"Rusiyaya yaxınlaşmaq Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..." - Fazil Mustafa

11 avqust, 2020 19:32

Deputat Fazil Mustafa “Facebook” səhifəsində Rusiyanın Ermənistanı silahlandırması, Azərbaycana neqativ münasibəti və digər məsələləri əhatə edən yazı paylaşıb.

Azsiyasət.com həmin yazının aktuallığını və maraqlılığını nəzərə alaraq onu öz oxucularına təqdim edir:

"Rusiya öz ucsuz-bucaqsız ərazisinin soyuqluğunu içində-çölündə nə varsa, kim varsa, hamısına hiss etdirir. Rusiya ilə yaxınlaşmaq olmur, yaxınlaşanlar belə özünü rahat yaşamın içində görmürlər. Rusiyaya yaxın sayılan Belorus, Ermənistan, Orta Asiya dövlətləri həmişə məhz bu məkandan gələn qeyri-sabit havanın siyasi proqnozunun qorxusu altındadırlar.

Rusiyadan normal məsafədə uzaqlaşmaq da olmur. Xəritədə Rusiyanın başının üstündə olanlar ondan bir baş üstün olduqlarına görə Skandinav ölkələri kimi nisbətən qayğısız şəkildə mədəni yaşamlarını sürdürürlər. Rusiyanın başı ilə bərabər olan Baltikyanı dövlətlər özləri üçün Qərbin bariz dəstəyi ilə geriyə qayıdış qorxusunu nisbətən az düşünsələr də, əbədi müdafiə səngəri qazmağa məhkumdurlar. Lakin Rusiyanın qolunun, ayağının, bədəninin altında olanlar üçün hər zaman bir əzici Rusiya kabusu canlı olaraq qalır. Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan konkret olaraq Rusiyanın qolu, bədəni, ayağı ilə yönəltdiyi zərbələri dəf etməklə öz mövcudluğunu qorumağa çalışan dövlətlərdir. Çox zaman adı çəkilən dövlətlərin siyasi millətçiləri və siyasi vətənpərvərləri üçün “qorxunc Rusiya nağılı”nı etinasız oxuma alışqanlığı daha çox fəlakətlərə qapı açır. Ancaq yerləşdiyi coğrafiyanın üzərində Rusiyanın real ağırlığını dərk edən insanlar üçün qorxunc Rusiya nağılı deyil, qorxunc Rusiya hekayəsi var və bu hekayənin süjet xəttini anlayanlar daha ehtiyatlı davranış sərgiləyərək öz milli dirəniş modelini yarada bilirlər. Qorxunc Rusiya hekayəsində son 400 illlik tarixdə öz oynadığı baş rolu çəkinmədən söyləyən Rusiya indi ikinci dərəcəli üzvlərin birini digərinin üzərinə yönləndirməklə hər iki tərəfi özündən asılı duruma salmağı hədəf seçib.

Postsovet dövrünün başlanğıcından bəri anlaşılır ki, Ermənistan cahanın cümləsini qarışdırmaq üçün baş üzvlərin diqtəsi ilə digər ikinci dərəcəli üzvləri zəiflətmək funksiyasını gerçəkləşdirmə təyinatı alıb. Bu rola təyin olunan Ermənistan öz tərzi-hərəkəti ilə başqalarının taleyini tamamlamaq istəyir. Tamamlanması düşünülən dövlətlər isə Azərbaycan və Gürcüstandır. Rusiya Gürcüstanla savaşda birbaşa özü baş rolda olduğunu bəyan etsə də, maraqlıdır ki, Azərbaycanla münasibətdə indilik ikinci dərəcəli üzvdən də aşağıda gördüyü, köməkçi bədən üzvü kimi baxdığı Ermənistanı irəli verməklə yaratdığı problemləri dərinləşdirməyə çalışır.

Azərbaycan üçün mürtəce Rusiya hər zaman müstəmləkəçiliyə qarşı dirəniş ruhunu qorumaq üçün bir vasitə olub. Hazırda isə mürtəce Rusiya dövləti qorumaq üçün ciddi bir səfərbərlik motivasiyasıdır. Azərbaycan üçün mütərəqqi bir Rusiya da bir vaxtlar mövcud olub. Bu mütərəqqi Rusiya İrandan gələn cəhalət küləyinin məmləkətimizi uçurub dağıtmaması üçün vaxtilə bir modern təhsil mühitini və bu mühitdən yetişən düşüncə adamlarını meydana gətirib. Məhz bu düşüncə adamlarının çoxalması hesabına Azərbaycan Şərq bataqlığında boğulmaqdan xilas ola bilib və ortaya modern dövlət modeli qoyulub. Ancaq hazırkı dünyamızda mütərəqqi Rusiya modeli mürtəce Rusiya modelinə uduzmaq ərəfəsindədir və bəşəriyyətin gələcəyi ilə bağlı narahatlıqların da bir səbəbini bu amildə axtarmaq lazım gəlir.

Rusiya ikinci müstəqilliyimiz başlayan tarixdən Ermənistan üzərindən Azərbaycanla gizli savaşa girib. Hamımıza aydındır ki, bu savaşın Xocalı soyqırımından başlayaraq davam edən faciələrinin arxasında birbaşa Rusiya hərbi və siyasi faktoru durur. Son Tovuz hadisələri də onu göstərdi ki, Ermənistanı bu prosesə təhrik edən məhz Rusiyanın siyasi və hərbi dairələridir. Çünki Ermənistan özünün həm insani, həm də hərbi resurslarının yetərsizliyini yaxşı bilir və prezident İlham Əliyevin də dönə-dönə vurğuladığı kimi, hər hansı təkbətək savaşda Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəyini dərindən anlayır. Ona görə də, əvvəlcədən düşünüldüyü kimi, Tovuz təxribatının arxasında öncə Gürcüstanın və Serbiyanın adları hallansa da, yenə də ağırlıqlı olaraq Rusiyanın bilavasitə iştirakı təsdiq olundu. Hava məkanında minlərlə kilometr fərqli marşrutlar dəyişərək Ermənistana silah və sursat çatdırılmasını, yeni modern rus silahlarının birbaşa döyüş əməliyyatlarında tətbiqinə çalışılmasını təkzibedilməz faktlar üzə çıxardı. Gürcüstanın öz qonşusuna olan münasibətində göstərdiyi dəyanətli həssaslıqla qarşılaşan Rusiyanın Qazaxıstan, Türkmənistan və İran üzərindən Azərbaycana qarşı onun düşmənini dəstəkləməyi reallaşdırması bu ölkənin bölgə ilə bağlı uzunmüddətli təhlükəli strategiyasının olması faktını bir daha təsdiqlədi. Rusiya ilə siyasətində qarşılıqlı etimadın güclənməsi, Ermənistana hər cür dəstək verməsinə rağmən balanslı davranışın qorunması üçün çalışan rəsmi Bakı özünə qarşı düşmənçilik kursunun dəyişmədiyini daha aydın görməyə başlamışdır. İlk baxışda Tovuz hadisələrinin gedişində Kollektiv Təhlükəsizlik qurumunun üzvü olan Ermənistanın təklifi ilə müzakirə açmağı düşünmədiyini göstərən Rusiya əl altından Azərbaycana qarşı hücumun taktiki və texniki tərəflərini müzakirə etdiyini büruzə vermiş oldu.

Təbiidir ki, Qərblə inteqrasiya və əməkdaşlıq münasibətlərində Rusiya faktorunu diqqətdən qaçırmayan rəsmi Bakı məhz bu amili nəzərə alaraq Türkiyənin bölgədə fəal diplomatik və hərbi rolunun artırılması üçün cəsur bir qərar qəbul etdi və təlim toplanışı üçün ilk dəfə bu cür geniş tərkibdə Türkiyə ordusunu ölkəyə çağırdı, on günlük möhtəşəm birlik və qardaşlıq mənzərəsini dünyaya nümayiş etdirdi. Doğrudur, sosial şəbəkələrdə vətənpərvərliklərinin formal tanıtımı üçün böyük Məhəmməd Əmin bəyin rəsmini profil şəkli yerinə yapışdıranlar onun irsini oxuyub anlamadıqları üçün Türkiyə ordusunun burada qalması və Qarabağı azad etməsi barədə bəsit duyğu istismarını gündəmə tolazlasalar da, əslində, bu ordu on gün içində lazım olan mesajı dünyaya vermiş oldu. 1918-ci ildə Rəsulzadə Bakının işğaldan azad olunması ərəfəsində Azərbaycan hökumətinə israrla teleqram göndərirdi ki, Bakıya birici Azərbaycan ordusunun bölmələri daxil olmalıdır. O günün şifrəsini indiyə tərcümə etməli olsaq, bu o deməkdir ki, Qarabağı bütün hallarda Azərbaycan ordusu azad etməlidir və ictimai rəydə bu rolun primitiv şəkildə Türkiyə ordusunun üzərinə yüklənməsi yanlış düşüncənin məhsuludur. Bu təlimlərlə sadəcə Azərbaycan Rusiyaya öz alternativlərindən birini göstərdi. Həm də göstərdi ki, Rusiyanın bu cür düşmənçilik addımları Azərbaycanı təkləmək yerinə onu daha ciddi müttəfiqlik münasibətlərinin yaratmaq istiqamətində real işlər görməyə məcbur edir. Siyasi əməkdaşlıq baxımından Azərbaycanın Avropa Birliyi ilə daha dərin münasibətlərə can atması imkanlarını genişləndirdi.

Azərbaycanda belə təsəvvürlər hələ də yayğındır ki, torpaqların işğaldan azad olunması məsələsində Rusiyanın xeyir-duasını alaraq davranmaq vacibdir. Lakin Tovuz hadisələri bir daha göstərdi ki, Rusiyadan hansa xeyir və hansısa xoşməramlı dua gəlməyəcəyək. Ona görə də Azərbaycan ABŞ və Avropa Birliyi ilə müttəfiqliyin ən yüksək forması barədə düşünməlidir.

Rusiyanın indiyədək hiss etdiyimiz soyuq üzü Tovuz təxribatından sonra açıq-aşkar düşmən üzünə çevrilməkdədir. Diplomatiyanın dostcasına gülümsəmələrinə aldanmayaq, biz bu düşmən üzünün qarşısında dirəniş göstərən böyük bir müttəfiq və ya müttəfiqlər gücü ilə durmağa çalışmalıyıq. Ortada dövlətimizin taleyi söhbət mövzusu olanda bizim geri çəkiləcək yerimiz qalmır.

Daxili həmrəyliyimizin zəruriliyini məhz bu təhlükə qarşısında anlamalıyıq.

Rusiyaya yaxınlaşmaq Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur...