Azərbaycanda rus dilində təhsilə maraq nədən qaynaqlanır? - Dəb, yoxsa...
Bir neçə ildir ki, Azərbaycanda orta məktəblərin rus bölməsində təhsil alanların sayı durmadan artır. Sanki valideynlər övladlarının rus dilində təhsili üçün yarışa giriblər, məktəbəhazırlıq və birinci siniflərdə boş yer tapmaq mümkün deyil. Nəticədə bəzi ibtidai siniflərdə rus bölməsində şagird sayı 45-50-yə çatır. Bu səbəb də valideynlərin qərarına təsir etmir. Hətta övladını inadla rus bölməsində oxutmaq istəyənlər arasında ümumiyyətlə, rus dilində bir kəlmə bilməyənlər var…
Bəzi keçmiş sovet respublikalarında, o cümlədən, Gürcüstan, Ukrayna, Qazaxıstanda, Baltikyanı ölkələrdə orta məktəblərdə rus dili məhdudlaşdırılıb və ya bu dildə təhsildən tamamilə imtina olunub. Bizdə isə nəinki paytaxtda, digər şəhər və rayonlarımızda belə rus dilində danışan əhalinin çəkisi artıb.
2019-cu ilə aid statistikaya görə, Azərbaycanda 130 mindən artıq şagird rus dilində təhsil alır. Bu əvvəlki illərlə müqayisədə təxminən 40 min nəfərlik artım deməkdir. Təhsil Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda 336 ümumi təhsil müəssisəsində rus dilində tədris aparılır. Bu məktəblərdə təhsil alan şagird sayı isə 161 246 nəfərdir.
Ana dili Azərbaycan dili ola-ola rus dilində təhsilə marağın bu qədər kütləvi olması haradan qaynaqlanır? Orta məktəblərdə rus bölməsi olmalıdırmı?
Azsiyaset.com Qafqazinfo.az-a istinadla xəbər verir ki, övladını rus bölməsində təhsilə cəlb edən valideynlər bunu rus dilində dünya ədəbiyyatına və mədəniyyətinə çıxış imkanlarının daha geniş olması arqumentilə əsaslandırırlar. Hesab edirlər ki, övladları Dostoyevskini, Tolstoyu və digər ədibləri öz dilində, orijinaldan oxuyacaq. Digər səbəb isə Azərbaycanda həm özəl, həm dövlət müəssisələrində işə qəbul olunmaq üçün rus dili biliyinin tələb olunmasıdır. Dövlət dili rəsmi olaraq Azərbaycan dili olsa da, rus dili biliyi olmadan normal iş tapmaq çətinlik yaradır. Görünür, valideynlərin bu seçimlərinin arxasında həm də övladının gələcəkdə əmək bazarının tələblərinə cavab vermək istəkləri dayanır.
Qarşı tərəf isə, rus dilinin uşaqlarda fövqəladə zəka hüceyrələri oyatmadığını, orta təhsilin mütləq şəkildə ana dilində olmalı olduğunu bildirirlər. Hesab edirlər ki, azərbaycanlı ailəsində doğulmuş uşaq orta məktəbdə Füzuli, Nizami, M.F.Axundov və digər ədibləri öyrənməli, öz dilinin gücünü oradan dadmalıdır. Rus bölməsində oxuyan azərbaycanlı uşaq sadalanan mətləblərdən kənarda qalır, onun Azərbaycana heç bir bağlılığı yaranmır.
“Rus dilində təhsil almaqdansa, ingilis dilinə üstünlük verilsin”
Təhsil eksperti Kamran Əsədov bildirib ki, əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir. Ekspert bildirir ki, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil:
“Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən, əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.
K.Əsədov hesab edir ki, rus dilində təhsilə meyl hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verilməlidir. Rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər.
