“Qarabağın azadlığına görə Prezident İlham Əliyevə təşəkkür edirəm” - İranın keçmiş təşkilat sədri

19 may, 2022 11:15

İranın Mədəniyyət və İslam Əlaqələri üzrə Dövlət Təşkilatının keçmiş sədri Əbuzər-İbrahimi Torkaman Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan dövlətini və xalqını təbrik edib.

O, təbriklərini Bakıda keçirilən “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çatdırıb.

“Qarabağın azadlığı münasibətilə Azərbaycan dövlətini, millətini təbrik edirəm. Hörmətli Prezident İlham Əliyevə təşəkkür edirəm”, - Əbuzər-İbrahimi Torkaman söyləyib.

Onun fikrincə, dünyada sülhə kömək edilməlidir: “Bizim başqa yolumuz yoxdur. İnsanlar gərək özləri ilə barışsınlar. Əgər belə olarsa, sülh də olar”.

Daha sonra tədbir iştirakçıları alqışlarla onun təbrikinə qoşulublar.