"AXC-nin varisi kimi biz 114 min kv.km-lik ərazimizin rəsmi iddiasını irəli sürməliyik..."
"Demarkasiya və delimitasiya da həmin ərazilərimizin xəritələri əsasında aparılmalıdır..."
“Rüşvət və korrupsiya xarici kəşfiyyatın ölkə daxilinə yol açmasına şərait yaradan ən optimal yaşıl koridordur...”
“Düzgün hesablansa, Laçın rayonunun sahəsi təxminən bir neçə yüz kvadrat kilometr artıq göstərilməlidir...”
Azərbaycan ordusunun ilk qurucularından olmaqla yanaşı, 1988-1992-ci illərin milli azadlıq hərəkatının tanınmış simalarından biri kimi tanınan, keçmiş Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşa moderator.az-a müsahibəsində Rusiyanın müvəqqəti olaraq torpaqlarımızda yerləşdirilmiş “sülhməramlı” hərbi kontingentinin Laçın dəhlizi və Qarabağ torpaqlarındakı fəaliyyətində bilərəkdən, yaxud qəsdən yol verdiyi ciddi xətalar, 44 günlük savaşdakı ciddi uğurlarımıza rəğmən hələ də revanşist qüvvələrin susmadığı qəsbkar Ermənistana və onun havadarlarına qarşı bundan sonrakı mübarizə yollarımız və s. haqda maraqlı fikir və mülahizələrini dilə gətirdi...
- Arif bəy, 10 noyabr üçtərəfli razılaşmasından bəri Laçın rayon mərkəzi və Rusiyanın “sülhməramlı” sayılan hərbi birləşmələrinin müvəqqəti(!) yerləşdiyi dəhliz ərazisinə daxil olan kəndləri ilə bağlı bir sıra müəmmalı proseslər baş verir. Məsələn, bu il iyulun 29-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan Respublikası ərazisindəki Rusiya sülhməramlı(?) hərbi kontingentinə aid bölməsində Laçın rayonu “Dağlıq Qarabağın rayonu” kimi təqdim edilir. Üstəlik, Rusiya hərbçilərinin humanitar yardım göstərdiyi Laçın şəhərində və rayonun ermənilərin adlandırdığı kimi, “Aqavno” adlandırılan Zabux kəndində qanunsuz məskunlaşan ermənilər “yerli sakin”lər kimi təqdim olunur. Azərbaycan tərəfindən heç bir rəsmi reaksiya görməyən Rusiya MN oktyabrın 13-də də yenə eyni “yanlışlığı” təkrar edir...
- Bütün bunlar həm Rusiya rəhbərliyi və ordusunun, həm də ermənilərin xislətinə uyğun olaylardır... Zabux kəndində qanunsuz məskunlaşmış Livan ermənisi Andranik Çavuşyan və digərləri də mediaya açqlamalarında deyirlər ki, biz burada yüz illərlə yaşamışıq... Bu, üzr istəyirəm, erməni həyasızlığının bir təzahürüdür. Dünya tarixçiləri də, biz də bilirik ki, Şuşa qalasının əsası Pənahəli xan Cavanşir tərəfindən təxminən 3 əsr əvvəl qoyulub. Laçının əsası isə 1921-ci ildə Abdallar adlanan kəndin yerində qoyulub. Onu da yaxşı bilirsiz ki, həmin kənd Şah İsmayıl Xətayinin dövründə də məşhur olan qədim abdallar türk tayfasının adı ilə bağlı olub. Və onu da bilməyənlərə xatırladım ki, “abdal” sözü aqil, müdrik sözləri ilə sinonimlik təşkil edən bir məfhumdur... Bir sözlə, gerçək tarixi faktlar müqabilində haylar deyir ki, biz Şuşada da, Laçında da yüz illərdir yaşayırıq...
Bilirsiz, ermənilərin bu dərəcədə həyasızlaşmasının bir səbəbi də odur ki, biz – türklər, xüsusən Azərbaycan xalqı olaraq son dövrlərədək, yəni 44 günlük savaşımızadək əsasən müdafiə taktikası tutmuşuq. Amma məşhur kəlamda deyildiyi kimi, ən yaxşı müdafiə hücumdur. Yəni biz hücuma geçmədikcə istər haylar, istərsə də onları himayə edən Rusiya və digərləri daha da həyasızlaşır...