Lakin ekspert hesab edir ki, rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur: “Gəlin yaddan çıxartmayaq ki, dünyanin quru ərazisinin 6/1 hissəsinin insanları bu dildə danışırlar. Bu dildə həddindən artıq informasiyalar var. Bu bizim üçün böyük bir informasiya məkanıdır və bunun nəyi pisdir ki? Düzdür, 2017- ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar. Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır. Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var”.
“İbtidai və orta təhsil ancaq və ancaq ana dilində olmalıdır”
Jurnalist İbrahim Nəbioğlu isə hesab edir ki, Azərbaycanda təhsil 3 və ya 2 hissədən ibarət ola bilər. Məsələn, ibtidai təhsil 4 il, orta təhsil 4 il və litsey 3 il. Və ya ibtidai və orta təhsil 8 il, litsey təhsili 3 il. Onun sözlərinə görə, ibtidai və orta təhsil ancaq və ancaq ana dilində olmalıdır. 8 ildən sonra isə valideynlər uşaqlarını istədikləri dildə – ingilis, rus, fransız, ərəb və b. dillərdə oxuda bilərlər. Həmçinin xarici dillərdə təhsil rus dili də daxil olmaqla, pullu təhsil olmalıdır. Xarici dillərdən birinə imtiyazlar verilib, digərlərini bundan məhrum etmək doğru deyil:
“Uşaq ana dilində tədris almalı, dilləri sonradan öyrənməlidir. Bu, o qədər təbii bir yanaşmadır ki…Onun gözəlliyi, zərifliyi ondadır ki, bu sadə qayda bütün ölkələr tərəfindən qəbul edilmiş bir həqiqətdir. Tərsi müzakirə belə olunmur, çünki nonsensdir əksi, absurddur. Ən ağlasığmaz olanı budur ki, bizim düşdüyümüz vəziyyətin dünyada bənzəri yoxdur. Dünyanın nə inkişaf etmiş, nə də geridə qalmış ölkələrində (bir neçə Afrika ölkəsini çıxmaq şərtilə) belə bir şey yoxdur. Bu həm də cinayətdir. Bu, ölkənin suverenliyini təhlükəyə atan, onun gələcəyini baltalayan, bütün tariximizi, milli-mədəni irsimizi silib atmaq deməkdir”.
Rus bölməsində müəllim qıtlığı var
İ. Nəbioğlunun sözlərinə görə, rus bölməsində təhsil alan uşaqlar 11 il sonra ancaq rusca danışa biləcək. Lakin riyaziyyat, fizika, kimya, kodlaşdırma bilməyəcəklər. Bunun səbəbi isə məktəblərdə onları tədris edən müəllimlərin qıtlığıdır: “11 illik rus məktəbində təhsilə “11 illik rus dil kursları” deyirlər. Ağlamalı deyilmi – uşağını 11 il oxut ki, rusca danışsın! Buna necə razı olmaq olar? Yoxsa siz “Molokan” bağı ətrafındakı kafelərin, mağazaların üzərindəki iş elanlarına görəmi hərəkət edir, övladınıza gələcək qurursuz: “Rus dilini bilən ofisiant və satıcı laızmdır”. Əminəm ki, aralarınızda övladları 21-ci əsr peşələrinə yiyələnmək istəyənlər də var. Məsələn, kosmik biologiya, mühəndis-genetik, yaşıl şəhərlər memarlığı, bio-etika, dijital linqvistika, data jurnalistikası və sair. Bütün bunlar nəinki Rusiya universitetlərində tədris olunur, inanın ki, onların çoxları heç adlarını belə eşitməyiblər…”
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa ilə əlaqə saxladıq. O da insanların ilk növbədə öz ana dilində təhsil almasının tərəfdarıdır. F. Mustafanın sözlərinə görə, əslində ana dili təhsilinin səviyyəsi xeyli yüksək olmalıdır ki, cəlbedici olsun:
“Ana dilli məktəblərdə rus və ingilis dilinin tədris keyfiyyəti o qədər də yüksək deyil. Əsas səbəb bundan doğur. İkinci isə, insanlar daha çox hansı dildə ədəbiyyat və nəşrlər çoxdursa, danışma arealı genişdirsə, ora meyl etməyə çalışırlar. Üçüncü səbəb isə Azərbaycanda yaranmış moda ilə bağlıdır. Necə ki, fitness, gəzinti modadırsa, təhsil də modadır. Amma bu isanların seçimidir və bunun üzərində durmaq olmaz. Əslində daha ağıllı təhsil siyasətimiz olsaydı, bu problemləri yaşamazdıq. Məqsədyönlü, 10-15 ilik təhsil strategiyasını müəyyən etmək imkanı yoxdur. Bu da ondan irəli gəlir ki, əslində təhsilin idarəetməsində problemlər var. Daha realist və ağıllı yolları təcrübədən keçirmək lazımdır”.
