Saatlar Bakı, yoxsa Moskva vaxtına qurulur? - Rusiya, Kreml...

03 noyabr, 2021 13:45

Yeni və yekun üçtərəfli sazişin imzalanmasının zamanı çatıb; Paşinyanın “ipinin üstünə əlavə odun yığmaq” mümkün olacaqmı?.. 

Müharibədəki acınacaqlı məğlubiyyətdən sonra erməni toplumu “artsax” məsələsinin bir xam xəyal, xülya olduğunu yavaş-yavaş anlamağa başlayıb. Əlbəttə, yaxşı olardı bu yöndə dərketmə sürətli getsin. Çünki bölgədə daimi sabitlik, silahlanma yarışı ondan çox asılı olacaq. Ən çox da bu, elə Ermənistana lazımdır. Blokadada inləyən “izqoy” və terrorçu dövlət, nəhayət, özünü beynəlxalq hüquq normaları çərçivəsində aparmağı və qonşuları ilə dinc-yanaşı yaşamağı öyrənmək zorundadır.

Bundan ötrü “miatsum”, “dənizdən-dənizə Böyük Ermənistan” kimi sərsəmləmələrdən təcili imtina tələb olunur. Düzdür, erməni xalqına yalnız fəlakətlər gətirmiş bu sarsaq ideya getdikcə daha çox erməninin şüuruna hakim kəsilməkdədir, ancaq əfsus ki, millət olaraq, tam dərkə və ağla gəlməyə hələ var. Hərçənd bu yöndə pozitiv elementlər və siqnallar çoxalır.

*****

Misal üçün, keçən həftə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir çeynənmiş cümlə işlətmişdi ki, ““artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq”. Onun bu sözləri sosial şəbəkənin erməni seqmentində əməllicə lağ predmetinə çevrilmişdi. İstifadəçilərdən biri isə yazmışdı ki, “Doğru, ”artsax" heç vaxt Azərbaycanın tərkibində olmayacaq, çünki artıq o yoxdur".

Gerçəkdən də yoxdur. Olmayıb da. Sadəcə, erməni xalqı on illərlə vicdansızcasına aldadılıb, ona “artsax” nağılları danışılıb, ağlasığmaz miflər yaradılıb, o cümlədən də “məğlubedilməz erməni ordusu” haqda. İndi isə “əkdiklərini biçmək” zamanı gəlib.

“Bir tərəfdən Moskva ”artsax"a Azərbaycan ərazisi kimi baxır, digər tərəfdən isə ərazidə onun hərbi mövcudluğu var. Bu, çox şeydən xəbər verir, baxmayaraq ki, indiki mərhələdə bu hərbi mövcudluq yalnız Ermənistan təzyiq obyekti olaraq qalır".

Bunu uydurama “dqr”in sabiq və qondarma “XİN başçısı” Arman Melikyan deyib.

““Artsax” bitdi, indi məsələ Zəngəzurdur". Bu fikri isə erməni siyasi icmalçı Qalust Qriqoryan söyləyb (Axar.az).

Onun sözlərinə görə, Ermənistanda Qarabağ məsələsi sərhədlərin demarkasiya və delimitasiyasından sonra tam gündəlikdən çıxarılacaq: “Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sənədlərin imzalanması ilə Ermənistan dövləti rəsmi şəkildə Qarabağı Azərbaycan torpağı kimi etiraf etmiş olacaq”, - deyə o vurğulayıb.

Qriqoryan daha sonra bildirib: “Bu yaxınlarda Nikol Paşinyan etiraf etdi ki, Zəngəzurda müəyyən əraziləri Azərbaycan tərədinə təqdim edib. Paşinyanın dediyinə görə, bu qərar hərbi əməliyyatların yenidən başlanmaması üçün verilib. Hazırda Bakıda nəinki Zəngəzur dəhlizi barədə söhbətlər dolaşır, həm də Azərbaycan tərəfi Zəngəzur dəhlizinin əməli surətdə həyata keçirilməsi ilə məşğul olur. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bugünlərdə bəyan etdi ki, Ermənistan demarkasiya və sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırdır. Bu o deməkdir ki, ”artsax" məsələsi birdəfəlik bağlanıb. Biz ermənilər də etiraf edirik ki, bu, Azərbaycan torpağıdır!"

Beləcə, erməni ekspertlər də, separatçı tör-töküntülər də “qatarın” artıq getdiyini və Ermənistanın da Rusiya kimi ölkəmizin ərazi bütövlüyünü gec-tez tanımalı olacağını əslində yaxşı bilirlər. Əks halda, onların Qarabağdakı varlığına Rusiya sülhmıramlıları da zəmanət verə bilməyəcək.

