"Paşinyan öz məqsədlərinə doğru irəliləyir" - "Bizə sərf etmir ki, Rusiyayla kəllə-kəlləyə gələk"
Noyabr ayı yalnız müharibənin başa çatmasının ildönümü kimi yadda qalmadı, həm də müharibədən sonrakı ən gərgin ay kimi tarixə düşdü. Ayın əvvəllərindən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində və Qarabağda davamlı erməni təxribatları müşahidə olundu. Bununla paralel olaraq Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin Moskvada görüşəcəyi haqda xəbərlər yayılsa da, hansısa səbəblərdən görüş baş tutmadı. Nəticədə, ayın 16-da müharibədən sonra ilk böyük hərbi qarşıdurma baş verdi.
İndi isə aydın olub ki, Azərbaycan və Ermənistan rəhbərləri Brüsseldə görüşməyə razılıq veriblər və bir çoxları bu görüşə rusların maneçilik yarada biləcəyini, nəticə olmayacağını proqnoz edirlər.
"Azsiyaset" xəbər verir ki, azpolitika.info mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.
- Zərdüşt bəy, noyabrın əvvəllərində biz həm dövlət sərhədində, həm də Qarabağda erməni təxribatlarına şahid olduq və noyabrın 16-da müharibədən sonra ilk böyük hərbi qarşıdurma baş verdi. Sizcə, hansı səbəblərdən yenidən silahlar danışmağa başladı, regionda hansı proseslər gedir?
- Əvvəla, regionda mövcud mənzərəyə nəzər salmaq lazımdır. 44 günlük müharibənin sonunda imzalanan 10 noyabr sazişi tərəflərin üzərinə müəyyən öhdəliklər qoydu. Tərəflər öhdəliklərinin bəzisini yerinə yetirdi, bəzisini yetirmədi. Güclü tərəf öhdəliklərini yerinə yetirməyəndə cəza almır və rahatdır. İmkanları məhdud olan və öhdəliklərini yerinə yetirməyən tərəfi isə cəzalandırırlar. Ermənistan üzərinə 3 rayonu döyüşsüz təhvil vermək öhdəliyi götürmüşdü və bunu etdi. Bütün əsirləri azad etmək öhdəliyi vardı, Şahbaz və Dilqəm daxil bunu da etdi. Öhdəliyi var ki, Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin edəcək yolu açacaq. Bunu etmədi. Eləcə də iki dövlət arasında sərhədlərin müəyyən edilməsinə dair danışıqlara başlamaq öhdəliyini də yerinə yetirməyib. Həmçinin rus sülhməramlıların regiona gəlməsi ilə paralel erməni silahlı birləşmələri Qarabağı tərk etməli idi. Bu öhdəlik də yerinə yetirilməyib.
Rusiyanın da müəyyən öhdəlikləri var, amma onları yerinə yetirməyib. Regiondakı erməni silahlı dəstələri çıxmalıdır. Bu yerinə yetirilməyib. Ancaq biz Rusiyanı buna məcbur edə bilmərik. Rusiya nəhəng dövlətdir, BMT Təhlükəsizlik Şurasının üzvü, nüvə dövlətidir. Üstəlik, hərbi baxımdan Azərbaycandan çox üstündür. Bizə də sərf etmir ki, onunla kəllə-kəlləyə gələk. Odur ki, Rusiyanın öhdəliyindən boyun qaçırmasını bildirsək də, buna yumşaq yanaşırıq. O cümlədən Rusiya və ya sülhməramlılar bütün qaçqınların maneəsiz öz yerinə qayıtmasına şərait yaratmalı idi. Amma biz gördük ki, İrəvana qaçan bütün Qarabağ ermənilərini süpürüb Xankəndinə gətirdilər, amma Xocalı, Xankəndi sakinləri olan azərbaycanlıların öz evlərinə qayıtması barədə söhbət getmədi. Üstəlik, Hadrut və Xocavənddən qaçan ermənilərin geri qayıtması üçün söhbətlər də getdi. Rusiyanın mövqeyi belədir ki, erməni və azərbaycanlılar arasında bir sədd olmalıdır, əlaqələr olmamalı və onlar bir yerdə yaşamamalıdır. Bunun da mənası odur ki, azərbaycanlı və ermənilər arasında əlaqə Rusiya vasitəsilə həyata keçirilsin.