Fazil Mustafa: “Rus dilinə meyl etmək böyük problem yaratmır”
Millət vəkili bütün hallarda rus bölməsinə meylə böyük problem kimi baxmadığını deyir: “Rus dilinə meyl etmək böyük problem yaratmır. Rus mühitində formalaşa bilən adamların olması da bizə lazımdır. İngilis dilli seqment də kifayət qədər güclüdür. Məncə bunlar hamısı zənginlikdir və bunu faciə kimi görmək doğru olmaz. Çalışmaq lazımdır ki, uşağın təfəkkürü öz dilində formalaşsın və daha böyük uğurlar qazanma imkanına malik olsun. Bu prosesi dayandırmaq asan deyil, insanlar hər halda, ağılsız deyillər. Əgər yaxşı azərbaycandilli məktəb varsa, xeyli insan seçimini ora edər. Alternativ yaxşı məktəb olsa, heç kim 10 min manatını verib bahalı məktəbdə uşaq oxutmaz”.
İş yerlərində Azərbaycan dili ilə yanaşı rus dilinin də tələb olunmasına gəlincə isə, F. Mustafa bildirib ki, bu birinci növbədə rus dilinə olan tələbatla bağlıdır. Azərbaycan əhalisinin müəyyən bir qisminin rus bazarı ilə ciddi əlaqəsi var. 1 milyondan artıq azərbaycanlının Rusiya bazarında olması, bizim ən çox kontingenimizin Rusiya ilə bağlılığını göstərir: “Dil orada daha səviyyəli təmsil olunma imkanları yaradır. Müəyyən qədər diskriminasiyadan uzaq olmağa kömək edir. Seçim birinci növbədə bununla bağlıdır”.
“Kütləvi maraq millət üçün faciədir”
Filologiya elmləri doktoru, professor Tofiq Hacıyev isə bu dilə kütləvi marağı faciə hesab edir: “Rus dilində təhsilə kütləvi maraq millət üçün faciədir. Əgər 3-5 nəfər olsaydı, faciə sayılmazdı. Rus pedaqoqu Uşinskinin bir ifadəsi var, deyir ki, insan hansı dildə təhsil alırsa, o millətə xidmət edir. Ona nə qədər milli maska geyindərsə də, xeyri yodur, yenə təhsil aldığı millətə xcidmət edəcək. Humbolt da deyirdi ki, dil xalqın, millətin ruhudur. İnsan dillə düşünür. Mənim dilimdə olan söz və ifadələr mənə aiddir. İkinci tərəfdən isə, rus dilində təhsil almaq axı nə prestijdir?Gələcəkdə rus dili lazım olacaqsa, uşağı rus dilində hazırlığaç qoymaq olar, bunun üçün məktəbə getmək ehtiyac yoxdur. Bu yeni tendensiya yaxşı tendensiya deyil”.
Qeyd edək ki, "Dövlət dili haqqında" Qanuna əsasən, Azərbaycanda təhsil dövlət dilində aparılır. Ölkədə başqa dillərdə təhsil müəssisələrində dövlət dilinin tədrisi məcburidir.