Macarıstandan sonra qazımız hansı ölkəyə nəql olunacaq?

26 avqust, 2023 14:14

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Avqust ayı artıq başa çatır. Yayın sonuncu ayı Azərbaycanda havaların kifayət qədər isti keçməsi ilə yanaşı, həm də qeyri adi klimatik hadisələri ilə yadda qaldı. Necə deyərlər, bir tərəfdən Yerin havası dəyişikliklərə məruz qalır, digər tərəfdən də isə Rusiya-Ukrayna müharibəsi daha kəskin fazaya keçid etdiyindən Yerin bir üzündən qovulan buludlar digər tərəfində təbii ki, indiyə qədər yaşanmayan havanı gətirir. 

Amma yayın sonuna doğru Azərbaycanın enerji bazarında heç adət edilən “məzuniyyət ab-havası” duyulmadı. Niyəsini sadəcə həftə ərzində baş verənlərə diqqət yetirməklə bilərik.    

Avropada qaz sövdələşməsi 

Ötən həftənin istirahət günləri Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri oldu. Azərbaycan tərəfi Budapeştdə olan görüşlərdə enerji mövzusunda dair üstüörtülü məlumat versə də, bazar ertəsi Macarıstanın xarici işlər naziri Peter Siyarto yerli jurnalistlərə açıqlamasında Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı çox maraqlı detalları açıqladı. Onun sözündən məlum oldu ki, rəsmi Budapeşt Bakı ilə Macarıstana 1 milyard kubmetr Azərbaycan qazının tədarükü ilə bağlı razılığa gəlib. 

“Bizdə olan müqaviləyə əsasən, 2023-cü ilin dördüncü rübündə Azərbaycandan 100 milyon kubmetr qaz alacağıq. Bundan başqa, siyasi danışıqlarda əldə edimiş razılığa əsasən, sonrakı dövrdə qaz nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq”, - deyə nazir vurğulayıb. Sonrakı dövr deyəndə isə, nazir 2024-cü ili nəzərdə tuturdu. 

Qeyd edək ki, bu ilin iyun ayında SOCAR və Macarıstanın “MVM CEEnergy” şirkəti arasında 2023-cü ildə Macarıstana 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında müqavilə imzalanıb. Tədarükə IV rübdə başlanılmalıdır. Macarıstana Azərbaycan qazının axını isə sonradan onun ixrac coğrafiyasının Slovakiyaya qədər uzadılması deməkdir. 

Xəzərin o tayına baxış 

Həftə əvvəli, avqustun 21-də SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında sazişlər imzalandı. SOCAR-ın açıqladığı məlumatda bildirilir ki, Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində “Uzbekneftegaz”ın Azərbaycan Respublikasında neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistan Respublikasında neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistan Respublikasının Mədən və Geologiya Nazirliyi və “Uzbekneftegaz” SC arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu sənəd Azərbaycan və Özbəkistanın enerji nəhəngləri arasında əvvəlki illərdə imzaladıqları əməkdaşlıq haqda memorandumlardan fərqlənir. Çünki ortada artıq Özbəkistan hökumətini təmsil edən müvafiq nazirliklə də SOCAR-ın münasibətləri qurulur. 

Bundan əlavə SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində Özbəkistanın “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüş zamanı şirkətlər arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikası, kadrların hazırlanması üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərə dair müzakirələr aparıb.

Və aparılan danışıqların yekunu olaraq ertəsi gün Azərbaycan və Özbəkistan 2023-2025-ci illər üzrə enerji əməkdaşlığı inkişafının yeni Yol Xəritəsini imzalayır. Sənədi iki ölkənin energetika nazirləri Pərviz Şahbazov və Jurabek Mirzamahmudov imzalayıblar.

Perspektivdə iki ölkə arasında çoxsaylı enerji layihələrinin reallaşdırılması və bununla da enerji sahəsində münasibətlərimizin daha da möhkəmləndirilməsi nəzərdə tutulur. 

