ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi
İran hərbçiləri Hörmüz boğazında ABŞ-yə məxsus ikinci sualtı pilotsuz aparatı ələ keçirdiklərini bəyan ediblər.
Bu barədə "Tasnim" agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
"İran Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri radioelektron mübarizə vasitələrinin köməyi ilə həyata keçirilən koordinasiyalı və mürəkkəb əməliyyat nəticəsində Hörmüz boğazında kəşfiyyat məqsədilə fəaliyyət göstərən, ABŞ ordusuna məxsus qabaqcıl sualtı pilotsuz aparatı ələ keçirə biliblər", - deyə bəyanatda bildirilir.
SEPAH-ın məlumatına görə, ələ keçirilən aparat daha əvvəl tutulmuş ABŞ-nin "Remus-600" sualtı pilotsuz aparatının bir növüdür. Hazırda o, daxilindəki məlumatların öyrənilməsi və bərpa olunması üçün iranlı mütəxəssislərə təhvil verilib.
Qeyd edək ki, İran hərbçiləri bundan əvvəl də Hörmüz boğazında ABŞ-yə məxsus sualtı pilotsuz aparatın ələ keçirilməsi barədə məlumat yaymışdılar.













