"SSRİ arzusu" puç olur? - Moskva postsovet ölkələrini bir-bir itirir

14 iyul, 2021 10:50

Ekspertlərə görə, bu ölkələr Rusiya ilə bərabərhüquqlu tərəfdaş olmaq istəyir, amma Moskva onları vassalı kimi görür...

Ekspertlərə görə, bu ölkələr Rusiya ilə bərabərhüquqlu tərəfdaş olmaq istəyir, amma Moskva onları vassalı kimi görür...

Rusiya nə qədər keçmiş sovet respublikalarına təsir imkanlarını saxlamaq, hətta SSRİ-ni bərpa etmək arzusu ilə yaşasa da, əks proses baş verməkdədir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Gürcüstan, Ukrayna ilə bərabər Moldova da tam Qərb kursunu götürməkdədir. Postsovet respublikalarının avrointeqrasiya xəttini tutması Kremlin köhnə arzularını ürəyində qoymaqdadır. Hələ istisna deyil ki, Nikol Paşinyan hökuməti formalaşdırdıqdan sonra Ermənistanın Avroatlantik məkana inteqrasiyasını sürətləndirəcək. Artıq Avropa Birliyindən İrəvana maliyyə dəstəyinin olması, ölkədə antirus ritorikası göstərir ki, hətta müttəfiq ölkə Ermənistan da Rusiyadan qopmağa can atır.

Buna qədər isə artıq Moldova strateji seçimini edib. Belə ki, iyulun 11-də Moldovada keçirilən parlament seçkisində prezident Maya Sandunun hakim partiyası qalib gəlib. Keçmiş prezidentlər Vladimir Voronin və İqor Dodonun kommunist və sosialistlərdən ibarət bloku isə 27 faizdən bir qədər artıq səs toplaya bilib.

Hakim “Hərəkət və Həmrəylik Partiyası” 101 yerlik parlamentdə 51-dən çox mandat qazanıb ki, bu təkbaşına hökumət yaratmağa bəs edir. Qeyd edək ki, hakim “Hərəkət və Həmrəylik Partiyası” Avropa Birliyi ilə yaxın əlaqələrin tərəfdarıdır. Amma Moldovada ciddi bir problem də qalmaqdadır. Söhbət tanınmamış “Dnestrayanı respublika” və oradakı rus sülhməramlılarının fəaliyyətindən gedir. Bundan sonra nə olacaq sualı qarşıda dayanır. Əgər Moldova Gürcüstan kimi ərazilərinin itirilməsi ilə müvəqqəti barışıb liberal kurs götürsə, AB və NATO ilə əməkdaşlıq xəttini gücləndirsə, o zaman Moskvanın Kişinyova təzyiqləri başlaya bilər. Rusiya adətən təsir imkanlarını itirəndə qəzəbli olur və mərkəzdənqaçma (Moskvadan) prosesini durdurmaq üçün ətraf ölkələrlə münasibəti sərtləşdirir.

Rusiya lideri Vladimir Putin ilk dəfə deyil ki, SSRİ-nin bərpasından danışır, əvvəllər Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırır. Həmin ifadə Putinin 2005-ci ildə Federal Məclisə göndərdiyi müraciətində öz əksini tapır. 2015-ci ilin oktyabrında isə “Rusiya xalqı dünyada ən böyük bölünmüş xalqdır” fikrini səsləndirdi.

2018-ci ildə keçirilən prezident seçkilərinə iki həftə qalmış isə ona ünvanlanan “Rusiyada baş verənlərdən nəyi dəyişmək istəyərdiniz?” sualına belə cavab vermişdi: “Sovet İttifaqının dağılması prosesini dəyişmək istəyərdim...”

Yəni bu ideyalarla yaşayan Rusiya üçün regionda özünə səmimi dost və tərəfdaş ölkə tapacağı inandırıcı görünmür. Ola bilsin ki, hansısa ölkə ehtiyatlı siyasət aparır, bir başqası Moskvanı hirsləndirmir, amma heç də Moskva ilə səmimi görünmürlər. Çünki Rusiyaya demokratiyanın və inkişafın qarşısında bir əngəl kimi baxmırlar.

