"Ordu İmran Xana Rusiyaya getməməyi tövsiyə etmişdi" - Pakistanlı siyasi şərhçi ilə MÜSAHİBƏ

15 aprel, 2022 20:21

Pakistanlı siyasi şərhçi Zulqernain Tahir: “Əgər bütün siyasi qüvvələr bir araya gəlib öz işlərinə hərbçiləri qatmamaq qərarı versə, Pakistanda demokratiyanın gələcəyi ola bilər”

"İslamabadın Bakı ilə münasibətləri həm hökumətlər, həm də hərbi müstəvidə olmalıdır"

Ukrayna hadisələri ilə yanaşı son günlər Pakistanda baş verənlər də dünyanın diqqət mərkəzindədir. Baş nazir İmran Xanın səlahiyyət müddəti başa çatmamış istefaya göndərilməsi ilə bağlı konspiroloji ehtimallar irəli sürülür. Xanın Rusiyanı dəstəklədiyi üçün birbaşa Vaşinqtondan gələn tapşırıqla hakimiyyətdən uzaqlaşdırıldığı əsas ehtimal kimi vurğulanır. Bəs, gerçəkdə Pakistanda baş verənlərin əsl səbəbləri nədir? İslamabad-Bakı münasibətlərinin perspketivi necə görünür?

Azpolitika.info-nun bu suallarına Pakistanda gündəlik nəşr olunan ingilisdilli “Dawn” qəzetinin siyasi şərhçisi Zulqernain Tahirlə müsahibəmizdə aydınlıq gətirməyə çalışmışıq.

- Cənab Tahir, Pakistan tarixində xeyli sayda Baş nazir olub ki, vəzifəsini sona qədər yerinə yetirə bilməyib, yəni hakimiyyəti 5 il çəkməyib. Elə bu günlərdə Baş nazir İmran Xana da etimadsızlıq göstərildi. Bunun səbəbi nədir və hazırda Pakistanda nə baş verir?

- Bəli, bu, Pakistanın məyusedici tarixidir ki, baş nazirlərdən heç biri 5 illik fəaliyyətini tam başa vura bilməyib. Əsas səbəb isə sirr deyil - parlament zəifdir, digər qurumlar isə güclüdür. Ordunun və məhkəmənin siyasətə, parlamentin işlərinə qarışması tarixən olub. Pakistanda demokratiya heç vaxt möhkəm təməllər üzərində qurulmayıb. 75 illik tarix ərzində ölkə təxminən 34 il general Ayub Xan, general Məhəmməd Ziyaülhaqq və general Pərviz Müşərrəf kimi hərbi diktatorlar tərəfindən idarə olunub. Bundan əlavə, bəzi əsas partiyaların siyasi rəhbərliyi hakimiyyətə gəlmək üçün daha çox hərbi qurumlara müraciət edir. Əgər bütün siyasi qüvvələr bir araya gəlib öz işlərinə hərbçiləri qatmamaq qərarı versə, Pakistanda demokratiyanın gələcəyi ola bilər.

- Sabiq Baş nazir İmran Xan çıxışlarında bildirib ki, hakimiyyətdən uzaqlaşdırılmasının arxasında xarici qüvvələr, ABŞ dayanır. Sizcə, İmran Xan bu iddialarında haqlıdırmı?

- Ona etimadsızlıq göstərilməsindən sonra ABŞ-ı günahlandırması növbəti seçkilərə hesablanmış addımdır. İmran Xan yaxşı bilir ki, bu cür fikirlər camaat arasında onun nüfuzunu artırır.

- İmran Xan Rusiyanın Ukraynaya qarşı işğalı ərəfəsində Moskvaya gedərək, Putinlə görüşdü. Bu səfərdə məqsəd nə idi və bu, onun hakmiyyətdən uzaqlaşdırılmasının səbəblərindən biri oldumu?

- İmran Xanın Rusiyaya səfərinə gəlincə, Pakistan ordusu ona həmin səfərini Ukraynadakı gərginlik səbəbindən təxirə salmağı tövsiyə edib. Ən pisi isə o oldu ki, İmran Xanın səfəri Putinin Ukraynaya müharibə elan etdiyi gün baş verdi. Qayıdandan sonra Xan hətta Rusiyanın hücumunu pisləməkdən imtina etdi. Düşünürəm ki, Xanın bu səfəri parlamentdə ona etimadsızlıq göstərilməsinə səbəb olan amillərdən biri oldu.

- Bəzi mənbələr onu da vurğulayır ki, ordu Xanın siyasi kursundan narazı olub, onun Baş nazir seçilməsini qəbul etməyib. Hətta o da vurğulanır ki, Pakistan Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva ilə Xanın arasında uzun müddət soyuqluq olub, onlar bir ilə yaxın müddətdə üz-üzə görüşməyiblər. Bunun səbəbi nə idi?

- Bu sualınızla bağlı onu deyə bilərəm ki, İmran Xan və general Bacva arasındakı münasibətlər ikincinin 2021-ci ilin oktyabrında general-leytenant Nadim Ancumun ölkənin əsas kəşfiyyat orqanına – Xidmətlərarası Kəşfiyyata (Inter Services Intelligence - ISI) rəhbər təyin edilməsini xahiş edəndə pisləşdi. O, indi həmin vəzifədə general Faiz Həmidi əvəz edir. Həmid Xana çox yaxın sayılırdı. Xan general Bacvanın tövsiyəsini bir aya yerinə yetirdi. O vaxtdan bəri Xan və Bacva arasında münasibətlər heç vaxt əvvəlki kimi olmayıb.

- Hazırda ölkənin yeni Baş naziri Şahbaz Şərifdir. Necə düşünürsünüz, onun siyasətinin əsas xüsusiyyətləri necə olacaq? Ş.Şərif keçici fiqurdur, yoxsa ciddi dəstəyi var və uzun müddət hakimiyyətdə qala biləcək?

- Ordu ilə yaxşı münasibət saxlamaq baxımından Şahbaz Şərif ağıllı siyasətçidir. Bundan başqa o, iqtisadiyyatı idarə etmək reputasiyasına malikdir. Qarşıdakı aylarda çox şey onun iqtisadiyyatı necə idarə etməsindən və ölkəni iqtisadi bataqlıqdan çıxarıb – çıxarmayacağından asılı olacaq. Növbəti ümumi seçkilər 2023-cü ilin avqustunda keçiriləcək. Hər şey 10-dan çox partiyadan ibarət koalisiyanın Xanın başçılıq etdiyi kütləvi etirazların qarşısında duruş gətirib-gətirməyəcəyindən asılı olacaq.

- Bu arada Pakistan Federal Təhqiqat Agentliyi (FİA) 2008-2018-ci illər arasında Şahbaz ailəsinə aid olduğu iddia edilən 28 hesabı üzə çıxarıb. Agentlik 17 000 kredit əməliyyatının pul izini araşdırıb, bu işdə əsas müttəhim kimi Şahbaz Şərif və onun oğlanları Həmzə və Süleymanın adları irəli sürülüb. Hazırda bu məsələ nə yerdədir?

- Şahbaz ailəsi və onun Pakistan Müsəlman Liqası bu işlərin siyasi motivli olduğu qənaətindədir. Artıq bu işlər FİA tərəfindən araşdırılmayacaq, çünki bu agentlik Şahbazın rəhbərlik etdiyi hökumətə tabedir.

- Keçmiş Baş nazir İmran Xanın rəqəmsal media üzrə əsas nümayəndəsi Arsalan Xalidin Lahordakı evinə mülki geyimli zabitlər basqın edərək noutbuk və bəzi cib telefonlarını götürüb, onun ölkə xaricinə çıxışına qadağa qoyulub. Xalidin isə həbsdən yayınmaq üçün gizləndiyi bildirilir. Onun sosial şəbəkələrdə dövlət qurumuna, orduya qarşı kampaniya aparmaqda ittiham olunduğu deyilir. Bu, doğrudurmu?

- Son dörd gün ərzində, parlamentdə etimadsızlıq səsverməsi ilə Xanın istefaya göndərilməsindən sonra yeni hökumət, ordu və məhkəməyə qarşı hansısa mütəşəkkil kampaniyanın getdiyini göstərən 15 milyon tvit atılıb. Pakistanın xüsusi xidmət orqanları və FİA birgə əməliyyat keçirib. Həbs edilən ondan çox sosial media fəalı əsasən Pakistan Təhrik-i-İnsaf Partiyasına mənsubdur. Onlar ordu rəisinə qarşı böhtan kampaniyası apardıqlarına görə həbs edilib. A.Xalidin bu kampaniyada iştirak edib-etmədiyi yalnız araşdırmadan sonra sübut edilə bilər.

- Yeni Baş nazirdən Pakistan-Hindistan əlaqələrində nə kimi addımlar gözlənilir? Əzəli rəqiblər arasında münasibətlərdə böyük irəliləyiş gözlənilirmi? And içməsindən bir neçə saat əvvəl Şahbaz Şərif Hindistanla yaxşı əlaqələr istədiyini deyib, amma bunun baş verməsi üçün Kəşmir məsələsinin həll edilməli olduğunu vurğulayıb. Hindistanın Baş naziri N. Modi də cavab olaraq Hindistanın sülh və sabitlik istədiyini vurğulayaraq bölgənin terrordan azad olunmasının vacibliyini qeyd edib.

- İki əzəli rəqib arasında mövcud gərginliyin azala biləcəyi ehtimalları çoxdur. Şahbaz Hindistanla hər zaman yaxşı münasibətlər istəyən, üç dəfə baş nazir olmuş Navaz Şərifin kiçik qardaşı olduğundan, onun dövründə müəyyən irəliləyişlərin olacağı ehtimal edilir. Bununla belə, Kəşmir mübahisəsi dayanıqlı bir nöqtə olduğundan Pakistan və Hindistan arasında mehriban münasibətlərin olacağı gözləntiləri azdır.

- Son olaraq, İmran xan dönəmində İslamabad-Bakı münasibətləri daha da inkişaf etdi. Pakistan Azərbaycanın öz ərazilərini azad etmək məqsədilə apardığı hərbi əməliyyatları fəal dəstəklədi. Ölkələrimiz arasında hərbi əməkdaşlığın gücləndirilməsi sahəsində müzakirələr aparıldı. Yeni hökumət dövründə Azərbaycanla əməkdaşlıqla bağlı hansı addımlar atıla bilər?

- Pakistanın da Türkiyə kimi Azərbaycanla yaxşı münasibətləri olduğundan Ermənistanla münaqişədən sonra da İslamabadın Bakı ilə əlaqələri möhkəmlənəcək. Düşünürəm ki, İslamabadın Bakı ilə münasibətləri həm hökumətlər, həm də hərbi müstəvidə olmalıdır. Azərbaycanla Ermənistan arasında müharibə başlayanda burada sosial şəbəkələrdə təkcə Pakistanın Bakıya silah-sursat verməsi deyil, həm də digər logistik dəstək göstərilməsi təbliğatı aparılırdı. Pakistanda çoxları sosial mediada Azərbaycanın qələbəsini istəyirdilər. Bu fonda mən İslamabadla Bakı arasında həm hərbi sahədə, həm də insanlar arasında təmas baxımından əlaqələrin daha da möhkəmlənəcəyini düşünürəm.

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR