Rüstəm Muradovun bəyanatları nəyin göstəricisidir? - Oqtay Qasımov şərh edir

18 may, 2021 00:19

“SSRİ dövründə Azərbaycanın xeyli torpaqları hansısa formada ermənilər tərəfindən zəbt edilib, lakin bu ərazilər sənədləşdirilməyib”

Azsiyasət.com politoloq Oqtay Qasımovun teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:

- Oqtay bəy, Azərbaycan-Ermənistan sərhədində gərginlik müşahidə olunur, erməni tərəfi faktiki olaraq Azərbaycan ərazilərinə iddia edir. Bu baxımdan yaranan son durumu necə qiymətləndirirsiniz?

- Sərhəddə qeyri-adi hal baş vermir. Sadəcə olaraq sərhədlərin dəqiqləşdirilməsi-demarkasiya prosesi gedir. Azərbaycan tərəfi 10 noyabr razılaşmasından sonra dövlət sərhədində demarkasiya prosesini həyata keçirir. Bu proses də əsasən Kəlbəcər, Qubadlı və Zəngilan rayonu istiqamətində aparılır.

Yeri gəlmişkən, bir müddət əvvəl də ermənilər tərəfindən səs-küy qaldırılmışdı. Daha çox Zod qızıl yataqları, Zəngilanın Qafan, eləcə də Qubadlı rayonunun Gorusla sərhəd kəndləri ilə əlaqədardır. Sonda isə bəlli oldu ki, Azərbaycan tərəfinin təqdim etdiyi sənəd və xəritələr, o cümlədən GPS vasitəsilə aparılan dəqiqləşdirmələr doğrudur. Yəni Azərbaycan tərəfinin təqdim etdiyi sübutlar sonda qəbul olundu. Rusiya sərhəd qoşunlarının nümayəndələri də bu prosesdə iştirak edirdilər. Demarkasiya prosesi qış ayında aparıldığı üçün bölgədə sərt iqlim müşahidə edildiyindən bəzi istiqamətlərdə bu proses dayandırılmışdı. Hazırda yazın gəlişi ilə yolların açılması, hərəkətin asanlaşmasına şərait yarandığından Azərbaycan Laçın rayonu və Kəlbəcər istiqamətindəki bəzi mürəkkəb relyefli ərazilərdə dəqiqləşdirmələr aparmağa start verdi. İndi bununla bağlı işlər aparılır. Bu da tam qanuni addımlardır.

- Amma biz Ermənistanın hay-küy qaldırdığını da müşahidə edirik...

- Hesab edirəm ki, erməni tərəfinin qaldırdığı hay-küy daha çox daxili auditoriyaya hesablanan addımdır. İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Əslində bu kampaniya daha çox seçkilərə hesablanıb. Yəni maraqlı qüvvələr seçkilərdən daha çox qazanc əldə etmək istəyir.