Reallıq ondan ibarətdir ki, Özbəkistan Azərbaycanı özünün işlənmiş və işlənməkdə olan yataqlarında hasilatın reabilitasiyası layihələri çərçivəsində əsas oyunçulardan biri kimi görmək istəyir. Həmçinin Özbəkistan qaz-kimya məhsulları bazarının şaxələndirilməsi yolunda Azərbaycnaın imkanlarından yararlanmaq istəyir, bizim “SOCAR Trading” kimi neft-qaz ticarəti sahəsində ixtisaslaşan şirkət vasitəsi ilə yeni bazarlara çıxmaq niyyətini gizlətmir. Qarşılıqlı maraqlar çərçivəsində niyə də bu təklifləri uzunmüddətli biznes əlaqələrinin genişləndirilməsi üçün istifadə etməyək? Bu öz yerində.

AÇG və BTC-dən çıxmaq istəyən şirkət 

Amma həftə içi Azərbaycanla bağlı bir xəbər dünya mediasının diqqət mərkəzində oldu. Söhbət Norveçin “Equinor ASA” şirkətinin Azərbaycanın ən iri neft layihəsi olan "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokundakı payını satmaq istəyindən gedir. 

“Bloomberg” agentliyinin bazar iştirakçılarına istinadən yaydığı məlumata görə, Norveçin enerji nəhəngi AÇG yataqlar blokundakı 7,27% payını potensial alıcılara satmaq məqsədi ilə “Jefferies Financial Group Inc.” şirkəti ilə işləməyə başlayıb. İlkin məlumatlara görə, “Equinor ASA” şirkəti AÇG-dəki aktivlərini təxminən $1 milyard səviyyəsində qiymətləndirir, yəni bu qiymət ətrafında sövdələşmələr aparır.

Qeyd edək ki, “Equinor” Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və ölkə iqtisadiyyatına sərmayə qoyan ən iri xarici investorlardan biridir. Şirkət “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi (7,27%) və Bakı-Tbilisi-Ceyhan boru kəməri (8,71%) layihələrinin iştirakçısıdır. 

Avropanın tanınmış neft-qaz şirkəti təkcə Azərbaycanın ən iri neft layihəsindəki payını satmaqla kifayətlənmək istəmir. Bundan əlavə “Equinor” “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağından və 2018-ci ilin mayında SOCAR-la imzaladığı kəşfiyyat layihəsindən – “Əşrəfi”, Dan Ulduzu” və “Aypara” strukturlarından da çıxmaq istəyir. 

Təbii ki, AÇG və BTC-də paylarını sövdələşmə yolu ilə hansısa bir şirkətə satmaqla bu məsələni həll edəcək. Amma sonra sadaladığım 2 layihədən onun çıxması müqavilə öhdəliklərinə bağlıdır. Onların birində Norveç şirkəti kəşfiyyat quyusu qazılması əməliyyatını belə həyata keçirməyib, digərində isə neft ehtiyatlarının kommersiya baxımından yatağın işlənməsi üçün kifayət etdiyi halda “Qarabağ”dan bir barel belə neft çıxarılmasına son illər cəhd etməyib. Ona görə də Norveçin neft-qaz nəhəngi bütün bunların hesabını bağladıqdan sonra Azərbaycandakı layihələri ilə vidalaşa bilər. 

İş başında həlak olan neftçilər 

Avqustun 24-də isə “Azneft” İstehsalat Birliyinin dəniz mədənlərində iş başında olan iki əməkdaşın bədbəxt hadisə nəticəsində həlak olduğu xəbəri yayıldı. 

N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər. Daha sonra aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb.

İstər istəməz ötən onilliyin ortalarında bir birinin ardınca dəniz neftçilərimizin bədbəxt hadisələr nəticəsində həlak olmalarını xatırladım. 2015-cü ilin dekabrında  28 May və “Neft Daşları” Neft və Qazçıxarma İdarələrində baş vermis bədbəxt hadisələr nəticəsində 33 neftçi həlak olmuşdu. Amma mütəmadi olaraq bədbəxt hadisələr nədənsə daha çox məhz N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin mədənlərində baş verir. Belə ki, 2014-cü il oktyabrında bu NQÇİ-nin sahəsində 441 saylı meydançanın qəfil uçması səbəbindən 4 neftçi həlak olmuşdu. 2016-cı ilin dekabrında yenidən burada 3 saylı neft yığım məntəqəsində baş vermiş təbii fəlakət nəticəsində artıq 10 neftçi həlak olmuşdu. 

Və yenidən iş başında neftçilərin həlak olması xəbəri gəldi və yenə də həmin İdarə… Bəli, hamıya aydındır ki, dənizdə neft-qaz əməliyyatlarında risk dərəcəsi xeyli yüksəkdir. Amma bizim gözümüz qarşısında BP şirkəti var axı, 1997-ci ildən bu yana 600 milyon tondan çox neft və kondensat çıxarıb və itkisiz! Demək, tələfat vermədən nəticəyə nail olmaq mümkündür. Bizim Dövlət Şirkətində nədən BP-nin Xəzərdəki təcrübəsi tətbiq edilmir? Təbii ki, qəza və fövqəladı hal baş verdikdə çoxlu suallar yaranır və onların əksəriyyətini kənardan müşahidə etməklə cavablandırmaq mümkünsüzdür.     

Kiçik su elektrik stansiyaları 

Həftə sonu isə işğaldan azad edilmiş torpaqlarımızın yaşıllaşdırılması yönümündə mühüm addımlar atıldı. Söhbət ətraf mühitə ziyan vurmadan aldə edilən “yaşıl enerji”dən gedir.

2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq. Bu barədə avqustun 25-də Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimində bildirilib.

Prezident İlham Əliyev “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının, eləcə də “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Dövlət başçısının saytında verilən məlumata görə, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında qeyd edilib ki, bu enerji obyektlərindən əlavə, bu günə kimi Kəlbəcər rayonunda “Kəlbəcər-1”, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb.

2024-cü ilin birinci rübündə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. Bu barədə avqustun 25-də Laçın rayonunda “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimində bildirilib.

Prezident İlham Əliyev Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən “Mişni” və “Alxaslı” Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Açılış mərasimdə qeyd edilib ki, “Ağbulaq” (son tamamlama işləri aparılır), “Alxaslı” və “Mişni” stansiyaları ilə yanaşı, bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir.

Azərbaycandan kənarda qazma işləri  

Azərbaycan yavaş yavaş ölkə hüdudlarından kənarda qazma işlərində aktiv fəaliyyət göstərməyə başlayır. Bu həftə məlum oldu ki, “SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” (“SOCAR AQŞ” qazma şirkətinin Türkiyədəki törəmə şirkəti) şirkəti və qardaş ölkənin dövlət neft şirkəti olan TPAO arasında qazma xidmətləri üzrə müqavilə imzalanıb. Müqaviləyə görə, Azərbaycan şirkəti Türkiyənin cənub-şərq bölgəsində 4 neft quyusunun qazma xidmətlərini həyata keçirəcək. 

Qeyd edim ki, bundan öncə SOCAR-ın dəniz qazma əməliyyatları üzrə ixtisaslaşmış CDC şirkəti “Dədə Qorqud” yarımdalma üzən qurğusu vasitəsi ilə Qazaxıstan sularında kəşfiyyat quyusu qazmışdı. Ondan öncə isə həm SOCAR AQŞ, həm də SOCAR-ın Kompleks Qazma Tresti Türkiyədə qaz quyularının qazılması üzrə işləri həyata keçirmişlər. Beynəlxalq mediaya sızan xəbərlərə görə isə SOCAR BP şirkəti ilə tərəfdaşlıqda Aralıq dənizinin İsrail sularında yerləşən bir yataqda işlərlə bağlı tenderdə iştirak etmək qərarına gəlib. 

Bu baxımdan SOCAR xidmət sektorunun coğrafi məkanının genişləndirilməsində maraqlıdır. Çünki Azərbaycanda ildən ilə azalan neft həcmlərinin yerini ölkədən kənarda əldə edilən qazancla kompensasiya etmək olar. 

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı