Hökumətin inflyasiyaya qarşı tədbirləri - Nələr olacaq?

25 yanvar, 2022 11:12

Azərbaycan hökuməti bahalaşmanın təsirlərini azaltmaq, qarşısını almaq üçün xüsusi tədbirlər planı hazırlayır. Bu barədə yanvarın 18-də baş nazir Əli Əsədovun yanında keçirilən hökumət müşavirəsində qərar qəbul olunub. Hökumət hesab edir ki, çevik və kompleks antiinflyasiya proqramı qısamüddətli dövrdə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər. Buna görə də aidiyyəti dövlət qurumlarına ən yaxın müddətdə “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini hökumətə təqdim etmələri tapşırılıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-ya verdiyi məlumata görə, artıq planı hazırlamaq üçün müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb və ilk iclası keçirilib. İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini hökumətə təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan hökuməti ölkədəki inflyasiyanın əsas hərəkətverici amili kimi xarici bazarlardakı prosesi önə çəkir. Baş nazirin yanında keçirilən müşavirədə də qlobal bazarlardakı bahalaşmanı əks etdirən göstəricilər səsləndirilib, onun Azərbaycan bazarına təsiri diqqət mərkəzində olub. Lakin bir çox mütəxəssislər ölkə daxilində istehsal olunan məhsulların, xüsusilə də təbii qaz, elektrik enerjisi, su, istilik təchizatı və sair qiyməti tənzimlənən məhsulların bahalaşmasının da inflyasiyaya artırıcı təsirinin yüksək olduğunu bildirirlər.

Rövşən Ağayev: “İnflyasiyada daxili və xarici amillərin rolu ayrı-ayrılıqda dəqiq müəyyənləşdirilməlidir”

Bu şəraitdə hökumətin hazırlayacağı antiinflyasiya tədbirləri nələri ehtiva edə bilər? Hökumətin hansı addımlarla inflyasiyanın qarşısını alması daha realdır? İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, hökumətin yaratdığı işçi qrupunun təqdim edəcəyi tədbirlərin nə qədər effektiv olacağını zaman göstərəcək: “Amma qrupun düzgün diaqnoz qoyması üçün gərək əlində etibarlı diaqnostika olsun. Məsələn, ”İnflyasiyada daxili və xarici amillərin rolu ayrı-ayrılıqda nə qədərdir" sualının dəqiq cavabı çox önəmlidir.

Doğrudur, Mərkəzi Bank son bəyanatında qeyd etmişdi ki, illik inflyasiyanın (12 faiz) təxminən 25 faizi (yəni 3 faizi) tənzimlənən qiymətlərin artımı ilə bağlıdır. Lakin bu bir amildir axı. Elə həmin bəyanatda Mərkəzi Bank monetar amillərin rolunu inkar etmişdi. Halbuki təkcə kreditlər 15 faiz artıb və ötən ilki 5 faizlik azalmanın müqabilində bu, yüksək göstəricidir. Xüsusilə də kreditlərin artımının az qala üçdə ikisi istehlak bazarına inflyasiya təzyiqini artıra biləcək seqment - ev təsərrüfatlarının borclanması hesabına baş verib.

Fiskal genişlənmə yüksək inflyasiya təzyiqi yaradacaq səviyyədə olmayıb (təxminən 8 faiz). Tələb inflyasiyasının təsiri istisna olunur, çünki ev təsərrüfatlarının tələbatının əsas indikatoru hesab olunan istehlak xərcləri real olaraq cəmi 3,5 faiz artıb.

Amma istehsal xərclərinin artımını tətikləyən maliyyət inflyasiyası barədə eyni fikri söyləmək çətindir. Çünki əksər zəruri yerli məhsulların istehsalçı qiymət indeksi inflyasiya səviyyəsini üstələyib. Ona görə də işçi qrupun əlində dəqiq diaqnostika olmalıdır ki, hansı yerli istehsalın tərkibindən idxal komponenti nə qədərdir, istehsalçı qiymət indeksində yüksək artımın hansı hissəsi məhz idxal komponenti hesabına baş verir. Bazarların və istehsalın rəqabətli olmamasının inflyasiyayaradıcı potensialı hansı səviyyədədir"?

Ekspert hesab edir ki, çox yaxşı olar ki, Mərkəzi Bank aylıq geniş məlumatlarla zəngin inflyasiya hesabatı açıqlasın: “Bu hesabatda qeyd elədiyim istiqamətlər üzrə informasiyalarla yanaşı, Mərkəzi Bank özünün regional bölmələri vasitəsilə apardığı alternativ qiymət ölçmələrinin, ev təsərrüfatlarının inflyasiya gözləntiləri ilə bağlı sorğularının nəticələri, həmçinin qeyri-neft xarici ticarətimizdə ən azı 90 faiz payı olan ölkələrin hər biri üzrə manatın ikitərəfli nominal və real effektiv məzənnələrinin dinamikası barədə məlumatlar əks etdirsin”.

Mərkəzi Bankın 2021-ci il üzrə manatın məzənnəsi ilə bağlı açıqladıöı statistikaya toxunan ekspertin sözlərinə görə, hesabat dövründə qeyri-neft xarici ticarət səbəti əsasında hesablanan nominal məzənnə 12,1 faiz, real məzənnə 12,5 faiz bahalanıb: “Real məzənnənin nominal məzənnədən daha üstün templə artması göstərir ki, Azərbaycanda illik inflyasiya səviyyəsi səbət üzrə orta inflyasiya səviyyəsindən yüksək olub. Əksi olsa idi, aşağı inflyasiya səviyyəsi nominal bahalanmanın bir hissəsini kompensasiya edə bilərdi. Əslində rəsmi rəqəmlər də bu nəticəni təsdiqləyir. 2021-ci ildə Azərbaycanın qeyr-neft xarici ticarət səbətində 70 faizdən çox payı olan 10 ölkənin yalnız 2-də - Türkiyə və İranda illik inflyasiya Azərbaycandan yüksək olub. Amma bu 2 ölkənin ticarət səbətində payı cəmi 20 faizdir. Səbətdə 50 faizdən bir qədər yüksək payı olan yerdə qalan 8 ölkə - Rusiya, Çin, ABŞ, Ukrayna, İsveçrə, Böyük Britaniya, AImaniya və İtaliyada isə inflyasiya səviyyəsi bizdən daha aşağı olub. Onlardan ən aşağı inflyasiya Çində (2,5 faiz), ən yüksək isə Rusiyada (8,6 faiz) olub. Azərbaycanda isə illik inflyasiya 12 faiz səviyyəsində qeydə alınıb. Manatın nominal bahalanmasının yüksək inflyasiya ilə birləşməsi onsuz da rəqabət qabiliyyəti aşağı olan milli istehsal üçün öldürücü zərbə vurur”.

Məlumat üçün bildirək ki, rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53 milyard manat təşkil edib. Bu, 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,7 faiz çoxdur. Ötən il qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 3,6 faiz artaraq 51 milyard manatdan çox olub, onun 49,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat ilində bir istehlakçı orta hesabla ayda 440,5 manat və yaxud nominal ifadədə 40,1 manat çox vəsait xərcləyib.

Rəsmi statistikadan o da aydın olur ki, 2021-ci il ərzində Azərbaycanda istehsalçı qiymət indeksi idxal məhsullarının qiymət indeksindən bir neçə dəfə çox artıb. Belə ki, hesabat ilində sənaye məhsullarının istehsalçı qiymət indeksi 2020-ci illə müqayisədə 69,6 faiz, dekabrda isə 2020-ci ilin dekabrı ilə müqayisədə 2,07 dəfə artıb. Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi isə müvafiq olaraq 5,3 faiz və 17 faiz artıb.

2021-ci ilin noyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,5 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən isə 21,2 faiz artıb. İxrac olunan məhsulların qiymət indeksləri isə 2021-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə 1,6 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 84,9 faiz, 2021-ci ilin yanvar-noyabr aylarında 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən isə 51,3 faiz artıb. Göründüyü kimi, idxal məhsullarının qiymət indeksi ixrac məhsullarına nisbətən də daha az artım nümayiş etdirib.