Azərbaycana gəldikdə, deyək ki, biz əsirləri geri qaytarmaq barədə öhdəlik götürmüşdük. Ancaq üçtərəfli bəyannamədən sonra əsir götürülən erməniləri azad etmədik. Dedik ki, onlar hərbi əsir deyillər, müharibədən sonra ərazilərimizə soxulan terrorçulardır. Əlbəttə, sonradan onların bəzilərini mina xəritələri müqabilində buraxdıq. Bəziləri də indi burada qalıblar.
Regionda mənzərə bundan ibarətdir. Nəhayət, müharibədən bir il zaman keçdi, Ermənistanda sular nisbətən duruldu və Paşinyan seçkilərdə qalib gəldi, parlamentdə çoxluğu götürdü. Bundan sonra erməni xalqı ondan tələb etməyə başladı ki, gələcəyimizi müəyyən edək. “Artsax” qalacaq-qalmayacaq, sülh müqaviləsi olacaq-olmayacaq, yollar açılacaq-açılmayacaq, biz izolyasiyadan çıxacağıq-çıxmayacağıq və s. Bu biri tərəfdən də Rusiya gördü ki, beynəlxalq qüvvələr açıq deməyə başlayır ki, Rusiya öz vasitəçi vəzifəsinin öhdəsindən gələ bilmir, ortada heç bir nəticə, tərəflər arasında əlaqə yoxdur. Sülhməramlılar sabitliyi təmin etsə də, tərəflər sülhə doğru addım atmır, tərəflər arasında barış yoxdur.
- Sonra?
- Məncə, belə bir məqamda Putin qərara aldı ki, hansısa nəticələri göstərmək lazımdır. İsbat olunmalıdır ki, Rusiya vasitəçilik missiyasını yerinə yetirir. Ona görə də Moskvada üçtərəfli görüş məsələsi ortaya çıxdı, eləcə də üçtərəfli dövlətlərarası komissiya işlədi. Qərara alındı ki, Zəngəzur dəhlizi açılsın, delimitasiya danışıqlarına başlanılsın. Sonuncu prosesin SSRİ Baş Qərargahının xəritələri əsasında aparılmalı olduğunu şəxsən Putin də açıqladı. Yəni bu iki məsələ həllini tapsa Rusiya sülhməramlı missiyasını yerinə yetirmiş olur. Eləcə də Azərbaycan və Ermənistan tərəfi barışa doğru ciddi addım atır. Amma bu addımların ikinci, üçüncü, dördüncüsü olsa, yəni davamı gəlsə, günün birində zaman çatacaq ki, vasitəçiyə ehtiyac qalmayacaq. Bu səbəbdən də, Kreml bir tərəfdən dedi ki, bu addımları atırıq, digər tərəfdən də düyməni basaraq Ermənistandakı Rusiyaya bağlı radikalları - Koçaryan, Sarqsyanı hərəkətə gətirdi. Onlar da elan etdilər ki, biz yolun açılmasına, sərhədlərin tanınmasına imkan vermərik, bu olsa Azərbaycanın sərhədlərini tanımış oluruq, 1991-ci ilin dekabrında Almatada qəbul olunan qərarları qəbul etmiş sayılırıq. Buna imkan vermərik və lazım gəlsə Paşinyanı devirərik. Paşinyan da bu oyunu anladı və noyabrın əvvəllərində Moskvaya gəlməkdən imtina etdi. İmkan vermədi ki, Rusiya vasitəçilik missiyasını yerinə yetirmək görüntüsünü yaratsın. Öz siyasi hakimiyyətini əsas tutdu. Rusiya görəndə ki, Paşinyan başqa cür oynayır, dayanıb sakit durdu. Azərbaycan isə hərəkətə keçərək Zəngəzurda 4 postu tutdu. Döyüşlər, itkilər də oldu. İrəvan fəryad qopardı ki, bura Ermənistan ərazisidir. Rusiya da Ermənistan rəhbərliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmi müraciət etməsini qadağan etdi. Ermənilər sözdə dedilər ki, KTMT-yə, eləcə də 1997-ci ildə imzalanan Rusiya-Ermənistan qarşılıqlı müdafiə haqqında sazişin II və III maddələrinə istinad etmişik. Amma yenə qadağan etdilər ki, yazılı müraciət etməyin. Beləcə Ermənistan dedi ki, müraciət etmişik, Rusiya bildirdi ki, onlara rəsmi müraciət daxil olmayıb. Bundan sonra da Paşinyan çıxıb dedi ki, delimitasiya danışıqlarına və sazişə hazırıq. Amma adını Zəngəzur dəhlizi qoymayın, Zəngəzur yolu olsun. Hazırda bu yol yoxdur, Azərbaycan tərəfi Horadizdən bu yolu tikir. Ermənilər deyirlər ki, dəhliz məntiqini qəbul etmirik. Bizimkilər də deyir ki, Laçın dəhlizini qəbul edirsən, zəhmət çək Zəngəzur dəhlizini də qəbul et. Onların da öz əsasları var.
