"Ermənistanla münasibətlərə yenidən baxa bilərik, bir şərtlə..." - Pakistan Azərbaycandakı Səfiri Bilal Haye ilə MÜSAHİBƏ

22 aprel, 2021 16:57

“Əgər Hindistan sülhə doğru bir addım atarsa, Pakistan iki addım atacaq”

Azsiyasət.com Pakistan İslam Respublikasının Azərbaycandakı Səfiri Bilal Haye azpolitika.info-ya verdiyi müsahibəni təqdim edir: 

Səfirlə söhbətdə dost ölkənin 44 günlük Vətən Müharibəsində Azərbaycana açıq dəstək nümayişinə, hərbi sahədə aparılan müzakirələrə, Pakistanın Ermənistanla münasibətlərinə, son zamanlar Pakistanla Hindistan arasında “buzların əriməsinə” və digər mövzulara toxunmuşuq.

- Cənab Səfir, Pakistanla Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətləri Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsində bir daha özünü göstərdi. İslamabad qətiyyətlə Azərbaycan xalqını, dövlətini dəstəklədi. Azərbaycanın Vətən Müharibəsində qələbəsini necə qiymətləndirirsiniz?

- İlk öncə Azərbaycan hökumətini və Azərbaycan xalqını 44 günlük Vətən Müharibəsindəki qələbə münasibətilə təbrik edirəm. Pakistan bu müharibə ərzində Azərbaycanı açıq şəkildə dəstəkləyib. Bizim Xarici İşlər naziri, rəhbərlik bir neçə dəfə dəstək bəyanatları verib. Bu, tək sizin qələbəniz deyildi, həm də sülh tərəfdarı olan bütün ölkələrin qələbəsi, sülhün, haqqın bərqərar olması idi.

- Əminəm ki, xalqımızın Pakistana sevgisini, rəğbətini gördünüz. Bu münasibət insanlarımızın səmimi hisslərindən qaynaqlanır…

- Müharibə günlərində Pakistan, Azərbaycan, Türkiyə bayraqlarını hər yerdə görürdük. Bu, bizə xoş təsir bağışlayırdı. Bu, onun göstəricisi idi ki, əgər sən dostuna, qardaşına dar gündə dəstək verirsənsə, eyni şəkildə də qarşılığını görürsən. Mətbuat vasitəsilə bu görüntülər Pakistanda da yayılmışdı. Pakistan xalqı Azərbaycana dəstəyini verir, dualar edirdi.

- Azərbaycan Prezidenti bir neçə dəfə bəzi müsəlman ölkələrinin məscidləri dağıdan, təhqir edən, azərbaycanlılara qarşı soyqırım törədən Ermənistana dəstək verdiyini söyləyib. Xəbərdarlıq xarakterli mesajlar da verib. Sizin bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Digər ölkələrin münasibətləri ilə bağlı şərh vermək mənim öhdəmə düşmür. Xüsusilə də, müsəlman ölkələrinin. Sadəcə, onu deyə bilərəm ki, Pakistan bu müharibə ərzində Azərbaycana böyük dəstək verib. Nəinki müharibə ərzində, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə, Pakistan, ümumiyyətlə Ermənistanı dövlət kimi tanımır. Biz Azərbaycanı həm də ona görə dəstəklədik ki, Azərbaycan özünün haqq mübarizəsini aparırdı. Azərbaycan haqlı mövqedə idi. Azərbaycanın mövqeyi beynəlxalq hüquqda da haqlıydı və BMT-nin TŞ-nın qətnamələri ilə dəstəklənirdi.

- Yeri gəlmişkən, Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi üçün, sizin də dediyiniz kimi, ölkəniz bu dövlətlə diplomatik əlaqələrini kəsib, onu dövlət kimi tanımayıb. Ötən il Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmaq barədə düşündüyü iddia olunurdu. Siz də bu yaxınlarda demisiniz ki, Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələ qalmazsa, gələcəkdə Ermənistanla münasibətləri də normallaşdırmağa hazırıq...

- Bu barədə Pakistanın mövqeyi dəyişməzdir. Pakistanın Ermənistanla birbaşa hansısa problemi yoxdur. Biz, məhz Qarabağ problemi səbəbilə Ermənistanla diplomatik münasibətlər qurmamışdıq. Çünki Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi. Gələcəkdə Ermənistan-Azərbaycan münasibətləri normallaşarsa, - bu yöndə addımların atıldığını görürük - o zaman Pakistan Ermənistanla münasibətlərinə yenidən baxa bilər.

