"Rusiyaya həm Azərbaycan, həm də Türkiyə cavab verməlidir" - MÜSAHİBƏ

12 iyul, 2021 09:52

Erməni ordusu sistematik olaraq Ermənistan-Azərbaycan sərhədində mövqelərimizi atəşə tutur, eyni zamanda erməni diversiya qrupları rus sülhməramlıların olduğu ərazilərdən sızaraq Azərbaycan hərbçilərinə zərər verməyə çalışırlar. Müşahidələr göstərir ki, 44 günlük müharibədə məğlub olmasını qəbul edən Ermənistanın bu addımları məntiqli deyil. Əgər Ermənistan Azərbaycanla müharibə aparmaq, savaşmaq niyyətində qəti olsaydı, bu zaman üçtərəfli saziş imzalanmazdı. Sanki indi üçtərəfli sazişin bəzi maddələrinin yerinə yetirilməməsi və Rusiyanın bu məsələdə “fil səbri” nümayiş etdirməsinin məqsədi də aydınlaşır. Halbuki Əfqanıstanda müşahidə olunan gərgin hərbi-siyasi hadisələr Moskvanın ciddi narahatçılığına səbəb olur, onu 2003-cü ildən terrorçu kimi tanıdığı Taliban hərəkatı ilə masaya oturmağa məcbur edir.

Azsiyaset.com xəbər verir ki, azpolitika.info bu mövzuları Azad Demokratlar Partiyasının sədri, analitik Sülhəddin Əkbərlə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, demək olar ki, son günlər erməni ordusu hər gün atəşkəsi pozur. Bu hal həm Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də rus sülhməramlıların nəzarət etdiyi bölgədə müşahidə olunur. Siz bunu nə ilə əlaqələndirərdiniz, hansı səbəblərdən müharibədə məğlub olan Ermənistan indi belə davranışlar nümayiş etdirir? 

- Ermənistan tərəfindən belə hərəkətlərin məncə, həm ümumi, həm də xüsusi səbəbləri var. Digər tərəfdən, bunun həm Ermənistanla bağlı olan, həm də bağlı olmayan səbəbləri var. Ümumi səbəblər ondan ibarətdir ki, hələlik Ermənistan və Azərbaycan arasında sülh sazişi imalanmayıb. Sülh sazişi olmadığına, iki ölkə sərhədlərində delimitasiya və demarkasiya aparılmadığına, tərəflər bir-birinin sərhədləri daxil olmaqla süverenliyini tanımadığına görə, habelə ərazidə beynəlxalq qüvvələr yerləşmədiyindən belə hadisələr gözləniləndir. Delimitasiya və demarkasiya prosesi başa çatana və dövlətlər arasında sülh sazişi imzalanana qədər bu kimi hallar olacaq.

Xüsusi səbəblərə gəldikdə, Ermənistandan asılı olan odur ki, Paşinyanın ifadəsi ilə desək, daxili siyasi böhran başa çatıb, əslində siyasi böhran başa çatmayıb. Ümumən Ermənistanda böhran sistem xarakterlidir. Bunu seçki keçirməklə aradan qaldırmaq mümkün deyil. Bunu Paşinyan anlayır. Həm ölkə daxilində, həm də xaricində legitimliyini yeniləmək və möhkəmlətməklə məşğuldur. Onun Moskvaya son səfərində məqsəd bu idi və məncə istədiklərini də Putindən ala bildi. Ölkə daxilində də legitimliyini qəbul etdirməlidir. Bunun üçün də siyasi partiyalarla görüşür, eyni zamanda da əsas müxalif qüvvələrə - Rusiyanın “beşinci kolonu”na qarşı təmizləmə işinə başlayıb. Məsələn, bu yaxınlarda III korpusun komandanı Qriqori Xaçaturovu da işdən azad etdi. Bu şəxs bir zamanlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olan Xaçaturovun oğludur. Hansı ki, Paşinyan Xaçaturovu həbs etmiş, amma Moskvanın təzyiqlərindən sonra azad etməyə məcbur qalmışdı. Siz dediyiniz kimi erməni tərəfinin atəş açması əsasən III Korpusun ərazisindən edilirdi. Görünən budur ki, Qriqori Xaçaturov korpus komandanı vəzifəsindən azad edilsə də, onun hərbi birləşmə üzərində təsirləri qalır. Bu korpus, Xaçaturov başda olmaqla, Rusiyaya ən yaxın qurumdur. Əlbəttə, Ermənistan ordusu bütövlükdə Rusiyanın nəzarətindədir, lakin bu korpusa xüsusi nəzarət var idi. Nə qədər ki, Paşinyan bütövlükdə silahlı qüvvələr üzərində nəzarəti tam bərpa etməyib, bu proses sərhəddə baş verə bilər. Onun daxildə təmizləmə işlərinə etiraz edən “beşinci kolon” var və həm də bu kolonun arxasında duran Rusiya. Bu məqamı nəzərə almaq lazımdır.

Eyni zamanda bu atışmalarda yerli xarakterli lokal məqamlar da var. Bu məsələləri araşdırmaq üçün orada təhqiqat aparılmalıdır. Yəni təhqiqat aparmadan yerli məsələləri aydınlaşdırmaq mümkün deyil. Səbəblər çoxdur.

- Ən başlıca səbəb Rusiyanın maraqları deyilmi?

- Əlbəttə. Ancaq qeyd edim ki, burada Rusiyadan başqa da maraqlı olan qüvvələr var. Yəni bu münaqişənin Azərbaycan və Türkiyənin maraqları çərçivəsində həllində maraqlı olmayan başqa xarici qüvvələr var. Bunlar həm regional, həm də regiondan kənar qüvvələrdir. Əlbəttə, bu məqamı nəzərə almaq lazımdır.

Azərbaycan daxilində bu atəşkəsin pozulması məsələsinə gəldikdə, məncə bu daha ciddi məsələdir və Azərbaycan buna daha ciddi reaksiya verməlidir. Bu bizim öncədən gözlədiyimiz kimi, “sülhməramlılar”ın öz funksiyasını yerinə yetirmədiyinin bariz nümunəsidir. Məncə, bu bir növ Şuşa Bəyannaməsinə cavabdır. O mənada ki Azərbaycanda, xüsusilə işğaldan azad olunan ərazilərdə daxili təhlükəsizlik Türkiyədən deyil, Rusiyadan asılıdır, biz istədiyimiz zaman sülhü poza bilərik, siz də məcburi köçkünləri torpaqlara qaytara bilməzsiniz. Məncə, bu çox ciddi mesajdır və adekvat cavabını almalıdır. Həm Azərbaycan, həm də Türkiyə tərəfindən. Türkiyə həm də birgə monitorinq mərkəzinin üzvüdür və atəşkəsin pozulmasına görə məsuliyyət daşıyır. Azərbaycanda adekvat reaksiya olmalıdır. Məsələn, Azərbaycan Rusiya qarşısında tələb qoymalıdır ki, ya sülhməramlılar öz missiyasını yerinə yetirsin, ya da biz anti-terror əməliyyatı aparıb üçtərəfli bəyanatın yerinə yetirilməyən maddələrini icra edə bilərik. Bundan sonra Rusiya düşünsün. Əgər belə davam edərsə. biz də Rusiyanın sülhməramlı kontingentinin statusu məsələsinə yenidən baxmalı olacağıq. Bununla paralel Azərbaycan digər beynəlxalq güclərlə danışıqlara başlamalıdır. Rusiya görməlidir ki, bu məsələdə inhisarçı ola bilməz. Rusiyanın nə hazırda sülhməramlıların nəzarətində olan ərazilərinin tənzimlənməsi məsələsində, nə də Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi, demarkasiya və delimitasiya məsələsində inhisarçı olmadığını hiss etməsi xeyrimizə olardı.

Mənim təkliflərimdən biri belə idi ki, Bakı ABŞ-a təklif etsin ki, Ermənistanla delimitsiya-demarkasiya məsələsi, sülh sazişinin imzalanmasına, münasibətlərin normallaşmasına, qaşılıqlı etimadın yaranması üçün vasitəçilik etsin. Necə ki 15 diversantın əvəzinə Ağdamın minalanmış ərazilərinin xəritəsini almağımıza vasitəçilik etdi. Maraqlıdır, bu halda Rusiya necə reaksiya verəcək? Eyni zamanda diplomatik kanallara bildirilməlidir ki, əgər siz bu işi həll edə bilmirsinizsə, biz həm özümüz bunu həll edə bilərik, həm də məcbur qalacağıq ki, digər qüvvələri prosesə cəlb edək. Azərbaycan həmçinin “İsgəndər-M” məsələsini yenidən qaldırmalı, üçtərəfli sazişdə nəzərdə tutulan, amma həllini tapmayan maddələrin həlli məsələlərini gündəmə gətirməlidir. Burada təkcə Zəngəzur dəhlizinin açılması məsələsi deyil. Necə olar bilər ki, kommunikasiyaların açılması ilə bağlı Rusiya yaxasını cırır, ancaq niyə biz Ağdamdan, Xocalıdan keçməklə Şuşaya gedə bilmərik? Azərbaycan bir növ hücum diplomatiyasına keçməlidir və məncə, bunun üçün əldə kifayət qədər əsaslar da var. Mənə elə gəlir ki, bu günə qədər həm Müdafiə Nazirliyinin, həm Xarici İşlər Nazirliyinin, həm də kəşfiyyat-təhlükəsizlik qurumlarının, Sərhəd Xidmətinin, Gömrük Komitəsinin və Baş Prokurorluğun topladığı materialları bir araya gətirmək, Rusiya ilə masaya oturmaq və Türkiyənin dəstəyini alaraq hücum diplomatiyasına keçmək lazımdır.

Azərbaycan hücum diplomatiyasının tərkib hissəsi kimi vasitəçilər olmadan Ermənistanla danışıqlara başlamalıdır, eyni zamanda erməni əsilli öz vətəndaşları ilə də danışıqlar aparmalıdır. Burada Rusiyaya ehtiyac yoxdur. 

- Ermənistanda hökumət formalaşmayıb. Aydındır ki, Kremli Ermənistan hökumətində ən azından güc nazirliklərinin özünə bağlı kadrlara verilməsini istəyir. Paşinyanın Moskva səfəri həm də bu baxımdan maraq kəsb edə bilər. Necə düşünürsünüz, yeni erməni hökumətində Rusiyanın adamları təmsil olunacaqmı?

- Buna şübhəniz olmasın. Ermənistanda seçki prosesi zamanı MDB-dən olan müşahidəçilər seçkinin nəticələrini qiymətləndirmədə digər beynəlaxalq təşkilatlardan heç də geridə qalmadı. Bu baxımdan Kremlin bu addımı Ermənistan üçün baha başa gələcək. Təbii ki, Putinin Paşinyandan istəkləri olacaq, o cümlədən də kadr məsələlərinə dair. Bir tərəfdən Paşinyanın öz siyasi maraqları, arxasında duran güclərin maraqları var. O cümlədən də daxili siyasi maraqlar, partiyasının maraqları və nəhayətdə Rusiyanın tələbləri var. Ona görə də, bu proses uzanır. Paşinyan həm də müharibənin nəticələrini, kadrların davranışlarını nəzərə alaraq ciddi addımlar atır, daxildə təmizləmə işləri aparır. Həm yerlərdə, həm də mərkəzi hökumətdə təmizlik aparır. Görünür, bu bir qədər vaxt aparacaq. Sözsüz ki, seçkilərdən sonra erməni konstitusiyasına görə də, hökumətin formalaşdırılması üçün vaxt var.

- Əgər Nikol Paşinyan Rusiyanın tələblərini yerinə yetirərək Moskvaya bağlı kadrları hökumətdə mühüm postlara gətirəcəksə, bu zaman Ermənistan-Azərbaycan münasibətlərindəki gərginlik acı bağırsaq kimi uzanıb illərlə davam etməyəcəkmi?

- Əlbəttə, bizim arzumuzla bu proses sürətlənməyəcək. Bu proseslərin sürətlənməsi üçün Rusiya məsələsi həll edilməlidir. Daima vurğulayıram ki, Azərbaycan xüsusi addımları təkbaşına, Türkiyə, tərəfdaşları ilə birgə atmaqla yanaşı Rusiya siyasətində kollektiv qərblə birlikdə hərəkət etməlidir. Necə ki Azərbaycanın yeganə strateji müttəfiqi Türkiyə belə edir. Baxın, Türkiyə bir tərəfdən Rusiya ilə strateji əməkdaşlıq edir, o bri tərəfdən kollektiv qərblə Rusiyaya qarşı birgə hərəkət edir. Eyni zamanda Liviyada Rusiya ilə vuruşur. Eləcə də Suriyada və Qarabağda. Ukraynaya yaxından dəstək verir. Hazırda Ukraynaya iki güclü dəstək verən dövlət varsa, bunlar Böyük Britaniya və Türkiyədir. Artıq Azərbaycanda xarici siyasətdə çoxsaylı alətlər dəstindən paralel istifadə etmək barədə düşünməlidir.

- Sülhəddin bəy, son zamanlar dünyanın diqqəti həm də Əfqanıstandadır. ABŞ və NATO ordusu bu ölkədən çıxdıqdan sonra Taliban hərəkatı ölkəyə nəzarəti ələ keçirir. ABŞ-ın Əfqanıstanda bu hadisələrin yaşanacağını bilmədiyini iddia etmək sadəlöhvlük olardı. Digər tərəfdən, Rusiyada faktiki narahat olduğunu deyir və hətta terrorçu təşkilat kimi tanıdıqları Talibanın nümayəndə heyətini Moskvaya dəvət edərək onunla müzakirələr aparır. Sizcə, ABŞ-ın Əfqanıstan siyasətinin pərdə arxasında hansı məqsədləri var?

- Sözsüz ki, ABŞ-ın bu addımlarının arxasında düşünülmüş strategiya durur. Təbii ki, bu ABŞ-ın Rusiyaya və ələlxüsus Çinə qarşı strategiyasının tərkib hissəsidir. Qeyd edim ki, əslində ABŞ ordusunun Əfqanıstandan çıxarılması 2014-cü ilə planlaşdırılmışdı, amma 7 il gecikdi. Bu təzə proses deyil. Rusiyada da 2010-cu ildən sonra ekspertlər hay-küy salırdı ki, ABŞ və koalisiya qüvvələri Əfqanıstandan çıxdıqdan sonra qeyri-sabitlik yaranacaq və bu proses Mərkəzi Asiyaya yayılacaq. Bunun üçün əsasları da var idi. Məhz o dövrdən rus kəşfiyyatı Talibanla işləməyə, ona dəstək verməyə başlayıb. Hətta ABŞ-a qarşı əməliyyatlarda da Talibana dəstək verilib. Bu saat ABŞ kəşfiyyatı və Konqresi tərəfindən məsələ araşdırılır. Əfqanıstan prosesi ABŞ-ın Çin və Rusiya siyasətinin tərkib hissəsidir. Burada başlıca məqsəd Əfqanıstanda qeyri-sabit atmosfer yaratmaq, onu qızışdırmaq, eləcə də onu Mərkəzi Asiya-Rusiya və Çin istiqamətində yaymaqdır. Hər halda ilkin qiymətləndirmə budur. Əlbəttə, hadisələrin inkişafını çoxlu təsir edən komponentlər var, hadisələrin gedişatı dəyişə də bilər. Amma analiz və informasiyalar göstərir ki, ABŞ-ın məqsədi Rusiya və Çini zəiflətməkdir. Bunun çün də mümkün olan bütün vasitələrdən istifadə olunur.

- Rusiyanın Əfqanıstanla birbaşa sərhədi yoxdur, arada Orta Asiya ölkələri var. Moskvanın belə narahat olmağının səbəbləri nədir?

- Rusiyanın narahat olmağının bir səbəbi odur ki, ABŞ və Taliban arasında uzunmüddətli danışıqlar aparıldı, Rusiya bu prosesdən kənarda saxlanıldı. İndi Rusiya həm siyasi-diplomatik baxımdan təşəbbüsü ələ almaq istəyir, həm də yaranan durum və onun inkişafı perspektivindən narahatdır. Taliban da bu narahatlığı aradan qaldırmaq üçün Rusiya, Çin və İrana, eləcədə beynəlxalq güclərə xoş mesajlar verir. Taliban elan edir ki, Əfqanıstan sərhədləri xaricinə çıxmaq niyyətində deyilik, diplomatik korpusun təhlükəsizliyinə zəmanət veririk və s. Yəni Taliban dövlət ağlı ilə hərəkət etməyə başlayıb. Bu da onu göstərir ki, əslində Talibanın arxasında dövlət və ya dövlətlər qrupu dayanıb.

- Hansı dövlətlər qrupu ola bilər?

- İlk növbədə ABŞ və onun müttəfiqi olan İngiltərə, mümkündür ki, Pakistan. Əlbəttə, Türkiyəni də nəzərə almamaq olmaz. Məncə, Türkiyəyə həm Qafqaz, həm də Mərkəzi Asiya regionunda böyük strategiya çərçivəsində ciddi rol ayrılıb. Hazırda Əfqanıstan məsələsinə dair Ankara ilə Vaşinqton arasında danışıqlar gedir. Türkiyə bu prosesə həm də Pakistan və Macarıstanın qoşulmasını istəyir. Eyni zamanda ABŞ-dan bir sıra istəkləri var. Bura maliyyə, lojistik dəstək, hava hücumundan müdafiə dəstəyi və s məsələlər daxildir.

- Şərtlər Rusiyanı fakt qarşısında qoyaraq Əfqanıstana girməsini təmin edə bilərmi?

- Düşünmürəm ki, Rusiya belə böyük səhvə yol versin. Halbuki buna səhv deyil, axmaqlıq demək olardı. Rusiya sadəcə bildirir ki, ehtiyac yaranacağı təqdirdə KTMT bəzi tədbirlər görəcək. Rusiya artıq Tacikistanla birlikdə hərbi təlimlər keçirəcək. Rusiyanın Əfqanıstana girməsi qarşı tərəf üçün toy-bayram olar. SSRİ-nin dağılması Moskvaya dərs olmayıb? Onsuz da planda Rusiyanı zəiflətməkdir. İndi ruslar öz əlləri ilə belə səhvə yol verməzlər. Mümkündür ki, xüsusi təyinatlıları ilə lokal əməliyyat keçirə, hava zərbələri vura bilər. Amma Rusiyanın Talibanla, elə Pakistanla, həmçinin Çin-Pakistan münasibətlərini nəzərə alsaq, görərik ki, ilkin dövrdə rusların Əfqanıstana girməsi gözlənilmir. 

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı