Kərimovdan doğmalarına nə qaldı və qızı niyə həbsxanaya düşdü? - Özbəkistanın saray sirləri

14 noyabr, 2021 22:31

Özbəkistanın ilk prezidenti İslam Kərimov postsovet məkanında ən nüfuzlu siyasətçilərdən biri hesab olunurdu. Qohumları onun təvazökarlığı sevdiyini və özü üçün hər şeydən imtina etməyə öyrəşdiyini iddia edirdilər. Ancaq onlara inanan az idi - dövlət başçısının ailəsi saysız-hesabsız sərvətə sahib idi. Kərimov klanının həyatı seriala bənzəyirdi: saray intriqaları, korrupsiya qalmaqalları, ata və qız arasında anlaşılmazlıqlar və belə mübahisələrin sonunda qızının həbsxanaya düşməsi. Ölkə sakinləri öz liderlərini onun rejiminə qarşı çıxan hər kəsi sıxışdıran sərt diktator hesab edirdilər.

"Azsiyaset" moderator.az-a istinadla İslam Kərimov ailəsinin həyatı haqqında - bütün dövrlərin və xalqların siyasi xadimləri silsiləsindən “Lenta.ru”-nun yeni materialını oxucularına təqdim edir.

“Heç vaxt dəbdəbəyə can atmazdı”

“İslam Abduqəniyeviç heç vaxt dəbdəbəyə can atmayıb. O, həmişə adi bir həyat yaşayıb. Daşkəndə köçəndən sonra iki otaqlı mənzildə yaşayırdıq. Təmiri özümüz etdik. O, hansı vəzifədə olursa olsun, heç vaxt vəzifə səlahiyyətlərindən sui-istifadə etməyib. Aşağı vəzifə tutan məmurlar daha yaxşı yaşayır, hətta bəzən həyat yoldaşıma gülürdülər. Ancaq o, buna əhəmiyyət verməzdi, çünki təvazökarlıq İslam Abduqənieviçin həyat mövqeyi idi”, - deyə İslam Kərimovun arvadı Tatyana bir il əvvəl bildirmişdi.

Onun sözləri bəzilərində təbəssüm, digərlərində isə çaşqınlıq doğurdu: əslində məşhur şərq diktatoru, Mərkəzi Asiyanın ən nüfuzlu siyasətçilərindən biri, Özbəkistanın ilk və ömürlük prezidenti dəbdəbəli yaşamağa öyrəşmişdi. Kərimovun dövründə onun qızları və digər qohumları böyük sərvət toplamışdılar.

Rusiya prezidenti Dmitri Medvedev və Özbəkistan prezidenti İslam Kərimov, 23 yanvar 2009-cu il

Rusiyanın baş naziri Vladimir Putin və Özbəkistan prezidenti İslam Kərimov, 16 avqust 1999-cu il

2010-cu ildə “Foreign Policy” jurnalı planetin ən pis diktatorlarının reytinqini açıqlamışdı. Kərimov bir çox həmvətənlərini məhv edən Eritreyanın qəddar tiranı İsayas Afevorkinin yaxınlığında - yeddinci yerdə qərarlaşmışdı.

“Gözəl, lakin ölüm daşıyan yaramaz”

Kərimovun qızlarını şahzadə adlandırırdılar - onlar inanılmaz dərəcədə zəngin idilər. Böyük qızı Gülnarənin Londonun mərkəzində evi, İsveçrədə ikimərtəbəli villası, BƏƏ-də 36,9 milyon dollara “Jumeirah Zabeel Saray” otelində aldığı üç penthaus və iki villası, “The Palm Jumeirah”ın birinci cərgəsində 13 milyon dollara aldığı torpaq sahəsi, Dubay Limanındakı “Dubay Marina” ərazisində yerləşən “Damac Heights” göydələnində iki mənzili vardı. Bundan əlavə, Gülnarəyə Honq-Konqdakı “Arka” yaşayış kompleksində penthaus, Parisin şəhərətrafı ərazilərdə bağ evi və  mərkəzində mənzil, San-Tropedə villa, Moskvada üç mənzil, həmçinin Rublyovo-Uspenskoye şossesində bağ evi məxsus idi.

Gülnarə bütün postsovet məkanında ən nüfuzlu qadınlardan biri hesab olunurdu. O, diplomat, dizayner, müğənni və kübar cəmiyyətin “dişi aslanı” idi.

Qız dövlət başçıları və Britaniya kral ailəsinin üzvləri ilə yaxından dostluq edirdi, mahnılarından birinin klipində isə aktyor Jerar Depardye ilə birgə çəkilmişdi. “O, “Ceyms Bond” haqqındakı filmlərdə olduğu kimi, gözəl, lakin ölüm daşıyan yaramazdır. Şübhəsiz ki, zəngindir, hətta Paris Hiltondan daha ağıllı və bəlkə də daha seksualdır”, - deyə Böyük Britaniyanın Özbəkistandakı keçmiş səfiri Kreyq Mürrey onu belə təsvir etmişdi.

