Qərb İran casusunu niyə müdafiə edir?
Amerika tarixçisi K.London deyirdi ki, casuslar müdafiə olunmur, ititham edilir. Öz dövlətinin sirrlərini, məxfi məlumatları toplayaraq başqa bir dövlətin xüsusi xidmət orqanlarına ötürən şəxs necə müdafiə oluna bilər ki!? Amma dünyada “dəyər”lər dəyişib.
Biz belə düşünürük: kim haqlıdırsa, güclüdür, böyük dövlətlər isə əksinə: kim güclüdürsə, o haqlıdır. Buna görə də böyük dövlətlər və onların dünyada “insan hüquq və azadlıqları” adı altında fəaliyyət göstərən əlaltı təşkilatları üçün sənin milli və dövlətçilik maraqların heç bir önəm kəsb etmir. Onlar sənin maraqlarına və imicinə zərbə vurmaq üçün casusları da müdafiə edəcəklər, vətən xainlərini də...
Məsələn, "xeberman.az" və "press-az.com" saytlarının baş redaktoru Polad Aslanovu müdafiə etdikləri kimi! O P.Aslanovu ki, 2019-cu il iyun ayının 12-də dövlətə xəyanət maddəsi ilə həbs edilib.
P.Aslanovun əməlləri, onun bir neçə həmkarını, müxtəlif şəxsləri İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq etməsi çoxsaylı dəlillərlə sübut olundu və o, 16 il müddətinə azadlıqdan məhrum edildi. Bir daha deyirik, söhbət İran adlı dövlətdən yox, öz dövlətinin sirrlərini satan şəxsdən gedir. P.Aslanov öz həmkarlarını lap Cibuti, Konqo, Nauru dövlətlərinin xüsusi xidmət orqanları ilə də əməkdaşlığa cəlb etsəydi, yenə də casus hesab olunur və həbs edilməli idi. Odur ki, adını açıq şəkildə çəkdiyimiz qonşu dövlət - İran bizdən inciməsin. Biz öz dövlətçilik maraqlarımızı qoruyuruq. Bizim İranla heç bir problemimiz də yoxdur. Bəlkə elə İranda hansısa təşkilatın içərisindəki hansısa şəbəkə Azərbyacanla münasibətlərə zərbə vurmaq istəyir və buna görə heç bir zərurət olmadığı halda vətəndaşlarımızı müxtəlif yollarla əməkdaşlığa cəlb edir? Elə deyil? Biz necə, susaqmı? Bağışlayın, biz casusu ittiham edirik və öz dövlətini satan bütün casuslar istisnasız məsuliyyətə cəlb edilir.
Ancaq hazırda məsələ təkcə bunda deyil. Maraqlı haldır:
Birinci vacib məqam: Qərb İranla düşmən münasibətdədir, illərdir Qərb dövlətləri ilə İran arasında “dərin dövlət” savaşı davam edir, amma bu gün Qərbin müxtəlif təşkilatları İranın casusunu “siyasi məhbus” adlandıraraq müdafiə edir.
Məntiqlə yanaşsaq, İranın maraqlarının möhkəmlənməməsi Qərbin istəyi daxilindədir, yəni İrana casusluq etmək həm də Qərbin maraqlarına ziddir. O zaman nə baş verir?
Buradan isə iki məqam ortaya çıxır: Birincisi, P.Aslanovun “ikinci casusluq fəaliyyəti” də var, yəni Azərbaycandan İrana, İrandan da Qərbə casusluq edib. Cənab qərblilər, bəlkə bunu da araşdırasınız, bəlkə elə P.Aslanovu müdafiə edənlər də İranın təsiri altındadır. Axı indiyə qədər heç bir dövlət öz casusunu açıq şəkildə müdafiə etməyib, bunun üçün izahı çətin olan başqa yollar seçiblər. Elə Qərbin P.Aslanovu müdafiə etməsi kimi... İkincisi isə heç bir istisna olmadan, hətta öz milli maraqlarını da tapdalamalı olsalar, Azərbaycana qarşı davamlı qərəzli münasibət ortaya qoymaq, təzyiq göstərmək.
İkinci vacib məqam: P.Aslanovun “press-az.com” saytını təhlil edərkən onun ABŞ əleyhinə xeyli sayda materiallar dərc etdiyi açıq şəkildə görünür. O, ABŞ-ın regionda və dünyada gərginlik yaratmaq istəyi ilə bağlı məlumatlar yayır və paralel olaraq, İranla bağlı, dini yönümlü yazılara üstünlük verirdi. Görəsən, ABŞ, Qərb təşkilatları bütün bunları bilirlərmi?
Qərb deyə bilməz ki, kimliyindən, fəaliyyətindən asılı olmayaraq, biz insan hüquqlarını müdafiə edirik. Amma bilmək lazımdır ki, insan hüququnun həddi ilə casusun hüququnun həddi arasında fərqlər var. Casus islah olunmaq üçün azadlığa buraxılmır, o cəza alır və almalıdır. P.Aslanovu öldürən də yoxdur, o sivil şəkildə, faktlar əsasında azadlıqdan məhrum edilib. Amma Qərbdən nümunələr gətirməli olsaq, bitib-tükənməz. Casusluğa görə edam olunanlar, küçədə güllələnlər, yandırılanlar və s. Hər halda casusun danışmasını təmin etmək üçün yaradılan işgəncə alətlərini, psixotrop dərmanları da biz ixtira etməmişik. Bunların hamısı Qərbin məhsuludur.
P.Aslanovu hansı təşkilatlar müdafiə edir? Diqqət edək: “Sərhədsiz Reportyorlar” təşkilatı, “Amerikanın Səsi”, “Qırmızı Xaç” və s. Hələ ötən ilin noyabrında ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun da bu məsələ ilə bağlı bəyanatı olmuşdu. Bu ilin fevralın 15-də isə P.Aslanov ABŞ prezidenti Co Baydenə məktub ünvanlayaraq kömək istəyirdi. Amma işə baxın, təkcə özünün yox, 150 nəfər “siyasi məhbus”un da azadlığını tələb edir.
Deməli və qısası: Azərbaycan dövləti şantaj olunur...
ABŞ-ın Azərbaycandakı səfirliyinin önündə P.Aslanovun “müdafiəsi”nə yönəlmiş aksiyanın təşkli də təxribatdır.
Dövlət ya bu şantaja boyun əyilməli, casuslara qol-qanad verəcək qədər yeni və pis presedent yaratmalı və nəticədə “casusluq trayektoriyası”nın daha geniş olduğu sezilən P.Aslanov azad edilməli, dövlət yenilməlidir. Ya da dövlət öz qətiyyətinə, öz iradəsinə sahib çıxmalıdır. Sabahın casusları üçün presedent də hazırdır: dövlətimi satacam, Qərb məni müdafiə edəcək, dövlət qorxub azad edəcək və... Bu “və”lərin altından sabah kimsə çıxa bilməyəcək.
Bəs P.Aslanovu müdafiə edən təşkilatların nümayəndələri gəlib ittiham faktları ilə tanış olublarmı? Olmayıblar! P.Aslanovun bu işləri gördüyünü bilirlərmi:
- O, xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə Azərbaycandan kənarda müxtəlif görüşlər keçirib
- Pul vəsaitləri alaraq qəbzlər imzalayıb
- Azərbaycan dövlətinin zərərinə olan məlumatları toplayaraq xarici xdimət orqanlarının əməkdaşlarına ötürüb
- Rəhbərlik etdiyi saytlarda, sosial şəbəkələrdə Azərbaycan dövlətinin əleyinə təxribatçı materiallar yayımlayıb
- Öz həmkarlarını şantaj yolu ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edib
- Həmkarlarına, müxtəlif şəxslərə pullu şəxs olacaqlarını və məşhurlaşacaqlarını söz verərək onların dövlət əleyhinə fəaliyyət və çıxışlarını təşkil etməyə çalışıb
- Çıxışlarını dini-klerikal “imkanlar” üzərində quraraq siyasi “moizələr” oxuyur, onun bölücü çıxışlarındakı hədəf məmurlar, ayrı-ayrı şəxslər yox, birbaşa Azərbyacan dövləti, dövlətin müdafiə və təhlükəsizlik tərəfləri idi. Çıxışlarının analiz sübut edir ki, o, dini çıxışları zamanı dövlət sirrrlərini xüsusi şifahi “şrift”lərlə də ötürüb
- Azərbaycanda dini təbliğat aparmaqla, əslində isə baqa dövlətin xüsusi xidmət orqanlarının təsiri altında “casus şəbəkəsi” formalaşdırırmış
- Təsir dairəsinə saldığı şəxslərin Azərbaycandan çıxışını təşkil edir, onlara pul və müxtəlif vədlər verərək casusluq fəaliyyətinə sövq edirmiş
- Onunla xarici səfərdə olan, qayıdandan sonra isə onun dediklərini etməyən şəxsləri şantaj edirmiş
P.Aslanovu müdafiə edənlər! Öncə gəlin bütün bunların sənədləri və onu həbsə aparan faktlarla tanış olun. İfadələr, faktlar, şahidlər var. Yox əgər bunu bacarmırsınızsa, o zaman Azərbaycan daxili işlərinə müdaxilə etməyin. İnsan hüquqlarını müdafiə etməklə casusa azadlıq tələb etmək arasında yerələ göy qədər fərq var. Düzdür, casusun da hüquqları var, ona nə işgəncə verilib, nə də başqa bir fiziki zorakılıq olub! P.Aslanovun qanun çərçivəsində öz cəzasını alıb.
Təbii ki, Culian Assancla P.Aslanovu müqayisə etmək yersizdir. Amma söhbət dövlət maraqlarını satan casusdan gedirsə, ABŞ bunları yada salmalıdır: İraq və Əfqanıstandakı müharibələrlə bağlı sənədlər yayan C.Assanc 2012-ci ildən 2019-cu ilə qədər Ekvadorun Londondakı səfirliyndə gizləndi. ABŞ-ın təzyiqindən! Ona qarşı 18 maddə üzrə ittiham irəli sürülmüşdü. Əgər C.Assanc həmin vaxt həbs edilsəydi, onu ABŞ qanunları ilə düz 175 il həbs cəzası gözləyirdi. Bəlkə güzgüdə özünüzə baxmağı da bacarasınız, cənablar! Daha bir məqama diqqət edək: İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə xəbər ötürən Müdafiə Nazirliyinin keçmiş işçisi Rza Asqari 2020-ci ilin iyul ayında edam olundu.
Biz nə edam etdik, nə də səfirlikdə 7 il gizlənməyə məcbur etdik. P.Aslanov həbs edildi və məhkəmənin qərarı ilə 16 il müddəinə azadlıqdan məhrum edildi.
Azsiyasət.com