- Ötən ay Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda olub. Görüşdə hərbi əməkdaşlıq sahəsində yeni nə kimi məsələlər müzakirə olunub? Bir müddət əvvəl Pakistan Azərbaycana “JF17 T hunder” qırıcı təyyarələrini təklif edib. Hərbi əməkdaşlıq sahəsində yeni təşəbbüslərin, sazişlərin şahidi olacağıqmı?

- Pakistan-Azərbaycan hərbi əməkdaşlığı uzunmüddətli və çox güclüdür. İkinci Qarabağ Müharibəsindən sonra da Pakistanın bir çox hərbi nümayəndə heyətləri Azərbaycanda səfərdə olub. Birinci Hava Qüvvələrinin komandanı gəlib, ondan sonra Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri. Hansı ki, Pakistanda ən yüksək general hərbi rütbəsini o daşıyır. Yüksək səviyyəli görüşlərdə hərbi əməkdaşlığı daha da inkişaf etdirmək, ikitərəfli hərbi təlimlər və bir çox müxtəlif məsələlər barədə müzakirələr aparılıb. “JF17”-lərlə bağlı təklif hər zaman Pakistan tərəfindən masanın üzərindədir. Tərəflər bu təklifi daha da irəliyə götürməyin yollarını və vasitələrini araşdıra bilərlər.

- Cənab Səfir, ölkələrimiz arasında siyasi və hərbi sahədə münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi, ticari sahədəki potensialdan tam istifadə olunmur. Bu istiqamətdə inkişafa nail olmaq üçün hansı təkliflər var?

- Düzgün vurğuladınız ki, iqtisadi əməkdaşlıq, iqtisadi münasibətlər digər münasibətlərlə müqayisədə çox aşağıdır. Mənim də əsas məqsədlərimdən biri bütün səylərimi, enerjimi bu iki qardaş ölkə arasındakı iqtisadi münasibətlərin inkişafına sərf etmək olacaq. Xatırlayırsınızsa, Xarici İşlər naziri Ceyhun Bayramov yanvar ayında Pakistanda səfərdə olub. Orada iki ölkə arasında iqtisadi münasibətləri inkişaf etdirməklə bağlı geniş müzakirələr aparılıb. Pakistan şirkətləri azad olunmuş ərazilərdəki yenidənqurma və bərpa işlərində iştirak etməkdə maraqlıdır.

İki ölkə arasında birbaşa hava nəqliyyatının bərpa olunmasına çalışırıq. Bu bərpa olunduqdan sonra ölkələrimiz arasında ticari sahədə canlanma yaşanacaq. Biz birbaşa reysin açılışını may ayında gözləyirdik. Bildiyiniz kimi, Azərbaycan hökuməti hazırda elektron vizanı dayandırıb. Onun yenidən bərpasını gözləyirik, bərpa olunarsa, bu barədə düşünmək olar. Bir məqamı da qeyd edim ki, əgər birbaşa reys açılarsa, bu, hər iki tərəfdə turizmin inkişafına xidmət edəcək.

- Turizmdən söz düşmüşkən, Pakistan böyük turizm potensialına malikdir. Bakı ilə İslamabad arasında turizmi inkişaf etdirmək üçün hansı təşəbbüslər var?

- Doğru qeyd etdiniz, Pakistanın yüksək turizm potensialı, gözəl landşaftı, okean, dəniz, göl, meşə, dağ – hər şeyi var. Bilirik ki, Azərbaycan xalqı Pakistanı sevir, ona böyük sevgisi var. Birbaşa reys açıldıqdan sonra Pakistana maraq çoxalacaq. Düşünürəm ki, tanınmış insanlar Pakistana səfər etməli, gedib, gəzib, görməlidir. Qayıtdıqdan sonra insanlara səfərlə bağlı məlumat verməlidirlər ki, onlarda da Pakistana getmək üçün maraq oyansın.

- Pakistanla Hindistan arasında son zamanlar “buzların əriməsi” müşahidə olunur. Yanvar ayında hər iki ölkə Nəzarət Xətti boyunca (Line of Control -LoC) atəşkəs barədə razılığa gəldiklərini elan edib. Pakistanın Baş naziri İmran Xan, Hindistanın Kəşmir problemini həll edərək ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün ilk addımı atmalı olduğunu deyib. Bu prosesin perspektivi barədə nə demək olar? Son zamanlar həmçinin, tərəflər bir-birinə müsbət jestər edirlər...

- Hər şeydən əvvəl onu qeyd edim ki, Baş nazir İmran Xanın əsas məqsədi aztəminatlı insanların həyatını yaxşılaşdırmaqdır. Çalışır ki, onlar yaxşı təhsil ala bilsin, işlə təmin olunsun, səhiyyə xidmətlərindən geniş istifadə etsin. İmran Xan qeyd edib ki, əgər qonşu ölkələrlə münasibətlərimizi normallaşdırmasaq, biz bu məsələlərə daha çox pul yatıra bilmərik. Biz sülhməramlı qonşuluq siyasətinə üstünlük veririk. Pakistan, həmçinin Əfqanıstanın stabil və dinc bir ölkəyə çevrilməsi üçün özünün bütün imkanlarından istifadə edir. Biz istəyirik ki, Hindistanla da normal qonşuluq münasibətlərimiz olsun. Mənimlə razı olarsınız ki, Azərbaycan da Ermənistanla münasibətlərin normallaşmasını istəyir, bunun tərəfdarıdır. Amma Qarabağ məsələsinə görə bu alınmırdı. Pakistan həmişə qeyd edib ki, Hindistan BMT TŞ-nın qəbul etdiyi qətnamələrə hörmət etmir. Buna görə də, münasibətlər normallaşmır. Bizim Baş nazir hər zaman qeyd edir ki, əgər Hindistan sülhə doğru bir addım atarsa, Pakistan iki addım atacaq. İmran Xan Hindistana bütün münaqişələrin, həmçinin Cammu və Kəşmir probleminin sülh yolu ilə həlli barəsində dialoqa başlamağı təklif edib. Bunun əksinə olaraq, Hindistan hökuməti 2019-cu ilin avqustunda Kəşmirdə öz aqressiyasını daha da artırdı. Bu, bölgədə böyük problemə, gərginliyə səbəb oldu. Sizin qeyd etdiyiniz Nəzarət Xətti boyunca atəşkəs keçmişə gedib çıxır – müqavilə 2003-cü ildə imzalanıb. Amma Hindistan bunu tez-tez pozur. Təbii ki, Pakistan buna cavab verməlidir. Sonuncu dəfə hərbi nümayəndə heyəti ilə görüşdə vurğulandı ki, bu müqaviləyə hörmət etmək lazımdır. Bizim fikrimiz birmənalıdır. Əgər Hindistan Kəşmirdəki əməllərini dayandırarsa, bizimlə danışıqlara hazırdırsa, biz də hazırıq.

- Pakistanda pandemiya ilə bağlı son vəziyyət necədir, vaksinləşmə prosesi necə gedir? Pakistanın Milli Səhiyyə Xidmətinin katibi Amir Aşraf Kvaca deyib ki, bu aydan etibarən Pakistan Hindistan istehsalı olan 4,5 milyon doza vaksin alacaq...

- COVID-19-a yoluxanların sayı ilə bağlı dinamika mütəmadi olaraq dəyişir. Hazırda Pakistanda üçüncü dalğa davam edir. Çox şükür ki, hökumətin gördüyü lazımi tədbirlər nəticəsində vəziyyət bir o qədər də acınacaqlı olmadı. Gündəlik yoluxmaların sayı 5 mindir və bu da əhalinin sayı nisbətində böyük rəqəm deyil. Bir çox iş yerləri açıqdır, insanlar sosial məsafəni saxlamaq şərtilə gündəlik işlərinə davam edir.

Vaksinləşməyə gəlincə, proses davam edir. Aprelin 21-dən 50 yaşdan yuxarı vətəndaşlarımıza vaksin vurulacaq. Hazırda Çin və Rusiya istehsalı olan vaksinlərdən istifadə edirik. Hindistan vaksini almaq barədə isə heç bir planımız yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı COVAX mexanizmi ilə inkişaf etməkdə olan ölkələrə vaksin paylayacaq və Azərbaycan da bura daxildir. Ola bilər ki, bu COVAX çərçivəsində Hindistan istehsalı olan vaksinlər də var. Çünki Hindistanın vaksin sənayesi güclüdür. Bildiyimizə görə, pandemiya ilə bağlı vəziyyət Hindistanda ürəkaçan deyil və buna görə də, Hindistan hazırda başqa ölkələrə vaksin verməyi planlaşdırmır.

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo

29 dekabr

14:21 - Zelenski Trampdan 50 illik zəmanət istəyir14:18 - Prezident ailəsi ilə "Ağ Şəhər"də olub - FOTOLAR14:15 - Zalujnı Kiyevə qayıdır...

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR