"Rusiya birbaşa təmaslara imkan vermir" - "Noyabr ayı ərzində konkret məlumatlar ortaya çıxacaq"
Son bir ayda Azərbaycan, Rusiya və Ermənistanın liderləri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə tez-tez xəbərlər yayılsa da, hələlik bununla bağlı hər hansı konkret rəsmi məlumat yoxdur. Əksinə, Ermənistan tərəfi belə bir görüşün nəzərdə tutulmadığını bəyan edir. Moskvanın da açıqlamalarında konkretlik yoxdur.
Ehtimal ki, əslində belə görüşlərə cəhd edilir, lakin tərəflər hansısa məsələlərdə tam razılığa gələ bilmədiyi üçün, görüş baş tutmur. Rusiya isə vasitəçi olaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirə bilmir.
"Azsiyaset" xəbər verir ki, azpolitika.info mövzunu professor Əli Abbasovla müzakirə edib.
- Əli müəllim, Azərbaycan, Rusiya və Ermənistan başçılarının görüşəcəyinə dair məlumatlar yayılır. Yaxınlarda belə bir görüşün keçirilməsi ehtimalı nə dərəcədə yüksəkdir?
- Bəli, belə gözləntilər olsa da, hələlik dəqiq rəsmi məlumat yoxdur. Görüşün vaxtı, eləcə də üz-üzə, yoxsa videokonfrans formasında keçiriləcəyi də dəqiq müəyyən edilməyib.
Aydındır ki, üç ölkənin baş nazirlərinin müavinləri görüşüblər və hansısa marşrutları müəyyən ediblər. Yol məsələsində tərəflərin mövqeləri fərqlidir. Məsələn, biz şərqdən qərbə doğru yolun açılmasında maraqlı olduğumuz halda erməni tərəfi cənubdan şimala doğru marşrut açılmasını istəyir. Faktiki olaraq, iki marşrut var. Görək, onlardan hansı sərfəlidir. Ümumi mövqeyə görə, bütün kommunikasiyalar açılmaldır. Amma bunun haradan və necə başlanacağı da maraqlıdır. Yəqin ki, bir qədər gözləməyə ehtiyac var.
- Amma Ermənistanın arzuladığı cənub-şimal dəhlizi real görünmür. Əvvəla, orada yol yararsız vəziyyətdədir, üstəlik, dəmiryolu ümumiyyətlə yoxdur. Nəhayət, Gürcüstan bunda maraqlı görünmür və Rusiya bu halda layihədən kənarda qalır...
- Bunun real və ya qeyri-real olmasını konkret söyləmək, zənnimcə, doğru olmazdı. Əlbəttə, çox şey Rusiyadan asılıdır. Ruslarınsa mövqeyinin dəyişib-dəyişməyəcəyi bəlli deyil. Problem ondadır ki, bizim üçün şərq-qərb yolu daha vacibdir, eləcə də Türkiyə üçün. Bu yolları müqayisə edəndə, şübhəsiz ki, Zəngəzur dəhlizi daha effektivdir. Proqnozum belədir ki, noyabr ayı ərzində yollar mövzusunda konkret məlumatlar ortaya çıxacaq.
- Sizcə, tərəflər arasında baş tutacaq görüşdə yalnız dəhliz və kommunikasiyaların açılması məsələsinə dair ümumi qərarlar veriləcək, yoxsa başqa qərarlar da gözləniləndir?
- Əslində, problemlər kifayət qədər çoxdur və bunlar yalnız yollarla bağlı deyil. Məsələn, ruslar anlayırlar ki, Zəngəzur dəhlizi açılacaqsa, deməli, Türkiyənin rolu regionda daha da güclənəcək. Özü də söhbət yalnız Azərbaycandan getmir. Mərkəzi Asiya ölkələrinə də Ankaranın təsirləri artacaq. Əlbəttə, bu, rusların marağına uyğun deyil. Amma Çinin burada marağı maksimal həddə təmin oluna bilər. Belə anlayıram ki, hələlik Rusiya və Çin hansısa razılığa gəlməyib. ABŞ kənardan Çinlə yaxınlaşıb Rusiyanın üzərinə getmək və ya əksinə, Rusiyanı yanına alaraq Pekini zəifətmək üçün addımlar atmaq seçimini tam edə bilməyib. Yəni yan problemlər də var. Üstəlik, Əfqanıstan məsələsi ortadadır. Əlbəttə, Çin əsas oyunçu kimi ortaya çıxır, Türkiyənin də rolu az deyil. Sanki domino effekti müşahidə oluna bilər. Bir addım hər şeyi düzəldə, yeni konfiqurasiya ortaya çıxara və ya əksinə, hər şeyi dağıda bilər. Yəni proseslər bir-birilə çox bağlıdır.
Əlbəttə, Zəngəzur dəhlizinin açılması realdır. Amma maraqlar və dünyada gedən proseslər məsələsi də var. Önümüzdəki həftədən başlayaraq Avstriya paytaxtında İranla nüvə danışıqları davam etdiriləcək. Bu həll edilsə, deməli, Avropanın qaz və neft yolları açılır. ABŞ-ın bunda nə dərəcədə maraqlı olduğu aydın deyil. Yəni ilk baxışdan cərəyan edən proseslər fərqli görünsə də, əslində bir-birilə çox bağlıdır.
- Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində mümkün dəmiryolları haqqında danışıb, hətta Ordubad-Arazdəyən xəttindən bəhs edib...
- Aydındır ki, dəmiryolu xətti açılmalıdır. Bununla bağlı üçtərəfli razılaşmada açıq şəkildə qeyd edilib. Problem ondadır ki, bu razılaşmalar sonradan parlamentdə təsdiq edilməlidir. Xüsusilə, Ermənistanda buna necə reaksiya veriləcəyi maraqlıdır. Amma aydındır ki, yolların açılmasında Ermənistan maraqlıdır. Rusiya da bu məsələdə maraqlıdır. Çünki Zəngəzur dediyimiz dəhlizi əslində Rusiya Sərhəd Qoşunları mühafizə edəcək. Yəni nəzarət onlarda olacaq. Bu halda ruslar niyə maraqlı olmasın? O ayrı məsələdir ki, günün birində bu yol rusların maraqlarına cavab verməyə bilər və o zaman nə olacaq...
- İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın ehtimal edilən görüşündə sərhədlərin delimitasiya və demarkasiyasına dair yekun qərar qəbul edilə bilərmi?
- Hər şey ola bilər. Amma aydındır ki, delimitasiya və demarkasiya prosesi illərlə vaxt aparan işdir. Hazırda Azərbaycanla Gürcüstan arasında bu proses illərdir ki, gedir. Əgər görüş zamanı sərhədlərin müəyyənləşdirilməsinə dair tərəflər iradə nümayiş etdirəcəksə, prosesə start veriləcək. Ancaq bu, qısa müddətli iş deyil. Onun başlanmasında problem olmamalıdır. Məsələ işin sürətindədir. Həm də bu zaman hansı xəritələrin qəbul edilməsi kimi vacib elementlər də var. Yəni bu, uzun və gərgin bir işdir.
İndilikdə Rusiya ordusunda olan xəritələrin əsas kimi götürüləcəyinə dair siqnallar gəlir. Belə xəritələr Bakıda, İrəvanda və Tbilisidə də var. Amma bu xəritələrin bir-birinə uyğun olub-olmaması məsələsi də var. Şəxsən mən inanmıram ki, sözügedən xəritələr bir-birilə uyğun gəlir. Buna baxmayaraq, hər halda sərhədlərin müəyyənləşdirilməsinə başlamaq lazımdır. Ancaq əslində, burada problem tam başqadır.
- Nəyi nəzərdə tutursunuz?
- Əsas məsələ odur ki, Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların aparılmasına imkan verilmir. Bax, bu əsas problemdir. Belə təşəbbüslər olanda sanki ruslar hamıdan qabağa düşür. Bir növ bu işi monopoliyadan buraxmır. Hər iki ölkə sanki Rusiya xətti ilə bir-birilə danışmalı, müzakirə aparmalıdır. Hələlik real durum budur. Türkiyə də təklif etdi ki, gəlin danışaq, amma bir reaksiya olmadı. Eləcə də Gürcüstan hökuməti vasitəçi kimi tərəfləri bir araya gətirməyə çalışdı, bununla bağlı təşəbbüslə çıxış etdi. Amma bu da baş tutmadı. Niyə? Çünki ruslar bunu monopoliyadan buraxmaq istəmir. Aydındır ki, Azərbaycan və Ermənistan arasında birbaşa kontaktlar yaranacaqsa, danışıqlar aparılacaqsa, ruslar regiondan çıxmalı olacaqlar. Bu da rusların marağına uyğun deyil.
- Nəzərdə tutulan görüşdə sülh müqaviləsi ilə bağlı hansısa konkret addımlar atıla bilərmi?
- Mənim ehtimalıma görə yox. Qarabağdakı ermənilərin məsələsi var, hətta status kimi məqamları qaldırırlar. Üstəlik, Minsk Qrupu amili var. Amma sülh müqaviləsi üçün danışıqlara başlamaq və bunu davam etdirmək müsbət hal olardı. Başlamaq olar. Bu, Ermənistanın da xeyrinədir.
- Yəni Bakı hazır olsa da, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır deyil...
- Deyirəm ki, bu, çətin prosesdir. Əlbəttə, erməni tərəfi arzu edir ki, Qarabağdakı ermənilərin hansısa statusu, üstünlüyü olsun. Amma aydındır ki, indi Ermənistanın nüfuzu və proseslərə təsir imkanı sıfırın altındadır. Yalnız Rusiya xətti ilə ermənilər nəyəsə nail ola bilər. Ermənistan faktiki olaraq, indi bölgədə aparılan siyasətdə yoxdur, Bakı danışıqları Moskva ilə aparır. Maraqlıdır ki, ruslar bu danışıqlarda hansı mövqedən çıxış edir. Məsələn, bizlər 30 ildir deyirdik ki, ruslar Ermənistanın maraqlarına uyğun olan siyasət aparır. Bu, kökündən yanlışdır. Moskva yalnız Rusiyanın maraqlarına uyğun siyasət aparır. Onlar üçün əsas budur.
- Bəs Türkiyənin rolunu necə qiymətləndirmək olar?
- Türkiyə çalışırdı ki, bölgədə gedən proseslərdə Rusiya səviyyəsində iştirak etsin. Türkiyənin Azərbaycanla bağlılığı var, türk dünyası ilə əlaqələri güclənir. Yəni türklərin də əlində kifayət qədər alətlər var. Ona görə ruslar istər-istəməz Türkiyə faktorunu qəbul etməlidir və edirlər də.