Natiq Cəfərli: “Dizel yanacağı, benzin, su, elektrik enerjisi və qazın qiyməti 20 faiz endirilməlidir”

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, qiymət artımının qarşısını almaq üçün yollar bəllidir: “Bəlkə də 100 dəfə bu haqda yazıb-danışmışıq: 1) Hökumət tənzimlənən qiymətləri, dizel yanacağı, benzin, su, elektrik və qazın qiymətini 20 faiz endirir; 2) Ölkədə istehsalı olmayan, və ya çox az olan məhsullara, yəni ərzaq və dərmanlara tədbiq etdiyi gömrük rüsumlarını sıfırlayır, ƏDV-ni isə kəskin azaldaraq 5 faizə çəkir; 3) Ölkədə inhisarçılığın qarşısı alınır, Rəqabət Məcəlləsi qəbul edilir, məmurlar biznesdən çəkilir; 4) Aqrar və iqtisadiyyatın digər sahələrində orta/kiçik sahibkarlar üçün ucuz və uzunmüddətli kreditlərin verilməsini təmin edəcək Dövlət İnvestisiya Bankı yaradılır, bu bank ancaq aqrar sektora və kiçik-orta biznesə minimum 3 illik, maksimum 5 faizlə kreditlər verir. Paralel olaraq idarəetmə islahatları da aparılır, bu haqda da çox yazmışıq - Yeni Konstitutsiya qəbul edilməlidir. Bütün bunlardan sonra inflyasiyanı cilovlamaq mümkün ola bilər”.

Ekspert əmindir ki, hökumət “2 həftədən sonra çıxıb əsl sovet ənənələrinə uyğun deyəcək ki, ”süni qiymət artımı ilə mübarizə aparacağıq": “Bir də, çox güman, Mərkəzi Bank uçot dərəcəsini artıracaq, bu da inflyasiyaya təsir etməsə də, bank kreditlərini yenə bahalaşdıracaq”. 

Elşad Məmmədov: “Yaxın 5 ildə tənzimlənən qiymətlər sabit saxlanmalıdır”

İqtisadçı-alim Elşad Məmmədovun fikrincə, Azərbaycanda inflyasiyanı sürətləndirən ən əsas amil həqiqətən də qlobal bazarlardakı bahalaşmadır: “Hesab edirəm ki, Azərbaycanda qiymət artımına təsir edən əsas fundamental amil dünya iqtisadiyyatında, dünya bazarında qiymətlətin sürətlə artmasıdır. Və bu, ölkə iqtisadiyyatına inflyasiyanın idxal olunmasına səbəb olur. Nəticədə biz görürük ki, dünya bazarında artan qiymətlər Azərbaycana da təsir edir. Bununla yanaşı, ölkədə süni qiymət artımı amili də var. Bir sıra şirkətlər, sahibkarlar bazarda inhisarçı mövqelərindən sui-istifadə edərək qiymətləri artırır. Düşünürəm ki, qiymət artımı ilə mübarizə sahəsində əsas istiqamətlərdən birincisi ilk növbədə iqtisadiyyata, özü də istehsalyönümlü iqtisadiyyata investisiyaların artırılmasıdır. Çox təəssüflər olsun ki, bu baxımdan 2021-ci il itirilmiş il kimi qiymətləndirilə bilər. Çünki keçən il Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının azalması davam edib. Bu, çox zərərli bir prosesdir: iqtisadiyyata investisiyaların azalması daha az istehsal, daha çox idxal deməkdir. Hazırkı idxal həcmləri ilə biz heç bir halda qlobal bazarlardakı mənfi tendensiyaların təsirlərini azalda bilmərik”.

İqtisadçı-alimin fikrincə, Azərbaycanda qiymətləri tənzimlənən məhsulların, xüsusilə təbii qaz, elektrik enerjisi və suyun qiymətləri yaxın beşillik ərzində sabit saxlanmalıdır: “Fəaliyyətini səmərəli qura bilməyən iqtisadi qurumlar adətən gəlir artırmağın yeganə yolunu satdıqları məhsulu bahalaşdırmaqda görürlər. Halbuki bu, çox yanlış yoldur. Buna görə də düşünürəm ki, heç olmasa bundan sonra təbii inhisarların satdıqları məhsul və xidmətlərin dəyəri artmamalıdır. İnflyasiya artımının qarşısını alan üçüncü bir istiqamət valyuta bazarında stabilliyi saxlamaq, inhisarlara qarşı mübarizə, süni qiymət bahalaşmasına imkan verməmək olmalıdır. Belə bahalaşma yerli istehsala ciddi zərbə vurur. Bunlar qısamüddətli dövr üçün atılmalı addımlardır. Uzunmüddətli dövr üçün əsas hədəf regional iqtisadi inteqrasiya prosesini aktivləşdirmək olmalıdır”(musavat.com).