Bakıda qara çörək qıtlığı - Buğdanın qiyməti də bahalaşdı

12 oktyabr, 2022 09:40

Ekspert noyabr-dekabr aylarında yeni qiymət artımı dalğası olacağını dedi

Artıq bir həftədir mağazalarda qara çörək qıtlığı müşahidə olunur. Alıcılar paytaxtın bəzi qəsəbə və rayonlarında yerləşən mağazalarda qara çörək tapa bilmədiklərini bildirirlər.

Məlumata görə, buna səbəb ölkədə çovdar unu qıtlığı yaranmasıdır. Çörəkbişimə müəssisələri çovdar unu ala bilmədikləri üçün qara çörək istehsalının dayandığı deyilir. Qara çörək istehsalı üçün çovdar unu ölkəmizə əsasən Rusiyadan idxal olunur. Lakin bir həftədir ki, Rusiyadan Azərbaycana çovdar unu idxal olunmayıb. Problemin nə vaxt həllini tapacağının da bəlli olmadığı bildirilir. Qeyd edək ki, bir neçə ay bundan əvvəl də ölkədə çörək istehsalı ilə məşğul olan müəssisələr unu limitlə aldıqlarını təsdiqləmişdilər. Həmin müəssisələrdən qeyd olunurdu ki, gündəlik 20 kisə aldıqları mağazalar indi bu rəqəmi 3 dəfə azaldıblar.
Onu da əlavə edək ki, Azərbaycanda çovdar unu çörəyi əsasən iki müəssisədə - 1 saylı Xətai Çörək Zavodu və “Çörəkçi” zavodunda istehsal olunur. 1 saylı Xətai Çörək Zavodundan Bakupost.az-a məlumatı təsdiqləyiblər: “İki həftəyə yaxındır ki, çovdar unu almırıq. Bu səbəbdən qara çörək istehsalı dayanıb”.

Qeyd edək ki, buğdanın qiyməti də dünyada təxminən 5 faiz bahalaşıb.

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “BMT-nin Ərzaq Fondunun hesablamalarına görə, dünyada buğdanın qiymətində bahalaşma baş verib. Lakin bu, əvvəlki qiymət artımından daha aşağıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsi yeni başlayan ərəfədə, yəni fevral-aprel ayında buğdanın qiymət daha yüksək idi və sonradan qiymətlər endi. Nə vaxt ki, Türkiyə vasitəsilə danışıqlar uğurla nəticələndi, iki ay əvvəl Ukrayna buğdasının dünya bazarlarına çıxarılmasına başlanıldı, həmin vaxt buğdanın qiyməti nisbətən düşdü. Lakin son bir ayda qiymətdə yenidən artım müşahidə olunur, bunun da əsas səbəbi odur ki, Ukraynadan çox çətinliklə olsa da dənli bitkilərin, buğdanın ixracatı həyata keçirilsə də, əkin aparılmır. Yəni demək olar ki, Ukraynada payızlıq əkin olmadı. Çünki ölkənin xeyli ərazisi ya raket atəşi altındadır, ya da cəbhə bölgəsidir. Həmçinin 20 faiz ərazisi, xüsusən də taxılçılıq bölgələri olan Xerson və Zaporoyje bölgələri işğal altındadır. Ona görə də dünya bazarında belə bir fikir formalaşıb ki, Rusiyanın işğalı nəticəsində Ukraynada əkin olmayacaq.

Beləliklə, nəticə etibarı ilə payızlıq əkin gözləntisinin olmaması, Ukraynanın bu il taxıl yığa bilməyəcəyi ehtimalı qiymətləri daha da artırdı və son bir müddətdir ki, buğdanın qiyməti 5 faiz artıb. Təbii ki, bu, Azərbaycana da təsir edir və ölkəmizin buğda idxal etdiyi ölkə Qazaxıstan, Rusiya və Ukrayna idi. İndi isə Ukraynadan demək olar ki, artıq 8 aydır buğda almırıq. İndi daha çox Qazaxıstandan un almağa başlamışıq".

İqtisadçı qara çörək qıtlığından da söz açıb: “Qara çörəyin hazırlandığı çovdar ununu əsasən Rusiyadan alırdıq. İndi isə taxıl və dənli bitkilərin başqa ölkələrə ixracatında ciddi maneələr var. Maneələr isə ondan ibarətdir ki, həm Rusiyanın özü daxili bazarı qorumaq üçün müəyyən məhdudiyyətlər qoyub, həm də logistik problemlər yaşanır. Belə ki, bank köçürmələri ilə bağlı problemlər var. Çünki bildiyimiz kimi, Rusiya sanksiya altındadır və aldığı məhsulların qiymətini ödəməkdə çətinlik çəkir. Ona görə də Rusiyadan gələn taxıl və dənli bitkilərin özü də azalıb. Rusiya Azərbaycana ciddi mənfi təsir göstərəcək bir amildir. Çünki daxili istehsal hesabına buğdaya olan tələbatın yalnız 25 faizini təmin edə bilirik, 75 faiz isə xaricdən asılıyıq. Xaricdəki qiymət dəyişikliyi, dənli bitkilərin qiymətlərinin dəyişməsi həmən ölkəmizə təsir edəcək”.

Natiq Cəfərli noyabr-dekabr aylarında yeni bir qiymət artımı dalğası yaşanacağını bildirdi: “Çünki adətən qış aylarında tələbat artır və Ukraynanın dünya bazarından çəkilməsi qiymətləri artıracaq, bununla da Azərbaycanda da növbəti qiymət artımı qiymətini dalğasını yarada bilər. O ki qaldı çovdar ununun ölkəmizdə istehsalına, bu mümkündür. Yəqin ki, bununla bağlı əlaqədar orqanlar artıq düşünməlidir. Bu, taxıldan daha az əmək tələb edən dənli bitki növüdür. Ona görə də Azərbaycan çalışmalıdır ki, özü bu un növünü istehsal etsin. Bununla bağlı imkanlarımız da var, hətta işğaldan azad olunmuş ərazilərin də imkanlarından istifadə etmək olar. Yəni Azərbaycanda çovdar ununa olan tələbatı daxili istehsal hesabına ödəmək olar. Çünki bu tələbat o qədər də böyük deyil, ağ çörəyə nisbətən azdır. Hələlik buna qədər yəqin ki, Qazaxıstanla danışıqlar aparılmalıdır, çünki Qazaxıstan da kifayət qədər ixracatçı ölkədir”.

İqtisadçı Eyyub Kərimli də qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi dünyadakı ərzaq təminatına xeyli dərəcədə mənfi təsir göstərib: “Çünki Rusiya və Ukrayna dünyanın əhəmiyyətli buğda təminatçısı idi və orada gedən proseslər bütün dünyaya öz təsirini göstərməkdədir. Bəzi buğda istehsalçısı olan ölkələr də mövcud vəziyyətdən istifadə etməyə çalışır. Yəni buğda və dənli bitkilərin satışına məhdudiyyətlər qoymaqla daha baha satmağa, daha çox gəlir əldə etməyə çalışırlar.

Sözsüz ki, Rusiya-Ukrayna münaqişəsi davam etdikcə, proseslər daha da gərginləşdikcə, gələcəkdə buğdanın qiyməti daha da arta bilər. Bu baxımdan hesab edirəm ki, ölkəmiz buğda təminatı ilə bağlı digər alternativ kanallar tapmalıdır ki, qarşıdan gələn qıtlığın qarşısı alınsın. Alternativ kanallar buğda istehsalçısı olan Almaniya, Hindistan, Cənubi Amerika ölkələri ola bilər. Onu da qeyd edim ki, bahalaşma ilə bağlı ən yaxşı mübarizə yerli istehsalın stimullaşdırılmasıdır. Bu baxımdan ölkə Prezidentinin müvafiq fərmanları ilə buğda istehsalçılarına müəyyən güzəştlərin, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi əhəmiyyətli olardı. Növbəti ilin büdcəsində kənd təsərrüfatı potensialının artırılması üçün 20 faiz artım nəzərdə tutulub ki, hesab edirəm bu da gələcəkdə ərzaq təhlükəsizliyinin təmin edilməsində çox əhəmiyyətli rol oynayacaq".

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı