Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı başladılan təxribat xarakterli kampaniyaları tənqid edib.
Ü.Özdağ bu barədə sosial şəbəkə hesablarında videomüraciət yayımlayıb.
“Son günlər sosial şəbəkələrdə Azərbaycanı, eləcə də Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan mütəşəkkil bir hücum kampaniyası həyata keçirilir. Bəzi trol və təxribatçılar tərəfindən qardaş Azərbaycana yönələn çox ağır hücum kampaniyası gedir. Bu hücumların arxasında hansı ölkələrin kəşfiyyat təşkilatlarının dayandığını təxmin edirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan dünyada siyasət və diplomatiya tarixində bu günə qədər mövcud olmayan səviyyədə yaxınlıq və güclə bir-birinə bağlı iki müttəfiq və qardaş ölkədir: “Bu səviyyədə müttəfiqlik əlaqələri nə ABŞ İngiltərə arasında, nə Almaniya ilə Avstraliya arasında, nə də Rusiya ilə Belarus arasında var. Türkiyə və Azərbaycan yalnız bizim gözümüzdə deyil, bütün dünyanın gözündə də bir millət, iki dövlətdir”.
Bununla yanaşı, çıxışında Türkiyə xalqına müraciət edən Özdağ Azərbaycanda Türkiyəyə olan sevginin sözlə ifadə edilə biləcək bir hiss olmadığını vurğulayıb: “Azərbaycanda hər evdə bir Azərbaycan, bir də Türkiyə bayrağı var. Türkiyədə Azərbaycanın haqqında danışacaq hər kəs öncə bu reallığı bilməsi lazımdır. Mən getdim, öz gözlərimlə gördüm. Azərbaycan, əlbəttə, ki, bizim qardaşımızdır, amma eyni zamanda müstəqil bir dövlətdir, daxili, xarici siyasəti, iqtisadi siyasəti, enerji siyasətini və yaxud hər hansı digər siyasəti öz iradəsi ilə təyin etmə hüququna sahib müstəqil bir dövlətdir. Azərbaycan Türkiyənin və yaxud Ədalət və İnkişaf Partiyası iqtidarının bir əyaləti deyil. Azərbaycana olan baxışımızı həmin ölkənin üçüncü bir ölkə ilə olan diplomatik əlaqələri müəyyən edə bilməz. Azərbaycanın İsrail ilə olan münasibətləri səbəbi ilə tənqid etmək haqqımız yoxdur və bu cür tənqid haqlı hesab edilə bilməz”.
O vurğulayıb ki, Azərbaycanın İsraillə əlaqələrində öz səbəbləri var və bunda haqlıdır.
Partiya sədri qeyd edib ki, sosial şəbəkələrdə Azərbaycanı təhqir edən hesablar bağlanmalı, Azərbaycan əleyhinə paylaşım edən provokator və trolların cavabları verilməlidir.











