“Azərbaycanla-Türkiyənin konfederasiyada birləşməsi doğru deyil”: “Əgər Azərbaycanda diktatura varsa...” - Cümşüd Nuriyevlə MÜSAHİBƏ

12 avqust, 2020 14:31

Politoloq Cümşüd Nuriyev dünyada və Azərbaycanda baş verən son siyasi proseslərlə bağlı "AZSİYASƏT.COM"-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: 

- Avqustun 9-da Belarusiyada keçirilən seçkilərdən sonra baş verən hadisələr zamanı bir sıra şəxslər, siyasi təşkilatlar Azərbaycan hakimiyyəti ilə Belarusiya hakimiyyətini müqayisə etdilər. İddia edirlər ki, hər iki ölkədə diktatura rejimi qurulub və Belarusiyadakı hadisələr Azərbaycanda da təkralana bilər.

- Birincisi, qeyd edim ki, çox uğursuz müqayisədir. Diktaturanın xeyli şərtləri var, o şərtlərin hamısı Belarusiyada varmı? Yoxdur. Düzdür, orada insanların narazılığı var, bu da təbiidir. Amma ümumilikdə, orada keçirilən seçkilərin necə keçirildiyi ilə bağlı kənardan qərar vermək doğru deyil. Bu, belarus xalqının seçimi idi, xalqın istəmədiyi adam yenidən o postda otura bilməzdi. Belarusiyanı Azərbaycanla müqayisə etmək görünür kimlər üçünsə laızmdır. Bunlar fərqli məsələlərdir. Azərbaycanda prezient seçkilərindən sonra xalq küçələrə çıxmadı, xalqın böyük çoxluğu seçkilərin nəticələrini qəbul etdi. Əgər Azərbaycanda diktatura varsa, o zaman ölkəmzidə bu qədər müstəqil təşkilatlar, saytlar, sosial media resursları, kanallar necə fəaliyyət göstərir? Bilirsinzmi, diktaturada bunların fəaliyyəti heç bir halda mümkün olmazdı. Bu saytlar, kanallar bütün günü Azərbaycanın dövlət məmurlarını yıxıb-sürüyürlər, hətta Prezident haqqında da hər şey yazırlar. Hələ də o adamlar həbs edilməyib, hakimiyyət əleyhinə yazan sayt rəhbərləri də azadlıqdadırlar.

- Bakıdakı erməni kilsəsi hazırda boşdur, sizcə, ora hansı status verilməlidir?

- Erməni kilsəsi də Allahın evidir, kilsənin necə istifadə olunmasına dövlət başqa cür yanaşa bilər. Bakıda da ermənilər yaşayırlar. Azərbaycanda multikulturalizmlə bağlı çoxsaylı fikirlər, təkliflər var. Kilsə dini tolerantlığı inkişaf etdirməkdən ötrü Dini Qurumlar üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyətə başlaya bilər. Muzeyə çevrilsə, daha yaxşı olar. İndi o kilsənin qapısı bağlı qalıb. Muzey kimi istifadəyə verilsə, həm gəlir gətirər, həm də ermənilərlə bağlı hər şeyi orada nümayiş etdirə bilərik. Giriş də pullu olmalıdır. Bakıda yaşayan erməniləri ora cəlb etmək lazımdır. Amma oranın məscidə çevrilməsi düzgün deyil.

- Azərbaycan və Türkiyə arasında hərbi ittifaqın yaradılması son günlər müzakirə olunan əsas məsələlərdəndir. Sizcə, belə bir ittifaq yaratmaq olarmı?

- Türkiyə bizim qardaş dövlətdir. 100 il də bundan öncə bizi xilas eləyib, bu gün də - cəbhənin Tovuz istiqamətindəki döyüşlərdən sonra Türkiyə bizim yanımızda olacağını bildirdi. İki dövlət arasında hərbi ittifaqın yaradılması ilə bağlı adi adamların istəyini anlayışla qəbul edirəm, amma deputatlar, politoloqlar hansı əsasla belə bir təkliflə çıxış edirlər, bunu anlaya bilmirəm. Əvvəla, Azərbaycan parlamenti qanun qəbul edib ki, ölkə ərazisində hər hansı dövlətin hərbi bazası ola bilməz. İkincisi də, hərbi doktrina qəbul edilib. Həmin hərbi doktrinada Türkiyə Azərbaycanın strateji hərbi tərəfdaşı göstərilib. Yəni, hər iki ölkə arasındakı hərbi ittifaqın yaradılması üçün Azərbaycan qanunvericiliyi dəyişilməlidir. Bunu həyata keçirmək üçün öncə ümumi məsləhətlər aparılmalıdır, sonra ortaq mövqeyə gəlmək lazımdır, bundan sonra da, konsensusun nəticəsində alınmış qərar parlamentə təqdim olunmalıdır. Bu mərhələlərin heç birini keçməmiş hamı elan edir ki, hərbi ittifaq yaradılmalıdır.

- Türk qoşunlarının Azərbaycanda qalması təşəbbüsü ilə çıxış edənlər də var...

- Bu Türkiyəyə olan sevgidən, məhəbbətdən doğan  bir şeydir. Amma bütün hallarda özünə hörmət edən dövlət bütün məsələləri qanunvericilik müstəvisində həll etməlidir. Bizdə qanunverciyiliyi dəyişdirsinlər, böyük məmnuniyyətlə bu məsələ də reallaşsın. Belə bir iddia ilə çıxış edən millət vəkilləri öncə o qanunları dəyişdirsinlər, ondan sonra bu məsələni gündəmə gətirsinlər. Bu deyilənlər “cəmiyyət siyasəti”dir, “camaat siyasəti”dir. Dövlət qanunlarla, məntiqi addımlarla idarə olunur, arzu-istəklərlə yox.

- Bəzi siyasətçilər, eləcə də, xaricdə yaşayan Qurban Məmmədov deyir ki, Azərbaycanla-Türkiyə arasında konfederasiya yaratmaq lazımdır, siz necə düşünürsünüz?

- Bu alınan məsələ deyil. Nəyə görə? Türkiyə həddən artıq inkişaf etmiş bir dövlətdir, Azərbaycan isə inkişaf etməkdə olan, Türkiyədən ən azı bir pillə geridə olan dövlətdir. İkincisi, Türkiyənin 85 milyon əhalisi var, biz 10 milyonuq. 10 milyonun 85 milyona birləşməsi o deməkdir ki, bütün məsələləri Türkiyə həll edəcək və biz də onun icraçısı olacağıq. Biz gənc, müstəqil dövlətik, yenidən öz müstəqilliyimizi hər hansı formada qardaş Türkiyəyə də olsa, verə bilmərik. Biz nə vaxta qədər böyük qardaş axtaracağıq? Nə vaxta qədər kiminsə bizə ağalıq etməsini arzulayacağıq? Millətimiz hələ indi indi formalaşır, psixoloji cəhətdən azad olmaq istəyir. Bir nümunə çəkim: Musa peyğəmbər fironun yanından çıxanda Allah-Taala ona buyurdu ki, onları 40 il  gəzdir, iki nəsil dəyişsin ki, onlar qul psixologiyasından azad ola bilsinlər. Biz hələ də qul psixologiyasından qurtara bilməmişik. 200 il Rusiyanın əsiri olmuşuq, indi-indi sərbəst düşünməyə başlamışıq. Nə olsun, ərazimiz işğal olunub, nə olsun müharibəni uduzmuşuq!? Amma 2016-cı ilin aprel və 2020-ci il iyul hadisələri göstərdi ki, bu xalq öz qürunu qoruyub saxlaya bilib və istədiyi vaxt da ayağa dura biləcək. İndi yaşlı nəsil kommunist psixologiyası ilə danışır, orta nəsil də qalıb yaşlı nəsillə gənc nəslin arasında... Amma gənclər daha çox müasir və müstəqil Azərbaycanı düşünürlər. Ona görə bizim ixtiyarımız yoxdur ki, biz gələcəyimizi yenidən aparıb qul edək. Bəli, Türkiyəni sevirik. Amma bir şeyi başa düşmürlər. Konfederasiyada sən hüquqlarının bir hissəsini başqasına vermiş olursan. Mən bu işin gələcəyini ölkəmiz üçün uğurlu görmürəm.

- Səfirlərimizin diplomatik fəaliyyətini necə qiymətləndirirsiniz? Yeni nazir təyin olunub, gözləntiləriniz nədir? 

- Səfirlərimizlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Bizim xaricdəki səfirlərimiz 3 ay fəaliyyət göstərirlər – 20 Yanvar, Xocalı və Mart qırğınları ilə bağlı tədbirlər keçirib, daha sonra yatmağa gedirlər, 9 ay yatırlar. 9 ay darıxmasınlar deyə xaricdə öz bizneslərini də qururlar. Bizdə müəyyən ailələrin üzvləri olan şəxslər səfir təyin olunurlar. Dünyanın hər yerində adətən parlamentin peşəkar üzvlərini səfir gönərirlər. Bizim vaxtımızda olan deputatlardan Tamerlan Qarayev, Mirhəmzə Əfəndiyev, Yaşar Əliyev səfir təyin olundular. Bunların heç biri diplomatik akademiya qurtarmamışdı, amma peşəkar idilər. İndi o ənənə aradan çıxarılıb. Elmar Məmmədyarov Azərbaycan diplomatiyasını məhv elədi. Azərbaycanda hal-hazırda diplomatiya yoxdur. Yeni təyin olunan Ceyhun Bayramova sanki dağıdılmış, uçurulmuş bir binanı veriblər. Bunu yenidən bərpa etmək üçün yeni nazirə güclü komanda lazımdır. Yaxşı müşavirlər sistemi olmalıdır, beynəlxalq iqtisadi münasibətləri bilən şəxslər Nazirliyə cəlb olunmalıdırlar. Bu, artıq onun seçimindən asılıdır. Prezidentin kömkçisi Hikmət Hacıyev də o sahədə peşəkardır, gənc də olsa, o sahəni yaxşı bilir. Bizim səfirlərin 70%-ni dəyişmək lazımdır. Səfirlər kimlərinsə qohumlarıdırlar. Baxırsan ki, kiminsə qardaşıdır, bacısıdır, əmuşağıdır, xalası uşağıdır, kürəkənidir və s.  Bunlardan səfir olmaz, ona görə də ölkə bu sarıdan batır və təmsilçiliyimiz çox aşağı səviyyədədir.

- Livanın paytaxtı Beyrutdakı partlayışdan  orada yaşayan ermənilərin Qarabağa köç etməsi ilə bağlı informasiyalar yayıldı. Dedilər ki, ermənilər Qarabağa köçürülür. Bu nə dərəcədə inandırıcıdır?

Bu, Paşinyanın təxribatıdır. Birincisi, Beyrutda yaşayan erməni heç vaxt gəlib Yeravanda yaşamaz. Livanı, oradakı şəraiti, mühiti görən adam gəlib Qarabağda yaşayarmı? Livan Fransanın müstəmləkəsi olub, Beyrutda çox yüksək Avropa mədəniyyəti var. Livandakı ermənilər nəinki Qarabağda, heç gəlib Ermənistanda yaşamazlar. Ermənilərin orada çox böyük şəbəkələri var. Onlar da çox gözəl bilirlər ki, Paşinyan kukladır, siyasətdən tamamilə tamam uzaq adamdır. Paşinyan jurnalistdir, əslində bu sahədə də peəkarlığı heç vaxt nəzərə çarpmayıb. Bu cür dezinformasiyalar da onun təxribatıdır. Qarabağda vuruşanları Ermənistandan məcbur tutub gətirirlər, hamısının da 40-dan yuxarı yaşı var. Qarabağdakı ermənilərin hamısı oranı tərk edirlər. Bu dezinformasiyalar daxili auditoriyaya hesablanmış addımdır, amma uğursuzdur. Bu məsələlərdən başı çıxmayan şəxslər də hay-küy salırlar ki, Livandakı ermənilər Qarabağa gəlir. Bu dezinformasiyaları daxildə yayanlar elə bizimkilərdir. Məqsədləri də odur ki, daxildə xaos yaratsınlar, iqtidarın başı daxili problemlərə qarışsın. Ertiraf edək ki, ermənilərin apardığı informasiya müharibəsi yüksək səviyyədədidr. Heç görmüsünüzmü ki, erməni jurnalistlər, hətta Paşinyanın düşməni olanlar jurnalistlər Qarabağla bağlı məsələlərdə Ermənistan hakimiyyətindən fərqli mövqe ortaya qoysunlar? Onlar bu məsələdə birmənalı şəkildə vahid mövqedən çıxış edirlər.

Samir Feyruzov