*****

Rusiyadan söz düşmüşkən, Moskva “yumurtaları eyni səbətə qoymağın” artıq təhlükəli olduğunu anlayır. Başqa sözlə, 10 noyabr kapitulyasiya aktının daha işlək hala gəlməsi və davamlı olması üçün ona yeni məzmun verilməsinin zəruriliyini başa düşür. Xüsusən də sənədin imzalanmasının birinci ildönümü ərəfəsində. Bu isə yeni və daha sanballı üçtərəfli sazişin imzalanmasını diktə edir. 

Maraqlıdır ki, məhz bu ərəfədə Rusiya XİN rəhbəri Sergey Lavrov G-20 sammitindən sonra erməni həmkarı Ararat Mirzoyana zəng edib. Məlumatlara görə, tərəflər bölgədə kommunikasiyanın blokadadan çıxarılmasını, Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılmasını, bir il öncə imzalanan üçtərəfli bəyanatların icrası məsələlərini müzakirə ediblər.

Siyasi müşahidəçilərin zənnincə, Lavrovun zəngində diqqətdən yayınmayan kiçik bir detal da var. Belə ki, “tərəflər gündəmdə olan məsələlərlə bağlı ”saatları dəqiqləşdirib". Bəs nəticə? Saatlar Bakı vaxtına, yoxsa Moskva vaxtına qurulur? Bunu da yəqin ki, gələn həftə Rusiyada baş tutması gözlənilən üçtərəfli Əliyev-Putin-Paşinyan görüşündən sonra biləcəyik. O da bəlli olacaq ki, Nikol Paşinyanın “ipinin üstünə əlavə odun yığmaq” olar, ya yox? 

*****

Qeyd edək ki, qoyulan sualların cavabları, yəni mümkün yeni Moskva anlaşmaları ilə bağlı skeptik düşünən təhlilçilər də var.

 Pavel Felqenqauer 

Məsələn, yəhudi əsilli rusiyalı hərbi ekspert Pavel Felqenqauer hesab edir ki, “Putin, Əliyev və Paşinyanın elan edilən üçtərəfli görüşündə fundamental nəyinsə baş verəcəyi ehtimalı azdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Caliber.az-a müsahibəsində deyib.

P.Felqenhauerə görə, kommunikasiyaların blokadadan çıxarılması, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşmalar əvvəllər də mövcud olub: “Üçtərəfli görüşdə, - əgər bu baş tutsa, - təbii ki, bu razılaşmalar bir daha təsdiqlənə bilər. Əslində problem heç bir razılaşmanın olmamasında deyil, çünki heç kim sərhədlərin demarkasiyasından imtina etmir. Problem demarkasiyanı praktikada, konkret ərazidə necə aparmaqdadır. Əgər görüş, hər halda, baş tutsa, ola bilsin, bu, vəziyyəti sakitləşdirəcək. Ancaq düşünmürəm ki, sammitdən sonra hər şey əla olacaq və hamı razılaşmaların şərtlərini yerinə yetirməyə başlayacaq”.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xankəndinin və Azərbaycanın digər ərazilərinin sonrakı taleyinə gəlincə, ekspert bu məsələ ilə bağlı hələ ki prinsipial razılaşmanın olmadığına diqqıt çəkib: “Ermənistanda heç kim qalan ərazilərin Azərbaycana verilməsinə razı deyil. Rusiya, görünür, belə hesab edir ki, hələlik ən yaxşısı - status-kvonu dondurub beləcə, 5-10 il yaşamaq, sonrasına baxmaq daha yaxşıdır. Azərbaycan da görünür, prosesləri süni şəkildə sürətləndiməyə hazır deyil, çünki işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı müəyyən problemlər var. Mən əhalinin geri qayıtması və ərazidə iqtisadi fəallığın bərpası ilə bağlı problemləri nəzərdə tuturam”.

*****

Moskva görüşü həm də bu qəbildən gözləntilər fonunda baş tutmalıdır. Nəticə nə olur-olsun, bir şey dəqiqdir: 44 günlük müharibənin qalibi Azərbaycanı 1 illik zamanın tamamında hazırkı durum qane eləmir və İrəvanın öz öhdəlikərini qeyd-şərtsiz və tam həcmdə yerinə yetirməsi üçün ona qarşı yeni təzyiq mexanizminin tapılmasının vaxtı çatıb.

Sonda əlavə edək ki, bəzi mənbərlərin yazdığına görə, bu xüsusda Moskvanın səyləri ilə yanaşı, Bakı ilə İrəvan arasında hətta ən yüksək səviyyədə qapalı kanallarla da müzakirələr aparılır. Belə bir ehtimalı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın keçən həftəsonu Romadan qayıdarkən işlətdiyi aşağıdakı sitat daha da gücləndirib: “Makronla Cənubi Qafqazı müzakirə etdik, dedik ki, bölgədə müsbət addımlar var və bu addımları hörmətli İlham Əliyev qardaşımız da davam etdirmək istəyir. Hətta Paşinyanla da görüşməsi oldu, bu görüşdə ”altılıq platformasını" yaratmaq məsələsi gündəmə gəldi".

musavat.com