"Dedim ki, buradan meyitim çıxacaq, amma..." - Generalın məhkəməsində şok ifadələr

26 aprel, 2022 19:50

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesə yenə də jurnalistlər buraxılmayıb. Jurnalistlərin məhkəmə iclasına buraxılmaması hakimlər tərəfindən izah edilməyib.

Əldə etdiyimiz məlumata görə, sonuncu məhkəmə iclasında zərərçəkən Elvar Əliyev sərbəst ifadə verib.

Elvar Əliyev deyib ki, bu gün həbsdə olan Mövlam Şıxəliyevin göstərişi ilə Çingiz Yəhya oğlu Ağayevin və şəriki Yaşar Ülvi oğlu Cabbarovun sifarişi ilə 2013-cü ilin oktyabrında həbs edilib: “Barəmdə cinayət işi həmin ilin avqustunda başlandı. Mənim və digər 5 nəfərin barəsində tam qanunsuz olaraq Cinayət Məcəlləsinin dəstə şəkilində qaçaqmalçılıq - 206.3.2-ci maddəsi ilə cinayət işi açıldı. İttiham absurd idi.

Deyirdilər ki, guya 1 konteyner malı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmişik. Halbuki həmin konteyner “İpək yolu” terminalının ərazisində olub. Həmin mal konkret olaraq mənə hər hansı bir formada aidiyyəti olmayıb. Məlumat üçün bildirirəm ki, ölkəyə gələn malların 99 faizi “İpək yolu” terminalına gedir, orada gömrük rəsmiləşdirilməsi aparılandan sonra mallar sahiblərinə təhvil verilir. Yəni, biz istəsəydik belə “İpək yolu” terminalında qaçaqmalçılıq edə bilməzdik. Bunu bizə absurd ittihamı verənlər də çox gözəl bilirdilər”.

Elvar Əliyev qeyd edib ki, ibtidai istintaqda Baş Prokurorluğun rəhbərliyinə dəfələrlə Çingiz Yəhya oğlu Ağayevin və şərikinin sifarişi ilə həbsə alınması barədə rəsmi məlumat verib: “Bu gün Çingiz Yəhya oğlu Ağayev, onun şəriki Yaşar Ülvü oğlu Cabbarov da Mövlam Şıxəliyevin yanında oturmalıdırlar. Hər 2 şəxs birbaşa Mövlam Şıxəliyevin dəstəyi altında idi. Bütün “Sədərək” bazarına onların vasitəsi ilə nəzarət edirdi. Sahibkarları soyurdular.

Həmin adamlar Mövlam Şıxəliyevin sifarişi əsasında və birbaşa köməyi ilə böyük, xırda cinayətlər törədiblər. Sahibkarları talayıb, özləri həddən artıq varlanıblar. Bu cinayətlərin içində vergi cinayətləri də mövcuddur. Mövlam Şıxəliyev və şərikləri cinayət yolu ilə külli miqdarda pul vəsaitləri əldə edib, qara yolla “Sədərək” bazarındakı valyuta alverçiləri ilə Dubaya, Çinə köcürürdülər. Çingiz Ağayev dəfələrlə mənə şəxsən bildirmişdi ki, baş vermiş hər bir cinayəti Mövlam Şıxəliyevin vasitəsi ilə yoluna qoymaq imkanındadır.

Fikirimi əsaslandırıram. Cingiz Yəhya oğlu Ağayev kimdir? O, özünə iş adamı deyir. Əslində isə sıradan bir iş adamı deyil. Mən 2006-cı ildən 2012-ci ilə qədər onun işçisi olmuşam. Çingiz Ağayev Çin və Dubaydan ən müxtəlif malları gətirərək Azərbaycanda satırdı. Mən 6 il ərzində Çingiz Ağayevin ölkəyə gətirdiyi malları ticarətçilərə verib, hesabatını aparmışam. Pulları yığaraq Çingizə vermişəm. Günlərin birində isə ona dedim ki, mənə əmək haqqımı ver. Çünki 6 il onun yanında əmək haqqı almadan işləmişdim. Mən qardaşlarımla birgə 1999-cu ildən “Sədərək” və “Binə” bazarında işləmişik. Ölkəyə gətirilən qaşıq-çəngəlin topdan satışı ilə məşğul idik. Qaşıq-çəngəli ölkəyə Çindən Çingiz Ağayev gətirirdi. Biz də sataraq pulunu verirdik. O, qaşıq-çəngəllə bərabər Azərbaycanda satılan pirotexniki vasitələri də gətirirdi və bu gün də gətirməkdədir”.

