"Dünənki uşaqları gətirib o vəzifələrə qoyanda..." - Keçmiş nazirdən mühüm açıqlamalar
Azsiyaset.com sabiq Təhsil naziri Firudin Cəlilovun yenisabah.az-a verdiyi müsahibəni təqdim edir:
- Bildiyiniz kimi, Prezidentin fərmanı ilə Təhsil Nazirliyi ləğv edilərək, Elm və Təhsil Nazirliyi yaradıldı. Sizcə, bu, sadəcə ad dəyişikliyi ilə yekunlaşacaq, yoxsa təhsildə də islahatların olması mümkündür?
- Təhsildə islahat çox vacibdir. Bəzi sahələr var ki, onillərlə geridə qalmışıq, bunlardan biri də təhsildir. Zaman dəyişir, elm-texnika inkişaf edir. Təhsil də bununla ayaqlaşmalıdır. Bu mənada təhsildə yeniləşmə daim olmalıdır. Hələ 90-cı illərdə mən Baş nazirin müavini olanda qarşıma məqsəd qoymuşdum ki, artıq reformlara başlamalıyıq. “Literaturnaya qazeta” var idi, oradan müxbir gəlmişdi və test imtahanları bağlı maraqlanırdı. Hansı ki, mən onu tətbiq etməyə başlamışdım. İlk dəfə 2 min tələbəni test imtahanından keçirdib Türkiyəyə oxumağa göndərmişəm. Bu reformlar ki, başladı, rus qəzetindən gələn müxbir məndən bir müsahibə aldı. Sonra Moskvadan bizim səfir zəng etdi ki, Firudin bəy, bu müsahibənizi icazə verin, başqa jurnallara verək. Yəni Azərbaycanda təhsillə bağlı gedən islahat, artıq yayılmışdı. Hətta SSRİ miqyasında bununla maralanırdılar.
1992-ci ildə Dünya Bankıın dərc etdiyi bir jurnal var idi. Cümşüd Nuriyev onu gətirmişdi. O jurnal da hər ilin axırında müxtəlif ölkələrdə gedən hadisələr və reformlar haqqında məlumat verirdi. Orada yazmışdılar ki, MDB ölkələrində Azərbaycan iqtisadiyyatda və digər səviyyələrdə 4-cü, 5-ci yerdədir, amma təhsildə olan islahatlara görə 1-ci yerdədir. Hətta Rusiya o vaxtlar təhsildə bizdən geridə - 4-5-ci yerdə idi.
Demək istədiyim odur ki, Azərbaycanda təhsillə bağlı gedən islahatlar tək Azərbaycanın yox, əlaqədar olan qurumların da nəzərində idi.
- Bu reformlara yenidən ehtiyac var?
- Əlbəttə. Mən niyə tarixdən başladım, çünki bizim başladığımız yarımçıq qaldı. Çünki hakimiyyət dəyişdi, yeni gələnlər də bununla maraqlanmadı. Həmin ərəfədə biz təhsil qanunu hazırladıq və parlamentdə qəbul olundu. Mən Baş nazirin müavini olanda təhsil, elm və səhiyyə mənim kurasiyamda idi.
Mən AMEA-nın prezidenti rəhmətlik Eldar Salayevdən xahiş etdim ki, elmi şuranı yığıb söhbət edəcəyik. Zəng etdi ki, biz hazırıq, gəl, getdim. Rəhmətlik Ziya Bünyadov da orada idi. O dedi ki, mən 40 ildir Akademiyada işləyirəm, birinci dəfədir ki, görürəm, məmur gəlib deyir, elmi söhbət edək. Həmin şurada mən dedim ki, elmlə təhsil bir medalın iki üzüdür və bunları bir-birindən ayırmaq olmaz. Təhsil qanunu hazırlamışam, bu gün-sabah parlamentə verəcəyəm, qəbul olunacaq, amma mən çox istərdim ki, bununla paralel elm qanunu da hazırlansın və hər iki qanunda inteqrasiya nəzərdə tutulsun, yəni elmlə təhsil birləşsin. Onlara bunu izah etdim ki, düşünməyin ki, bu, Akademiyanın ləğvidir. Əksinə, büdcədə pul azdır, Akademiyanın işçilərinin maaşı azdır, müəllimlərin də vəziyyəti o qədər yaxşı deyil. Lakin burada ixtisardan yox, inteqrasiyadan söhbət gedəcək. Neçə akademiksiniz, oturubsunuz burada və sizin institutlarla əlaqəniz yoxdur. Amma o qanunlarda elə yazılmalıdır ki, o əlaqə olsun. Yəni universitet tələbələri gəlsin sizin rəhbərliyiniz altında elmi işlə məşğul olsun. Sizin də universitetlərə ayağınız açılsın gedib orada dərs deyin.
Çünki Akademiya elm mərkəzidir və təhsillə elmin inteqrasiyasını belə qurmaq lazımdır. Hətta dedim ki, gələcəkdə imkanımız olsa, Elm və Təhsil Nazirliyi yaratmaq lazımdır. Bu dediyim hər iki qurum da həmin nazirliyin tərkibində olmalıdır.
- Biz bu mexanizmi tətbiq etməyə gecikməmişikmi?
- İlk dəfə AMEA-nın Elmi Şurasında bu söhbəti mən etmişəm. Üstündən 2-3 gün keçəndən sonra kimsə deyib ki, əlimizə fürsət düşüb, bu hakimiyyəti yıxmaqdan ötəri bu da yaxşı bir bəhanədir. Yayın ki, yeni hakimiyyət Akademiyanı ləğv etmək istəyir.
Bunu da adını çəkmədiyim bir nəfərin tapşırığı ilə başladılar yaymağa. Bir də gördüm qəzetdə böyük bir məqalə çıxıb ki, yeni hökumət Akademiyanı bağlamaq istəyir. Artıq o məqalə çıxanda Pənah Hüseyn Baş nazir idi. Nazirlər Kabinetində artıq proqram var, bunlar Akademiyanı bağlamaq istəyir.
Bu məqalə də 6-7 akademikin imzası ilə çıxdı. Düşdülər Pənahın üstünə ki, o, Akademiyanı dağıtmaq istəyir. Yazıq Pənah Hüseynin, ümumiyyətlə, bu məsələdən xəbəri yox idi. Məsələni mən demişəm, amma Baş nazirin müavini o olduğum üçün onun üstünə düşdülər, mənim sözümü bağladılar Pənah Hüseynin üstünə.
Son illərə qədər də onu yıxıb-sürüyürdülər. Bir gün bunu Pənaha danışdım ki, bu məsələ belə olub. Dedi, mən də məəttəl qalmışam, axı mən belə bir şey deməmişəm, niyə məni söyürlər?
Demək istədiyim odur ki, bu gün elm və təhsil məsələsini 30 il bundan qabaq biz başlamışdıq, yarımçıq qaldı. Niyə yarımçıq qaldı? Hakimiyyət dəyişdi. Niyə bu reform olmalıydı? Ona görə ki, bu labüd idi. Elm və təhsili bir-birinə ayırmaq, müstəqil sahə kimi əlaqələrini kəsmək düzgün deyil.
Bunlar bir əlin altında olmalıdır. Amma o əl elə olmalıdır ki, həm elmdən, həm də təhsildən xəbəri olan adamlar olsun orada. Yoxsa ki, dünənki uşaqları gətirib o vəzifələrə qoyanda o islahatlar, əlbəttə ki, getməyəcək.
Son illərdə biz görürük bunu. Məndən sonra elə nazirlər qoydular ki, bu adam heç 1 saat belə girib auditoriyada dərs deməyib. Dərslik nədir bilmir. O nə təhər nazir olacaq? Yəni professionallar, savadlı adamlar, təhsildə və elmdə təcrübəsi olan insanlar və illərlə o sahədə işləyən kəslər olmalıdır. Demək istədiyim odur ki, bu reformun gerçəkləşməsində kadrlardan çox şey asılıdır.
- Bununla belə AMEA-nın daxilindəki bir sıra institutlar yeni yaradılan Elm və Təhsil Nazirliyinin tərkibinə daxil edildi. AMEA-nın sonrakı mərhələdəki fəaliyyəti sizcə, necə olacaq?
- Bu, ümumiyyətlə, gülməlidir, hətta Akademiyanın parçalanması deməkdir. Elə bil ki, elmin bir hissəsini qoparıb kənar bir yerə qoyursan. Bu, kimin ağlına gəlib, bilmirəm. O cür reform olmaz.
İkinci bir məsələ, bu yeni yaranan qurumun nizamnaməsi necə olacaq, onun təşkilat məsələləri necə olacaq, kənarda qalan institutlar necə fəaliyyət göstərəcək, Nazirliyə birləşdirilən institutlar necə çalışacaq – bunların haqqında mən indi söz demək istəmirəm, çünki əlimdə fakt yoxdur. Bunu nə vaxt, nə təhər edəcəklər, bax, onda baxıb deyəcəyəm ki, doğru yoldadırlar, yaxud yanlış.
Amma ümumi şəkildə deyirəm ki, islahata böyük ehtiyac var idi. Əgər başlayıblarsa, bu, yaxşı işdir və əgər nəzərdə tutduğum islahatları aparacaqlarsa, onlara ancaq uğurlar arzulamaq olar. Yox, belə kağız üzərində, xala-xətrin qalmasın islahatlardısa, o, həm elmimizə, həm də təhsilimizə böyük ziyan verəcək.
- Yəni deyirsiniz ki, bəzi instutların birbaşa Elm və Təhsil Nazirliyinin tərkibinə verilməsi AMEA-nın parçalanması deməkdir...
- Əlbəttə, kor-kor, gör-gör. Akademiyanı iki yerə bölürlər, bəzi institutları verirlər nazirliyə, bəziləri isə qalır Akademiyada. Birincisi, belə olan halda Akademiya cırlaşır, ikincisi də mən başa düşə bilmirəm ki, hansı prinsiplə bu bölgünü aparırlar ki, “A” institutu qalsın Akademiyada, “B” institutu keçsin Nazirliyə. Bu, prinsipcə səhvdir.
- Belə bir iddia da var ki, AMEA-da Ramiz Mehdiyevin komandasının təmizlənmə işlərinə start verilib və köhnə qvardiya yavaş-yavaş ixtisar edilir. Sizcə, AMEA-nın əlindən alınan hüquqlar artıq Ramiz Mehdiyevin də sonunun çatmasına işarə ola bilərmi?
- Bilirsiniz, o cür şərhlər vermək kökündən yanlışdır. Ramiz Mehdiyev 30 ildir tək Akademiyada yox, polisdə, orduda, təhsildə, səhiyyədə, bir sözlə hər yerdə adamlarını yerləşdirib. O cür onu təmizləmək də mümkün deyil. Özü də tək Ramiz də deyil axı. Burada “beşinci kolon”un İran qolu var, Avropa, Rusiya qolları var. Amma bu faktdır ki, Akademiya həmişə Ramizin kurasiyasında olub. O da siyahı tutub və yaxın adamlarını özü kimi akademik edib. Elə akademik var ki, adamın heç bir-iki dənə kitabı da yoxdur, yaxud xaricdə bir məqaləsi belə çap olunmayıb. Deməli, müəyyən adamları akademik seçib. İndi biz onları necə təmizləyək? Akademikliyini əlindən alacaqlar ki, sən Ramizin adamısan? Mümkün olan şey deyil axı. Özü də bir deyil, iki deyil, on deyil, çoxdur.
Mənim bir neçə tələbəmi Akademiyaya seçiblər. Düzdür, içlərində savadlıları da var, amma məni Akademiyaya adi işçi kimi götürmürdülər. Təsəvvür edin, Ramizin hazırladığı kadrlar Ramizdən on qat daha çox ziyan vurublar. O kadrları da bu şəkildə təmizləmək mümkün deyil.
İkinci bir məsələ də Ramizin adamları təkcə Akademiya və təhsil sistemində deyil, hər yerdədirlər. Xüsusilə də bu məhkəmə sistemində.
Mən bir misal çəkmək istəyirəm: Baxın, bu gün meydanda niyə Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xudu Məmmədov, Xəlil Rza Ulutürk kimi ziyalılar yoxdur? Mən belə 10 adamın adını çəkərəm ki, ortada, xalqın qabağında, onun inandığı, hörmət etdiyi bir ziyalı ordusu var idi. Bu indi niyə yoxdur? Ramiz etdi bunu. Milli ziyalıların hamısını qara siyahıya saldı, onları nə məktəbə, nə universitetə, nə Akademiyaya buraxdılar, nə də tədbirlərə çağırdılar.
Bəzi jurnalistlərin sayəsində o adamların haqqında iftiralar yaydılar, aranı qarışdırdılar, təhqir etdilər və s. Yəni Ramiz imkan vermədi ki, ziyalı yetişsin. Ona görə, bu gün meydan boşdur, ona görə bu gün Azərbaycan kimi möhtəşəm bir xalqın ziyalı ordusu ortada yoxdur.
Ramizin Azərbaycana vurduğu ən böyük ziyan budur. Uzağa getməyin, məni götürün. Mən boyda adam gedirəm Universitetə ki, dərs deyim, müəllim işləyim, deyirlər olmaz. Niyə? Deyir ki, yuxarıdan göstəriş var ki, səni müəllim götürə bilmərik. Bunu mənə açıq deyiblər. Akademiyada da, televiziyada da bu olub. Qara siyahıda olmuşam. Biri var mən bunu kimdənsə eşidim, biri də var ki, bu, mənim özümlə bağlıdır. Mənim kimi onlarla ziyalını meydandan çıxarıb atdılar. Bunların hamısının başında Ramiz durur.
Həmin o “beşinci kolon”un ideoloji təxribatları dayanır. Yəni Ramiz təkcə əldəqayırma akademiklərin yaranmasında aktiv iştirak etməyib, eləcə də ziyalılarımızı məhv edib. Bu mənada bir daha təkrar edirəm ki, ziyalı Akademiyada, universitetdə yetişir.
Yadınıza salım ki, 80-90-cı illərdə ilk milli məsələlər Akademiyada, Universitetlərdə müzakirə olunurdu. Ona görə də elm və təhsilin inteqrasiyası vacibdir və bunu peşəkarlar etməlidir.