Kərimovun böyük qızı ölkədə reklam və çap məhsulları bazarına nəzarət edirdi. Onun şəkillərinə atasının şəkillərindən daha çox rast gəlinərdi. “Onun mahnıları hər yerdə səslənər, fotoşəkilləri nəhəng reklam lövhələrini bəzəyərdi”, - deyə onun kliplərindən birini çəkmiş Los-Ancelesdən olan prodüser Con Kolombo deyir.

Gülnarə Kərimova 63-cü Kann film festivalında, 2010-cu il

Gülnarə Kərimova Parisdə “Dior Haute Couture” təqdimatında aktrisa Şeron Stounla birlikdə, 2012-ci il

Gülnarə toxunulmaz fiqur idi: o, Özbəkistanı BMT-də təmsil edib, İspaniyada səfir işləyib, bir çox xeyriyyə fondlarına rəhbərlik edib. Qız sosial şəbəkələrdə də kifayət qədər aktiv idi. Gülnarənin tvitləri bütün dünyada izlənilir, onun mikrobloqu isə ölkənin əsas mediası adlandırılırdı.

Tədricən Kərimovun qızının “Twitter” səhifəsində hakimiyyətin ünvanına tənqidlər yer almağa başladı. Çoxları onu atasının ehtimal olunan varisi adlandırsalar da, qız birdən-birə diplomatik toxunulmazlıqdan məhrum oldu. Aydın oldu ki, ailə münasibətləri idealdan çox uzaqdır. Bundan əlavə, müsahibələrinin birində kiçik bacısı Lola etiraf etmişdi ki, bacısı ilə həmin vaxt 12 ildən artıq ünsiyyəti olmayıb.

Gülnarə cavab olaraq Lolanın “şəxsi yaxtasında koks ilə (narkotik vasitə - red.) həyatını məhv etdiyini”, anasının isə falçılarla dostluq edərək böyük qızı ilə bağlı hər şeyi məhv etmək istədiyini söylədi.

Atası Gülnarəyə dəstək vermədi. Əvəzində onu mühafizədən məhrum etdi, ölkədən çıxışına qadağa qoydu və şaiyələrə görə onun pasportunu əlindən aldı. Ölkədə dövlət başçısının qızının nəzarətində olan üç radio və dörd televiziya kanalı fəaliyyətini dayandırdı. Digər KİV-lərə Gülnarə Kərimova ilə bağlı hadisələri işıqlandırmaq qəti qadağan edildi. O, televiziya ekranlarından yoxa çıxdı və barəsində cinayət işi açıldı.

Oksaroy (Ağsaray) - Özbəkistan Respublikasının birinci prezidentinin keçmiş əsas dövlət iş iqamətgahı

Atasının ölümündən bir il əvvəl, 2015-ci ildə Gülnarə cinayətkar cəmiyyət təşkil etmək, korrupsiya, mənimsəmə, qanunsuz fəaliyyətdən əldə edilən gəlirlərin leqallaşdırılması və pul vəsaitlərinin mənimsənilməsində ittiham olundu. Baş Prokurorluq prezidentin böyük qızının fəaliyyətindən dəymiş ziyanın məbləğinin 1,65 milyard dollar təşkil etdiyini bildirdi. Gülnarə həbs cəzasına məhkum edildi. Hazırda o, Daşkənd vilayətinin Zəngiata rayonunun qadın koloniyasındadır.

Gülnarə Kərimova cinayət işlərində dəymiş ziyana görə Özbəkistana əmlak şəklində 1,2 milyard dollar köçürüb (məlumat onun övladları İman və İslamın adından aparılan sosial şəbəkə səhifələrində yayılıb).

Bu siyahıya mobil operator “Perfectum Mobile”, “Özbəkistan Poçtu”, Daşkəndin ən yaxşı rayonlarında 98 mənzil və digər yerlərində daşınmaz əmlak, tibb mərkəzi, iki özəl klinika, hava limanında ticarət məntəqələri, “Levi's”, “Mango”, “Benetton” və digər brend geyim mağazaları, iki idman və spa klubu, dörd kinoteatr, beş restoran, 20-dən çox tikinti sahəsi, paytaxtın mərkəzində 20-dən çox ticarət ərazisi, daşınmaz əmlak şirkətləri, heyvandarlıq fermaları və kənd təsərrüfatı torpaqları daxildir.

Özbəkistan prokurorluğu Gülnarənin Böyük Britaniya, Almaniya, Honq-Konq, İrlandiya, İspaniya, Latviya, BƏƏ, Fransa, Rusiya, İsveçrə, İsveç və Maltadakı aktivlərinə həbs qoydu.

