Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı
Rusiyada istintaq orqanları müxtəlif qətllərin təşkilində ittiham olunan milyarder İbrahim Süleymanovun yaxın adamlarını dindirməyə başlayıb.
RİA xəbər verir ki, şahidlərdən biri ifadə verməsinə baxmayaraq, onun kimliyi təhlükəsizlik səbəbilə gizli saxlanılır.
Məlumata görə, Süleymanovun həbsi ilə bağlı üç bölgədə 27 axtarış aparılıb, 35 ekspertiza təyin edilib və onun yaxın çevrəsindən 26 nəfər şahid qismində dindirilib. Həmin şəxslərdən nümunələr də götürülüb. İstintaqın qarşıdakı mərhələsində daha 10 şahidin ifadəsi alınmalı, 20 əlavə baxış keçirilməlidir.
İş materiallarında “Tarkovski” kod adı ilə keçən gizli şahid Süleymanovun vəkil İlya Perequdova qarşı sui-qəsddə iştirakını iddia edib. Təqsirləndirilən tərəfin müdafiəsi bu ifadələri “şayiə” adlandırıb.
Qeyd edək ki, milyarder İbrahim Süleymanov həm Vnukovo Həmkarlar Komitəsinin sədri Gennadi Borisovun, həm də Federal Xidmətlər üzrə nəzarət idarəsinin (FSFO) keçmiş rəhbəri Georgi Talın qətllərində iştiraka görə ittiham olunur. O, eyni zamanda 2021-ci ildə vəkil İlya Perequdova qarşı sui-qəsddə iştirakda da günahlandırılır.