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd etdi ki, indidən Rusiyanın postsovet məkanını itirdiyini söyləmək tezdir. Onun fikrincə, şimal qonşumuz Baltikyanı ölkələr istisna, qalan dövlətlərə təzyiq vasitələri ilə təsir edə bilir: “Son illərdə Rusiya yumşaq xətt götürüb, özünə yaxın partiyaları hakimiyyəti gətirməyə çalışıb. Məsələn, Gürcüstanda İvanişvili ilə buna nail oldu. Ermənistanda Köçəryana dəstək verdi. Moldovada isə Rumıniya vətəndaşı olan namizəd prezident seçildi, parlamentdə isə kommunistlər və ruspərəstlər qalır. Yeni prezident dərhal parlamenti buraxdı və Avrointeqrasiyanı dəstəkləyən blok qalib gəldi. Bununla da Moldovanın Avroatlantik məkana inteqrasiyada yeni addımlar atacağı gözlənilir. Amma onların Dnestryanı ərazini unutmaq olmaz, çünki separatçı bölgədir, Moldova qanunlarına tabe olmurlar. Ona görə Rusiyanın Moldovaya təzyiq imkanları qalır. O demək deyil ki, Kreml bu bölgədən əlini çəkib”. N.Cəfərli bildirdi ki, Rusiya-Azərbaycan əlaqələri rəvan şəkildə inkişaf edir: “Azərbaycan rəhbərliyi qızıl ortanı qorumağa çalışır. Lakin bizdə də bu prosesi uzatmaq mümkün olmayacaq. Avropa İttifaqı ilə saziş imzalanmalıdır. Düzdür, Ukrayna və Gürcüstana bağlanan müqavilə səviyyəsində olmasa da, orta bir sənəd imzalanacaq. Azərbaycan rəhbərliyinin Rusiyanı daha artıq qıcıqlandıracaq sərt addımlar atacağını gözləmirəm. Çünki Xankəndində iki min rus əsgəri sülhməramlı qüvvə olaraq yerləşib və çalışmalıyıq ki, yaxın 4 ildə sonları ərazilərdən çıxarmaq problemini həll edək, Ermənistanla sülh müqaviləsi bağlayaq. Bundan sonra Qərblə əməkdaşlıq dərinləşə bilər, onsuz da enerji siyasətimiz Avropayadır”.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın müttəfiqi yoxdur. Onun fikrincə, bu ölkə tarixən “parçala, hökm sür” siyasəti aparıb və ona uğur qazandırmayıb: “İndi Rusiya prezidenti Ukrayna ilə qardaşlıqdan danışır. Amma bu necə qardaşlıqdır ki, onun torpağını zəbt edirsən?! Eynilə Moldovadakı seçkilərin nəticələri göstərir ki, xalq Qərbyönümlü xətt götürür. Halbuki Moldovada həmişə seçkinin nəticələri yarıbayarı olurdu, yəni parlamentdə 50 faiz ruspərətlər, 50 faiz də qərbpərətlər sə alırdı. Bu dəfə fərqli oldu”.

E.Şahinoğlu deyir ki, Rusiyameyilli Dodon və ya Voronin seçkidə qalib gəlsə belə, yenə Moskva bunun müqabilində onun Dnestryanı ərazilər problemini həll etməyəcəkdi: “Ruspərəstlər Moldovada hakim qüvvə olanda Moskva bu məsələni həll etdimi? Əlbəttə, yox. Ona görə də indi Qərbpərəst hakimiyyət dövründə həl etməsə guya nə olacaq ki...

Ermənistanda da Köçəryana səs versəydilər, yenə Rusiya onlara heç nə verməyəcəkdi. Ona görə xalq Moldovaa olduğu kimi Qərbpərəst Paşinyana səs verdi. Hətta Belarusda Lukaşenko zorən Rusiya ilə ittifaqdadır. O, məcbur qalıb Rusiyanın vassalığını qəbul edib.

Amma bir gün bu postsovet ölkəsi də dəyişəcək. Halbuki həmin ölkələr, eləcə də Azərbaycan Rusiya ilə bərabərhüquqlu tərəfdaş olmaq istəyir. Sadəcə, Moskva bu ölkələri vassal kimi görür. Məsələn, Qazaxıstan heç vaxt Rusiyanın əleyhinə danışmır. Amma qarşı tərəfdən tez-tez fikirlər səslənir ki, tarixdə Qazaxıstan adlı dövlət olmayıb və ilaxır...

Ümumiyyətlə, Putin məqaləsində keçmiş SSRİ-dən danışır, deyir ki, bu ittifaq ədalətsizlik nəticəsində dağılıb. Bunu deyən tərəflə heç kəs tərəfdaşlıq etmək istəməz".