Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Moskvada - Məxfi missiya
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns ABŞ prezidenti Co Baydenin tapşırığı ilə Rusiya paytaxtına iki günlük səfərə gəlib.
"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə TASS Amerikanın Moskvadakı səfirliyinə istinadən məlumat yayıb.
“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns prezident adından ABŞ-ın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edir. Noyabrın 2 və 3-də Moskvaya səfər çərçivəsində nümayəndə heyəti ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə etmək üçün Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşəcək”, - diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlik Bernsin konkret kiminlə görüşəcəyini açıqlamayıb. Lakin, bundan əvvəl bildirilirdi ki, Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bernslə görüşüb. Bu Patruşevlə Berns-in MKİ-nin rəhbəri qismində ilk görüşüdür. Qeyd olunur ki, daha əvvəl Berns-in Moskvaya səfəri haqda heç bir anons olmayıb. Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışıb. Bu ilin martından isə Berns MKİ-nin direktoru vəzifəsini icra edir.