5 ildən sonrakı ambulans - Mehdiyev ölsə də, komandası dirilir...
Milli Şura aprelin 21-də mitinq keçirmək üçün qərar qəbul edib. Mitinqdə səsləndiriləcək tələbləri oxuyub tanış oldum. Məni düşündürən başqa məqamlar var, bu məqamların hər hansı sıravi cəbhəçini və narazı insanları narahat etməməsi başadüşüləndir. Bu insanların klassik mitinqçilərə yönələn ittihamlara etiraz etmələri də qəbulediləndir. Çünki məlumatsızdırlar.
İlham Əliyevin prezidentliyi dövründə iki dəfə böyük kadr islahatları prosesi aparılıb: birinci dəfə 2005-ci ildə (F.Əliyev, Ə.İnsanovun və digərlərinin həbs olunduğu dövr), ikinci dəfə 2019-cu ildə (R.Mehdiyev və köhnə kadrların hakim komandadan tamamilə uzaqlaşdırılması).
Birinci islahatlar prosesi daha çox dövlət və hakimiyyət üçün gözlənilən təhlükəni bloklamış oldu, ikinci islahatlar prosesinin həyata keçirilməsində əsas hədəflərdən biri isə II Qarabağ savaşına yeni komanda ilə gemək istəyi idi. Sözümü hansı mətləbə gətirirəm...
Diqqət ediriksə, 2019-cu ildən bu günə qədər Milli Şura heç bir mitinq keçirməyib. Düz 5 ildir! Nə üçün? Çünki Milli Şuranın, AXCP-nin güclü olması, həmin dövrə qədər davamlı mitinqlərin keçirilməsi daha çox Ramiz Mehdiyevə və köhnə komanda üzvlərinə olan etimadın artırırılması üçün lazım idi. R.Mehdiyev müxalifətin keçirdiyi mitinqlərin izdihamlı (amma nəzarət altında) olması üçün mümkün olan hər şeyi edir, siyasi elitada “hakimiyyət üçün ciddi təhlükə var” imitasiyası yaradır, ardınca “alternativi görünməyən” profilaktik tədbirlər tətbiq edir, bununla da özünün və komandasının alternativsizliyini qorumağa çalışırdı. Öncədən mitinq təşkilatlanması prosesi başlanırdı, elanlar verilirdi, komissiyalar yaradılırdı, bunun ardınca da iqtidaryönlü qəzetlər, YAP-ın “döyüşkən” deputatları onları tənqid edirdilər. Ölkədə ciddi siyasi rəqabətin olduğu qənaəti formalaşdırılırdı. Sabiq “boz kardinal” hakimiyyətin ona olan “ehtiyac limitini” həm də müxalifət üzərindən formalaşdırmağı bacarırdı. Mitinq öncəsi, mitinq zamanı və mitinqdən sonra kimləri tutmaq lazım deyildirsə, onları həbs edir, kimlər həbs etmək lazımdırsa, onlara toxunmurdular.
Lakin köhnə komandanın ictimai şüura və dövlətçilik təfəkkürünə söykənən pozitiv addımları da az deyildi. Məsələn, vaxtilə Heydər Əliyevi, İlham Əliyevi ən ağır şəkildə tənqid və təhqir edən, ona qarşı çərçivəsiz mübarizə aparan şəxslər efirə və siyasi vitrinə daşınmırdı. Təbii ki, istisnalar həmişə var. Xüsusilə, media sahəsində bu şəxslərin önə çəkilməsi nəticələr çıxarmaq və ictimai nümayiş üçün yaradılan mümkün nümunələr idi.
Amma Heydər Əliyevə qarşı sui-qəsd həyata keçirməkdə ittiham olunaraq 10 il həbs həyatı yaşayan Müdafiə Nazirliyinin keçmiş idarə rəisi Murad Sadəddinov bu gün siyasi vitrindədir, telekanallarda, daha çox İTV-də politoloq kimi çıxış etməkdədir. Səbəbi var və bu, çox maraqlıdır. Vasif Talıbov 90-cı illərdə Heydər Əliyevə qarşı ölümcül mübarizə aparan, daha sonra hakimiyyət tərəfindən “verbovka” edilən şəxsləri qəbul etmirdi, bu şəxslərin Naxçıvan səfərlərində onlarla görüşmürdü.
İndi ölkədə, regionda və dünyada situasiya tamamilə dəyişib. Düşünürdüm ki, nəhayət 5 ildən sonra müxalifətin şüarlarının məzmununda dəyişikliklər baş verər. Amma vermədi.
İlham Əliyevi 20 ildir prezident olmaqda ittiham edənlər 30 ildir müxalifət liderləridir. Bu müddət ərzində İ.Əliyev Azərbaycanın ərazi suverenliyini, bütövlüyün bərpa edib, ölkənin 300 illik taleyini dəyişib. Siz nə etmisiniz, hökumətin hücumlarını əsas gətirib öz bacarıqsızlıqlarınıza niyə lələ kürkü geyindirirsiniz?