Zərərçəkmiş bildirib ki, 2005-ci ilin sonunda Çingiz Ağayev onu yanına çağırıb və onun işlərini görməyini istəyib: “Dedi ki, yaxşı qazancım olacaq. Razılaşdım və 2006-cı ildən onunla birgə işləməyə başladım. Ailəliyəm, o dövrdə atam-anamla birgə kirayədə yaşayırdıq. Ona görə də axtarıb Nərimanovda bir mənzil tapmışdım. Çingiz Ağayevə də dedim ki, mənimlə haqq-hesab çəksin, 6 il ərzində mənə verəcəyi əmək haqqımı ödəsin. O da dedi ki, bu barədə fikirləşəcək. Mən, Çingiz və Yaşarla birgə işlədiyim dövrdə bütün pul söhbətləri Bakıxanov qəsəbəsində yerləşən Mövlam Şıxəliyevə məxsus “Lava” İstirahət Mərkəzində olurdu.

Sual oluna bilər ki, həmin “Lava” İstirahət Mərkəzinin Mövlam Şıxəliyevə məxsus olmasını haradan bilirəm? “Lava” o zamanlar tikilib başa çatdırılsa da, faktiki olaraq istirahət mərkəzi kimi istifadə edilmirdi. 3-cü mərtəbəsini ofisə çevirmişdilər. Orada olduğumuz günlərdən birində “Lava”nın kimin adına rəsmiləşdirilməsi söhbəti oldu. O zaman Çingiz Ağayev dedi ki, obyekti anası Dilarə Ağayevanın adına rəsmiləşdirsinlər. Dedi ki, onsuz da Mövlam Şıxəliyevin İnqilabdakı obyektləri də anam Dilarə Ağayevanın adınadır.

Bundan sonra Yaşar Cabbarov Mövlam Şıxəliyevlə əlaqə saxladı. O da qərar verdi ki, “Lava” Yaşarın qardaşı Vüqar Cabbarovun adına rəsmiləşdirilsin. Bundan sonra obyekt Yaşar Cabbarovun qardaşı Vüqar Cabbarovun adına rəsmiləşdirildi.

Mənim Çingizlə əmək haqqı söhbətim də “Lava”da olub. Bir müddət sonra isə mənə 6 il ərzində sərf etdiyim əməyə görə 30 min manat pul təklif elədi. Bu ayda 420 manat əmək haqqı idi. Mən isə 6 il ərzində Çingiz Ağayevin ən azı 60 milyon manatlıq malını gömrükdə qəbul edib irili-xırdalı ticarətçilərə paylanmasını və pulların yığılmasını təşkil etmişdim. Bunun qarşılığında məni bu şəkildə ələ salmasına etiraz etdim və ondan ayrıldım.

Bilirdim ki, Çingiz Ağayevin MTN-dən Mövlam Şıxəliyevlə, MTN-də müavin işləyən Sübahir Qurbanovla çox ciddi və yaxın əlaqələri var. Çingiz Ağayevlə Yaşar Cabbarov Mövlam Şıxəliyevin pullarını Dubaya, Çinə köçürüb orada müxtəlif bizneslərə yatırırdılar. Bu işlərlə bağlı mənim əlimdə olan 12 milyon dollarlıq çekləri istintaqa da təqdim etmişəm”.

