Elman Rüstəmovun "manat saymaq" dövrü bitdi - Niyə indi?
Uzun illər Milli Banka rəhbərlik edən baş bankirin qəfil gedişinin arxasında dayanan səbəblər...
Aprelin 12-də Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatlarını müzakirə və qəbul edib. Beləliklə də, 27 ildən bəri Mərkəzi Banka rəhbərlik edən E.Rüstəmovun vəzifədən gedişi rəsmiləşib. Ölkə ictimaiyyətini hazırda maraqlandıran bir sıra suallar var: 27 ildə Azərbaycanın maliyyə-bank sektorunda baş verənləri necə qiymətləndirmək olar? Bu sektorun gözlənilən qədər inkişaf edə bilməməsində E.Rüstəmovun payı nə qədərdir? Nəhayət, niyə onun vəzifədən alınmasına məhz indi qərar verildi?
Sualları cavablandıran iqtisadçı-ekspert Samir Əliyev hesab edir ki,qərar həm gözlənilirdi, həm də yox: “Ona görə gözlənilməz oldu ki, 2 il öncə Prezident tərəfindən namizədliyi növbəti dəfə irəli sürülmüşdü və gözləmək olardı ki, 2025-ci ilə qədər postunda qalacaq. Hakimiyyətin yüksək eşelonunda təmsil olunan şəxslərin kiçik istisnalarla tam dəyişməsi isə bu qərarı təəccüblü etmədi. Əslində Elman Rüstəmovun son iki təyinatı kritik dövrə təsadüf edib. Birinci devalvasiya (2015), ikinci pandemiya (2020) ilinə. Hər ikisində milli valyutanın devalvasiya məsələsi gündəmdə olub. Ola bilsin, Prezident kritik dövrdə dəyişikliyə getməyə risk etməyib”.
Ekspert bildirir ki, müasir Azərbaycanın mövcud bank sistemi müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmova məxsusdur: "O, ikinci müstəqilliyin 31 ilinin 30 ilini Mərkəzi Bankın rəhbəri vəzifəsində olub. 1992-1995-ci illərdə MB-nin İdarə Heyəti sədrinin 1-ci müavini, 1995-ci ildən bu günə kimi sədri. Bu baxımdan, onun fəaliyyətinə qiymət verəndə başqa şəxslə müqayisə etmək imkanı məhduddur. Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri olaraq bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya (ilk devalvasiyaya qədər) inamının bərpasına nail olub. Ən azı 90-cı illəri yaxşı xatırlayırıq. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarının pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı.
Bu gün cəmiyyətdə mövcud olmuş rəyin əksinə olaraq qeyd etməliyəm ki, Elman Rüstəmov ölkədə devalvasiyanın əsas əleyhdarlarından biri olub. Təsadüfi deyil ki, 2015-ci ildə devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın valyuta ehtiyatının 2/3-sini qurban verməyə çəkinməyib. Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə devalvasiya qərarını Mərkəzi Bank verə bilməz. 2009-cu ildə və 2020-ci illərdə manatın devalvasiyası riski olduğu halda Mərkəzi Bank manatın məzənnəsini qorudu. 2015-ci ildə isə mümkün olmadı. Elman Rüstəmovun gedişindən sonra devalasiyanın olma ehtimalı artacaq. Çünki o, uzun müddət siyasi hakimiyyəti manatın məzənnəsini sabit saxlamağın vacibliyinə inandıra bilmişdi.
E.Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. Ancaq bunun səbəbini ölkə iqtisadiyyatının strukturunda axtarmaq lazımdır. Çünki ümumi iqtisadiyyatı liberal olmayan ölkələrdə bank sektorunun liberallaşması da mümkünsüzdür".
S.Əliyev MB-yə rəhbər gətiriləcək T.Kazımovun gələcək fəaliyyəti barədə danışmağın tez olduğu qənaətindədir: “Bələd olmadığım üçün yeni sədrin fəaliyyətinə qabaqcadan fikir bildirmək istəmirəm. Mətbuatdan oxudum ki, devalvasiyanın əleyhdarıdır. Bu fikrin hazırda heç bir əhəmiyyəti yoxdur. Çünki açıqlama bank rəhbəri tərəfindən verilib və heç bir bank devalvasiyada maraqlı deyil. Əsas məsələ bundan sonradır. Mərkəzi Bankın rəhbəri olduqdan sonra yenə də devalvasiya əleyhdarı olacaqmı? Onu zaman göstərəcək. Görünən odur ki, hökumət bank sektorunda canlanma etmək fikrindədir. Bu canlanmanın nədən ibarət olacağını isə yeni rəhbərin dövründə görəcəyik”.
Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, E.Rüstəmov devalvasiya tərəfdarı olub: “Dəfələrlə bildirdiyim kimi, onun Mərkəzi Bankın sədri olaraq mövcudluğu bank sisteminin bərbad idarəedilməsinin və çoxsaylı qanun pozuntularının davamı ilə yanaşı, devalvasiya təhlükəsindən xəbər verirdi. İki il əvvəl də vəzifəsinə yenidən təyin edilməli deyildi, sadəcə, pandemiya planları pozdu. Onda da demişdim ki, budəfəki 5 illik müddətin sonunadək vəzifəsində qalmayacaq. Belə də oldu».
Ə.Həsənovun fikrincə, geosiyasi gərginlik fonunda neftin qiymətinin düşməsi ehtimalı çox azdır: “Deməli, manat üçün də təhlükə yoxdur. Bu baxımdan Mərkəzi Bank sədrinin dəyişdirilməsi üçün əlverişli məqam yetişdi. Ümid edirəm ki, yeni sədr bank sistemimizin inkişafı üçün faydalı şəxs olacaq. Eyni zamanda Rüstəmov dövrünün qanun pozuntularının da araşdırılıb təqsirkarların məsuliyyətə cəlb olunacağına ümid edirəm. Hər şeyin başında duran qanunçuluqdur. Yeni rəhbərdən də məhz bunu gözləyirik”.
Hüquqşünas onu da qeyd edir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 25-ci maddəsinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vaxtından əvvəl yalnız konkret hallarda vəzifədən azad edilə bilər: "Bu hallardan biri də istefa ərizəsinin təqdim edilməsidir. Başa düşdüyüm qədər, səlahiyyət müddətinin bitməsinə hələ 3 il qalan Elman Rüstəmov da ən azı formal olaraq məhz öz ərizəsi ilə vəzifəsindən azad edilir. Lakin Mərkəzi Bankın İdarə Heyətinin digər 3 üzvünün (Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev) səlahiyyət müddəti artıq martın 7-də bitib. Onlar 7 mart 2017-ci ildə 5 il müddətinə təyin edilmişdilər. Taleh Kazımovdan fərqli olaraq, onları növbəti müddətə İdarə Heyətinin üzvü təyin etmədilər. Böyük ehtimalla, yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək. Odur ki, yaxında bu məsələ də həll olunmalıdır. Güman edirəm ki, yeni tərkibdə Mərkəzi Bankın mövcud əməkdaşlarından da kimsə yer alacaq. Çünki işi daxildən bilən kadrlara zərurət var. Yeni rəhbərlikdən gözləntilər çoxdur. İlk öncə, ölkədə Bank Məcəlləsi hazırlanmalıdır. Prezident bununla bağlı 2014-cü ildə sərəncam verib, amma hələ icra olunmayıb. Pul siyasəti sahəsində ilk addım manatın real üzən məzənnəsinə keçid olmalıdır. İkinci məsələ Mərkəzi Bankın pul siyasəti şəffaflaşdırılmalıdır. Banklara kredit verilməsi prosesinda bərabər hüquqluluq təmin olunmalıdır. Xarici valyutanın alqı-satqısına qoyulan qeyri-rəsmi qadağa qaldırılmalıdır. Maliyyə bazarına nəzarətə gəlincə, bu sahədə qanunvericilik ciddi şəkildə təkmilləşdirilməlidir. Eyni zamanda qanunvericiliyin tələblərinin banklar tərəfindən icrasına effektiv nəzarət təmin edilməlidir. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişləndirilməsinə ehtiyac var, onlara dünya praktikasında olduğu kimi, müştərilər üçün hesab açmağa icazə verilməlidir. Bu, əhalinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirəcək".