Bir neçə gündür ki, Qaragöl və digər istiqamətlərdə danışıqlar aparılır. Azərbaycanın təqdim etdiyi sənədlərə əsasən bu dəqiqləşdirmələr Laçın rayonunun Gorus və Sisiyan rayonları ilə sərhəddə yerləşən Qaragöl yaylaqları və Qaragölün özü ilə bağldıır. Qaragöl su hövzəsi Azərbaycan ərazisinə daxildir. Tarixən və sovet hakimiyyəti dövründə də bu, Azərbaycan ərazisi olub. 1987-ci ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə Qaragöl dövlət qoruğu yaradılıb. Sadəcə olaraq 1970-ci illərdə SSRİ tərkibində olan respublikalar arasında sərhədlər daha çox nominal xarakter daşıyırdı. Bu baxımdan ermənilər də Qaragölün suyundan və yaylaqlarından istifadə ediblər. O zaman ümumi SSRİ dövləti anlayışı olduğundan bu məsələlərə ciddi fikir verilmirdi. Hazırda SSRİ respublikaları müstəqil dövlətlərdir. Azərbaycan və Ermənistan savaşından sonra sərhədlərin dəqiqləşdirilməsi gedir. Təbii ki, sərhədlərin demarkasiyası ağrılı prosesidir. Dünyada bu məsələlər adətən uzun zaman aparılır, dialoq və qarşılıqlı müzakirələrlə həll olunur. Azərbaycan da hazırda belə mövqeni sərgiləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin bir neçə bəyanatında və son olaraq nazir Ceyhun Bayramovun fransalı həmkarı ilə telefon danışıqları zamanı Azərbaycanın məsələnin danışıqlar yolu ilə həllinə sadiq olduğu nümayiş etdirilib. Söhbət ondan gedir ki, Azərbaycan öz sərhədlərini dəqiqləşdirir, dövlət sərhədlərində postlar yaradır, sərhədlərini gücləndirir. Bunun da Ermənistanda hansı ajiotaj yaratdığı bizi maraqlandırmamalıdır. Bu, bizim deyil, onların problemidir. Çünki ermənilər hesab edirlər ki, harada 10-15 il yaşayıblarsa, ora bunlarındır. Əslində biz bunu Qubadlı, Zəngilan və Laçın rayonunda qanunsuz məskunlaşan ermənilərin timsalında gördük. Adamlar 1993-cü ildən sonra gəlib buralarda 10-15 il yaşayıblar və indi düşünürlər ki, hüquqları pozulub, bu, onların tarixi vətənidir və s. Biz bunlara diqqət etməliyik. Azərbaycan dövləti qətiyyətini göstərir və göstərməkdə də davam edəcək. Bizim sərhədlərimiz dəqiqləşməlidir. Dəqiqləşib möhkəmləndikdən sonra ermənilər daxil olmaqla heç bir düşmən icazəmiz olmadan bu sərhədləri keçməməlidir.

- Müşahidələr göstərir ki, bölgədə əsas oyunçu Rusiyadır. Sərhəd mübahisələri zamanı danışıqlarda da rus sülhməramlıların komandanı Rüstəm Muradov iştirak edir. Siz bu prosesdə Rusiyanın rolunu necə qiymətləndirirsiniz?

- Mən bu mərhələdə Rusiyanın mövqeyində neqativ çalar görmürəm. Rusiyanın bu prosesdə iştirakı 10 noyabr üçtərəfli anlaşması çərçivəsində mümkün olub. Digər tərəfdən, Rusiya regionda təsir imkanları olan ölkədir. Nəhayət həm Azərbaycan, həm də Ermənistanda olan xəritələrin bir hissəsi Rusiyada da var. Rusiya prosesi və bölgəni yaxşı bildiyindən onun prosesdə iştirakına normal baxıram. Hesab edirəm ki, 12 maydan başlanan son prosesdən indiyə qədər Rusiyanın mövqeyi Minsk Qrupunun üzvü olan Fransa və ABŞ-dan fərqli olaraq neqativ və əleyhimizə yönələn hərəkət deyil. Bu, müsbət haldır. Amma Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi rolunda olan ABŞ və Fransanın son mərhələ ilə bağlı münasibət və açıqlaması destruktiv, bizə təhdid xarakterdə idi. ABŞ Dövlət Departamentinin sözçüsünün timsalında biz bunu hiss etdik. Diplomatik dildə xəbərdarlıq açıqlaması idi.

Fransa isə faktiki bizə düşmən mövqedə dayanıb. Bunu açıq demək lazımdır. Fransa prezidentinin açıqlamaları sanki bizə düşmən ölkənin davranışıdır. Adam erməni dilində paylaşım edir, açıq deyir ki, hər zaman erməniləri müdafiə edib, bundan sonra da edəcək. Paşinyanla telefon söhbəti zamanı deyib ki, sərhəddə yaşananları BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxaracaq və çalışacaq ki, BMT-nin mandatını alaraq bölgəyə hərbi müdaxilə etmək imkanı alsın. Bu, açıq düşmən mövqeyidir. Açığı, buna baxdıqda Rusiya tərəfindən verilən bəyanatları, həm də general Muradovun prosesdə iştirakı və tərəflərdə qıcıq yaradacaq açıqlamaların verilməməsi Rusiyanın indiki mövqeyinin digər həmsədrlərdən konstruktiv olduğunu göstərir.

- Türkiyə 44 günlük maharibədən fərqli olaraq sanki indiki proseslərdə qabarıq formada görünmür. Bu, Türkiyənin proseslərdən kənarda olduğunu göstərir, yoxsa Ankara pərdə arxasında proseslərdə var və baş verənlərin mahiyyətindən xəbərdardır?

- Sözsüz ki, məlumatlıdır. Əgər bütün dünya bu barədə danışırsa, ABŞ və Fransa kimi dövlətlər məsələyə münasibət bildirirsə, sözsüz ki, Türkiyə bu məsələnin detallarına qədər məlumatlıdır. Bir neçə gün əvvəl Türkiyə müdafiə nazirinin Azərbaycana dəstəyə davam edəcəkləri haqda açıqlaması bu qəbildəndir. Türkiyə prosesi yaxından izləyir, sadəcə olaraq xüsusi narahatedici məqam olmadığından münasibət bildirməsinə ehtiyac duyulmur. Azərbaycan onsuzda məsələlərin öhdəsindən asanlıqla gələ bilir. Dövlət olaraq nümunəvi davranışlar sərgiləyir. Erməni tərəfinin hay-küyündən sonra bölgəyə Sərhəd Xidmətinin rəhbərliyi ezam edilib, aidiyyəti qurumlar prosesdə iştirak edirlər. Məncə, bu prosesə Türkiyənin qoşulmasına və hər hansı münasibət bildirməsinə ehtiyac yoxdur. Proseslər narahatedici səviyyədə də deyil.

- Sərhəd delimitasiyasının mübahisələrə səbəb olduğuna təbii yanaşmaq anlaşılandır. Amma biz Ermənistanla sərhədləri müəyyən etdiyimizi nəzərə alsaq, mübahisələrin hansısa lokal qarşıdurmalara gətirib çıxara bilmə ehtimalı varmı?

- Düşünmürəm ki, konflikt yarana bilər. Əlbəttə, Ermənistanın konflikt yaratmağa cəhd etməsi istisna da deyil. Ermənistanda son Qarabağ savaşı başlayandan bu yana xaos müşahidə olunur, orada kifayət qədər güclü hökumət yoxdur, ordu və güc strukturlarının tərkibində rəhbərliyə tabe olmaq istəməyən qüvvələr var. İstisna deyil ki, onlar hansısa təxribata əl atmağa cəhd edə bilərlər. Ancaq bunun da qarşısı dərhal alınar. Üstəlik bölgədə sülhməramlı missiya şəklində yerləşən Rusiya da bu mərhələdə lokal qarşıdurmaların yaşanmasında maraqlı deyil. Bu həm də Rusiyanın imici məsələsidir. Faktiki olaraq bu tipli məsələlərin qızışdırılması 10 noyabr prosesindən kənarda qalan qüvvələrin və dövlətlərin işinə yarayır. Düşünmürəm ki, yaxın gələcəkdə lokal qarşıdurmalar olsun. Əlbəttə, demarkasiya prosesi zamanı tərəflər arasında sözsüz ki, mübahisələr yaranacaq, gərgin müzakirələr aparılacaq. Çünki SSRİ dövründə Azərbaycanın xeyli torpaqları hansısa formada ermənilər tərəfindən zəbt edilib. Lakin bu ərazilər sənədləşdirilməyib. Odur ki, bu tipli məsələlərdə mübahisələr yaranacaq. Elə son mübahisə də bunu göstərir. Ancaq belə hallar heç bir halda qarşıdurmaya gətirib çıxarmayacaq.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"