Elvar Əliyev bildirib ki, Mövlam Şıxəliyevin pulları hesabına Çində “Arşa” markası ilə qazan və tava istehsal edən fabrik, bundan başqa “Ronddel” markalı keramik qablar istehsal edən daha bir fabrik də açıblar: “Bundan başqa Çində alışqan istehsal edən fabrik vardı. Alışqanı Dubayda, Moskvada və Azərbaycanda satdırırdılar. Məlumat üçün deyim ki, Çindəki fabrikdən Azərbaycana 1 konteyner ən ucuz alışqan daşıma, gömrük xərcləri daxil 1 milyon 440 min manata satılırdı. Bu pulun da yarısı xalis gəlir idi. Belə alışqan dolu konteynerlər Azərbaycana yüzlərlə gəlib.

Dubayda alışqanların satışından 1 il ərzində 17 milyon dollar pul gəlmişdi. Moskvada isə alışqan biznesi qat-qat artıq gəlir gətirirdi. Ən kobud hesablamalarıma görə, ildə təkcə alışqan biznesindən 200 milyon dollar gəlir əldə edirdilər. Bu gün Azərbaycanda satılan telefon aksessuarları da bu adamların – faktiki olaraq Mövlam Şıxəliyevin nəzarətindədir. Bu biznes min faiz gəlir gətirir.

Çingiz Ağayev mənim pulumu verməyib özümü də yenidən yanına fəhləliyə qaytarmağa çalışırdı. O zaman heç ağlıma da gətirməzdim ki, o, bu əlaqələrdən mənim həbsim üçün istifadə edə bilər. Çingiz Ağayev məni işə qaytarmaq üçün min oyundan çıxdı. Ona dedim ki, etdiyi haqsızlığın qarşısında geri qayıtmayacağam. “Sədərək” bazarında Hacı Elman Əhmədov var, onun köməkliyi ilə orada mağaza açdım, qab-qacaq satmağa başladım.

2 aydan sonra Çingiz Ağayev Hacı Elmanı çağırdı, ona dedi ki, sən Elvara mal vermə, o mənim pulumu yeyib. Hacı Elman da dedi ki, sübut göstər, pulunu alıb, verim. Çingiz Ağayev sübut göstərə bilmədi. O zaman Hacı Elmana demişdi ki, baxın sizin başınıza nə oyun açıram. Bu söhbətdən təxminən 3 ay sonra Hacı Elman mənə zəng elədi, dedi ki, bizi – Etibar Cəfərovu, Balaşirin Babayevi, Seyran Nəcəfovu, Natiq Məmmədovu Milli Təhlükəsizlik Nazirliyinə aparıbar, səni də bura çağırırlar”.

Elvar Əliyev qeyd edib ki, 29 avqust 2013-cü ildə gecə saat 1-in yarısı MTN-ə gedib: “Orada məni Elçin və Mehman adlı MTN-çilər qarşıladılar. Söyüb-təhqir edir, döyürdülər. Mənə “sən Çingizi elə belə adam bilirsən” deyirdilər. Girişdəki qəbul otağında məni 2-ci mərtəbəyə qaldırdılar. Mən, Hacı Elman Əhmədov, Etibar Cəfərov, Balaşirin Babayev, Seyran Nəcəfov və Natiq Məmmədovu da orada gördüm. Onlar orada divanda oturmuşdular. Əməliyyatçı Elçin dedi ki, hamısı gəldi. Hacı Elman da dedi ki, xeyr, hamısı deyil. Bu işin sifarişçiləri Çingizlə Yaşarı da çağırın gəlsin, onlar qalıb.

Hacı Elmanın bu sözlərindən Elçin bir anlıq çaşıb qaldı. Sonra məni oradakı otağa keçirdi. Adını sonradan öyrəndiyim Samir adlı əməliyyatçı da Elçinə qoşularaq məni vəhşicəsinə döyməyə başladılar. Mənə deyirdilər ki, divanda oturan adamlar sənə görə buradadır. Sən yazmalısan ki, Çingiz Ağayevlə işləməkdə davam edəcəksən. Onu yazmırsansa, gərək qaçaqmal olan bir konteyner malın sənə aid olduğunu boynuna almalısan. Mən də dedim ki, buradan meyitim çıxacaq, amma sizin heç bir tələbinizi yerinə yetirməyəcəyəm.