- Hansı əsaslar ola bilər?
- Bəllidir ki, sülhməramlılar 5 illik gəliblər, dəhliz var. Sülhməramlılar gedəndən sonra dəhliz bağlana bilər. Zəngəzur dəhlizi açılsa, əbədi olacaq. Məncə, müxtəlif yanaşmaları tərəflər oturub müzakirə edə bilər. Lakin danışıqlar başlamayıb. Çünki siyasi qərar qəbul edilməyib. Yalnız mediaya deyiblər ki, biz buna hazırıq. Ortada isə bir şey yoxdur. Bunun icrası üçün nə lazımdır? Ermənistan Nazirlər Kabinetinin qərarı olmalıdır ki, Azərbaycanla dövlət sərhədinin delimitasiyasına başlamaq üçün üçtərəfli komissiyada filankəslər işləyəcək. Bu şəxslər prosesdə Ermənistanı təmsil edəcək və hazırdırlar ki, istənilən yerdə danışıqları başlasınlar. Amma bunu etmirlər.
- Sizcə, niyə?
- Ona görə ki, müxalifət qışqırır ki, vətəni, “Artsaxı”, Süniki satdın. Rusiyaya qeyri-müəyyənlik əl verir. Çünki Rusiya deyir ki, gəlin danışıqlara başlayaq. Yəni vasitəçilik missiyasını yerinə yetirir, sadəcə İrəvan razı deyil. Azərbaycana da əl verir. Niyə? Deyir Paşinyan söz vermişdi, əgər etmirsə, məndə müəyyən edilməyən sərhədlərdə öz ərazilərimi götürürəm. Azərbaycan gözəl bilir ki, Ermənistan iddia edə bilməz ki, həmin 4 post onundur. Çünki ortada dövlət sərhədi müəyyən edilməyib və bunun da günahı Ermənistandadır. Ermənistan zəif tərəfdir. Azərbaycan da deyir ki, a kişi, sən 30 il mənim torpaqlarımı viran qoymusan, daşı ətəyindən tök, gəl danışaq, məsələni həll edək. Qarabağ mənimdir, gəlib oradan səni tam atacaqdım bayıra, əgər ruslar olmasaydı. Yəni belə məntiqdir. Məncə, bu xəmir çox su aparacaq. Amma bu məntiqlə yanaşı başqa bir məntiq də var və bu Ermənistan üçün əsl fəlakətdir.
- Söhbət hansı məqamdan gedir?
- Əhali Ermənistandan qaçır. Bu ilin 8 ayı ərzində Ermənistandan 80 min insan gedib. Qalan 4 ay ərzində də 20 min getsə, bu 100 min deməkdir. Gələn il vəziyyət dəyişməsə, bu proses davam edəcək. Onlar yalandan deyirlər ki, bizdə 3 milyondan çox əhali var. Yalandır. Mənim orada məlumat mənbələrim, tanışlarım var. Məsələn, mən onlarla açıq danışıram, hətta öz ölkəmlə bağlı tənqidlərimi deyirəm. Zatən bu tənqidlərimi mətbuatda da səsləndirirəm. Amma ermənilər bunu açıq demirlər, pünhan görüşlər zamanı isə bildirirlər ki, bizdə vəziyyət pisdir, dolanışıq yoxdur, ən pisi də odur ki, əhali ölkəni tərk edir. Proses belə davam etsə, bir neçə ildən sonra Ermənistanda adam qalmayacaq. Yeri gəlmişkən, onsuz da hazırda erməni ordusu üçün səfərbərlik xidməti, ordunun təşkili olduqca çətindir. Təsadüfi deyil ki, Ermənistanda artıq qızların da orduya çağırılmasına dair fikirlər səsləndirilir. Çünki ordu yarada bilmirlər. Son müharibədə 10 min fərari olubsa, bu üç diviziya deməkdir. Onları sonra bağışladılar. Çünki anladılar ki, 10 min adamı həbsxanaya göndərmək nəyə başa gələr. Rusiyaya, Fransaya, İtaliyaya, Ukraynaya, Çexiya, Amerika və Kanadaya dağılan ermənlər isə orada aksiyalar keçirib həmrəylik nümayiş etdirirlər. Hər dəfə də 50, 100 nəfər adam yığışır. Elə bunlar başlarını götürüb qaçmasaydı, Ermənistan ordu üçün əsgər böhranı yaşamazdı. Qaçıblar və indi məsafədən vətənpərvərlik sərgiləyirlər. Eynən Rusiyaya qaçanlar yüzlərlə bloq açaraq Azərbaycanı tənqid edirlər. Belə vətənsevərsinizsə, gedin Ermənistana...
Məncə, bütün bunların fonunda Paşinyan inamla siyasətini yürüdür və çalışır ki, gəmisini qayalara çırpmasın. Gözləyir ki, erməni xalqı yetişsin. Əslində xeyli hissə yetişib. Qalan radikalların da yetişməsini, eləcə də milli radikalların dayaqlarının aşınmasını gözləyir. Yəni dayaqları sıradan çıxsın və tam marginal qrupa çevrilsinlər.
Hər halda regionda sabitlik üçün hər iki tərəf güzəştlərə getməlidir. Bizə Naxçıvana, oradan da Türkiyəyə yol lazımdır. Vacibi yolun olmasıdır, adının nə olmasının fərqi yoxdur. Onsuz da məlumdur ki, Azərbaycan rəsmən Ermənistan ərazisinə iddia etmir. Biz ermənilər tərəfindən tutulan anklav kəndlərimizi - Nüvədi, Kərki və Qazaxda olan kəndlərimizi alacağıq. Bizim mövqeyimiz odur ki, öz ərazimizi ermənilərə verməyəcəyik.
- Belə iddialar var ki, əslində Paşinyan üçüncü müdafiə nazirini işdən qovmaqla bir növ orduda ona tabe olmayan qüvvələri təmizləyir və onların təxribatlar etməməsinə çalışır, nəzarətini gücləndirir...
- Müdafiə nazirini ona görə çıxardı ki, ordu tamamilə “Qarabağ klanı” və Rusiyanın təsiri altındadır. Müharibədən əvvəl Paşinyan 2-3 generala cinayət işi açdı, onların əsgərlərin yeməyini oğurlamasını, avtomobil muzeyi qurmasını xalqına göstərdi. Beləcə erməni ictimai fikrindəki böyük erməni ordusu fikrini aşındırdı, onun bədheybət sifəti açıldı. Müharibə vaxtı isə bu “müzəffər” ordunun qorxaq olduğu, Azərbaycanəsgərinin qarşısından qaçdığı ortaya çıxdı. Yəni yanlış təsəvvürlər, ordu haqqında əsatirlər dağıldı. Müharibədən sonra general Onik Qasparyanı ifşa etdi, başqa generalı tutdu. Bunlar təsadüfən baş verməyib. Yəni Paşinyan göstərir ki, orduda olanlar adi insanlar və cinayətkarlardır, sadəcə hərbi geyimdədirlər. Üstəlik, onlar Ermənistanı geri atan “Qarabağ klanı” və İrəvandan vasitə kimi yararlanan rus mafiyasının üzvləridir. İndi də Papikyanı nazir təyin etdi, ona da tapşırıb ki, ordunu təmizləsin. Halbuki son müdafiə naziri guya tapşırıq vermişdi ki, əsgərlər türklər yaxınlaşanda atəş açsın və s. Paşinyan ardıcıl olaraq mövqelərini bərkidir və öz məqsədlərinə doğru irəliləyir. Məqsəd nədən ibarətdir? Bu mənim üçün yixarı-aşağı bəllidir. Məqsəd Ermənistanı Rusiyadan qoparıb Qərbə doğru aparmaqdır. Qərb tərəfdə də birinci hansı dövlətdir? Türkiyə! Müxalifət də bağırır ki, türk biznesi gələndə məhv olacağıq. Əslində bütün kasıb dövlətlər arzu edirlər ki, hansısa böyük dövlətlər yatırım yatırsın, müəssisələr qurulsun, iş yerləri açılsın. Ermənilər də deyir ki, birinci türk yatırımı gəlir. Bəyəm Uruqvay yatırımı gəlməlidir? Səndən 20 min kilometr o tərəfdədir. Üstəlik, Türkiyədə də 70 min erməni bəy balası kimi yaşayır. Ağlınız olsun, düşünün də...
- Dediklərinizdən belə çıxa bilər ki, sanki sərhədlərdəki gərginlik bizə lazımdır...
- Azərbaycan Ermənistana deyir ki, öhdəliyini yerinə yetir. İrəvan da deyir ki, yetirmirəm, sərhəd haqqında danışıqlara başlamıram. Azərbaycan deyir ki, gəl sərhədləri müəyyən edək, əlaqələr qurulsun, kommunikasiyalar açılsın. Qarşı tərəf deyir yox, mən buna getmirəm. Azərbaycan deyir, axı mən istəyirəm danışıqlar olsun, rəsmi sərhədlər müəyyən edilsin. Ermənistan da deyir ki, olmasın. Onda Azərbaycan hansısa yüksəkliyi götürür, erməni də qışqırır ki, bu mənim ərazimdir. Sən də deyirsən ki, başın xarab olub, nə ərazi, nə sərhəd? Bəyəm, bizim aramızda danışılmış, razılaşdırılmış sərhəd var? Gedin aşığınızı atın. Siz danışıqlardan imtina etmisiniz, üstəlik, öhdəliyiniz var. Niyə danışıqlar başlamır? Çünki danışıqlar başlayanda hər tərəfdən 3-5 nəfər oturub əvvəlcə meyar və prinsipləri müəyyən edəcəklər. Prinsip nədir? Tərəflərin bir-birinin beynəlxalq səviyyədə tanınan ərazilərini qəbul etməsi. Ermənistan bu sözü demir, bildirir ki, “Artsax”ı öz ərazim sayıram. Onda get başını qapıya vur. Almatada SSRİ-nin buraxılması və MDB-nin yaradılması iclasında erməni tərəfindən Levon Ter-Petrosyan, Azərbaycan tərəfindən Ayaz Mütəllibov sənədə imza atıb. MDB-nin yaradılması haqqında həmin sənəddə qeyd edilir ki, sovet respublikalarının beynəlxalq sərhədləri SSRi zamanı mövcud olan inzibati sərhədlər olsun. Buna imza atmısan, indi də bundan qaçırsan. Biz təxribat etməmişik, cığallıq edən tərəfi məcbur edirik ki, götürdüyün öhdəliyə əməl et. Nə Azərbaycanın, nə də Ermənistanın beynəlxalq hüququ yoxdur, dünyada beynəlxalq hüquq var. Beynəlxalq hüquqa əsasən, Ermənistan istisna olmaqla, bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Odur ki, bu cür dövlətin başına ağıl qoymaq üçün nə etmək lazımdır? Gedib ərazisində haralarısa tutursan, elə vəziyyət yaranır ki, biz də onun ərazi bütövlüyünü, sərhədini tanımırıq. Bu sadə və doğru məntiqdir. Başqa sözlə, danışmaq istəmirsənsə, buyur.
- Brüsseldə gözlənilən Əliyev-Paşinyan görüşündə hansısa nəticə əldə oluna bilərmi, yoxsa müsbət nəticələr yalnız Moskvada baş tuta bilər?
- Məncə, nəticə ola bilər. Mümkündür ki, Avropa Birliyi sülh danışıqlarına daha fəal qarışmaq istəyində olsun. Həmçinin mümkündür ki, delimitasiya prosesinə onlar da hansısa mütəxəssisləri ayırsınlar. Rusiya bunu istəmir, Avropa istəyir. Hətta danışıqların bir hissəsi Brüsseldə, bir hissəsi Moskvada keçirilə bilər. Məncə, Avropa Birliyinin əlində yaxşı fürsət var. Həlledici söz onsuz yenə də Rusiyanındır. Mən hətta düşünürəm ki, Avropa Birliyi Azərbaycanın Xankəndi şəhərində hansısa bürosunu aça bilər. Ermənilər hansısa təxribat törətmək niyyətində olsa, həm də görərlər ki, başqa diplomatlar da var və prosesi müşahidə edirlər. Biz də özümüzü barış tərəfdarı kimi göstərərik, görərlər ki, erməniləri incitmirik. Məncə, bu heç bir halda bizim əleyhimizə deyil. Həm də prosesdə Rusiya monopolist olmur...