Həbsxanalarda dustaqların sayını necə azaltmalı?

05 iyul, 2023 11:59

Qeyri-rəsmi statistikaya görə, cəzaçəkmə yerlərində saxlanılan məhkumların 15-20 faizi az ağır cinayət törətmiş şəxslərdir

Hüquqşünas Xalid Ağalıyev 46 ölkəni birləşdirən Avropa Şurasının məhbus hesabatına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, 2022-ci ilin sonuna Avropa Şurası ölkələrinin həbs yerlərində 981 min 575 nəfər cəza çəkib:

“Türkiyə 303 min 945 məhbusla birinci yerdə göstərilir. Bu, hər 100 min nəfərə 355 məhbus deməkdir. Gürcüstanda hər 100 min nəfərə 237, Azərbaycanda 217, Macarıstanda 194, Litvada 191, Polşada 190 məhbus düşüb”. Həbsxanalardakı sıxlıq baxımından Azərbaycanda hər 100 yerə 85,5 məhbus düşür ki, bu da Avropa üzrə orta göstəriciyə (84,5) bərabərdir. Hər bir məhkumun bir günlük xərci isə 10 manat civarındadır.  Bir çox Azərbaycan həbsxanaları həddindən artıq doludur, əksəriyyəti hələ də müasir standartlara uyğun yenilənməyib. İkimərtəbəli baraklarda 350-500 və daha çox insan saxlanılır.  2020-ci ildə Azərbaycanın bir sıra penitensiar müəssisələrində məhkumların koronavirusun qarşısının alınması məqsədilə vaxtından əvvəl şərti azadlığa buraxılması həbsxanalarda vəziyyəti nisbətən yüngülləşdirdi.  

Son olaraq mayın 8-də Prezidentin əfv sərəncamı ilə 801 məhkum azadlığa buraxılıb. Bu sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfvdir. 

Prezidentin 2017-ci il 10 fevral tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi üçün addımlar atıldı. Bu sərəncam 8 min məhkuma şamil olundu, 2 min 500 nəfər məhkum azadlığa qovuşdu. Bu sərəncamdan sonra həbs-qətimkan tədbirlərinin tətbiqi 40 faizə qədər azalıb. Bu cür tədbirlər cəzaçəkmə müəssisələrinin yüklənməsinin qarşısını alır.  Qeyri-rəsmi statistikaya görə, ölkədəki cəzaçəkmə yerlərində saxlanılan məhkumların cəmi 15-20 faizi az ağır cinayət törətmiş şəxslərdir. Bundan başqa elektron cihazın taxılması ilə ev məhkumluğu haqda düzəlişlər vəziyyətin dəyişməsini hədəfləyib. Amma hələ də bəzi hakimlərin ağır cinayət törətməyənlərin həbsxanaya göndərdiyi haqda məlumatlar var. Vəziyyəti təməlli dəyişmək üçün daha nələr etmək lazımdır?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, cəza sisteminin humanistləşdirilməsi haqqında qanunun qəbulundan sonra məhkəmə-hüquq sistemində müəyyən dəyişikliklər olub: “Lakin indiyə qədər Azərbaycanda probasiya (hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi anlamına gəlir- E.M.) cəmiyyətin vacib elementinə çevrilməyib. Halbuki probasiya və elektron nəzarətin (elektron biləzik) tətbiqi həbsxanaların yükdən azad edilməsinə və büdcə vəsaitlərinin qənaətinə yardım edəcəkdi. Prezident İlham Əliyev 10 fevral 2017-ci ildə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb. Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs-qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən alternativ cəza növlərindən biri də azadlığın məhdudlaşdırılmasıdır. Bu maddənin böyük ictimai təhlükə yaratmayan və əsasən az ağır və yüngül iqtisadi cinayətlər törətmiş şəxslərə şamil olunması nəzərdə tutulub. Bu qəbildən olan cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının verilməsi məhkumların sayının artmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Ona görə də cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və profilaktik tədbirlərin tətbiqi məqsədilə elektron nəzarət vasitəsindən istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, alternativ cəza növlərindən və prosessual məcburiyyət tədbirlərindən istifadəni genişləndirmək də edilən tövsiyələr arasındadır. Çox təəssüf ki, biz hələ də məhkəmələrin bu istiqamətdə effektiv işini görmürük. Qanunda 10-a yaxın alternativ azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Elektron bilərziklərin tətbiqi ilə bağlı işlər çox zəif gedir, baxmayaraq ki, dövlət başçısı bu barədə tələbi qəti formada qoymuşdu".

Hüquqşünas deyib ki, cəza sisteminin humanistləşdirilməsi məsələsi müzakirə olunarkən, ömürlük həbs cəzasına məhkum edilən şəxslərlə bağlı da problemə diqqət etmək vacibdir: “20 ildən artıq müddətdə həbsxanada cəzasını çəkmiş ömürlük dustaqların da cəzasının yüngülləşdirilməsi təklif olunsa da, hələ də həbsxanada belə şəxslər qalmaqdadır. İstənilən insan səhv edə bilər və ona özünü islah etmək üçün şans vermək lazımdır. Bir dustağın həbsxanada saxlanması üçün hər gün dövlət büdcəsindən 20 manat pul ayrılır. İldə 1 dustağa ayrılan vəsait 7 min 200 manatdır. Bu 20 manat təkcə qidalara xərclənmir, bu vəsaitə məhbusların mühafizəsi, penitensiar müəssisənin ətrafındakı hasarların təmiri və s. də daxildir. Bununla belə, bu məbləğ kiçik deyil. Niyə həbsxanaları boşaltmaq mümkün deyil? Ömürlük məhbusların yükü dövlət və vətəndaşların çiynindədir. Bu, çox aktual problemdir və belə məsələlər daim diqqətdə saxlanılmalı, çözülməlidir. Cinayətə görə cəzaların humanistləşdirilməsindən danışırıqsa, müəyyən kompromis sistemlərini ehtiva edən tədbirlər görməliyik. Hazırda həbsdə olan Qarabağ müharibəsi iştirakçılarına münasibətdə bu sistemi tətbiq etməliyik. Məhbusların çox olması dövlət üçün böyük yükdür. Statistik məlumatlara diqqət etsək, görərik ki, əmlak cinayətləri bütün qanunazidd hərəkətlərin yarıdan çoxunu təşkil edir. Təkcə oğurluq qeydə alınmış cinayətlərin 30 faizini təşkil edir. Bir kasıb digərindən oğurlayır, onu həbsxanaya basırlar və biz - bu cinayətlərdə heç bir günahı olmayan vergi ödəyiciləri öz cibimizdən o müftəxorların yedizdirilməsi, saxlanması üçün pul ödəyirik. Niyə bütün cəmiyyət bundan əziyyət çəkməlidir? Cinayətkar həbsxanada oturanda da dövlətə ziyan vurmaqda davam edir və üstəlik, hələ də cinayət aləmində özünə nüfuzlu yer tutmaq üçün ideyalarla yaşayır. Ona görə də hazırda prezidentin sərəncamını yerinə yetirmək vacibdir”.

Hüquqşünas deyir ki, bu gün penitensiar sistemdə istehsalın olmaması çox ciddi problemdir: “Təsəvvür edin ki, dələduzluq cinayətinə görə həbs edilənlərə cəza verilir və eyni zamanda onlara qarşı vurduqları ziyan həcmində mülki iddialar təmin olunur. Dələduzluq cinayətini törədən gedib oturur həbsxanada, illərini keçirdir və çıxır. Mülki iddia isə təmin edilməmiş qalır. Penitensiar sistemdə istehsalat olsaydı, adamı işə göndərib qazancını da vurduğu ziyanın ödənməsinə yönəltmək olardı. Bu, həm də məhbusların islah olunmasını da əngəlləyən amillərdən biridir. Nəticədə azadlığa çıxan insanların 65 faizi yenidən həbsxanalara qayıdır. Biz böyük həcmdə təkrar cinayətlər törədən məhkumlarla məşğul oluruq. Sovet dövründə bu göstərici 30 faiz təşkil edib. İnsanlar ona görə həbsxanaya qayıdır ki, orada yemək, tibbi xidmət və s. bağlı qayğılar yoxdur. Həm də orada ətrafları öz kriminal ünsürləridir və müəyyən statusları da var". Hüquqşünas hüquq-mühafizə və məhkəmə orqanlarının niyə sərt və maksimal cəzalar təyin etməkdə maraqlı olduqlarının səbəblərinə də toxunub: "Bu sahədə korrupsiyanın haradan qaynaqlandığı bilmək üçün elə də dərin biliklərə sahib olmaq vacib deyil. İnsanlara maksimum cəza kəsməklə və sonradan müəyyən məbləğlər nəticəsində cəzanı yumşaltmaqla pul qazanırlar. Yəni sərt cəzalar spekulyasiyalara yol açır deyə, daha çox bu cəzalara müraciət olunur". Hüquqşünas vurğulayıb ki, vəziyyətdən çıxış yolu var: “Prezidentin məhkəmə-hüquq sistemi ilə bağlı imzaladığı sərəncamı vicdanla, tez bir zamanda yerinə yetirməklə durumu müsbətə doğru dəyişmək mümkündür”.

E.Məmmədəliyev

musavat.com

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"