Məni 3-4 saat amansızcasına döydülər. Özümdən getdim. Səhərə yaxın özümə gəldim. Ürəyimdə kəskin ağrılar vardı. Düşündülər ki, vəziyyətim daha da ağırlaşacaq. Çünki ölümcül durumda idim. Səhər təxminən 8-in yarısı məni oradan buraxdılar. Dedilər ki, zəng edib çağıracaqlar. Məni həftənin 1-ci günü yenidən orada çağırdılar. Lakin döyülməkdən qorxduğum üçün getmədim. Barəmdə qanunsuz olaraq ölkə üzrə axtarış verdilər. Məcbur olaraq 3 ay gizləndim. Həmin 3 ay ərzində Hacı Elman Əhmədov, Etibar Cəfərov, Balaşirin Babayev, Seyran Nəcəfov və Natiq Məmmədov həbsdə oldular. Sonra məni də həbs etdilər. MTN-ə aparan əməliyyatçılar maşında mənə işgəncə verirdilər.

Məni müstəntiq Mahir Qasımovun qəbuluna apardılar. Çox kobud şəkildə əməliyyatçıları təhqir etdi, dedi ki, bu adam nə edib ki, siz onu bu şəkildə qəbula gətirmisiz. Məndən heç bir izahat almadan təcridxanaya göndərdi. 2 gün sonra məni Səbail rayon Məhkəməsinə apardılar. O zaman məhkəmədə hakimə dedim ki, 2-ci qrup əliləm, məni qanunsuz tutublar. Siz də barəmdə həbs qəti-imkan tədbiri seçəsiz, qanunsuz həbsimdə sizin də rolunuz olacaq.

Mənim həbsim üçün vəsatətlə Mövlam Şıxəliyev çıxış etdi, həmin vəsatətə əsasən baş prokurorun 1-ci müavini Rüstəm Usubov təqdimatla məhkəməyə göndərdi. Bu gün Rüstəm Usubov da Mövlam Şıxəliyevin yanında əyləşməlidir. Çünki Mövlam Şıxəliyevin qanunsuz həbsimə verdiyi vəsatəti təqdimat yazmaqla qanuni don geyindirilməsində Rüstəm Usubov birbaşa iştirak edib. 3 ay 10 gün qanunsuz olaraq, heç bir günahım olmadan MTN-in İstintaq Təcridxanasında saxlanıldım. Orada saxlanıldığım günlərdə 1 dəfə də dindirilmədim, iştirakımla heç bir istintaq hərəkəti aparılmadı”.

Elvar Əliyevin sözlərinə görə, MTN-də 2-ci qrup əlil olduğunu, dərmanlara ehtiyacı olduğunu bilirmişlər: “Mövlam Şıxəliyev tapşırmışdı ki, mənə dərmanları belə verməsinlər. Belə də edirdilər, xəstəliyim də kəskin şəkil almışdı. Hətta əlil olmaq təhlükəsi ilə üz-üzə idim. Dəfələrlə yazılı şəkildə məktubla müraciət edib dərmanlarımın verilməsini tələb edirdim. Mövlam Şıxəliyev müraciətlərimə cavab belə vermirdi. Mənim həyat və sağlamlığımla oynayırdılar. Dövlətin gücündən öz şəxsi maraqlarına uyğun olaraq, biznes şəriki Çingiz Ağayevin sifarişi ilə məni ömürlük şikəst etməkdən çəkinmirdilər.

