"Mən bunu deyəndə Dağlıq Qarabağdakı xuntanı, işğalçıları nəzərdə tuturdum" - Prezdentdən ermənipərəstlərə növbəti dərs

09 noyabr, 2020 13:25

Azərbaycan prezidenti İlham Əliyev daha bir beynəlxalq KİV-ə, “BBC News”a müsahibə verib. Müsahibədə jurnalist sanki ermənilərin vəkili kimi çıxış edib və Azərbaycanı ittiham edən suallar səsləndirib, lakin prezident İlham Əliyev onun bütün suallarına tutarlı cavablar verərək jurnalistin qərəzli mövqeyini ortaya qoyub.

Azsiyasət.com müsahibənin stenoqramının birinci hissəsini təqdim edir:

 

- Prezident Əliyev, BBC News-da bizimlə söhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz?

- Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur.

- Bu, o deməkdir ki, Siz sona qədər döyüşəcəksiniz?

- Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq.

- Lakin cənab Prezident, Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlar üçün böyük bir ilkin şərtdir.

- Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq.

- Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış olmadığına görə aydınlaşdırmaq istəyirəm. Siz deyirsiniz ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, Siz dayanarsınız və döyüşməzsiniz?

- Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir. Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil. Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra “müstəqillik” elan etdilər.

- Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir.

- Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq.

- Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələb etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələb edirsiniz?

- Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm.

- Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada Sizdən sitat gətirirəm: “onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq”. Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər.

- Xeyr. Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum.

- Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?

- Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?

- Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?

- Xeyr, bu yanlış məlumatdır.

- Bu məlumat burada yaşayan insanlardan daxil olur.

- Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır.

- Prezident Əliyev, əgər təbliğat varsa, aydındır ki, hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində burada ermənilərə qarşı institusional mesajlar səslənir, insanlarda digər tərəfə qarşı nifrət aşılanır. Siz onların, həqiqətən də, birgə yaşaya biləcəklərini gözləyirsiniz?

- Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?

- Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?

- Hesab edirəm ki, bu, mümkündür. Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki? Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın, onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğma torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri məhv etdilər.

- Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar.

- Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər Azərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdan qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlar şəhərlərin, kəndlərin adlarını dəyişiblər.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"