Ərdoğan Tehranda bu məsələni təkid edəcək - MÜSAHİBƏ
Azsiyaset.com xəbər verir ki, politoloq Cümşüd Nuriyev teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Prezident İlham Əliyevin 6 ayın yekunları ilə bağlı müşavirədə səsləndirdiyi fikirlərə Ermənistan tərəfindən nə dərəcədə adekvat yanaşılacaq? Ölkə başçısı 10 noyabr razılaşmasının bəndlərinin Ermənistan tərəfindən icra edilmədiyini açıqladı. Sizcə, indiki halda bu tendensiya hansı təhlükələrdən xəbər verir?
- Prezident İlham Əliyev 10 noyabr razılaşmasına imza atan üç liderdən biridir. Azərbaycan tərəfi bu günə qədər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bəndlərinə əməl edir. Amma Ermənistan Bəyanatın müddəlarını icra etməkdən boyun qaçırır. Bəyanatın Ermənistan tərəfindən nə 4-cü, nə də 9-cu bəndi icra edilib. Azərbaycan ərazisində hələ də qalmaqda olan Ermənistana məxsus silahlı qüvvələr buradan çıxarılmayıb. Qarabağda 13-18 min arasında Ermənistana aid silahlı qüvvələrin olduğu deyilir. Onların içərisində 3-4 mini isə dünyanın müxtəlif ölkələrindən gətirilmiş muzdlulardır. Livan, Fələstin, Kaliforniyadan muzdlu olaraq ora gətirilmiş silahlılar var. Hətta onların içərisində müsəlmanlar da çoxdur. Bu silahlılar Azərbaycana qarşı 2020-ci il müharibəsində də vuruşublar. Azərbaycanın da tələbi odur ki, bu silahlılar ölkəmizin ərazisindən çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan birtərəfli qaydada bu silahlıların ərazimizdən çıxarılması prosesini icra etməyə hazırdır. Ölkə başçısı da bunun üçün hüquqi bir baza yaradır. Ermənistanın narahatlığı məhz bununla bağlıdır. Çünki Azərbaycan tərəfi dəfələrlə bununla bağlı bəyanat verib. Bundan başqa Azərbaycan Rusiya ilə 22 fevral 2022-ci ildə 43 bənddən ibarət müttəfiqlik haqqında sənəd imzalayıb. Ona görə də, bütün hallarda Rusiya artıq Ermənistanı hərbi cəhətdən müdafiə edə bilməyəcək. Çünki Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq haqqında razılaşması, hərbi əməkdaşlığı var. Yəni bu o deməkdir ki, Ermənistan artıq başa düşür ki, Prezident İlham Əliyev heç də təsadüfi danışmır. Bütün bunlar Azərbaycanın hüquqi bazasının olduğunu bir daha təsdiqləyir.
- Azərbaycan öz ərazisi daxilində terrorçulara qarşı antiterror əməliyyatlarına başlayacağına dair xəbərlər də yayılır. Bunu nə dərəcədə real qiymətləndirmək olar?
- Rusiya bu gün Ukraynada apardığı döyüşlərin adını xüsusi əməliyyat qoyur. Azərbaycan da Qarabağda yeni antiterror əmliyyatlarına başlayacaq və buna da rus sülhməramlıları qarışa bilməyəcək. Ona görə də, ermənilər artıq seçim etməlidir. Bununla yanaşı Azərbaycan siyasi cəhətdən də Ermənistanın əl-qolunu bağlayıb. Artıq ABŞ yüksək səviyyədə Azərbaycanla Ermənistan arasında keçirilən görüşləri təbliğ, təşviq edir. Bu o deməkdir ki, Azərbaycan tərəfindən bütün addımlar atılır. Ermənistan addım atmayacaqsa, bu, artıq bizim günahımız olmayacaq.
- Gürcüstanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutdu. Bu görüşün nəticəsi ilə bağlı hansı gözləntilər var? Necə düşünürsünüz Ermənistan tərəfinin bir az öncə "Azərbaycanın görüşdən imtina edir" açıqlamasından sonra nazirlərin yenidən bir araya gəlməsi hansı məsələləri həll edə bilər?
- Bu görüşləri formal da adlandırmaq olmaz. Nikol Paşinyan çalışır ki, Azərbaycanla münasibətləri tənzimləsin. Amma ona Rusiyanın hərbi elitasında olan generallar maneə olur. Onlar istəmirlər ki, Paşinyan Azərbaycanla normal münasibətlər qursun. Digər tərəfdən İranın SEPAH-ı bunu istəmir. Çünki İranın həmin hərbi qurumunun narkotik ticarətinə Azərbaycan ordusu son qoyub. Əslində bu məsələlərin Tehran görüşündən asılı olacağı da mümkündür. Tehranda Türkiyə, Rusiya və İranın Qafqazda, Yaxın Şərqdə nüfuzu olan iki müsəlman və bir xristian dövlətinin bir araya gəlməsi çox məsələlərdən xəbər verir. Burada hansı qərarların qəbul edilməsi çox önəmlidir. Artıq ABŞ da açıq şəkildə İranı təhdid edir. Hətta Amerika İranı qoşun yeritməklə belə hədələyib. Belə olan halda Yaxın, Orta Şərqdə yeni gərginlik ocağı yaranır. İran ağıllı hərəkət etsə, bundan qurtula biləcək. Əks halda 1997-ci ildə ABŞ-ın qəbul etdiyi proqram həyata keçiriləcək. Nəticədə 2025-ci ilə qədər İran parçalanacaq və onun yerində 5 yeni dövlət yaranacaq. Ona görə də, İranın dövlət kimi taleyi hazırda siyasət taxtasının üzərindədir. Burada da ən böyük oyunçu Türkiyədir. İran bunu dərk etməlidir. Rusiya artıq burada böyük oyunçu deyil. Qafqazda artıq böyük oyunçu ilk növbədə Türkiyə, sonra Rusiya, daha sonra İrandır. Görünür, Paşinyan da bunu dərk etməyə çalışır. Ona görə də, həm Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir, eyni zamanda Rusiyanın siyasi təzyiqindən bir növ qurtulmağa çalışır. Çünki onu hakimiyyətə gətirən SOROS, Amerika, Qərb də bunu tələb edir. Bütün bunların fonunda Paşinyan məhz bu addımı atmaq məcburiyyətindədir.
- Tehran görüşündə Azərbaycanla bağlı hansı məsələlərin müzakirəsi gözlənilir? Regional əməkdaşlıq məsələləri müzakirə ediləcəksə, Zəngəzur dəhlizi burada nə dərəcədə qabarıq formada önə çəkiləcək?
- İmzalanmış üçtərəfli bəyanatın 1-ci bəndində Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsi var. Bu günə qədər də bu bəndi Ermənistan icra etməyib. Azərbaycan hazırda həmin bəndin icrasını da tələb edir. İranla Azərbaycan arasında Memorandum imzalanıb. Bu, əslində ikinci bir yoldur. Amma bu, Türkiyəni qaneə edən bir yol deyil. Yəni İran istədiyi vaxt bu yolu bağlasa, Azərbaycan və Rusiyanın cənuba çıxışı olmayacaq. Görünən odur ki, İran bundan bir siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər. Ona görə də, Türkiyə Zəngəzur dəhlizinin açılmasında, kommunikasiyaların bərpasında maraqlıdır. Əslində bunda Ermənistan da maraqlı görünür. Çünki Ermənistan tam blokadaya düşüb. Qış fəslində onun yeganə çıxış yolu da bağlanır. Hazırda isə sel fəlakətinə görə bu yol qapalıdır. Bir sözlə, Ermənistan əslində öz-özünü təcrid edib. Bu nə qədər davam etsə, Ermənistana ziyan olan bir haldır. Ona görə də, bu məsələdə ən maraqlı tərəf Türkiyədir. Burada kommunikasiyaların açılması, iqtisadi məsələlər deyil, siyasi məqsədlər əsas rol oynayır. Naxçıvanın artıq Azərbaycanla birləşməsi var. Türkiyə artıq Türk yolu, Turan yolu layihəsini həyata keçirməkdə maraqlıdır. Bu baxımdan da Tehranda bu məsələlərə mütləq ki, müzakirə ediləcək. Əslində isə Azərbaycanın İranla bağladığı Memorandumun da heç bir ziyanı yoxdur. Azərbaycanın geostrateji mövqeyi əlverişli və bütün imkanlara açıqdır. İran isə sanksiyalara məruz qalmış bir dövlət kimi buradan tranzit gəlirləri əldə edəcək. Eyni zamanda İran strateji cəhətdən normal bir dövlətə çevriləcək. Çünki İran üçün də başqa bir yol yoxdur. Onun üçün yeganə şans buradadır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə birmənalı şəkildə təkid edəcək.