İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü
Səfirin sözlərinə görə, Tehranın əsas gözləntisi Ermənistan-İran sərhədində xarici hərbi qüvvələrin yerləşdirilməməsi və sərhədyanı ərazilərdən İrana qarşı təhlükə yaradılmamasıdır.
İran TRIPP layihəsi ilə bağlı narahatlığını yenidən gündəmə gətirib. Tehran Ermənistan hakimiyyətindən Azərbaycanla sərhədlərin açılması və nəqliyyat kommunikasiyalarının bərpası prosesində İranın təhlükəsizlik maraqlarının nəzərə alınmasını tələb edir. Musavat.com xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami jurnalistlərə açıqlamasında ölkəsinin TRIPP layihəsinin (Zəngəzur dəhlizi) mümkün nəticələri ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib.
Diplomat bildirib ki, İran bu məsələdə mövqeyini şəffaf və aydın şəkildə Ermənistan tərəfinə çatdırıb. Onun sözlərinə görə, Tehran konstruktiv dialoq vasitəsilə yarana biləcək problemlərin həllinin mümkünlüyünə inanır.
Şirqolami vurğulayıb ki, TRIPP layihəsinin müzakirəsi və həyata keçirilməsi zamanı Ermənistanın ərazi bütövlüyü və milli suverenliyinə hörmət edilməlidir. Eyni zamanda, üçüncü tərəflərin Ermənistanla İran arasında strateji münasibətlərə zərbə vurmasına imkan verilməməlidir.
Səfirin sözlərinə görə, İranın əsas gözləntisi Ermənistan-İran sərhədində xarici hərbi qüvvələrin yerləşdirilməməsi və sərhədyanı ərazilərdən İrana qarşı təhlükə yaradılmamasıdır.
Diplomat qeyd edib ki, Ermənistanın yüksək səviyyəli rəsmiləri dəfələrlə belə presedentlərin olmayacağına dair təminatlar veriblər. Bununla belə, Tehran yalnız siyasi bəyanatlarla kifayətlənmək istəmir, layihənin icrası zamanı konkret mexanizmlərin yaradılmasını vacib sayır. Şirqolami bildirib ki, texniki məsələlər hazırda müzakirə mərhələsindədir. Əsas məsələ layihənin hansı mexanizmlərlə həyata keçiriləcəyidir. Bu mexanizmlər Ermənistanın suverenliyinə hörmət edilməsinə, ölkənin yurisdiksiyasından kənar hər hansı dəhlizin yaradılmamasına və xarici qüvvələrin iştirakına yol verilməməsinə təminat verməlidir.
Səfir əlavə edib ki, İran Ermənistanla müzakirələrin aparılması üçün xüsusi formatın yaradılmasını istəyir. Belə bir mexanizm yarana biləcək problemlərin operativ həllinə imkan verə bilər. İranlı diplomat Ermənistan hökumətinin layihənin planlaşdırılması zamanı ehtiyatlı və diqqətli davranacağına ümid etdiklərini bildirib.
İranın bu açıqlaması göstərir ki, TRIPP layihəsi ətrafında geosiyasi müzakirələr hələ də davam edir. Tehran xüsusilə Ermənistan-İran sərhədində ABŞ və ya digər xarici qüvvələrin hərbi iştirakına çevrilə biləcək ssenarilərə qarşıdır. Bu, İranın Cənubi Qafqazda geosiyasi təsir imkanlarının dəyişməsindən ehtiyat etdiyini göstərir.
Azərbaycan üçün isə məsələnin əsas mahiyyəti Naxçıvanla maneəsiz nəqliyyat bağlantısının təmin olunmasıdır. Vaşinqtonda əldə edilmiş 8 avqust razılaşmasında da Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin yaradılması, bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət prinsipi təsbit olunub. Burada Azərbaycanın maraqları baxımından vacib məqam odur ki, İranın təhlükəsizlik narahatlıqları Azərbaycanın Naxçıvana çıxışının məhdudlaşdırılması üçün əsas gətirilməməlidir. Eyni zamanda, layihənin icrası zamanı Ermənistanın üzərinə götürdüyü öhdəliklərin formal xarakter daşımaması, tranzitin real, dayanıqlı və maneəsiz təşkili təmin edilməlidir.
Başqa sözlə, TRIPP nə İranla Ermənistan arasında qarşıdurma predmetinə çevrilməli, nə də Azərbaycanın Naxçıvanla birbaşa bağlantısı məsələsini qeyri-müəyyən müddətə uzatmalıdır. Regionda davamlı sülhün əsas şərtlərindən biri kommunikasiyaların qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında açılmasıdır. Azərbaycanın gözləntisi də məhz budur.
Sonda qeyd edək ki, TRIPP layihəsi ilə bağlı Ermənistan-ABŞ Çərçivə sazişi 2026-cı il oktyabrın 28-də Ermənistan parlamentində ratifikasiya olunub(musavat.com).