“Qu gölü olan dəbdəbəli malikanə”

Kərimovun kiçik qızı Lola da çox yaxşı təmin olunub. 2010-cu ildə o, Los-Ancelesdəki nəhəng “Le Palais” villasını 58 milyon dollara almışdı. Media onun təmtəraqlı sarayını “Qu gölü olan dəbdəbəli malikanə, oyma sütunlarla bəzədilmiş türk hamamı” kimi təsvir edir. Bu iqamətgah islam ornamentləri ilə bəzədilib, yeddi yataq otağı, 11 vanna otağı, rəsm qalereyası, lift, kinoteatr, ofis, kitabxana, qapalı hovuz, bal zalı, fəvvarələr və süni gölməçələr olan bağlar, qulluqçuların mənzilləri və yeraltı 12 maşınlıq qaraj yeri.

Jurnalistlər qonşuluqda Lolanın daha üç malikanəsini tapdılar.  Qiyməti 6-6,5 milyon dollar arasında dəyişən bu villaların bəzisini o, əri ilə birlikdə satışa cıxarmişdı.

Cütlük bu evlərdə heç vaxt yaşamazdı, adətən kirayə verirdilər. Malikanələrdən biri lifti, kinoteatrı, spa və hovuzu olan üç mərtəbəli villadır. Onun ərazisindən bütün Los-Ancelesə mənzərə açılır. İkinci ev Mərakeş üslubunda bəzədilib, onun örtülü həyəti, yunan üslubunda vanna otağı və 1200 şüşə saxlaya bilən şərab zirzəmisi var. Üçüncü villada hovuz, kamin və geniş manqal sahəsi var.

Lola Kərimova-Tillayevanın həmçinin Cenevrə yaxınlığında 2010-cu ildə 41 milyon dollara alınmış iqamətgahı var.

Özbək diplomatı Lola Kərimova-Tillayeva 74-cü Venesiya film festivalı zamanı “Kineo Award” mükafatının təqdimatı mərasimində

Kərimovun o qədər də yaxın olmayan qohumları da əmlakdan məhrum edilməyiblər. Həyat yoldaşı Tatyananın bacısı Tamara Sabirovanın özünün Türkiyədə 500 kvadratmetr sahəsi olan mənzili və Rublyovkada kotteci, oğlunun isə Latviyada 174 milyon avroya alınmış evi, həmçinin Moskvada daşınmaz əmlakı, məhz Kutuzovski prospektində və “Radisson” otelinin qüllələrindən birində - keçmiş “Ukrayna” otelində bir neçə mənzili, 1,6 milyard rubl dəyərində 500 kvadratmetrdən çox sahəsi olan üç mərtəbəli penthausu var. Belə bir mənzilin aylıq kirayəsi üç milyon rubla başa gəlir.

Apartamentlərdə mebel “Versace” və “Roberto Cavalli” brendləri tərəfindən hazırlanmışdır, interyer təbii ağac, oniks və italyan mərmərindəndir. Mənzildə hamam və soyunub-geyinmə otaqları olan iki yataq otağı, mətbəxi ən son texnologiya ilə təchiz olunmuş  böyük zal, qonaq otağı, camaşırxana və Moskva çayına, Biznes mərkəzinə və Ağ evə baxan terasa çıxışı olan kabinet var.

Səmərqənddə vida

İslam Kərimov Özbəkistanı 25 il idarə edib. Bu müddət ərzində mətbuatda bir dəfə də olsun liderin səhhətindəki ciddi problemlər barədə məlumat verilmədi, baxmayaraq ki, mediaya bəzən onun xəstəlikləri ilə bağlı məlumatlar sızırdı. Sabiq prezident 2016-cı il sentyabrın 2-də insultdan dünyasını dəyişdi. Çoxları ölümün daha əvvəl baş verdiyini fərz edirdi, lakin hakimiyyət bu barədə özbək xalqına dərhal məlumat vermək istəməyib.

Kərimovun nəşi qara rəngli “Mercedes-Benz Sprinter” markalı avtomobillə Daşkənd hava limanına aparılıb. Onun kortejini yol boyu gül-çiçək atan insanlar müşayiət edirdi. Meyit fəxri qarovul dəstəsinin əsgərləri tərəfindən təyyarəyə qaldırıldı. Tabut arvadı Tatyana və kiçik qızı Lolanın müşayiəti ilə prezidentin doğulduğu Səmərqəndə aparıldı.

İslam Kərimov

Prezident müsəlman adətlərinə uyğun olaraq “Həzrət-Xızr” məscidinin arxasındakı ərazidə, anası və qardaşlarının məzarının yaxınlığında dəfn edilib. Vida mərasimində onlarla dövlət və hökumət başçısı iştirak edirdi. Kərimovun nəvələri - Gülnarənin böyük qızı və birinci nikahdan olan oğlu Pyotr dəfn mərasimində iştirak etmirdlər.