Rusiya səfiri: "Azərbaycanın BMT-də gördüyü işləri çox yüksək qiymətləndiririk" - MÜSAHİBƏ

11 iyun, 2021 18:22

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəsinin dövlət bayramı olan 12 iyun - Rusiya Günü münasibətilə report.az-ın suallarını cavablandırıb.

- Bütün dünya üçün heç də asan olmayan il ərzində Azərbaycan-Rusiya münasibətlərinin inkişafı nə səviyyədə olub?

- Koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlərə baxmayaraq, münasibətlərimiz sürətlə inkişaf edib. İlk növbədə, siyasi münasibətlər son dərəcə yüksək səviyyədədir. Qeyd etdiyiniz dövr ərzində prezidentlərimiz arasında sıx əlaqə, ünsiyyət davam edib. Bundan başqa, iqtisadi əlaqələr də inkişaf etməkdədir. Ötən il pandemiya ilə əlaqədar məhdudiyyətlər səbəbindən ölkələrimiz arasında mal dövriyyəsi bir qədər azalsa da, hazırda onun artımı ilə bağlı ümidlər var. Bu ilin birinci rübünün göstəriciləri də ümidvericidir.

İl ərzində yüksək səviyyəli əlaqələr baxımından xeyli vacib hadisələr baş verib. May ayında Baş nazir Əli Əsədov Moskvada rəsmi səfərdə olub. Milli Məclisin Sədri xanım Sahibə Qafarova MDB PA-da iştirak etmək üçün aprel ayında Rusiyaya səfər edib və orada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk iki dəfə - yanvar və aprel aylarında Bakıda olub. Xarici İşlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edib və nazir Lavrovla ayrıca görüşüb. XİN rəhbəri Sergey Lavrov özü də may ayında Bakıya səfər edib.

İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın mayın 19-da baş tutmuş iclasını da qeyd etmək istərdim.

Bütün bunlar göstərir ki, qeyd olunan dövr ərzində ikitərəfli münasibətlərin inkişafında dayanma olmayıb və biz bütün çətinlikləri arxada qoymağı bacarırıq.

- Uzunmüddətli perspektivdən danışsaq, ölkələrimiz arasında münasibətlərdə hansı sahələr prioritet olacaq?

- Gələcək haqqında da danışmağa çox şey var. Gələn ilin aprel ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olacaq. Bu münasibətlə bir sıra müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Hələlik konkret bir söz demək üçün tezdir: qrafik hələ təsdiq olunmayıb, amma bu tarixi qeyd etmək niyyəti dəqiq var.

Daha qısa perspektivdə isə pandemiya səbəbindən təxirə salınmış Regionlararası Forum baş tutmalıdır. Sözügedən forumu bu il keçirməyə ümid edirik.

İqtisadi əlaqələrə diqqət yetirmək də az əhəmiyyət daşımır. Buna nümunə kimi İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın may ayında Moskvada keçirilmiş iclasında qəbul edilmiş qərarları göstərmək olar. İclasın nəticəsi olaraq fəaliyyətimizin ən müxtəlif istiqamətlərini əks etdirən çox həcmli protokol qəbul edilib.

Perspektivdən danışası olsaq, ilk növbədə, 2018-ci ildə qəbul edilmiş və 2024-cü ilədək olan dövrü əhatə edən “Əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı”nı xatırlamaq lazımdır. Hökumətlərarası Komissiyanın son iclası bu planın əlavələrlə birlikdə icra edilməsinin vacibliyini təsdiq etdi. Maraqlıdır ki, əgər əvvəl plan 5 Yol Xəritəsindən ibarət idisə, son zamanlar bura İnnovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyatı nəzərdə tutan altıncı Yol Xəritəsi də əlavə olunub. Hökumətlərarası Komissiyanın iclasının yekun protokolunda bütün bu istiqamətlər üzrə fəaliyyət öz əksini tapıb. Onların ən əsasları əməkdaşlığın məlum sahələridir: nəqliyyat, sənaye, kənd təsərrüfatı. Lakin bu sıraya əlavə olunan və perspektiv üçün işləyəcək yeni elementlər də mövcuddur. Xüsusilə də bura kənd təsərrüfatı ilə bağlı elementlər daxildir. Hər iki tərəf bu sahə üzrə əməkdaşlığa yeni təkan vermək niyyətindədir. Kənd təsərrüfatı və ərzaq məhsullarının qarşılıqlı tədarük həcmlərinin artırılması və siyahısının genişləndirilməsi üçün zəmin yaradılması ilə bağlı qarşıya məqsəd qoyulub. Bu əmtəə istiqamətləri əvvəlki kimi ticarət münasibətlərimizdə vacib yer tutur.

Fəaliyyət planına digər yeni elementlər də daxil edilir. Bu isə bizim zamanla ayaqlaşdığımızdan xəbər verir. Orada əqli mülkiyyət sahəsində əməkdaşlıq və İKT sahəsində təcrübə mübadiləsi kimi məqamlar öz əksini tapıb. Moskvaya səfəri zamanı Baş nazir Əli Əsədov bu yeni məsələləri Rusiya Hökumətinin sədri Mixail Mişustinlə müzakirə edib.

Münasibətlərimizin gələcək inkişaf perspektivlərini bu cür xarakterizə edərdim.

- Koronavirus infeksiyası ilə mübarizə sahəsində Azərbaycan və Rusiya arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Koronavirus pandemiyasının qızğın çağında əməkdaşlığa hazır olduğumuz təsdiq olundu. Qoşulmama Hərəkatının sədri olaraq məhz Azərbaycanın təşəbbüsü ilə ötən ilin sonlarında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası keçirildi. Rusiya lap əvvəldən bu təşəbbüsü dəstəkləmiş oldu. Biz sessiyanın gedişində əməkdaşlıq etdik və dünya ictimaiyyətinin səfərbər edilməsi üçün Azərbaycanın BMT-də həyata keçirdiyi işləri yüksək qiymətləndiririk.

İkincisi, bütün mümkün forumlarda, xüsusilə də son zamanlar bu məsələnin daim gündəlikdə olduğu, fəaliyyətlərimizin koordinasiyası və bu xəstəliklə mübarizə sahəsində səylərimizin birləşdirilməsi haqqında ümumi qərarların qəbul olunduğu MDB forumlarında bu məsələ ilə bağlı ölkələrimizin fikirlərinin üst-üstə düşməsini qeyd etmək istərdim.

Daha əvvəl qeyd etdiyim bütün görüşlər zamanı koronavirusla mübarizə mövzusu gündəlikdə duran ən vacib məsələlərdən biri olub.

Ötən il Rusiya Azərbaycana 12 min ədəd tədqiqat üçün nəzərdə tutulan test sistemi göndərib. Azərbaycanlı həmkarlarına konsultasiya keçmək məqsədilə tibb mütəxəssislərimiz Azərbaycana səfər edib və burada fəaliyyət göstəriblər. Artıq bu ildən etibarən Azərbaycanda Rusiya istehsalı olan “Sputnik-V” vaksini ilə peyvəndə başlanılıb.

- Azərbaycana “Sputnik-V” vaksininin növbəti partiyasının gətirilməsi gözlənilir?

- Rusiya Birbaşa İnvestisiyalar Fondu və TƏBİB arasında müvafiq razılaşma var. Mayın 2-də Azərbaycana “Sputnik V” vaksininin 40 min doza həcmində ilk partiyası gətirilib. Elə indicə növbəti partiyanın gətirilməsi ilə bağlı bizə məlumat verildi.

- Bildiyiniz kimi Azərbaycanda əhalinin peyvənd olunması prosesi tam gücü ilə davam edir. Faiz nisbətində Azərbaycan MBD ölkələri arasında ilk yerlərdən birini tutur. Ölkədəki vaksinasiya prosesini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, vaksinasiyanın gedişini ilk növbədə Azərbaycan Respublikasının hökuməti qiymətləndirir. Lakin biz, səfirlik olaraq Azərbaycan tərəfinin, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə yoluxma səviyyəsinin kəskin şəkildə azalmasını məmnunluq hissi ilə izləyirik. Son məlumatlara görə, yoluxma halı gündəlik 100 nəfər civarındadır. Fikrimcə, bu, çox yaxşı nəticədir. Təbii ki, bu sahədə ölkələrimiz arasında əməkdaşlığı və təcrübə mübadiləsini davam etdirəcəyik. Düşünürəm ki, Azərbaycanda işin belə yaxşı aparılması və onun yoluxma sayının azalmasına gətirib çıxarması yalnız sevinc hissi doğura bilər.

İnanmaq istərdim ki, ən yuxarı həddi artıq arxada qoymuşuq. Koronavirus pandemiyasının nə olduğunu, onun qarşısını almaq üçün hansı tədbirlərin görülməli olduğunu və onun iqtisadi əlaqələrimizə ciddi təsir göstərməməsi üçün nə etməli olduğumuzu artıq az-çox bilirik.

- Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinləri səviyyəsində üçtərəfli işçi qrupun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu il 11 yanvar tarixli bəyanatda əks olunan üçtərəfli işçi qrupunun yaradılması haqqında qərar çox vaxtında və düzgün verilmiş bir qərar oldu. Ümumiyyətlə, Rusiya cənab Prezidentin ifadə etdiyi və bütün regionun iqtisadi inkişafına, iqtisadi əlaqələrin bərpasına, bağlı olan kommunikasiyaların açılmasına yönəlmiş Azərbaycan Respublikasının yanaşmasını tam olaraq bölüşür. Bu, sözügedən üçtərəfli qrupun qarşısında duran birbaşa vəzifədir.

Mənim işçi qrupa qiymət vermək səlahiyyətim yoxdur, amma bu qiyməti bizim rəhbərlər verirlər. Yüksək səviyyəli əlaqələr zamanı onun fəaliyyəti müsbət qarşılanır. Bu, hazırkı məqamın ruhuna cavab verən uğurlu formadır. Məqsəd regionda gərginliyi azaltmaq, iqtisadiyyat və burada yaşayan insanlar naminə irəli getməyə çalışmaqdır.

- Üçtərəfli işçi qrupun fəaliyyəti səmərəli olarsa, kommunikasiyaların bərpa edilməsi ilə bağlı gələcəkdə hansı layihələr həyata keçirilə bilər?

- Daha əvvəl də dediyim kimi, üçtərəfli işçi qrupun fəaliyyəti ilk növbədə, logistika və nəqliyyat kommunikasiyalarına yönəlib. Bu, hazırkı mərhələdə qarşıda duran başlıca vəzifədir. İşçi qrupun altqruplarında konkret məsələlərə baxılır. Mövcud kommunikasiyalardan hansının ilk növbədə, hansının ikinci növbədə açılacağı ilə bağlı danışaraq irəli qaçmaq istəməzdim, çünki bu, hazırda qrup çərçivəsində müzakirələrin predmetidir.

Amma ümumilikdə söhbət açılması regionun bütün ölkələrinin xeyirinə olan kommunikasiyalardan gedir.

- Gələcəkdə Rusiya şirkətlərinin bu cür layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştirakı mümkündür?

- Əlbəttə ki, mümkündür. Rusiya üçtərəfli işçi qrupun tərəflərindən biri olduğuna görə bizim şirkətlər nəqliyyat və logistika, habelə yol layihələrində maraqlı ola bilərlər. Regionlarda həyatın bərpasına gəlincə, əlbəttə ki, Rusiya şirkətlərinin hansı mərhələdə və hansı formada qoşula biləcəyi ilə bağlı Azərbaycan tərəfinin təkliflər siyahısı ilə tanış olmaqdan məmnun olardıq. Bildiyimiz qədər, Azərbaycan rəhbərliyi hazırda konkret rayonların, məsələn Ağdam rayonunun bərpası ilə bağlı planlar üzərində çalışır. Bunun ardınca digər rayonların da bərpası üzrə planlar və proqramlar gəlməlidir. Biz bu prosesə qoşulmaqda maraqlıyıq.

 

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"