“Azadlıq” meydanı, “Qələbə” dairəsi, “20-ci sahə”, “Məhsul” stadionu”, daha sonra “Facebook”, sonrakı stansiya haradır, cənablar!?
Əli Kərimli başda olmaqla müxtəlif diletant partiya sədrlərinin “İlham Əliyev Qarabağı ona görə azad edə bilməz ki, o, antimillidir” çıxışları, uzun illərin tezisləri hər kəsin yadındadır. Niyə elə hesab olunur ki, bu ölkədə əsl “milli qüvvələr” 90-cı illərin əvvələrində hakimiyyətdə olmuş cəbhəçilər və müsavatçılardır? “Millilik” də 30 ildir monopoliyadadır!?
Qısa haşiyə çıxıram. Xəbəriniz olsun ki, bu ölkədə hökumətdən ən çox mənzil, avtomobil, pul alan jurnalistlərin, siyasətçilərin, cəbhəçilərin və müsavatçıların içərisindədir. Rəsmi, ya qeyri-rəsmi nə fərqi var. Məsələn, deputatlardan biri siyasi tapşırıqla bir müddət əvvəl cəbhəçi-feminist qadına 3 otaqlı mənzil hədiyyə etdi, müxalifətin hökumətə yaltaqlanmaqda itiham etdiyi xeyli sayda jurnalist isə evsiz-eşiksiz borc bataqlığında üzür. Niyə elə hesab edirsiniz ki, bu ölkədə İ.Əliyevi dstəkləyən jurnalist, ictimai fəal, siyasətçilər ola bilməz!? Varsa da, yaltaqdır? Bu nə mazaxist düşüncədir?
Bu ölkədə müstəqil jurnalistlər üçün daha çox təhlükə var, yoxsa müxalifətə xidmət edən jurnalistlər üçün? Sizin “müstəqil” adlandırdığınız jurnalistlər də müstəqil deyil, əksəriyyətinin iltizamları, aylıq paketləri, lap elə xaricdən ölkəyə axıdılan pul selindən işçi- layihə icraçısı kimi payları var axı... Siz həbs ediləndə “siyasi məhbus” olursunuz, ailələrinizə də yardımlar edilir, sonda Avropa Məhkəməsinin qərarı ilə hökumətdən təzminat da alırsınız, bəs, bu müstəqil jurnalistlər nə etsin?!
Milli Şuranın aprelin 21-də keçirəcəyi mitinqin şüarlarından birinə diqqət edək: Rus ordusu Azərbaycandan çıxarılsın!
Xatırlayırlar, sonuncu dəfə rus ordusu Azərbaycanda çıxarılanda torpaqlarımız işğal olunmuşdu. Məhz bu adamların hakimiyyəti dövründə... Rus ordusunun Azərbaycandan çıxarılmasını ən çox istəyən şəxslərdən biri mənəm. Kim istəyər ki, öz ölkəsində başqa ölkənin ordusu olsun? Amma bir məntiq də olmalıdır da, axı rus ordusunun mandatının bitməsinə xeyli müddət var. Düzdür, sizin tələbləriniz bir işə yaramayacaq, amma indi bu tələbi irəli sürməkdə məqsəd nədir? Sərhədlərimizdə Fransa qoşunları, BMT missiyası adı altında minlərlə muzdlu döyüşçülər yerləşdirilib. Bizim Qarabağla bağlı planlarımız bitibmi ki, sülməramlıları da ölkədən çıxaraq? O sülhməramlılar olmasaydı, sonuncu antiterror əməliyyatları zamanı nələrin baş verə biləcəyini düşündünüzmü? Əgər rus sülhməramlılarının Qarabağda qalması Azərbaycan dövlətinin maraqlarına xidmət edəcəksə, bu amildən yad hücumlara qarşı istifadə edə biləcəyiksə, yenə də qalmalıdır. Dövlət primitiv, klassik “millətçi”lərin, vaxtilə Kremlin, Çin səddinin Azərbaycana məxsus olduğunu iddia edib imperiyalara qarşı savaş elan edən cəbhəçilərin düşüncəsi hərəkət etmir və etməycək. İndi dünyada şahmat dövrüdür, kim daşları düzgün yerə çəkəcəksə, o da qazanacaq. Biz vaxtilə Gürcüstan, Ermənistan kimi Qərbin marionet kuklasına çevrilsəydik, Qarabağ azad ediləcəkdimi?
Yuxarıda dediyim kimi, Milli Şura İlham Əliyevə qarşı hələ də eyni düşüncə ilə “mübarizə” aparır - mitinq, mitinq, mitinq! Başqa taktika yoxdur axı. Uşaq pulu, pensiya tələbləri isə ağlabatandır, amma publikaya oynamaqdır, pafosdur, bu sosial tələblər Qərbin 21 aprel mitinqinə ayırdığı pulların hədəfləri sırasında heç onuncu yerdə də deyil. Məqsəd Qərbin ölkəmizdə olmasını istəyən qüvvələrin mövcudluğunu nümayiş etdirməkdir. Kim nümayiş etdirir? Bu, başqa mövzudur. Oynayın kuklalar, oynayın!
Müəllif: Samir Feyruzov