İqtisadçı-ekspert Rövşən Ağayevin gözləntiləri isə Mərkəzi Bankın şəffaflığı, hesabatlığı və statistikaların açıqlanması sahəsindədir: “Şəffaflıq iqtisadi inkişafın ən təməl şərtlərindən biridir. Nə qədər peşəkar olursan ol, şəffaf deyilsənsə, ictimai faydan da olmayacaq, gördüyün işlərin nəticəsi də. Bu baxımdan, Mərkəzi Bankın görəsi çox işi var şəffaflıq istiqamətində.
Bütün dünyada mərkəzi banklar hər rübü maliyyə sabitliyi hesabatı açıqlayır, beynəlxalq investisiya mövqeyi barədə statistika yayır. Həmçinin tədiyə balansına dair məlumatlar aylıq olaraq açıqlanır. Bu, bizdə də edilməlidir. Çünki rüb bütəndən 3 ay sonra açıqlanan bu statistika yalnız postanaliz üçün təhlilçilərə lazım olur. Biznes və ev təsərrüfatları üçün yararsız statistikaya çevrilir. Başqa vacib məlumatların da detallı açıqlanması vacibdir: məsələn, tədiyə balansının maliyyə hesabı üzrə məlumatların qalıq prinsipilə “xalis göstərici” əsasında deyil, aktivlər və öhdəliklər üzrə məcmu daxilolma və məcmu çıxış (Türkiyə nümunəsi) göstəriciləri əsasında yayılması lazımdır. Verilən kreditlərin biznesin ölçüsünə (kiçik, orta iri) görə açıqlanması da gərəklidir.
Manatın real effektiv məzənnəsinə dair aylıq göstəriciləri əsas ticarət partnyorlarının hər biri üzrə ayrılıqda açıqlamaq zəruridir. Medianın daha peşəkar və müfəssəl yaza bilməsi üçün “xalis daxili aktivlər”, “xalis xarici aktivlər” kimi göstəricilərə dair ümumi məlumatları deyil, onları təşkil edən elementlərin hər biri üzrə statistik göstəricilər və onların dinamikası hesabatlarda görünməlidir. Mərkəzi Bankın analitik hesabatı üzrə göstəricilər qalıq prinsipi ilə deyil, qarşılıqlı öhdəliklər üzrə açıqlanmalıdır. Məsələn, mərkəzi hökumətə xalis tələblər göstəricisi ilə yanaşı, MB-nin hökumət, hökumətin isə MB qarşısında öhdəliklərinin həcmi hər ay açıqlanmalıdır.
Son iki ildə MB özünün illik hesabatının tam həcmini deyil, qısa icmalını açıqlamaq yolu tutub. Zərərli tendensiyadır, əvvəlki təcrübəyə qayıtması lazım".
Ekspert bildirir ki, bankların hesabatlılığı ilə bağlı MB sərt tələblər müəyyən etməlidir: “Bütün banklar üçün açıqlanması məcburi olan informasiyaların siyahısı rəsmi olaraq təsdiqlənməlidir, ondan artıq informasiya açıqlığı bankların öz şəffaflıq potensialına bağlı olmalıdır. Məsələn, bütün bankların xarici valyuta mövqeyi, vaxtı keçmiş kreditlərin müddətlər üzrə bölgüsü barədə ən azından rüblük məlumatlar niyə açıq olmamalıdır ki? Bu informasiyalar depozit qoyuluşu ilə bağlı bank seçimi zamanı müştəriyə yön verən ən vacib informasiyalardır”(musavat.com).