,0 milyard manat və ya ÜDM-in 16,0 faizi həcmində olacağı gözlənilir. Ortamüddətli (2025-2028-ci illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 33,8 milyard manat səviyyəsinə çatacağı, lakin ÜDM-in 23,0 faizindən aşağı olacağı gözlənilir.
Daxili borclanmanın sürətlə artımı Azərbaycanda dövlət borcuna xidmət xərclərinin də eyni qaydada artmasına gətirib çıxarır. Açıqlanan rəqəmlərdən aydın olur ki, 2025-ci ildə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 399,6 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 85,2 faiz çoxdur. Ayrılan vəsaitin 1 milyard 441,6 milyon manatı xarici dövlət borcuna xidmətə yönəldiləcək. Bu göstərici 2024-cü ildə nəzərdə tutulandan 28,1 faiz çoxdur. Vəsaitlərin 962,3 milyon manatı əsas, 479,3 milyon manatı isə faiz borcunun ödənməsinə sərf olunacaq.
Gələn il Azərbaycanda daxili dövlət borcuna xidmət xərclərinin 958,0 milyon manat təşkil edəcəyi nəzərdə tutulur ki, bu da 2024-cü ildəkindən 5,6 dəfə çoxdur. Bu artım əvvəlki illərdə daxildən cəlb edilən borclar üzrə faizlərin qaytarılması müddətinin çatması ilə bağlıdır. Belə ki, nəzərdə tutulan vəsaitin 821,2 milyon manatı faiz, cəmi 136,8 milyon manatı əsas borcun qaytarılmasına sərf olunacaq.
Hesablama Palatası 2024-cü ilin ilk 4 ayı üzrə dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatların təhlilinə əsaslanaraq cari ilin sonunda büdcə kəsirinin məbləğinin proqnozlaşdırılan məbləğdən az olacağı qənaətindədir. Palatanın bu ilin büdcəsinə edilən dəyişikliyə verdiyi rəydən aydın olur ki, yenidən baxılan dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsirinin 764,3 milyon manat artırılaraq 3354,3 milyon manat olması nəzərdə tutulub. Palataya görə, dövlət büdcəsinin həm neft, həm də qeyri-neft sektoru üzrə gəlirlərində mövcud potensialın bir hissəsinin büdcənin icrası prosesində reallaşması xərclərin isə proqnoza nəzərən az icra edilməsi ehtimallarının olması fonunda 2024-cü ildə gözlənilən büdcə kəsirinin proqnozlaşdırılan məbləğdən az olacağını (vahid xəzinə hesabının sərbəst qalığından büdcədənkənar xərclərin maliyyələşdirilməsinə ayrılan vəsaitin büdcədənkənar gəlirlərdə tanınmaması kəsir üzrə icra göstəricisini bir qədər proqnozlara yaxınlaşdıra bilər) deməyə imkan verir.
Palatanın ekspertləri hesab edirlər ki, daxili borclanmanın sürətli artımı bir sıra risklər formalaşdırır: “Birbaşa xarici dövlət borcunda 5 illik öhdəliklərin payının yüksək olması, habelə birbaşa cəlb edilmiş kreditlər üzrə əsas borc ödənişlərinin yenidən maliyyələşdirmə vasitəsilə həyata keçirilməsi cari makroiqtisadi şəraitdə təkrarmaliyyələşmə və faiz dərəcələri ilə bağlı əlavə risk faktorlarının yaranması ehtimalını aktuallaşdırır. 2023-cü ildən etibarən xarici borc üzrə əsas borc ödənişlərinin dövlət büdcəsi xərclərindən çıxarılaraq daxili təkrar maliyyələşmə hesabına həyata keçirilməsi və bundan sonrakı dövrlərdə də eyni prinsipin tətbiqinin nəzərdə tutulması, həmçinin daxili borc portfeli üzrə 2-3 illik istiqrazların təkrar maliyyələşdirilməsi tələbi, daxili bazarın likvidliyinin aşağı olduğunu nəzərə alaraq bu qədər vəsaiti birdən-birə qarşılamayacağı riskini artırır. Bu tələbin qarşılanması üçün isə daha yüksək faizlərlə emissiya mümkündür ki, bu da yekunda əlavə faiz xərclərinə səbəb ola biləcəyi və maliyyə çətinliklərinin yarana biləcəyi ehtimalını aktuallaşdırır”.
Hesablama Palatası dövlət istiqrazlarının orta ödəniş müddətinin (ATM) qısa olması, yerli maliyyə bazarlarının kifayət qədər inkişaf etməməsi və aşağı likvidliyi, eyni zamanda bazar iştirakçılarının məhdud sayda olması kimi faktorları növbəti illərdə emissiya edilməsi planlaşdırılan dövlət istiqrazlarının təkrar maliyyələşdirilməsi istiqamətində risk mənbəyi kimi qiymətləndirir.
Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, 1 iyul 2024-cü il tarixinə daxili dövlət borcu 16 milyard 571,9 milyon manat təşkil edib. Bu zaman daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 705,5 milyon manat artıb: “Daxili dövlət borcunun artmasının əsas səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi olub”.
1 iyul 2024-cü il tarixinə daxili dövlət borcunun 7 milyard 280,7 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 291,2 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşüb.
Nazirlik bildirir ki, hesabat tarixinə dövriyyədə olan 7 milyard 280,7 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 19,5 faizi 1 illik, 67,0 faizi 2 və 3 illik, 13,5 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşüb. 1 iyul 2024-cü il tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,51 təşkil edib. Bu da ondan irəli gəlib ki, daxili maliyyə bazarında mövcud tələbat əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənib, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə maraq olmayıb.
Qısamüddətli istiqrazlara “marağın” səbəbini HP-nin aşkarladığı fakt üzə çıxarır. Belə ki, Palatanın apardığı təhlillər onu göstərir ki, büdcə xərclərinin əhəmiyyətli hissəsi əsasən ilin sonunda həyata keçirildiyindən həmin vəsaitlər büdcə hesabatında tam icra kimi göstərilsə də, vəsaitlər publik hüquqi şəxslərin, fondların, dövlət müəssisələrinin bank hesablarında qalır ki, bu da sonradan qısamüddətli emissiya edilmiş qiymətli kağızlara yönəldilir. Qısamüddətli qiymətli kağızların müddəti bitdikdə bu vəsait təşkilat tərəfindən dövlət büdcəsindən əlavə faizlə geri alınır.
Göründüyü kimi, Maliyyə Nazirliyinin təklif etdiyi qısamüddətli dövlət istiqrazlarına tələbatın kəskin artımı heç də sağlam olmayan prosesin nəticəsidir: dövlət büdcəsindən zəruri olan istiqamətlərə ayrılan pullar müxtəlif dövlət qurumları tərəfindən bir neçə ay müddətində təyinatı üzrə xərclənmədən yayındırılaraq qısamüddətli istiqrazlara yatırılır. Bu müddətdə isə dövlət investisiya layihələri üzrə podratçı şirkətlərdə işçilər əmək haqqı ala bilmirlər(musavat.com).