- Necə hesab edirsiz, hərbdən başqa əsas hansı sahələrdə genişmiqyası hücuma keçməliyik?
- İctimai həyata aid bütün sahələrdə hücumda olmalıyıq və xüsusən siyasi-ideloji, elmi, tarixi sahələrdə... Məsələn, biz bir xalq, dövlət olaraq 1920-ci ildə Rusiyanın qırmızı bolşevik ordusu ölkəmizi işğal edib milli hakimiyyətimizi devirəndən sonra sovet imperiyasının tərkibinə hansı ərazi, hansı xəritə ilə girdiyimizi unutmamalıyıq. Əgər rəsmən deyiriksə ki, biz Azərbaycan Respublikası olaraq 1918-1920-ci illərdə mövcud olmuş Azzərbaycan Xalq Cümhuriyyətinin varisiyik, o halda həmin ilk demokratik müstəqil dövlətimizin də ərazisinə, xəritəsinə əsaslanmalıyıq. Yəni varis olaraq biz 114 min kvadrat kilometrlik ərazimizin rəsmi iddiasını irəli sürməli və bunu beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq. Və bu məsələni həm ölkə, həm dünya ictimaiyyəti arasında daim təbliğ etməliyik... Bu gün isə biz hər dəfə Putin deyəndə ki, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası sovet dövrünün xəritələri əsasında həyata keçirilməlidir, bunu Rusiya dövlətinin Azərbaycana böyük bir lütfü kimi qəbul edirik. Sanki bu cür deməyə də bilərmişlər. Amma biz məsələni belə qoymalıyıq ki, sovet dövründə qanunsuz şəkildə, heç bir əsas olmadan Ermənistana bağışlanmış Qərbi Zəngəzur və digər təxminən 30 min kvadrat kilometrlik torpaqlarımızı istəyirik. Hələ Rusiyanın özündə və müəyyən dərəcədə isti münasibətimiz olan digər respublikanın ərazisində qalan torpaqlarımızı demirik... Odur ki, demarkasiya və delimitasiya da Xalq Cümhuriyyəti dövrünün, 1918-1920-ci illərin xəritələri əsasında aparılmalıdır. Və həmin xəritələrə əsasən Ermənistanla Azərbaycanın sərhəd xətləri Göyçə gölünün ortasından keçir. Bu baxımdan Qərbi Zəngəzur, o cümlədən Meğri ərazisi də qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Hazırda Naxçıvan sanki kənarda bir anklav kimi qalıb, yəni Azərbaycanı əsas hissəsindən aralı düşüb...
Maraqlıdır ki, biz həmişə qalib olduğumuz halda sanki güzəştə gedən tərəf kimi görsənirik. Bizim 44 günlük savaşdan sonrakı xarici siyasətdə bir dişlilik görmürəm. Hücum taktikası yoxdur, daim geriçəkilmə, güzəştəgetmə və s. Bu gün deyirlər ki, Ermənistan müharibə tərəfdarıdır, amma biz sülh istəyirik. Tarixdən hansı analogiyanı göstərmək olar ki, qalib ölkə məğlub ölkədən sülh qopratmaq təşəbbüsündə, istəyində bulunur. Belə bir şey mümknüdürmü? Əksinə, məğlub Ermənistan bizə yalvarmalıdır ki, dayanın. Çünki Ermənistan məğlubdur, biz onlara güzəştə getmişik. Azərbaycan hücumu davam etdirib Xankəndinə girərdi, lap İrəvana da daxil ola bilərdi. İkincisi, bir anlığa təsəvvür edək ki, eyni coğrafi ərazidə Azərbaycanın yerinə Ermənistandır, Ermənistanın yerində Azərbaycandır... Və Orta Asiyadakı ölkələr də türkdilli yox, ermənidilli ölkələrdir... Görün, ermənilər nələr edərdi... Bir sözlə, bizim Ermənistanı birmənalı olaraq yer üzündən silmək şanslarımız var... Amma hazırda biz, əksinə, Ermənistandan qalib dövlət olaraq özümüzə qarşı hansısa lütfkarlıq gözləyirik...
Ümumiyyətlə, biz bir xalq, toplum olaraq kifayət qədər fəal deyilik. Məsələn, Fransada cəmi bir neçə yüz min erməniyə görə Fransa hökuməti Ermənistanın mənafeyindən çıxış edir. Ancaq İranda 40 milyona yaxın Azərbaycan türkləri, qaşqay və digər türkmənşəli xalqlar olduğu halda Azərbaycana münasibətə baxın... Halbuki, Fransada 5-10 milyon da erməni yaşasaydı, Fransa dayanmadan üstümüzə yürüyərdi... Bir sözlə, bəzi məsələlərdə səbəbi həm də özümüzdə axtarmalıyıq; niyə biz passivik, niyə unutqanıq, niyə öz gücümüzü göstərmək iqtidarında deyilik?.. Odur ki, milli maariflənmə, milli birlik məsələlərinə xüsusi diqqət yetirilməlidir...
- Zəhmət olmasa, konkret olaraq Rusiya MN-in öz saytında Laçını “Dağlıq Qarabağın rayonu” adlandırmasına münasibət bildirirərdiniz...
- Rusiyanın Azərbaycana münasibətinin əsl, gerçək mahiyyəti əvvəldən bəllidir. Mən ötən il noyabrın 10-dan, yəni Rusiya ordusunun “sülhməramlı” adıyla torpaqlarımıza daxil olduğu gündən demişəm ki, bu ordudan sülhməramlı olmayıb, olmayacaq da... Çünki 1-ci Qarabağ savaşında bunun hamısını yaşamışam, görmüşəm... Rusiya ordusunun xislətinə, xarakterinə yaxşı bələdəm. Hazırda bir sıra politoloq hesab edilənlər deyir ki, guya Rusiyada Azərbaycanı istəməyən güclər var və Qarabağda bizim suverenliyimizə qarşı atılan addımları onlar təşkil edirlər. Bu, çox sadəlöhv və məntiqsiz yanaşmadır. Və əslində bu siyasət məhz Rusiya prezidenti Putinin öz siyasətidir. Yadınızda olar, 10 noyabr razılaşmasından az sonrakı çıxışında Putin dedi ki, guya Qarabağ münaqişəsi Sumqayıt hadisələrindən başlanıb. Bununla Rusiya lideri konkret olaraq tarixi təhrif etdi və Azərbaycanı səbəbkar kimi göstərdi. Halbuki, cənab Putin ən azı onu bilməmiş deyil ki, Sumqayıt hadisələrindən öncə “Ermənistan” adlanan Qərbi Azərbaycanda - Quqark adlanan yerdə erməni faşistləri insanları, bütöv bir ailəni diri-diri dəmir borulara dolduraraq hər iki başını qaynaq edib uçuruma yuvarlayıblar...
- Arif bəy, o da maraqlıdır ki, Rusiya “sülhməramlı” hərbi kontingentinin Laçın və Qarabağla bağlı yol verilən “xəta”larıyla paralel Azərbaycanın rəsmi qurumlarında da müəyyən oxşar yanlışlıqlara yol verilir. Məsələn, Müdafiə Nazirliyinin rəsmi saytında 2020-ci il dekabrın 1-dən, yəni Laçın rayonu işğaldan azad olunan gündən bəri bu rayonun ərazisi sovet dövründən, müctəqillik illərindən bu yana bildiyimiz, işğal dönəmində orta məktəblərdə şagirdlərə əzbərlətdiyimiz 1835 kv.km yox, 1800 kv.km göstərilir... Mediada yazılsa da, həmin qurumun elektron ünvanına sorğu göndərilsə də, artıq bir ilə yaxındır ki, suverenliyimizə, ərazi bütövlüyümüzə xələl gətirən bu ciddi yanlışlığa heç bir cavab, heç bir izahat verilmir...
- Laçın rayonunun sahəsi sovet dövründən, eləcə də müstəqillik illərində, 30 ilə yaxın işğal müddətində orta məktəb dərsliklərindən, eləcə də rəsmi mənbələrdən bildiyimizə görə, 1835 kvadrat kilometr olub. 44 günlük savaş nəticəsində rayonun əksər hissəsi bir güllə atmadan qaytarılandan sonra hesab edirdik ki, sovet imperiyası dönəmində Ermənistanla sərhədə yaxın Qaragöl qoruğu, Ərəvis, Cağazur, Cicimli kəndləri ərazilərindən də qopardılaraq ermənilərə verilmiş torpaqları da düzgün demarkasiya və delimitasiya şərti ilə nəzərə alsaq, Azərbaycanın rəsmi qurumları Laçın rayonun sahəsini əskik yox, hardasa bir neçə yüz kvadrat kilometr artıq göstərməlidir.
Düzü, mətbuatdakı yazılardan öyrəndim ki, 2020-ci il dekabrın 1-də, yəni Laçın rayonunun işğaldan azad olunduğu gün Müdafiə Nazirliyinin rəsmi saytında rayonumuzun ərazisi əvvəlki rəsmi göstəricilərdən 35 kvadrat kilometr kiçildilərək 1835 kvadrat kilometr əvəzinə 1800 kvadrat kilometr göstərilib və bu günədək həmin yanlışlıq düzəldilməyib... Laçın azad olunan vaxt əksəriyyət sevinc, şadlıq, eyforiya içərisində olduğundan çoxumuz buna diqqət etməmişik. Bu, yanlışlıqdır. Və bu yanlışlığa yol verilməsində iki variant ola bilər. Ya sadəcə, texniki səhvə yol verilib. Belə olan halda həmin texniki səhv son bir ilə yaxın müdətdə, yaxud heç olmasa, media bu haqda informasiya yaydıqdan sonra mütləq düzəldilməli idi. Yaxud əgər texniki yanlışlıq olmayıbsa, deməli, burada hansısa xarici ölkə kəşfiyyat qurumunun əli var. Yəni həmin yanlış məlumat bilərəkdən, qəsdən şüurlu şəkildə Azərbaycanın rəsmi qurumunun saytına yerləşdirilir və o digər rəsmi və qeyri rəsmi məlumat, çıxış və yazılarda da təkrar olunur, mediada, saytlarda tirajlanır və insanlar buna alışdırılır. Söhbət ondan gedir ki, bunu təşkil edən xarici güclər ya Laçın rayonunun hazırda sülhməramlı adlanan Rusiya hərbi kontingentinin himayəsi ilə “dəhliz” kimi Qarabağ və Ermənistan ermənilərinin istifadəsinə verilmiş ərazini(təxmini hesablamalara görə, sahəsi 35 kv.km-dir) nəzərdə tuturlar. Yaxud 3 il ərzində Laçın şəhərindən yan keçməklə çəkiləcək Şuşa rayonunun sovet dövründən ermənilərin yerləşdirildiyi təqribən Onverst-Böyük Qaladərəsi-Kiçik Qaladərəsi- Laçın rayonunun Qayğı qəsəbəsi -Ermənistan sərhədi marşrutuyla çəkiləcək yeni “humanitar dəhliz” yolunun tutduğu yenə təxminən 35 kv.km-lik ərazi hesaba alınır. Yəni məqsəd ondan ibarətdir ki, sözügedən ərazi ya Ermənistanın hüquqi tabeçiliyinə, yaxud nə vaxtsa ATƏT-in, Avropa İttifaqının, ABŞ-ın və s. dəstəyi ilə Qarabağın “statusu” “dirildiləcəyi” halda həmin separatçı qurumun “yurisdiksiyasına” verilsin. Belə şübhələr sözügedən informasiya ilə rastlaşan hər kəsdə yarana bilər. Odur ki, ilk növbədə Müdafiə Nazirliyi və digər rəsmi qurumlar bu məsələyə təcili aydınlıq gətirməlidir. Əks halda hər bir vətəndaş, xüsusilə Qarabağ, Laçın ziyalıları, yəni o torpaqları yaxşı tanıyan, hər qarışına bələd olan insanlar buna aydınlıq gətirilməsini tələb etməlidir...
Türk babamız Mete xanın məşhur məsələni xatırladıram. Çıxılmaz durumda qalanda hökmdar düşmən nə istəyir verir. Ancaq bir gün yağılar bir qaratikan kolluğu olan bir ərazini tələb edir, bu halda xan əmr verir ki, ordu döyüşə hazırlaşsın... Sözüm ondadır ki, Qarabağ savaşları şəhidlərinin qanı ilə suvarılmış torpaqlarımızın hər bir qarışı Vətəndir, əzizdir və nə reallıqda, nə də xəritə üzərində düşmənə verilə bilməz...
- Son təxminən bir ilə yaxın müddətdə hansı nəticəyə gəldiniz; 1988-1991-ci illərdə Arkadi Volskinin “Xüsusi İdarə Komitəsi”, Polyaniçkonun Təşkilat Komitəsinin dövründə Azərbaycan torpaqlarındakı sovet-rus ordusu ilə hazırkı sülməramlı sayılan Rusiya hərbi kontingenti arasında hansı oxşar və fərqli cəhətlər var?
- Dəfələrlə demişəm ki, Volski zamanında Qarabağda olan sovet-rus ordusunun Azərbaycana münasibəti düşməncəsinə idi. Hələ bu o zaman idi ki, biz bir ölkənin tərkibində olmaqla eyni ideoloji platformaya –sosializm ideologiyasına söykənirdik, sovet əsgəri, zabiti də komsomol, kommunist idi, biz də, onlar da ateist hesab olunurdu, biz də...Yəni ortaq dəyərlərin olduğu bir məqamda bizə düşməncəsinə baxan bir ordu bu gün artıq öz imperiya ambisiyalarını yeritməyə can atan və dini baxımdan xristian təəssübkeşliyi ilə Ermənistanın yanında olan Rusiya ordusudur... Yəni deyilən faktorları cəmləsək, hazırda Qarabağ torpaqlarımızda və Laçın dəhliizində yerləşən ordunun Azərbaycana gerçək münasibətinin necə olduğu bilinər...
Və bir sözlə, özümüzü aldatmağa dəyməz, Rusiya ordusu heç zaman sülhməramlı olmayıb. Xüsusən də Azərbaycana münasibətdə... 1990-cı illərdə Kreml Həştərxandan İranın Ənzəli limanına tankları göndərirdi və onlar Ermənistan ərazisindən keçib Qarabağdakı erməni ordusuna çatdırılırdı... Və 30 ilə yaxın işğal dövründə də, indi, yəni II Qarabağ savaşındakı qələbəmizdən sonra da üzdə bizimlə müttəfiq olduğunu söyləyən Moskva daim Ermənistana gizli və açıq şəkildə dəstək verir. Odur ki, hələ torpaqlarımızın xeyli hissəsini azad etməklə işimiz bitməyib və unutmayaq ki, biz revanşist erməni qüvvələri ilə yanaşı, yenə də nəhəng Rusiya imperiyasıyla üz-üzəyik. Bu səbəbdən də öncə dediyim kimi, bu mübarizədə qalib olaraq yaxın gələcəkdə Laçın dəhlizi, Xankəndi, Xocalı və digər ərazilərimizdə də öz yurisdiksiyamıza və əsl müstəqilliiyə nail olmaqdan ötrü öncə daxildə milli birlik, milli müqavimət ruhunun gücləndirilməsi gərəkdir. Bundan ötrü də daxili münasibətlərdə milli birliyə mane olan neqativ hallara və xüsusən də rüşvətxorluq və korrupsiyaya qarşı gerçək mübarizə apararaq onların sonuna çıxmaq gərəkdir. Onu da unutmaq lazım deyil ki, rüşvət və korrupsiya xarici xüsusi xidmət orqanları və kəşfiyyatının ölkə daxilinə yol açmasına şərait yaradan ən optimal yaşıl koridordur... Yəni rüşvətlə qazanmaq arzusu varsa, millət yoxdur, vətən yoxdur, milli ruh yoxdur... Bu, Azərbaycanın bu günü və gələcəyi üçün çox təhlükəli faktordur... Və onu mütləq aradan qaldırmaq gərəkdir...