Həbsdə saxlanıldığım günlərdə Təhsin Ağayev məni Mövlam Şıxəliyevin kabinetinə apardı. Artıq ay yarım idi ki, həbsdə idim. Mövlam Şıxəliyevin kabinetinə girən kimi mənə “necəsən, ağıllandın” deyə sual etdi. Mən də “nə etmişəm ki, ağıllanım” cavabını verdim. Mövlam Şıxəliyev “yenidən işə qayıtmaq fikirin var, Çingizin yanına qayıdırsan” sualını verdi. Onlara heç vaxt qayıtmağayacağımı dedim. Mövlam Şıxəliyev də dedi ki, sən vaxtilə Çingizlə çörək yemisən, həmin çörəkdə biz də varıq, nalayiq ifadələr işlətdi, dedi ki, bəlkə nə vaxtsa, Çingizin yanına qayıtdın. Ondan sonra da dedi ki, 500 min manat ödəyərsən, azad edərik.

Mən də sual etdim ki, 500 min manatı məndən istəyirsiz. Mövlam Şıxəliyev cavab verdi ki, kabinetdə səndən başqa dustaq yoxdur. Ardından da Təhsin Ağayevə dedi ki, bu ağıllanmayıb, aparın basın içəri. Təhsin Ağayev də məni təcridxanaya yola saldı. Orada müstəntiq Fuad Məmmədov vardı. O insanlıq edib, məni kabinetinə çağırdı, gizli şəkildə dərman verməsəydi, bu gün şikəst olacaqdım.

Mövlam Şıxəliyev MTN-in İstintaq Təcridxanasını inkvizisiya zindanına çevirmişdi. Kimi istəyirdilərsə, ora aparıb, nə qədər istəyirdilər saxlayıb, döyüb-söyür, hətta öldürə də bilərdilər. 3 ay 10 günün tamamında məni müstəntiq Fuad Məmmədovun kabinetinə apardılar. Mən orada olanda Balaşirin Babayevi və Seyran Nəcəfovu da kabinetə gətirdilər. Fuad Məmmədov dedi ki, azad edilirsiz. Şənbə günü idi, bizi tez-tələsik MTN-dən buraxdılar. Qapıda Hacı Elman, Seyranın qardaşları bizi gözləyirdi. Çıxandan sonra bildim ki, mənim azad edilməyim üçün Hacı Elman Fuad Məmmədova 80 min manat verib. Bundan sonra barəmizdəki cinayət işini Qaradağ rayon Məhkəməsinə göndərdilər. Məhkəmə barəmizdə cərimə cəzası çıxardı.

Bizə MTN-çilər şərt qoydular ki, 1 maşın boş qutu tapıb gətirək. Bu onlara ona görə lazım idi ki, boş qutuları yandırsınlar, sənədləşmə aparsınlar ki, guya gətirdiyimiz mallar keyfiyyətsiz olub və yandırılaraq məhv edilib. Belə də etdilər”.

Elvar Əliyev sərbəst ifadəsini bitirdikdən sonra dövlət ittihamçısı, hakim və zərərçəkənlər ona bir neçə dəqiqləşdirici sual verib.

Bundan sonra təqsirləndirilən Mövlam Şıxəliyev Elvar Əliyevə müraciət edib:

- Sən məni tanıyırsan? Kişiliyin olsun!

Digər zərərçəkənlər Mövlam Şıxəliyevin bu sözlərinə sərt reaksiya veriblər. Həbsdəki generala kişilikdən danışmamağı tövsiyə ediblər.

Yaranmış gərginliyi sakitləşdirmək üçün hakim müdaxilə edib. Zərərçəkən Əfsəl Həsənəliyev bildirib ki, ötən prosesdə onun ifadəsi yarımçıq qalıb. Zərərçəkən dindirilməsi üçün şərait yaradılmasını istəyib. Hakim Əfsəl Həsənəliyevə ifadəsini tamamlamaq üçün prosesin sonunda vaxt veriləcəyini bildirib. Lakin Əfsəl Həsənəliyevə şərait yaradılmayıb.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var(teleqraf.com).

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı