AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü
Qazaxıstan Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı dərc etməzdən əvvəl 2 xarici laboratoriyanın tədqiqatlarının nəticələrini gözləyir.
Sputnik Kazaxıstan xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
ICAO qaydalarına əsasən, hava qəzası ilə bağlı yekun araşdırma hesabatı hadisə tarixindən sonra 12 ay ərzində dərc edilməlidir.
Xatırlatma: 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer” təyyarəsinin iştirakı ilə təyyarə qəzası baş verib. Bakıdan Qroznıya uçan təyyarə məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü, o cümlədən 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan mülki təyyarəsi xarici zədələrə məruz qalıb və praktiki olaraq nəzarətdən çıxıb. O, təyyarənin elektron müharibə ilə idarəolunmaz hala gətirildiyini və Rusiyaya tələblər irəli sürüb.
Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat dərc edib. Hesabata zədələnmiş və qismən yanmış təyyarənin fotoşəkilləri daxildir. Görüntülərdən birində fövqəladə vəziyyətdən sonra uçuşun yenidən qurulması əks olunub.
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə Düşənbədəki görüşündə Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğramasından danışıb. O, bir daha Azərbaycandan üzr istəyib və təzminat ödəniləcəyini bildirib.











