Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyalarının iclasları sərhədin müxtəlif hissələrində keçiriləcək
Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrində delimitasiya üzrə komissiyaların iclaslarını keçirəcək, deyə "Sputnik-Ermənistan" Baş nazirin müavini Mher Qriqoryanın ofisinə istinadən xəbər verir.
Bundan əvvəl xəbər verilmişdi ki, iyulun 12-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin dördüncü görüşündə “bir sıra təşkilati və prosedur məsələləri” müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi bir-birinə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə iyulun 12-də Tavuş rayonu və Qazax rayonu ərazisində görüş keçirmək barədə razılığa gəliblər.
"Tərəflərin qarşılıqlı razılığı ilə hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində sərhəddə görüşlərin keçirilməsi qərara alınıb", - deyə Qriqoryanın ofisinin şərhində deyilir.
Komissiyanın əvvəlki iclası noyabrın 3-də Brüsseldə olub.